“Kitabxanalarımız gənc nəslin mənəvi
inkişafında fəal rol
oynamalıdır”
Tahir Sadıqov: “Biz də çalışırıq ki, gənclərimiz kitabxanamızdan yetərincə faydalansınlar, mənəvi cəhətdən daha zənginləşsinlər. Gənclərin kitabxanadan faydalanması çox vacibdir”
Gənclərin mənəvi inkişafında kitabxanalarımızın da mühüm rolu var. Uzun illərdir ki, fəaliyyət göstərən kitabxanalarımızda müxtəlif mövzularda, o cümlədən tariximiz, ana dilimiz, ədəbiyyatımız, folklorumuz, incəsənətimizlə bağlı elmi əsərlərlə yanaşı, bir çox tanınmış yazıçı və şairlərimizin əsərləri qorunub saxlanılır ki, gənclərimiz buraya gəlməklə onlarla tanış olmaq imkanı əldə edirlər.
Bu əsərləri oxumaqla gənclərimiz mənəvi cəhətdən daha da zənginləşir, tariximizi, dilimizi, ədiblərimizi daha yaxından tanıyır. Bu gün ölkəmizdə gənclərə bu imkanı yaradan kitabxanalarımızdan biri də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasıdır.
Kitabxananın direktoru Tahir Sadıqov bildirdi ki, kitabxanalarımıza dövlət tərəfindən diqqət və qayğının göstərilməsi elə gələcəyimizə, o cümlədən gəncliyimizə göstərilən qayğının bariz nümunəsidir: “Ölkə başçısı İlham Əliyev kitabxanalarımızın Azərbaycan xalqının milli sərvəti olduğunu, xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynadığını bildirib. Təsadüfi deyil ki, kitabxanalarımız daha da müasirləşir, yeni-yeni kitablarla təmin edilir. Bu kitabxanalarda qorunub saxlanılan istər əlyazmalar, istərsə də müxtəlif elm sahələrinə aid ədəbiyyatlar xalqın maariflənməsinə xidmət göstərib, geniş oxucu kütlələrinə elmi yardımçı olub. Kitabxanalarımız gənc nəslin mənəvi inkişafında fəal rol oynamalıdır. Biz də çalışırıq ki, gənclərimiz kitabxanamızdan yetərincə faydalansınlar, mənəvi cəhətdən daha zənginləşsinlər. Gənclərin kitabxanadan faydalanması çox vacibdir. T.Sadıqovun sözlərinə görə, YUNESKO Proqramının Rusiya komitəsi ilə əldə edilmiş razılığa əsasən Azərbaycanda ilk dəfə olaraq 2008-ci ildə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında İctimai Hüquqi İnformasiya Mərkəzi (İHİM) yaradılıb ki, bu mərkəzin məhz adıçəkilən kitabxanada yaradılması ölkəmizdə gənclər və yeniyetmələrə göstərilən qayğı kimi qiymətləndirilə bilər.
T.Sadıqov bildirdi ki, kitabxananın Gənclər Kitabxanası adlanması heç də təsadüfi deyil, çünki burada davamlı olaraq gənclərin iştirakı ilə bağlı müxtəlif tədbirlər təşkil olunur: “Ötən illərdə bir sıra tədbirlər keçirilib. Cari ildə də bu ənənəyə sadiq qalmışıq. Xüsusilə də Azərbaycan tarixində önəmli yer tutan 20 Yanvar, Xocalı faciəsi kimi günləri, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü və digər tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri kimi kitabxanada 18 yanvar 2014-cü il tarixdə “20 Yanvar şəhidləri” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva açıb qeyd etdi ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Yüzlərlə insan bu haqsızlığın qurbanı oldu. 20 Yanvar faciəsi xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olmasına baxmayaraq Azərbaycan xalqı bu hadisədə öz qürurunu itirmədi, iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına dünyada görünməmiş faciə kimi həkk olunmuş 20 Yanvar tarixi Azərbaycanın taleyinə XX əsrin növbəti qəhrəmanlıq səhifəsi kimi yazıldı”. Dəyirmi masada Yasamal Rayonu Ağsaqqallar Şurasının sədr müavini R.Cavadov, Yasamal rayonu 172 saylı orta məktəbin müəllimi N.Əfəndiyev, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsinin tələbələri iştirak etdilər. Tələbə N.Kərimov 20 Yanvar tarixinin canlı şahidi olmasa da bu faciə haqqında böyük məlumata malik olduğunu, Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılan səhifənin heç zaman unudulmayacağını, müasir gənc nəsildə vətənpərvərlik ruhunun yüksəkliyini, torpaqlarımızın toxunulmazlığı uğrunda mübarizəyə hər an hazır olduqlarını xüsusi vurğuladı. O, çıxışının sonunda şair B.Vahabzadənin “Şəhidlər” şeirini söylədi. Tələbə L.Hacızadə isə çıxışında söylədi ki, 20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyə bilərik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq uzun illər keçir. Müstəqil Azərbaycan Respublikası dünya dövlətlərarası münasibətlər sistemində öz yerini tutmuş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir. Tədbir boyu 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Tədbirin sonunda “Unudulmayan faciə və qətl” adlı kitab sərgisinə baxış keçirildi.
Martın 20-də XX əsr Azərbaycan ədəbiyyatının klassiki, çağdaş Azərbaycan dramaturgiyasının banisi, milli mədəniyyətimizin və incəsənətimizin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, tərcüməçi Cəfər Cabbarlının 115 ili tamam olub. T.Sadıqov bildirdi ki, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının Ev Muzeyi və kitabxananın birgə təşkilatçılığı ilə görkəmli ədibin xatirəsinə həsr edilmiş yubiley tədbiri keçirilib: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi yazıçı-dramaturq Cəfər Qafar oğlu Cabbarlı ədəbi fəaliyyətə uşaq yaşında şeirlə başlayan C. Cabbarlı sonralar bir sıra lirik və satirik şeirlər yazsa da, yaradıcılığını əsasən dramaturgiya sahəsində inlişaf etdirib, səhnəmiz üçün yazdığı qüdrətli əsərləri onu Azərbaycan dramaturgiyasının yaradıcılarından biri kimi şöhrətləndirib. Yazıçı zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək ədəbiyyatın həm şeir, həm dram, həm də nəsr janrlarından bacarıqla istifadə edib, eyni zamanda istedadlı jurnalist , tərcüməçi və kino xadimi kimi tanınıb. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaradıb, “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın”, “Oqtay Eloğlu”, “Od gəlini”, “Sevil”, “Almaz”, “Yaşar”, “1905-ci ildə”, “Dönüş” kimi dram əsərləri ilə xalqının sevimlisinə çevrilib.
Böyük yazıçı yaradıcılığının ən coşqun dövründə -1934-cü il dekabrın 31-də Bakıda vəfat edib”. C.Cabbarlı yaradıcılığını 30 ildən artıqdır ki, tədqiq edən filologiya elmləri doktoru, professor Asif Rüstəmli bu tədbirin Cəfər Cabbarlının adını daşıyan gözəl bir məkanda keçirilməsindən məmnun olduğunu bildirib və qeyd edib ki, Cəfər Cabbarlı yaradıcılığı ilə bağlı yazdığı monoqrafiya ötən il Türkiyədə “Monastr” nəşriyyatında çap olunub və orada bu münasibətlə möhtəşəm tədbirlər keçirilib. Tədbirdə Cəfər Cabbarlının xatirəsinə həsr olunmuş film nümayiş etdirilib. Eyni zamanda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, bədii qiraətçi Zülfiyyə Eldarqızının ifasında dramaturqun poeziya nümunələrinin toplandığı “Turan ellərinə salam söyləyin” adlı diskin təqdimatı olub. T.Sadıqovun sözlərinə görə, Gənclər Kitabxanasının adını daşıdığı C.Cabbarlının əsərlərinin bir çoxunda məhz gənclər tərənnüm olunur.
31 mart 2014-cü il tarixdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə “Milli faciə, milli dərd” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci ildə imzaladığı fərman ilə 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan olunub. O, qeyd edib ki, azərbaycanlıların kütləvi şəkildə qırğını, doğma yurdlarından sürgün edilməsi tariximizin ən dəhşətli və faciəli səhifələrindən biridir. Həmin ağır günlərdə erməni daşnak ordusu Bakıda və ölkənin digər bölgələrində dinc əhaliyə amansız divan tutub. 1918-ci il mart qırğınları xalqımızın qan yaddaşına, onun taleyinə qara hərflərlə yazılıb, azərbaycanlılara qarşı ən dəhşətli təcavüzlərdən biri kimi daxil olub. Bakı Dövlət Universitetinin tələbələri A.Məmmədova, R.Kamilov, A.Həsənzadə 1918-ci il mart soyqırımının tarixi, təşkilatçıları haqqında dəqiq faktlarla çıxış edib həmyaşıdlarını, vətənpərvər runlu bütün gəncləri xalqımıza qarşı törədilən haqsızlıqları unutmamağa, həmçinin, uzun illər boyu düşmən əsarətində qalan Qarabağı, zəbt edilən torpaqlarımızı geri almağa səsləyiblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Soyqırım qurbanları “adlı ədəbi kompozisiya ilə çıxış ediblər. Tədbir boyu 31 mart azərbaycanlıların soyqırımını əks etdirən slaydlar nümayiş etdirilib. Tədbirin sonunda “Soyqırım, - Milli faciə” adlı kitab sərgisinə baxış keçirilib. T.Sadıqov onu da bildirdi ki, gələcəkdə də kitabxanada gənclərin iştirakı ilə belə tədbirlər təşkil olunacaq: “ Gənclərimizin mənəvi inkişafı üçün ilk öncə tariximizi unutmaması, onu hər zaman diqqətdə saxlaması lazımdır. Kitabxanamız da bu missiyanı yerinə yetirməyə çalışır”.
Nigar Abdullayeva
Palitra.-2014.-10 aprel.-S.11.