Pərviz Məmmədov: “Tələbələr
paralel olaraq praktiki biliklər əldə etməlidirlər”
“CLC Hüquq Şirkəti və Azərbaycan Risk Peşəkarları Assosiasiyası birgə
"Məhkəmələrdə nümayəndəlik" praktiki təlimi keçirəcək”
Müsahibimiz CLC hüquq şirkətinin direktoru Pərviz Məmmədovdur.
-Son dövrlərdə Şirkət rəhbərləri ali məktəbi yeni bitirmiş və iş üçün müraciət edən şəxslərin praktik biliklərinin az olmasından narahatlıqlarını ifadə edirlər. Əvvəlki müsahibələrinizdə siz də bu problemin olduğunu bildirmişdiz. Bəs bu problemin həllini necə görürsünüz?
-Təəssüf ki, bu gün bu problemlə bütün işəgötürənlər üz-üzə qalırlar və ali məktəbi yenicə bitirən məzunlar haqlı olaraq onlardan iş təcrübəsinin tələb edilməsinə narazılıq edirlər. Düşünürəm ki, tələbələr təhsil aldığı dövrdə paralel olaraq praktiki biliklər əldə etmək imkanına da malik olmalıdırlar. Və artıq ali məktəbi bitirdikdə onların müəyyən praktiki bilikləri olmalıdır ki, onlar da öz peşəkar karyeralarına uğurlu start verə bilsinlər. Bunu müxtəlif yollarla etmək olar, şirkətlərdə bir neçə aylıq təcrübə keçmək, peşəkar treyninqlərdə iştirak etmək, yarım gün də olsa şirkətlərdə ödənişli işləmək və sair.
-Sizin rəhbərlik etdiyiniz CLC Hüquq Şirkəti bu sahədə tələbələrə və artıq məzun olmuş şəxslərə hansı formada kömək etməyi planlaşdırır?
Biz hər imkan düşdükcə treyninqlər verməklə təcrübə proqramları təşkil etməklə əlimizdən gələn dəstəyi verməyə çalışırıq. Bu istiqamətdə bizim Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birgə təlimlərimiz planlaşdırılır və həyata keçirilir. Növbəti bu cür təlim May ayında CLC Hüquq Şirkəti və Azərbaycan Risk Peşəkarları Assosiasiyasının birgə həyata keçirdiyi "Məhkəmələrdə nümayəndəlik" praktiki təlimi olacaqdır. Təlim heç təcrübəsi olmayan məzunlar və sonuncu kurs tələbləri eləcə də magistrantlar üçün nəzərdə tutulub, lakin təlimdə yenicə işləməyə başlamış hüquqşünaslar üçün də bir çox maraqlı məsələlər tədris ediləcək.
-Hesab edirik ki, bu təlim iş axtaran hüquqşünaslar üçün böyük maraqla qarşılanacaq. Bu baxımdan bir qədər ətraflı məlumat verə bilərsinizmi?
-Təlim 3 hissədən ibarət olmaqla həftədə 4 saat nəzərdə tutulur. Təlimi daha əvvəl müxtəlif rayon məhkəmələrində çalışmış və artıq bir neçə ildir ki, peşəkar hüquq praktikası ilə məşğul olan Araz Yusifov keçəcək. Təlim bilavasitə praktik vərdişlərin formalaşdırılması istiqmətində keçiriləcək. Təlimdə iştirak edən şəxslsər artıq sərbəst olaraq hər hansı hüquqi və ya fiziki şəxsin nümayəndəsi kimi onun maraqlarını məhkəmədə müdafiə edə biləcəklər. Bunun üçün tələb olunan bütün biliklər sənəd nümünələri və daha əvvəl məhkəmələr tərəfindən qəbul edilmiş qərar nümunələri iştirakçılara təqdim ediləcək.
Bundan əlavə iştirakçılar özləri də praktik olaraq bu cür sənədlərin hazılranmasında iştirak edəcəklər və sonda müsabiqə keçiriləcək. Qalib gələn 2-3 iştirakçıya CLC Hüquq şirkətində təcrübə keçmək imkanı yaradılacaq.
Bizim təlimin digər bir fərqli cəhəti odur ki, hazırda bu təlimin proqramı aparıcı banklar və iri şirktələrlə müzakirə olunur və ilkin razılıq artıq əldə edilib, proqram və proqramın məzmunu razılaşdırmaqla təlim iştirakçılarının həmin bank və şirkətlərdə daha rahat iş əldə etməsinə çaılışırıq.
CLC Hüquq Şirkəti olaraq biz ARPA ilə birgə bu cür tədbirləri mütəmadi olaraq keçirməyi planlaşdırırıq.
İlkin AĞAYEV
Palitra.-2014.-10 aprel.-S.10.