“Uşaqların mənəvi
inkişafı üçün məktəblərdə
psixoloqların olması vacibdir”
Fatimə Bayramova: “Yeni texnologiyalardan səmərəsiz
istifadə gənc
nəsildə fiziki-psixi cəhətdən
neqativ hallara
gətirib
çıxarır”
Gələcək
nəslin sağlam formalaşması
istiqamətində hərtərəfli addımların
atılması vacibdir. Uşaq
və gənclərin fiziki və mənəvi
inkişafında mühüm amillərdən
biri məhz onların həyata psixoloji cəhətdən sağlam,
hazırlıqlı olmasıdır. Müsahibimiz
Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya
fakültəsində magistratura təhsili
alan
Fatimə
Bayramovadır:
- Gənclər dedikdə, ümumiyyətlə mən onları iki qrupa ayırardım. Vaxtını səmərəli keçirən, öz inkişafı üçün çalışan, özünü daim təkmilləşdirən gənclər və vaxtını boş əyləncələrə sərf edən gənclər. Yəni onların maddi vəziyyəti, həyat şəraiti eyni olsa belə, buna fərqli yanaşırlar. Məsələn, sosial şəbəkələrdən hər gənc səmərəli istifadə etmir. Ümümiyyətlə, istəmirəm deyim bu zəmanənin gəncləri, bir çox yerlərdə qeyd olunur ki, əvvəlki dövrün gəncləri ilə yəni, 1970 -1980 - ci illərin gənclərilə bu dövrün gəncləri arasında intellektual cəhətdən fərq var. Qeyd olunur ki, bu dövrün gəncləri daha intellektualdırlar. Amma mən bununla razılaşmıram. Çünki savad, intellekt hər dövrün gəncində, o dövrə uyğun şəkildə inkişaf edib. Gənclik dövrü ümumiyyətlə, insan həyatının yay fəsli adlanır. Lakin qeyd etdiyim ki, bu dövrün qədrini bilməməklə keçirən gənclərin sayı olduqca çoxdur. Məsələn, “Facebook” sosial şəbəkəsini götürək. Yeniyetməlik dövründə çox insan əyləncə üçün istifadə edir. Lakin gənclik dövründə bu sosial şəbəkəyə olan əyləncəli münasibət bitdiyindən artıq sosial şəbəkəyə bir qədər maraqsız yanaşırlar. Lakin ondan səmərəli istifadə edib, bir çox məlumatlar ala bilərlər. Eyni zamanda Azərbaycan gənclərinin əxlaqi cəhətdən inkişafı mənim fikrimcə, bir çox ölkələrdən irəlidədir. Həmçinin savadlı, peşə sahibi olan gənclərimiz də göz önündədir. Məhz bu cəhəti nəzərə alaraq onları iki qrupa bölürəm.
- Bugünkü
gəncləri psixoloji baxımdan necə
dəyərləndirirsiniz?
- Gənclik dövrü əvvəlki dövrlərdən nisbətən daha məsuliyyətli bir dövrdür. Onların qayğıları, məqsədləri artır, özlərinə olan əminlik hissi əvvəlki illərdən daha çox özünü büruzə verir. Gənclik dövrü insanın həyata müstəqil şəkildə atılması, həyatlarında həlledici rol oynayan hadisələri realizə edərkən verməli olduqları qərarları azad şəkildə bildirmələri üçün daha məsuliyyətlidir. Özlərinə nə qədər əmin olsalar da bu hal onları stressə, qorxu hissinə, qərarsızlığa gətirib çıxarda bilər. Bu qərarlara təkcə təhsil sferasında həyata keçirməli olduqları qərarlar deyil, eyni zamanda ailə həyatını qurduqları zaman verməli olduqları qərarlar da daxildir. Hər bir insanı gələcək qorxudur. Uşaqlıq və yeniyetməlik dövründə bu qorxu bir o qədər də özünü göstərmir. Axı valideynlərin qərarı onları sanki qanadları altında saxlayır, özlərini təhlükəsiz hiss edirlər. Lakin gənclik dövründə artıq valideyn qırağa çəkildiyi, övladına “qərar sənindir” dediyi zaman gəncdə qorxu, əminsizlik hissi yarana və nəticədə stressə gətirib çıxarda bilər. Gənclərin əmin olmaları üçün valideynlər qərar qəbulunu onların öhdəsinə versələr də, özlərinin daim onların yanında olduqlarını bildirməlidirlər.
- Bu
gün gənclərimizin fiziki,
mənəvi inkişafı üçün
vacib olan amillər
hansılardır?
- Müasir gənclərimizin fiziki cəhətdən inkişafına təsir edən amillərə idman, təmiz hava, gəzinti kimi amillər daxildir. Təəssüflər olsun ki, gənclərdə idmana münasibətdə bir qədər tənbəllik özünü göstərir. Son zamanlar müşahidə etmişəm ki, 50 yaşdan yuxarı insanlar öz sağlamlıqlarının qeydinə gənclərdən daha çox riayət edirlər. Əlbəttə, sağlamlıq olduğu zaman insan onun qədrini bilmir. Gənclər arasında idmanla daim öz sağlamlıqlarına nəzarət edənlər əlbəttə var. Mənim müşahidəmə əsasən deyə bilərəm ki, gənclərin əksəriyyətinin görmə qabiliyyəti zəifləyib. Buna təsir edən amillər təbii ki, yeni texnologiyalardır. Bu texnologiyalardan səmərəsiz istifadə onlardan asılılığa gətirib çıxarır. Nəticədə, həm fiziki, həm də psixi cəhətdən neqativ hallara gətirib çıxardır. Mənəvi inkişaf üçün savadı artıran kitablar, sərgilər, festivallar, təbiətlə tanışlıq və ən əsas gənclərin mənəviyyatının inkişafında mənim fikrimcə, İslam dininin mühüm rolu var. Bu amillərin təsiri ilə mənəvi, əxlaqi, etik dəyərlər formalaşır, təkmilləşir.
- Bir
çox ölkələrdə psixologiya elminə gənclərin
marağı çoxdur. Bizdə bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?
-Çox gözəl qiymətləndirirəm. Mən dəfələrlə şahidi olmuşam ki, gənclərə psixoloq olduğunu dediyin zaman, onlar sanki, dərhal ünsiyyət qurmaq istəyirlər, problemlərini bölüşmək istəyirlər. Gənclərin əksəriyyəti bu sahəni maraqlı sahə kimi qiymətləndirirlər. Lakin ilkin gənclik dövründə psixologiya anlayışından xəbərsiz olan gənclər də var və bu danılmaz haldır. Bu dövrə aid elə gənclər də var ki, universitetə daxil olduqdan sonra psixologiyanın nə olduğunu anlayırlar. Ümumiyyətlə, cəmiyyət içərisində belə bir fikir var ki, psixoloq ekstrasensdir, hətta “mən psixoloqa inanmıram” deyən insanlar da var. Təəssüf olsun ki, bu cür vəziyyətlər də mövcuddur. Çox sevindirici haldır ki, bu vəziyyət gənclər arasında dominant mövqedə deyil. Gənclərlə psixologiya elmi haqqında danışdığım zaman diqqətlə dinləyirlər. Hətta psixologiya sahəsində oxumayan tələbələr belə, bu sahəyə can atırlar. Bu da ondan irəli gəlir ki, psixologiya insanı öyrənir və hər bir insana da onun haqqında olan məlumatlar maraqlıdır.
- Məktəblərdə
psixoloqlara ehtiyac duyulur. Sizcə, bu sahədə
psixoloqların sayının artırılması məktəblərdə
şagirdlərin mənəvi inkişafında hansı rol oynaya bilər?
- Məktəbdə bir
sözlə psixoloq gərəklidir. Məktəb
dövründə uşaqlar sürətlə
inkişaf edir.
Onların psixikasına nəzarət etmək vacibdir.
Mənim fikrimcə, hər bir
uşağın özünün
kitabçası olmalıdır. Bu
kitabçanı bağçada psixoloq tərtib etməli, həmin kitabçaya uşağın keçirdiyi
xəstəliklər, sarsıntılar, travmalar,
uşaqlığının necə keçdiyini,
onun xarakterini, temperamentini, qabiliyyətini (xüsusi
istedadını) qeyd etməlidir. Bu kitabça sonradan məktəb psixoloquna
təqdim olunmalıdır. Məktəb dövründə olan xüsusiyyətlər eyni
ilə bağça dövründə olduğu kimi kitabçada qeyd
olunmalıdır. Bu, uşağın psixi inkişafına nəzarət etməyə
mühüm təsir göstərir. Məsələn,
yeniyetmə dövründə xoşagəlməz hadisələrlə
qarşılaşdıqda onun səbəblərini
uşaqlıq dövründə axtarmaqla tapmaq mümkündür.
Yəni tək bu amili
nəzərdə tutub səbəb
axtarışını nəzərdə tutmuram,
sadəcə, problemin həllində mühüm rol oynaya bilər. Bildiyimiz kimi, yaş
dövrünün dörd
böhranı mövcuddur. 3 yaş, uşağın məktəbə daxil olduğu zaman (6-7yaş), ibtidai sinifi bitirib natamam orta təhsilə başlanan dövr və əlbəttə
ki, yeniyetməlik dövrü.
Məktəb dövrünə nəzər salsaq,
uşaq məktəbə gəldiyi gün özünü tənha
hiss edir, başqa mühitlə rastlaşır, oyun fəaliyyətindən təlim fəaliyyətinə
keçir. Bu dövrdə kəskin böhranlara
rast gəlməmək üçün,
məktəbəqədər dövrdə valideynlərə
tövsiyə olunmalıdır ki, onlar məktəbə başlamazdan
əvvəl uşaqları məktəblə tanış
etsinlər. Əgər özündən böyük
bacı və qardaşları varsa, bir dərs onlarla
sinifdə iştirak etsinlər, məktəbin
həyəti ilə tanış etsinlər və s. Məktəbdə fəaliyyət göstərən
psixoloq, müşahidə etsə ki, uşaq məktəblə
tanış deyil, müəllimə
tövsiyə edə bilər ki, 1 - 2 gün valideyn dərslərdə
iştirak etsin. Uşaq öz
yaşıdlarını sinifdə valideynsiz,
müstəqil şəkildə iştirak
etdiyini görərsə, özündə
əminlik və təhlükəsizlik hissi
formalaşar, qorxusu azalar. Uşağın inkişafının, onun psixi proseslərinin normal inkişaf etməsi üçün psixoloq daim nəzarətdə saxlayır. Onun yaşıdlarından geri
qalmasını, ləngiməsini müşahidə etdiyi zaman, dərhal uşaqla iş aparır,
müəyyən metodikalardan istifadə
etməklə, onu həmyaşıdlarının
səviyyəsinə qaldırır. Həmçinin
psixoloq müşahidə etsə ki, uşaqda xüsusi istedad var, bu istedadı itirməmək
üçün, uşaqla
fərdi məşğul olmalıdır. Ümumiyyətlə,
psixoloqların məktəblərdə uşaqlarla
ünsiyyət qurması vacib amildir. Çünki təkcə
özü ilə deyil
ailəsi ilə olan problemləri də
öyrənməlidir. Yeniyetməlik dövrü
çətin dövr olduğu
üçün bu
dövrdə psixoloqun iştirakı əvəzsizdir.
Xüsusilə Azərbaycan ailələrində övlad valideynlərinə ürəyində
olan sirləri açmağa
çəkinir. Uşağa başa saldıqda ki, həmin
sirləri psixoloq qoruyacaq
onda psixoloqa
qarşı inam hissi formalaşar, ona öz ürəyini açar.
Yeniyetməlik dövründə anatomik - fizioloji və psixoloji inkişaf getdiyindən bu
dövrdə bir çox
çətin hallar yaranır. Onlar özlərində olan
bu dəyişiklikləri anlamırlar. Nəticədə
aqressiya yarana bilər.
Bu dövrdə uşağın fəaliyyətinə,
həyatına çox da
qarışmaq olmaz. Yəni,
nəzarət etmək mütləq lazımdır, nəzarətsiz
buraxmaq olmaz, lakin uşağa bildirməmək
lazımdır ki, valideyn,
müəllim ona nəzarət edir. Çünki bu dövrdə daha çox yeniyetmələr müstəqil həyata
can atmağa, özlərini
sübut etməyə
çalışırlar. Onlara mane olub, qarşı gəlmək
onları həyatdan küsdürə bilər. Məhz bu dövrü müvəffəqiyyətlə
başa vurmaq üçün psixoloq, müəllim
və valideynin rolu mühümdür.
Nigar Abdullayeva
Palitra.-2014.-16 aprel.-S.11.