“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ictimai müzakirəyə çıxarılıb

“Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub

 

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər” layihəsi çərçivəsində ilk tədbirini keçirib. Yasamal rayon icra hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, rayon fəalları, QHT və media rəhbərləri, ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə BMAM sədri, layihənin rəhbəri Rufiz Qonaqov açıb. Layihə haqqında məlumat verən Rufiz Qonaqov bildirib ki, layihə Bakı, Sumqayıt, Gəncə və Quba regionlarını əhatə edəcək. Məqsədimiz “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təbliğinin aparılması, əhalinin məlumatlandırılmasıdır: Bu təbliğatda əsas hədəf konsepsiyanın ictimaiyyətə çatdırılması, iqtisadi inkişafın insan kapitalına yönəldilməsinin və sosial müdafiə sistemində dövlətin həyata keçirəcəyi tədbirlərin ictimai müzakirəsinin təşkili və əhalinin maarifləndirilməsi, vətəndaş cəmiyyəti sektorunun Dövlət Proqramlarının qəbulu üçün təkliflərlə çıxış etməsinə dəstək verilməsidir ”. Daha sonra Rufiz Qonaqov bildirib: “Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da “Azərbaycan-2020: gələcəyə baxış “ İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam işlərin daha sürətlə getməsinə və səmərəliliyinin artırılmasına zəmin yaratdı. İnkişaf Konsepsiyası böyük əhəmiyyətə malik bir strateji sənəddir. Bu mükəmməl konsepsiyada heç bir sahə diqqətdən kənarda qalmamış, yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı ortaya qoyulmuşdur. Bütün sahələrlə yanaşı insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması bu konsepsiyada xüsusi əhəmiyyət daşıyır”

Daha sonra İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri, layihənin eksperti Rəfail Becanov məruzə ilə çıxış edib. O, bildirib ki, bu konsepsiyanın əhəmiyyəti olduqca böyükdür. Konsepsiya çərçivəsində böyük işlər və proqramlar həyata keçirilir. Hazırda 60-a yaxın dövlət proqramı, strategiyakonsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi nəticəsində 40 mindən artıq yeni müəssisə yaradılmış, 2003-cü ildən bu günədək Azərbaycanda bir milyon 200 min yeri açılmışdır ki, onlardan 800 mindən çoxu daimi yeridir. Əgər 2003-cü ildə ölkəmizdə işsizliyin səviyyəsi 49 faiz təşkil edirdisə, ötən il bu rəqəm 5,2 faiz səviyyəsinədək azalıb”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək bildirib ki, İnkişaf Konsepsiyasının ayrı-ayrı sahələrə təsirini vətəndaşlarımız da hiss edir. Xüsusilə əhalinin aztəminatlı təbəqəsi bu konsepsiyanın təsirindən faydalanır. Vətəndaşların dayanıqlı sosial müdafiəsinin təşkili məqsədi ilə ölkədə sığorta-pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” çərçivəsində davam etdiriləcəkdir. Həyata keçirilən pensiya islahatlarının daha da dərinləşdirilməsi məqsədi ilə 2016-2020-ci illər üçün yeni Dövlət Proqramı hazırlanacaq”.

BMAM sədrinin müavini, layihənin eksperti Həbib Heydər isə çıxışında İnkişaf Konsepsiyasının gənclərin inkişafına olan təsirindən danışıb. O bildirib ki, gənclərin əksəriyyəti bu gün İKT imkanlarından geniş şəkildə istifadə edir. Bu imkanların yaradılması isə birbaşa konsepsiyanın əsas müddəalarındandır. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının ayrı-ayrı bəndlərində də yeni texnologiyaların tətbiqini nəzərdə tutan bəndlər var. Proqramda milli kompyuter oyunlarının hazırlanması öz əksini tapıb.

Yasamal rayon İcra Hakimiyyətinin İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov çıxış edib. O, bildirib ki, Yasamal rayon icra hakimiyyəti İnkişaf Konsepsiyasının təbliği ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. KİV-də müxtəlif yazılarla çıxış edilir, kütləvi tədbirlər təşkil edilir. Prosesə gənclər, rayon ərazisində fəaliyyət göstərən QHT-lər və icmalar cəlb edilir. Eləcə də konsepsiya çərçivəsində rayonda sosial-iqtisadi inkişafla bağlı ciddi tədbirlər həyata keçirilir, abadlıq işləri görülür, əhalinin əsas tələbatını təşkil edən sahələr də müasir standartlar tətbiq edilir.

Daha sonra Demokratik Cəmiyyət və Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Mehriban Abdullayeva, Müharibə Veteranları və Qarabağ Veteranları Birliyi Yasamal şöbəsinin sədri Bəhram Şeydayev, YAP Gənclər Birliyinin fəal üzvü Gülnar Əmiraslanova, “resmixəbər.az” saytının rəhbəri Rəsmiyyə Vahidova və başqaları çıxış edərək, İnkişaf Konsepsiyası ilə bağlı öz fikirlərini bildiriblər.

 

Fuad

Palitra.-2014.-11 aprel.-S.5.