Norveç səfiri Naxçıvan Dövlət
Universitetində
Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuş, universitetin strukturu, maddi-texniki bazası, buradakı tədris prosesi ilə yaxından tanış olmuşdur. Səfir Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində fəaliyyət göstərən Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzlərində, “Diplomatiya” kabinəsində, Tərcümə tədris mərkəzində olmuşdur.
Rəsmi qəbul zamanı universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov bildirmişdir ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində 108 hektarlıq ərazidə müasir tipli, dünya standartları səviyyəsinə cavab verə biləcək bir universitet qurulmuşdur. Qeyd olunmuşdur ki, dünya təhsilinə inteqrasiya yolu tutan universitetin beynəlxalq əlaqələri günbəgün genişlənməkdədir. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olan bu ali məktəbdə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Universitet bir çox beynəlxalq layihədə uğurla təmsil olunur. Tələbə mobilliyinin artırılması nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə davam etdirirlər. Rektor bildirmişdir ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə universitet arasında “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi həyata keçirilməkdədir. Qeyd olunmuşdur ki, universitetdə beynəlxalq münasibətlərin, müxtəlif xarici dillərin tədrisinə böyük əhəmiyyət verilir.
Səfir Erlinq Şönsberq ölkələrarası münasibətlərin möhkəmlənməsində elm, təhsil sahəsində əməkdaşlığın mühüm rol oynadığını vurğulamış, muxtar respublika haqqında yüksək təəssüratlarını bölüşmüşdür. Gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsi zamanı universitetlər arası əməkdaşlığın genişləndirilməsində birgə layihələrin əhəmiyyəti önə çəkilmiş, norveçli diplomat bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirmişdir.
Səfir Erlinq Şönsberqin tələbələrlə görüşü zamanı öz ölkəsinin təhsil sistemi ilə bağlı məruzəsi dinlənilmiş, tələbələrin suallarını cavablandırmışdır.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı
Palitra.-2014.-11 aprel.-S.15.