Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasından gözlənilən nəticələr
Prezident İlham
Əliyev: “Əminəm ki, 2018-ci ilə qədər
bu proqramın icrası nəticəsində
bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər
öz həllini tapacaqdır”
Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir. Bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atıb. Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyətdir. Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı. Ulu öndərin davamçısı, onun strateji siyasətini və ideyalarını müvəffəqiyyətlə həyata keçirən Prezident İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin edib, qarşıda duran vəzifələrin həllinə real imkanlar açıb, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırıb.
2003-2013-cü illər ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm addımlar atılıb. Prezidentin həyata keçirdiyi siyasətin ana xəttini regionların inkişafı təşkil edir. Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət proqramının icra olunduğu 10 il ərzində regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən çox artıb. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı artıq Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinə, eləcə də Abşeron və İmişli rayonlarına öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaradıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” ölkəmizin bütün bölgələrinin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində müstəsna rol oynayacaq.
Təkcə bu ilin birinci rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 500-dək müəssisənin isə tikintisi davam etdirilir.
“Hər bir rayon üzrə konkret vəzifələr,
tapşırıqlar var”
Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün iqtisadi və sosial yekunlarına həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev deyib ki, 2014-cü il də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacaqdır və ilin üç ayının yekunları bunu təsdiqləyir. Azərbaycan dinamik inkişaf templərini saxlaya bilib: “İlin birinci rübündə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı qəbul edildi. Biz ikinci Proqramın yekunlarını fevral ayında müzakirə etmişik. Üçüncü Proqramın qəbul edilməsi əminəm ki, qalan sosial və iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün bizə böyük dəstək olacaqdır. Bu da əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər öz əksini tapıbdır. Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar vardır. Təbii ki, icra mexanizmləri, maliyyə resursları da bu Proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu Proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaqdır. Eyni zamanda, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Proqramı qəbul edilib. Bu Proqram 2016-cı ildə başa çatacaqdır. O vaxta qədər Bakının qəsəbələrində bütün infrastruktur layihələri icra ediləcəkdir. Qazlaşdırma tam axıra çatdırılacaqdır, elektrik enerjisi ilə təminat daha da yaxşı olacaqdır, içməli su, kanalizasiya, kənd yollarının tikintisi layihələri icra ediləcəkdir. İş yerləri açılacaq, məktəblər, xəstəxanalar, tibb məntəqələri tikiləcəkdir. Yəni, hər bir qəsəbədə bu proqram öz nəticəsini göstərəcəkdir”.
Yeni dövlət proqramı
regionlardakı iqtisadi gücü
səfərbər edəcək
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov hesab edir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir. Bu məqsədlərə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, dövlət qarşıdakı 5 ildə möhkəm siyasi stabilliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm vacib faktor olan makroiqtisadi sabitliyin qorunmasını başlıca prioritetlərdən biri kimi müəyyən edib: “Makroiqtisadi sabitliyi nəzərə alaraq dövlətin büdcə siyasətində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi və onun effektivliyinin, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması prioritet olacaq. İqtisadi artımın, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyi kimi qeyri-neft sektoru tarazlı və dayanıqlı iqtisadi artıma nail olunmasında və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amil rolunu davam etdirəcək. Makroiqtisadi siyasətin digər başlıca istiqamətləri orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi və ÜDM-də qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsindən ibarətdir. Yeni Proqramın əsas hədəfi regionlardakı iqtisadi gücü tam səfərbər etməklə istifadə olunmamış iqtisadi resursları, xammal ehtiyatlarını istehsal prosesinə cəlb etməkdən ibarətdir”.
Kənd təsərrüfatı,
aqrar-sənaye, emal komleksləri yenidən
qurulacaq
Ekspert qeyd edir ki, bölgələrdəki istifadə olunmamış iqtisadi təbii ehtiyatların hərəkətə gətirilməsi üçün kənd təsərrüfatının, aqrar-sənaye, emal komplekslərinin müasir istehsal prosesinin tələblərinə uyğun yenidən qurulması işləri həyata keçiriləcək. Dövlət aqrar sahəni qeyri-neft sektorunun inkişafında əsas prioritet bölmə hesab edir. Aqrar sektorun inkişafı həm də əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır və buna görə də, Dövlət Proqramında kənd təsərrüfatının inkişafında yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Aqrar sahədə fermerlərin birləşməsi və kooperativlərin yaradılması aqrar sektorda gəlirlərin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və beynəlxalq standartlara uyğunlaşmasına təkan veriləcək. Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, əsas ərzaq məhsulları ilə özünü təminetmə ilə bağlı tədbirlərin davam etdirilməsi, aqrar bölməyə maliyyə dəstəyinin artırılması, regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və satışı məqsədi ilə istixana, soyuducu və taxıl anbarı komplekslərinin yaradılmasının davam etdirilməsi, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları bazarının formalaşması əsas tətdbirlərdəndir. Bundan başqa, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi və regionların inkişafında böyük rolu olan kənd təsərrüfatı və emalı məhsullarının bazarlara çıxış imkanlarının artırılması, milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi də əsas prioritetlərdəndir”.
Sənaye parklarının yaradılması bölgələrdə məşğulluq səviyyəsini yüksəldəcək
A.Hüseynov bildirir ki,
2014-2018-ci illər üçün
dövlətin investisiya siyasətinin əsas
istiqamətlərini investisiyaların qeyri-neft
sektorunun və regionların
inkişafına yönəldilməsi, regional
investisiya siyasətinin müasir
inkişaf tendensiyalarına uyğun olaraq prioritetləşdirilməsi,
investisiya fəaliyyətinin sosial istiqamətinin daha da gücləndirilməsi, insan kapitalına, infrastruktura
qoyulan investisiyaların prioritetliyinin
təmin edilməsindən ibarət olacaq.
Həmçinin, bölgələrə sərmayə
qoyuluşlarına xarici investorların cəlb
edilməsi, o cümlədən ixracyönümlü və əlavə dəyərin
xüsusi çəkisi yüksək olan sahələrə yerli
və xarici investisiyaların cəlb edilməsi
məqsədilə stimullaşdırıcı tədbirlərin
sürətləndirilməsi, sənaye parklarına yerli və əcnəbi sərmayəçilərin
cəlb edilməsi ilə bağlı
stimullaşdırıcı tədbirlər həyata
keçiriləcək: “Sənayeləşmə
siyasətinə uyğun olaraq,
regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin
fəaliyyətinin keyfiyyətcə müasir
səviyyədə qurulması və yeni
müəssisələrin, sənaye məhəllələrinin
yaradılması istiqamətində tədbirlər həyata
keçiriləcək, innovasiya yönümlü texnologiyaların tətbiqi
stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye
parklarının yaradılması istiqamətində işlər
davam etdiriləcək. Sənaye
parklarının yaradılması ölkə
iqtisadiyyatının inkişafına, modernləşməsinə,
yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli
sənaye istehsalının və ölkənin ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də
məşğulluq səviyyəsinin yüksəlməsinə
əhəmiyyətli təsir göstərəcək. Sənayeləşmə siyasəti çərçivəsində
ölkədə innovativ və yüksək
texnologiyalar əsasında rəqabətqabiliyyətli
və ixracyönümlü sənaye məhsulları
istehsalı sahələrinin yaradılmasının təşviqi,
qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin - kimya
sənayesi, metallurgiya,
maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti
sənayesinin inkişaf etdirilməsi ilə
əlaqədar layihələr həyata keçiriləcək.
Regionlarda 2014-2018-ci illərdə informasiya
və kommunikasiya texnologiyaları infrastrukturu inkişaf
etdiriləcək, regionlarda əhaliyə müasir elektron xidmətlərin
göstərilməsi daha da
genişləndiriləcək, kənd yaşayış məntəqələri
də daxil olmaqla
ölkə ərazisində genişzolaqlı, ucuz
və keyfiyyətli internetə çıxış təmin
ediləcək. Regional siyasətin digər
bir istiqaməti kimi turizmin inkişafı
da prioritet olaraq qalacaq”. Bir sözlə “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın icrası
ölkə iqtisadiyyatının
inkişafında mühüm
əhəmiyyət kəsb
etməklə, makroiqtisadi
sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin
genişlənməsində, yeni müəssisələrin
və iş yerlərinin yaranmasında,
irimiqyaslı infrastruktur
layihələrinin həyata
keçirilməsində, kommunal
xidmətlərin səviyyəsinin
yüksəldilməsində, nəticədə əhalinin
rifah halının daha da yaxşılaşdırılmasında
və yoxsulluq səviyyəsinin aşağı
düşməsində müstəsna
rol oynayacaq.
Anar Miriyev
Palitra.-2014.-10 aprel.-S.10.