Bizim kimi gənclərin hesabına hamı müalicə və tibb təhsili üçün Azərbaycana gələcək”

 

Səbahət Bayramova:

“Almanların inkişafı məsuliyyət hissindən irəli gəlir”

 

“Palitra”nın xaricdə təhsil alan tələbələrlə bağlı rubrikasının budəfəki qonağı Almaniyada təhsil alan istedadlı gəncimiz Səbahət Bayramovadır. Səbahət xanım Almaniyada tibbin sirlərini elmi araşdırmalarla öyrənməklə yanaşı, həkim-rezident kimi də fəaliyyət göstərir. Bu savadlı və bacarıqlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.

 

-Səbahət xanım, öncə oxuculara özünüz barədə məlumat verərdiniz.

- Gənclərə ayırdığınız diqqətə və bu müsahibəyə görə təşəkkür edirəm. Mən, Bayramova Səbahət, 1987-ci ildə Qazaxıstanda, Baykonur kosmodromunun inzibati mərkəzi Baykonur şəhərində anadan olmuşam. Qısa müddət ərzində ailəm Azərbaycana qayıdıb, elə ibtidai təhsilə də Bakı şəhəri 192 saylı məktəbdə başlamış, daha sonra 95 saylı orta məktəbdə davam etdirmişəm. Oxuduğum ikinci məktəbimdə “Zəka” adlı pilot sinifdə, çox istedadlı uşaqlarla birgə, xüsusi proqram üzrə təhsil aldığım üçün məktəb illərim kifayət qədər maraqlı və aktiv keçib. Həmin illər ərzində tək, yaxud komanda şəklində bir çox bilik müsabiqələrində iştirak edirdim. Biologiya fənni üzrə bir neçə dəfə olimpiadaların qalibi olmuşam. 2005-ci ildə orta təhsilimi bitirib Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə qəbul olmuşam. Elə universitet illərində də aktiv tələbə olaraq, Tələbə Elmi Cəmiyyətinin tərkibində bir çox kiçik araşdırmalar aparırdım, təqdimatlar edirdim. 2011-ci ildə Tibb Universitetini fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Respublikası Təhsil NazirliyininAlman Akademik Mübadilə Xidmətinin birgə təşkil etdiyi müsabiqənin qalibi olaraq təhsilimi dövlət hesabına Almaniyada davam etdirmək şansını qazandım. Hazırda, Berlin şəhərində Charite Universitet Klinikasında həkim -rezidentdoktorant kimi fəaliyyət göstərirəm.

-Yəqin Avropada məhz Almaniyanı təsadüfdən seçməmişsiniz?

-2010-cu ildə Türkiyədə Dokuz Eylül Universitet Xəstəxanasında praktika keçənə qədər “oxuyan hər yerdə oxuyarfikri ilə yaşayırdım. Amma oradakı səhiyyə sistemi və keyfiyyətin canlı şahidi olduqdan sonra gördüm ki, oxuyan hər yerdə oxusa da, hər yerdə yaxşı mütəxəssis yetişə bilmir. Həm təhsilin və səhiyyənin keyfiyyəti baxımından, həm xalqına hörmətimdən, həm də tarix boyu bir çox görkəmli tibb mütəxəssislərini yetişdirən Charite Klinikasında təhsil almaq arzusundan dolayı seçimim Almaniya oldu. Hazırda burada pediatr kimi işləyirəm, yəni diplomdan sonrakı təhsili alıram. Pediatriya böyük sahədir və onun imtahanını verib pediatriya üzrə mütəxəssis olduqdan sonra yeni doğulmuş uşaqların müalicəsi, yəni neonatologiya üzrə ixtisaslaşacağam.

- Elmi fəaliyyətiniz barədə də məlumat verərdiniz. Ümumiyyətlə, Almaniyada sizin sahə üzrə təhsil almaq çətindirmi?

- Təhsil nöqteyi-nəzərindən çətinliyim olmayıb. Təbii ki, Azərbaycanda təhsil almış biri üçün alman sisteminə uyğunlaşmaq o qədər də asan deyil. Amma yolun əvvəlində hansı mərhələləri keçəcəyimi təsəvvür edə bilirdim, əlimdən gələni edirdim ki, fərqi minimuma endirim. Uyğunlaşdığımı hiss etdikdən sonra elmi fəaliyyətə də başladım. Hazırda elə Charite Klinikasında rezidentura ilə yanaşı, doktor işim üzərində də çalışıram. Almaniya təbabətində son illər “təbiətə qayıdış” tendensiyası aparıcı istiqamətlərdəndir. Həm xərcləri azaltmaq, həm də düzgün istifadə olunan təbii vasitələrin də effektiv müalicə qabiliyyəti olduğundan elmi işlərin bir hissəsi təbii vasitələrin tətbiqinə həsr olunur. Həm neonatologiya, həm də uşaq onkologiyasında homeopatik vasitələrin tətbiqi artıb. Mənim elmi işimbu istiqamətdədir. Çəkisi 1500 qramdan az olan erkən doğulmuş uşaqların ana südü ilə qidalanma imkanlarını qiymətləndirirəm. Hamımıza məlumdur ki, həm qida kimi, həm də körpənin inkişafı və sağlamlığı üçün ana südündən dəyərli maddə yoxdur. Mənim elmi rəhbərim, Charite Neonatologiya Klinikasının direktoru Prof. Dr. Ch. Bührer ana südü haqqında belə bir cümlə deyib: “Statistika üçün fərd yetişdirmək istəyirsinizsə, körpənizə süni qidalar verin, amma şəxsiyyət, istedadlı alim, istedadlı musiqiçi yetişdirmək istəyirsinizsə, körpənizi ana südü ilə qidalandırın”. Araşdırmamda rast gəldiyim ən maraqlı fakt odur ki, Almaniyada aşağı təhsilli, az dolanışıqlı ailələrin qadınları öz övladlarına ana südü verməkdən imtina edirlər. Nədənsə, mənə elə gəlir ki, Azərbaycanda da vəziyyət Almaniyadan çox fərqlənmir.

Alman təhsil sistemini tam xarakterizə edə bilmərəm, çünki mən burada diplomdan sonrakı tibb təhsilini daha yaxşı tanıyıram. Fikrimcə, alman təhsil sistemi insandan qeyri-mümkün heç tələb etmir.

-Təhsillə yanaşı ictimai, diaspor işlərində aktivsinizmi?

- Əlbəttə, çalışıram bacardığım qədər tədbirlərdə iştirak edim. Almaniyadakı səfirliyimizin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) tədbirlərində iştirak edirəm xüsusilə anım günlərində çalışırıq birləşib, Azərbaycan həqiqətlərini dünyaya çatdıraq. Bu həm Vətən qarşısında olan borcdur, həm uzun müddət almanların arasında olduğumdan həmvətənlərimi görmək çox xoş olur. Ən son ASN üzvləri ilə birlikdə, səsi alman mediasına gedib çıxan Novruz bayramı keçirmişdik. Məşhur Brandenburq qapılarının qarşısında milli geyimdə, kosa keçəllə, milli şirniyyatlarımız musiqilərimizlə maraqlı proqram təşkil olunmuşdu. Gənclərimizlə birlikdə milli geyimlərimizi geyinib, milli rəqslərimizi təqdim etdik. Tədbirimiz almanlarla yanaşı, burada olan qazaxlara, fars türklərə çox maraqlı oldu. Çünki onların da qürbətdə öz Vətənlərindəki qədər maraqlı Novruz keçirmək şansı olmur.

-O zaman gənclərimizin Almaniyada aktiv olduqlarını deyə bilərik.

- Gənclərimiz arasında Azərbaycana həsr olunmuş tədbirlərdə həvəslə iştirak edənlər var. Çox vaxt tədbirlər Almaniyanın müxtəlif bölgələri üzrə bölündüyündən, təəssüf ki, hər tədbirdə iştirakçı sayı az görünür.

-Tibb sahəsində Almaniyanın imza atdığı uğurlardan danışardınız.

- Tibb tarixi boyunca alman səhiyyəsi Rudolf Virxov, Robert Kox, Emil von Behrinq s. kimi bir çox məşhur alimlər onların tibbə gətirdikləri yeniliklərlə həmişə seçilib, elə günümüzdə seçilir. Əsrlərdən bəri formalaşan bir sistemləri var. Mən yeni başladığım dövrdə bəzi qaydaların çox sərt lazımından artıq olduğunu fikirləşirdim. Ancaq uzun müddət işlədikcə sistemin mükəmməlliyinin fərqinə vardım. Almaniyada tibbi xidmət xərcləri sığorta hesabına qarşılandığından, xəstəxanaların, xüsusilə, böyük xəstəxanaların həm çox keyfiyyətli tibbi xidmət göstərmək, həm yeni elmi-tibbi layihələrə araşdırmalara maliyyə vəsaiti ayırmaq imkanları yüksəkdir, elə onlar da bu imkandan mümkün qədər istifadə edirlər.

- Bəs bu xalqın həyat tərzini necə xarakterizə edərdiniz?

- Bir azərbaycanlı üçün alman xalqının çərçivələrlə sərhədlənməmiş bir həyat tərzi var. öyrənməyin, işləməyin, səyahət etməyin, əylənməyin, tələbə olmağın mütləq yaşı yoxdur. Burada hər kəs öz həyatını yaşayır öz həyatına görə narahat olur, bir çox məsuliyyətli görürlər. Fikrimcə, almanların inkişafı elə o məsuliyyət hissindən irəli gəlir. İş üçün ayrılmış vaxtda işi görürlər, istirahət vaxtında da istirahət edirlər. Bu qədər sadə mexanizmə riayət etməklə hər şeyə vaxt tapa bilirlər.

Düzünü desəm, mən gələndən Berlində özümü yad kimi hiss etməmişəm. Berlin həm çoxmillətli şəhərdir, əksəriyyət gəlmədir yerli əhali buna öyrəşib kifayət qədər tolerantdırlar. Ya həqiqətən hamı mənimlə yaxşı davranıb, ya da mən elə fikirləşmişəm.

-Yəqin belə çox inkişaf etmiş bir ölkədə qalıb gələcəyinizi qurmaq fikriniz var. Gələcək planlarınız barədə söz açardınız.

- Uzaq gələcək üçün plan quran biri deyiləm. Əgər elə olsaydı, Almaniyada təhsilalma şansım olmazdı. Hələ ki, rezidentura təhsilimi elmi işimi uğurla bitirməyi planlaşdırıram. Mütəxəssis kimi diplomumu aldıqdan sonra, əlbəttə ki, Azərbaycana qayıdıb Vətəndə işləmək istərdim. Etiraf edim ki, dövlət proqramı olmasaydı, mən belə qısa müddət ərzində Almaniyada təhsilə başlaya bilməzdim, ona görə burada öyrəndiklərimi qayıdıb öz ölkəmizdə tətbiq etməyi özümə borc bilirəm. Mən borclu qalmaq istəmirəm.

-Vətənə qayıdacağınızı dediniz. Yəqin son illərdə səhiyyə sistemində baş verən dəyişikliklərdən, maddi- texniki bazanın yenilənməsi və sair inkişafdan xəbərdarsınız?

- Əlbəttə. Azərbaycanda tibb təhsilində rezidenturanın tətbiq olunmasına çox sevindim. Çünki istedadlı gənclərimizin ən azından rezidentura dövründə böyük xəstəxanalarda işləmək və təcrübə qazanmaq şansları olur. Rezidentura Avropa tibb təhsilinə məxsus bir sistemdir, amma hazırda Azərbaycanda bu sistem sovetrus qayda-qanunu ilə həyata keçirilir. Hər şeydən əvvəl rezidenturaya qəbul imtahanında istifadə olunan ədəbiyyat indiyə qədər rezidentura təcrübəsi olmayan ölkənin ədəbiyyatı olmamalıdır. Müəllimlərimiz gec-tez gənclərimizin tələblərinə uyğun keyfiyyətdə tibb təhsili təqdim etməyi öyrənməlidirlər. Amma çox heyif ki, kuratorlar və müəllimlərimiz rezidentura sisteminin qaydalarını mənimsəyə bilməyiblər. Bu keçid dövründə təhsil alan gənc həkim-rezidentlərimizə uğurlar arzu edirəm.

Keçid dövrü özünü tibbi xidmətdə də göstərir. Belə ki, hazırda xarici ölkələrdə qısa müddətdə qeyri-formal təcrübə keçən həkimlərimiz Vətənə “xaricdə təhsil almış mütəxəssis” adı ilə qayıdıb həm çox sayda insana, həm də bizim kimi xaricdə keyfiyyətli təhsil almaq üçün zəhmət çəkən həkimlərimizin imicinə zərbə vururlar. Həkim-xəstə münasibətlərində inam çox böyük faktordur.

Azərbaycan səhiyyəsinə lazım olan ən vacib ehtiyac sığorta sisteminin tətbiq olunmasıdır. Sığortanın tətbiqi sistemin formalaşmasına və işə düşməsinə çox böyük təkan verəcək.

Ümumilikdə, Azərbaycanın səhiyyə sistemi çox cavandır və hamı çalışır ki, bu sistemi inkişaf etdirsin. Əks halda, bu qədər gənc təhsil üçün xarici ölkələrə göndərilməzdi. Bizöz üzərimizdə olan məsuliyyəti dərk edirik və qayıtdıqdan sonra öyrəndiklərimizi tətbiq etmək üçün lazımi şərait yaradılacağına inanırıq. Təsəvvür edək ki, bir neçə on il sonra, bəlkə, elə bizim kimi gənclərin əməyi hesabına hamı müalicə və tibb təhsili arxasınca Azərbaycana gələcək.

 

Tural Tağıyev

Palitra.-2014.-17 aprel.-S.5.