İdman gənclərin fiziki
və mənəvi kamilləşməsi yolu
kimi
Məlumdur ki, Azərbaycanda idmana göstərilən diqqət və qayğı ölkəmizi sözün həqiqi mənasında bir idman ölkəsinə çevirib. Azərbaycan əhalinin, xüsusən də gənclərin kütləvi şəkildə idmanla məşğul olduğu, bu barədə məqsədyönlü siyasət həyata keçirilən bir dövlətdir.
Ölkəmiz sosial-iqtisadi göstəricilərinə görə regionda və dünyada lider olduğu kimi, idman sahəsində də liderlik statusu əldə edib. Bu status son zamanlarda idmanın demək olar ki, bütün sahələrində əldə edilən uğurlar sayəsində daha da möhkəmlənməkdədir. Beləliklə, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqələndirilir. Bu isə xalqımızın genefondunun sağlamlığının təmin edilməsində, hətta ölkəmizin milli təhlükəsizliyinin qorunmasında vacib şərtlərdən biri sayılmalıdır. Bəllidir ki,yeni nəslin inkişafının əsas vasitəsi olan gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında lazımi səviyyədə iştirakı təmin edilməlidir.
Bu baxımdan birinci növbədə gənc nəslin sağlam fiziki və mənəvi tərbiyə alması, o cümlədən idmanla məşğul olması çox məqsədəuyğundur. Bu prinsip əsasında da Azərbaycanda gənc nəslin idmana və düzgün fiziki tərbiyəyə meyli məqsədli bir şəkildə gücləndirilir. Beləliklə, dövlətin gənclər siyasətində gənclərin sağlamlığının qorunması və fiziki inkişafı əsas yerlərdən birini tutur. İdman artıq ölkəmizin ictimai həyatının mühüm hissəsidir. Qəbul edilən qanunlar, proqramlar, tikilən idman qurğuları, Olimpiya kompleksləri, idman infrastrukturunun yeniləşməsi də bu zərurətdən irəli gəlir.
İdman şərəfli və məsuliyyətlii işdir
Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirməkdən əlavə, bu sahədə yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün əlaqədar qurumlar qarşısında konkret vəzifələr qoyulub. Burada isə artıq peşəkar idmanla məşğul olmaq və sırf bu sahədə ciddi uğurlar qazanmaq kimi daha konkret hədəflər müəyyənləşdirilib. Bu isə eyni zamanda, mötəbər beynəlxalq yarışlarda ölkəmizi təmsil edən, qalib olan, himnimizi səsləndirən idmançların nə qədər şərəfli bir işlə məşğul olduğunu ortaya qoyur. Bu fakt isə bir daha idmanın hər bir ölkə üçün ən önəmli strateji sahələrdən biri olduğunu göstərir. Buna görə də son dövrlərdə ölkəmizdə sözügedən cəhətdən də idmanın inkişafına ciddi fikir verilir. Bu sahədə çox ciddi nailiyyətlərə imza atılıb. İdmançılar ölkəmizin təbliğində böyük rol oynamağa başlayıblar. Hər dəfə bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi hər bir azərbaycanlı üçün çox qürurvericidir. Həmçinin ölkəmizə gətirilən saysız qızıl, gümüş və bürünc medallar, ən mötəbər yarışlar nəticəsində ildən-ilə çempionlarımızın sayının getdikcə kütləviləşməsi də idmanın çox şərəfgətirici bir sahə olduğunu bir daha sübut edir.
O da məlum olduğu
kimi, Azərbaycanda
2012-ci il “İdman ili” elan edilmişdi. 2015-ci ildə isə
ölkəmizdə ilk dəfə
Avropa Olimpiya Oyunları keçiriləcək.
Bu baxımdan sözügedən sahədə
daha böyük nailiyyətlər qazanmaq, yeni zirvələri fəth etmək və yeni hədəfləri
müəyyənləşdirmək idmançılar qarşısına
əsas vəzifə kimi qoyulub. Prezident İlham Əliyev Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir
tələblərə cavab
verən idman infrastrukturunun formalaşdırılmasını
mühüm vəzifələrdən
biri kimi qarşıya qoyub. Regionlarda olimpiya idman kompleksləri və digər idman qurğularının istifadəyə
verilməsindən başqa,
hər bir idman növünün inkişafı naminə məqsədyönlü işlər
görülüb.
Bütün bunlar isə idmanın eyni zamanda çox məsuliyyətli bir iş olduğunu, həmçinin idmançıların
bu baxımdan çox məsuliyyətli
olmalarını, özlərinə
hər baxımdan hesabat verməli olduqlarını diktə edir.
Bütün qeyd edilənlər özlüyündə aydındır. Bununla belə,
bir məsələyə
toxunmağı lazım
bilirik. Belə ki, bir sıra məqamlar baxımından idmançılar
arasında kütləvi
olaraq kulturoloji seminarlar təşkil edilməsinə ehtiyac var.
Beləliklə, burada
diqqət yetirilməli
olan bir neçə məqam hansılardır və bu məqamlar nədən irəli gəlir?
Birincisi, qeyd edək ki, gənc idmançılar
yarış meydanı
və ya tatamidən başqa, yarışa yollandıqları
xarici ölkələrdə
ölkəmizi başqa
cür də təbliğ etmək imkanlarına malikdirlər. Bu baxımdan onların milli dəyərlərimiz,
tariximiz və mədəniyyətimizlə bağlı
maarifləndirilməsi, ayrıca
onların bu mövzularda xarici ölkələrdə yaymaq
üçün vəsaitlərlə
təchiz edilməsi çox məqsədəuyğun
olardı. Nəzərə alınmalıdır ki, işğalçı Ermənistana
qarşı mübarizə
şəraitində yaşayırıq,
buna görə, xaricə ölkəmizi təmsil etməyə yollanan hər bir vətəndaşımız
peşəsindən asılı
olmayaraq sözügedən
məsələdə ciddi
ideoloji silahlandırılmalıdır.
İkincisi, araşdırmalar göstərir
ki, bütün karyerasını idmanda görən, uşaq yaşlarından fəaliyyətini
idmana həsr edən uşaq və yeniyetmələrin,
gənclərin bir çoxu orta məktəb təhsilindən,
deməli, maariflənmədən
yayınanlardır. Bu cür uşaq və yeniyetmələrin idmana üz tutması çox yaxşı haldır, bununla belə, onların təhsil alması ilə bağlı balans da gözlənilməlidir.
Belə hallarda təhsil natamamlığı isə
bəzilərinin dünyagörüşünə,
vətəndaşlıq məsuliyyətinə
öz təsirini göstərmiş olur.
Əlbəttə, idman zallarına
kütləvi maraq çox yaxşı göstəricidir və bu, “sağlam bədəndə sağlam
ruh” prinsipinin yeniyetmə və gənclər arasında reallaşdığını göstərir.
Məhz həmin kütləvi maraqdan istifadə edərək, onların vətəndaşlıq və
dəyərlər baxımından
təkmil formalaşamasına
yardım etmək üçün idman zallarında kulturoloji seminarların təşkil
olunması xeyli effekt vermiş olardı. Bu cür kulturoloji maarifləndirmələr müxtəlif
üsul və vasitələrlə həyata
keçirilə bilər.
Belə ki, burada hökumətə
aid təhsil və idman qurumları, eyni zamanda da
qeyri-hökumət təşkilatları
effektli layihələr
həyata keçirə
bilərlər. Yaxud müxtəlif
idman federasiyaları öz fəaliyyətlərində
bu barədə islahatlar apara bilərlər.
Üçüncüsü, idmanda qızların sayı son illər xeyli artsa da,
bizdə hələki
idman sahəsi daha çox bircinsli məşğuliyyət
sahəsi kimi qəbul olunur - xüsusən də regionlardakı idman komplekslərində əsasən
oğlanların sayı
üstünlük təşkil
edir. Bu isə müəyyən mənada
hərbi xidmətdəki
ab-havaya bənzər bir aura yaratmış olur. Hərbi xidmət zamanı
əsgərlərin hərbi
hazırlıqdan başqa
humanitar hazırlıq
fənnindən dərs
keçmələri və
maariflənmələri bu
baxımdan çox yaxşı təcrübə
kimi yararlanıla bilər. Yəni əksəriyyəti kişi cinsinə mənsub olan yeniyetmə və gənc idmançıların
dəyərlər, davranışlar
və mədəniyyət
baxımından düzgün
formalaşması üçün
də kulturoloji-maarifləndirici
seminarların keçirilməsi
çox faydalı olardı.
Dördüncüsü, bu cür maarifləndirmə
işinin təşkili
eyni zamanda idmançıların ruh
yüksəkliyini və
yarış, mübarizə
əzmini daha da artırmış olacaq. Bu iş, qeyd edildiyi
kimi, onların davranış məsuliyyətini
artıracaq və onların mənəvi-ideoloji
baxımdan daha yaxşı hazırlıqlı
olmasına yardım edəcək...
İdmanın fəlsəfəsi yeniyetmə
və gənclərə
daha aydın aşılanmalıdır.
Ən nəhayət,
idmanın fəlsəfəsi
yeniyetmə və gənclərə daha aydın aşılanmalıdır. Qiymətləndirmək lazımdır ki, idman təkcə uğurlu nəticələr
əldə etmək, fəxri kürsüyə
qalxmaq, zirvələri
fəth etmək imkanı yaradan vasitə deyil. O, eyni zamanda, hər
bir uşaq, yeniyetmə və gənc üçün
ilk növbədə fiziki-mənəvi
sağlamlıq, pozitiv
qüvvə deməkdir.
Tarix boyu insanlarda Vətənə məhəbbət,
milli qürur hissləri, xeyirxahlıq aşılayan idman güclü təsir imkanına malik olmaqla dövlətin hərtərəfli inkişafında,
dünya miqyasında tanınmasında mühüm
rol oynayan təbliğati-siyasi vasitədir.
İdman
və bədən tərbiyəsi müasir dünyamızda fiziki və mənəvi tərbiyənin mühüm
vasitələrindən biri
hesab olunur. Fiziki və mənəvi mədəniyyətin təsirli
vasitəsi olmaqla yanaşı, idman həm də özündə humanizm əlamətlərini daşıyır.
İdman dünyada sülhün və əmin-amanlığın qorunmasında,xalqlar arasında dostluq tellərinin möhkəmlənməsində xüsusi rol oynayır. İdman elə bir sahədir
ki, burada görülən işlər
bir- biri ilə qırılmaz zəncir kimi bağlıdır, bir iş digərini tamamlayır. O cümlədən
buraya idmançılarda
düzgün və məsuliyyətli ictimai davranış mədəniyyəti
formalaşdırmaq da
aid edilməlidir.
Nahaq yerə
demirlər ki, məhz bədən tərbiyəsi və idmanın inkişafında
bəşəriyyət, əvvəlki
sivilizasiyaların böhran
tarixində olduğu kimi, öz xilasını
tapa bilər - burada isə ilk növbədə mədəniyyət
və humanizm önə keçir. Bu mənada idman və ümumiyyətlə,
bədən tərbiyəsi
bütünlüklə təkcə
insanın yaşamı,
onun daim dəyişən ətraf
mühitə uyğunlaşması
baxımından vacib deyil, eyni zamanda,
ətraf aləm və öz təbiəti üzərində
üstünlüyünün təmin olunmasına yönəlib. İdmanın əsas ideya mayasında insanın öz imkanlarının hüdudlarından kənara
çıxmaq, mövcud
real varlığının sərhədlərini aşaraq,
mənəvi-fiziki və
yaradıcı potensialını
həyata keçirməsi
ilə bərabər,
ictimai davranış məsuliyyəti durur.
İdman
bu yolla özündə fiziki və estetik, eləcə də etik çalarları birləşdirən bir sosio-mədəni hadisə
olaraq dərk edilir. İdman fəlsəfəsinə görə,
idman Xeyirin fəlsəfəsini təsdiqləyir
və Şərin anlaşılmaz mühakiməsini
rədd edir...
Xülasə, qeyd edilənlər göstərir ki, yeniyetmə və gənc idmançlar arasında kulturoloji-maarifləndirici
seminarların keçirilməsi
ilə bağlı ictimai müzakirələrin
aparılması, bu cür davamlı maarifləndirmə tədbirlərinin
həyata keçirilmə
üsullarının müəyyənləşdirilməsi
və nəhayət onların həyata keçirilməsini təmin
etmək lazımdır. Belə
olarsa, bəzilərinin
cəmiyyətdə idmançı
adına yaraşmayan, qeyri-adekvat davranışlarına bir
daha rast gəlinməz...
İlkin AĞAYEV
Palitra.-2014.-19 aprel.-S.11.