“Gənclər bilməlidir ki, yaş artdıqca enerji tükənmir, əksinə daha da artır”

 

Cəfər Mənsimi: “Xaricdə tələbə olduqda, mənəvi və təcrübi baxımdan çoxlu sınaqlardan uğurlu çıxmaq önəmlidir”

 

Hazırda tanınmış universitetlərdən olan Doğu Akdeniz Universitetinin 3-cü kurs tələbəsi, “Azadinformİnformasiya Agentliyinin Kipr üzrə müxbiri, MİRAS İctimai Birliyinin Şimali Kipr üzrə təmsilçisi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvüİctimai əlaqələr və mətbuat şöbəsinin müdiridir. O, ictimai fəaliyyətinə görə təhsil aldığı universitetin rektoru tərəfindən təhsil haqqından azad edilib ki, bu da universitet tarixində ictimai fəaliyyətinə görə təhsil haqqından azad edilən ilk tələbə deməkdir. 2012-ci ilin dekabrından Kipr Türk Jurnalistlər Birliyinin fəxri üzvüdür. Kiprin 16 min tirajla çap olunan və adanın ən çox oxunan “KIBRIS” qəzetində də ölkəmizlə bağlı yazıları yayımlanır. Bununla yanaşı o, DAU Azərbaycan Tələbə Cəmiyyətinin mətbuat xidmətinin rəhbəridir. Həmçinin o, təhsil aldığı universitetin “Yüksək şərəf” statuslu tələbəsidir.

- Şimali Kiprdə təhsil alırsınız. Oranın təhsil sistemi ilə bağlı hansı fikirləriniz var?

- Azərbaycan təhsilində Bolonya sistemi tətbiq edilsə də, bu, bizim universitetdə daha fərqlidir, yəni daha çox irəli gedilib. Bu qərara ölkəmizdə təhsil alan həmyaşıdlarımla etdiyim söhbət və görükdüklərimdən çıxardığım nəticələr əsasında gəlmişəm. Elə bəzən çevrəmdəki təhsil işçiləri də təhsilimizdəki problemləri dilə gətirir, etiraf edirlər. Bəzən isə əksi olur - bir sıra şəxs təhsildəki problemləri gizlətməyə, ört-basdır etməyə çalışır. Heç şübhəsiz, yaxşı anlayıram ki, problem qaçılmazdır. Önəmlisi odur ki, problemlər minumuma endirilsin. Çox şükür ölkəmizin təhsili də çiçəklənən mərhələdədir. Yeni təhsil nazirimiz Mikayıl Cabborava bir gənc kimi ümidlərim böyükdür. Əminəm ki, qısa bir zamanda ciddi nəticələr əldə ediləcək, necə ki artıq biz bunun şahidiyik. Sevindirici haldır ki, ölkəmizin imkanları da təhsildə ciddi nəticələr əldə etməyə imkan verir. Sanki çox zaman nədənsə kimlərsə təhsilin inkişafına maneəçilik törədir. Məncə, nə qədər ki dünya universitetləri ilə rəqabətə girməyəcəyiksə, daha da geri düşəcəyik. Elə bu yerdə yadıma rektorumuzla etdiyim müsahibələrin biri düşdü. Deməli onlar, “Şimali Kipri dövlət olaraq hələ qəbul etmirlər, amma universitetlərinin verdiyi diplomları bütün dünya qəbul edir. Ölkənizin tanınmamasına baxmayaraq, diplomlarınızın bütün dünyada tanınmasına necə nail oldunuz?” sualını ünvanladıqda, cavabı belə olmuşdu: “Bilik, verilən təhsilin səviyyəsi ilə ölçülməlidir. Akademik həyatla siyasət bir-birindən ayrılmalıdır ki, bu da bir sıra ölkələrdə belədir. Bu baxımdan əgər təhsil qurumu yüksək təhsil verir və ixtisasına tam yiyələnmiş gənclər yetişdirirsə, burada heç bir problemdən söhbət gedə bilməz. Həm də ki rəqabət önəmlidir”. Bilirsiniz, fərqlilikləri sözlərlə də ifadə etmək olar, amma ən yaxşısı bunları gözlə görməkdir. Çünkü bəzən bunları ifadə etməyə sözlər də yetərsiz qala bilər. Və yaxud cümlələrlə ifadə etməyə başlasaq bir təqdimat yetməz.

- Sənin xarici təhsil motivasiyan nəyə söykənirdi?

- Kiprə gəlişim ailəmə elə də asan başa gəlməyib. Bütün çətinliklərə rəğmən mənim təhsil almam üçün ailəm bir sıra valideynlərin, bəlkə də etmədiklərini etdibu davam etməkdədir. Kiprə gəlmədən içimdə pulsuz təhsil alacağam deyə bir əminlik vardı. Və bu əminlik çox şükür ki, məni yanıltmadı. Belə ki, təhsilə başladığım ilk dönəmdən ictimai fəaliyyətimə görə rektorumuz məni təhsil haqqından azad etdi. Həm də ona əmin idim ki, Bakıdakı ictimai fəaliyyətimi burada da davam edəcəyəm, çox şükür ki nəticələr ortadadır. Ümumiyyətlə, həmişə elə bir övlad olmağa çalışmışam ki, valideynlərimin çiyinlərində olan yüklər mənim çiyinlərimdə olsun və təbii ki, o yüklər də mənim altımda qalsın. Çox zaman da buna nail olmuşam. Yaxşı başa düşür və dərk edirəm ki, bütün qazanclarım onların və Allahın sayəsindədir. Anam və atamın etdiyi duaların gücü açılmayan qapıları açacaq qədərdir.

- Bu barədə öz məqsədinə nail olmusanmı? Gənclərə və yeniyetmələrə mənəvi inkişafda töhfə vermək üçün onlara bu sahədə nələri tövsiyə edərdin?

- Ümumiyyətlə, getdiyim yolda nəyəsə nail olmasam da, şükür edirəm. Bir işə başlamazdan əvvəl içimdə hökmən əminlik olur. Kreativ olmağa çalışıram. Amma ideyaların ardınca qaçmıram. Onlar özləri gəlib məni tapır. Axı öz sahəmə çox bağlıyam, onları çox istəyirəm, dəyər verirəm. Çevrəmdəkilərdən xoş söz eşitmək məsuliyyət hissimi daha da artırır. “Onlardan önəmlisən” mesajını almaq məni hədəflərimə daha da yaxınlaşdırır. Yaxşı anlayıram ki, ağac bar verdikdə başını aşağı əyər və verilən dəyər mənə yox, zəhmətlərimə olan dəyər, qiymətdir. Təbii ki, fəaliyyətimə olan diqqət və dəstəklər də mənim məsuliyyət hissimi daha da artırır, belə olduqda çiyinlərimə daha ağır və böyük yük düşür. Tələbə olsam da, rəsmilərlə, Kiprin bir sıra tanınmışları ilə tez-tez görüşür, bəzən də həmin şəxslərlə Bakıdan gələn qonaqların onlarla ziyarətlərini təşkil edirəm. Rektorumuzdan ən çox müsahibə alanlardan olduğum üçün sevinirəm. Həm də ona görə sevinirəm ki, bir sıra gənclərin gələcəkdə yaşadıqlarını və ya ömürlərinin sonlarına qədər yaşamadıqlarını indidən yaşamışam. Tez-tez eşitdiyim suallardan biri, “bu qədər işi necə çatdırırsan”dır. Tələbə yoldaşlarım bəzən təəccüblə bildirlər ki, sənə mütləqdir ki, kimsə dəstək olur. Bəli, mənə dəstək olanlar var - Allah, ailəm, çevrəmdəki dostlarım. Və ən əsası, təşəbbüskarlığım. Məni irəli götürən də elə məhz budur. Əgər bu dünyaya yenidən gəlmək şansım olsaydı, yenə bu yolumda davam edər, indiki ailəmə sahiblənməyi çox istərdim. Sahibləndiyim ailəmdə dünyaya gəldiyim üçün çox, lap çox xoşbəxtəm! Çox şükür ki, ailəm də mən də sevincliyik. Valideynlərimlə hər dəfə danışanda üzlərində sevinci görmək dünyanın ən gözəl və əvəzedilməz sevincini bəxş edir mənə də. Bu, həm də mənə əlavə stimul qazandırır. Kiprə gəldikdən sonra hədəflərim daha da konkretləşdi. Əminəm ki, ictimai əlaqələr sahəsinin müasir atası azərbaycanlı olacaq. Gənclər və yeniyetmələr mənəvi inkişafa nail olmaqöz seçdikləri sahələrdə uğurlar qazanmaq üçün bir sıra məsələlərə diqqət yetirməlidirlər. Onlar unutmamalıdırlar ki, yaş artdıqca enerji tükənmir, əksinə daha da artır. Həyat sloqanlarımdan bir neçəsini bilmək istəsəniz: "Böyük oyna, böyük qazan", "Hər şey yaxşılığa doğru olur", "Qapını hansı məqsədlə döysən sənin də qapını o məqsədlə döyərlər", "İstə, sev, inan, güvən, anlayış göstər, hörmət et, inadkar ol", “Övladının necə olmasını istəyirsənsə, valideynlərinə qarşı elə ol”, “Şükür et ki, mükafatlanasan”... Bu kimi məsələlərə diqqət etsələr, gənclərimizin mənəvi inkişafı daha da tamamlanmış olar...

- Gələcəkdə mütəxəssis kimi hansı sahədə çalışacaqsan və gənclərə bu sahədə hansı tövsiyələrin var?

- Hazırda mənim önümdə ən böyük əngəl əsgərlikdən sonra magistratura təhsili ala biləcəyimdir. Yəni, bakalavr təhsilimi bitirdikdən sonra əsgərliyə hökmən getməli, sonra magistr təhsili almalıyam. Bu, bizi bir çox çətinliklərlə qarşı-qarşıya qoyur. Mən hələ də bununla bağlı bir sıra suallarımın cavabını tapa bilməmişəm. Təhsilimi bitirdikdən sonra harada işləmək istəyirəm sualına gəlincə isə, onu deyim ki, elə bir insanam ki, işləmək üçün təhsilimin bitməsini gözləmirəm. Məktəb də oxuduğum müddətdən könüllü və maaşlı olaraq bir çox yerlərdə çalışmışam, elə indi də belədir. Ümumiyyətlə, nəzəri biliklərlə praktika arasında çox fərq var. Amma praktika ilə nəzəriyyənin vəhdəti dəqiq nəticəyə çatdıra bilər insanı. Və ona öz peşəsində və hayatda daha çok uğur qazandırar. Məncə də, zəhmətkeşlik istedadın kəm-kəsirini tamamlayır. Təhsildən danışarkən, bəzən sual olunur ki, niyə PR-ı(ictimaiyyətlə əlaqələr) seçmisən? Cavabım isə o olur ki,: PR mənim eşqimdir. Məgər, insan aşiq olmasının nədələrini anlada bilərmi?... Bəzən gənclər təhsil alır, amma özlərində heç bir dəyişiklik olmadığına görə işlə təmin oluna bilmədikdə, günahı özlərində yox, başqalarında axtarmağa başlayırlar. Bu cür gənclərə, yeniyetmələrə tövsiyəm budur ki, özlərini daim təkmilləşdirsinlər. Həm mənəvi, həm də təcrübi baxımdan. Daim öz üzərlərində çalışsınlar. Mənim isə hazırda istəyim Türk Hava Yollarının PR şöbəsində çalışmaqdır. Tələbəçilik sahəsində gənclərlə təcrübəmi bölüşməyə gəldikdə isə bunları deyə bilərəm. Ailəndən uzaqda yaşamaq çox çətindir. Xüsusilə də heç zaman tək yaşamayan bir insan üçün. Xaricdə təhsil almağın çox üstünlükləri var. Yüksək təhsil almaqla yanaşı, həyatı dərk edirsən. Etdiyin səhvləri bir daha təkrarlamamağa çalışırsan. Ən əsası da ailənə, yaxınlarına olan məhəbbətin günü-gündən artır. Vətənini xaricdə layiqincə təmsil etməyə çalışırsan. Çiynində böyük yük daşıyırsan. Bəzən ac-susuz qalırsan. Bəzən elə olur ki, bir çörək almağa pul tapmırsan. Bəzən elə olur ki, aclığın ömrünü azaltmaq üçün yuxudan günorta qalxmağa üstünlük verirsən. Burada bir cüt corabı yuya bilmirsən. Və ya cırılmış paltarını tikə bilmirsən. Yadına düşür ki, bəlkə də evdə kobudcasına bacılarına 100 dəfə “nə var ki, bunu etməyə” demisən. Yavaş-yavaş etdiyin səhvləri anlayırsan. Daha da dərrakəli və qənaətcil olursan. Əsl sevgininolduğunu dərk edirsən. Ananın bişirdiyi ləzzətli yeməkləri yeyəcəyin, valideynlərini qucaqlayıb onların dizində yuxuya gedəcəyin, məhəllədə uşaqlarla gülüb-əyləndiyin, işıqlar sönəndə lampa işığında oturub çay içdiyin, bəzən söz gücü ilə, bəzən də əlbəyaxa dalaşdığın, amma yenə də onları bağrına basacağın günləri gözləyirsən. Bütün bunları xaricdə tələbə olarkən vaxtında nəzərə almaq və doğmalarının, yaxınlarının, dostlarının qədrini bilmək lazımdır.

Bir sözlə, xaricdə tələbə olduqda, mənəvi və təcrübi baxımdan çoxlu sınaqlardan uğurlu çıxmaq önəmlidir.

İlkin AĞAYEV

Palitra.-2014.-11 aprel.-S.11.