Gənc nəslin idmana cəlb olunmasında müasir idman infrastrukturu böyük rol oynayır

 

Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri tikilib istifadəyə verilir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu siyasətin gənc nəslin inkişafında oynadığı rola toxunacağıq.

Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Paytaxt Bakıda və regionlarda inşa edilən, ən müasir avadanlıqla təchiz olunan Olimpiya İdman komplekslərinin sayı artıq 40-ı ötüb. Mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması isə beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır. İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurlarını ildən-ilə daha da artırırlar. 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq məqsədilə beynəlxalq standartlara uyğun mühüm layihələrin icra olunması ölkəmizdə müasir idman infrastrukturunun yaradılması işinə böyük töhfə verəcək. Dövlət başçısının gənclər sahəsinə xüsusi diqqət ayırması, bu kontekstdə idmanın inkişafını təmin etməsi gənc nəslin müasir dünyamızın mənfi vərdişlərindən qorunmasında, cəmiyyətə mənəvi cəhətdən kamil vətəndaş kimi yetişməsində həlledici rol oynayır. Yəni, bu gün Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı təkcə, ölkəmizin dünyadakı müsbət imicinin formalaşdırılmasına hesablanmayıb. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi siyasətdə sağlam nəsil yetişdirmək, yeniyetmələri, gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları idmana cəlb etmək çox mühüm yer tutur. Burada gənc nəsli pis vərdişlərdən uzaqlaşdırmaq əsas məqsəd kimi həfələnib.

 

Əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb olunmasında aktiv fəaliyyət

 

Müasir idman infrastrukturunun yaradılması bu hədəfə çatmada böyük rol oynayır. Həmin arenalardan biri bu yaxınlarda Prezidentin iştirakı ilə istifadəyə verilib.

Milli Gimnastika Arenasının inşası idmanın bu növünün daha da inkişaf etdirilməsi işində mühüm rol oynayacaq. Tərkibində idmanın dörd növünü - bədii gimnastika, kişi idman gimnastikası, akrobatika gimnastikası tamblinqi birləşdirən Azərbaycan Gimnastika Federasiyasının son illər əldə etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti tərəfindən maraqla izlənilir. Bütün bu nailiyyətlər birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olub. Belə ki, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün yeni inkişaf mərhələsi başlayıb. 2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk Dünya Kuboku keçirilib. Bakı 2005-ci ildə gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi edib. 2007-2009-cu illərdə isə ölkəmizdə iki dəfə Avropa çempionatı keçirilib. Bu işlərin nəticəsi olaraq Azərbaycan gimnastları da son illərdə böyük irəliləyişlərə nail olublar. Dinara Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına ilk milli lisenziyanı qazanıb. Aliyə Qarayeva isə 2007-ci ildə bədii gimnastika üzrə Avropa çempionu tituluna sahib çıxıb. Dünya Çempionatında isə qızlarımız komanda hesabında üçüncü olublar. Azərbaycan gimnastları növbəti illərdə ölkəmizi Olimpiya Oyunlarında layiqincə təmsil ediblər.

İndi Azərbaycan 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına hazırlaşır. İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasının tikintisi beynəlxalq əhəmiyyətli bu idman yarışının yüksək səviyyədə təşkili üçün geniş imkanlar açır. Gimnastika zalı əsas yarış köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel yaradılıb.

Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb olunması, milli idman kadrlarının hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur. Federasiya xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman qurumları ilə əlaqələrini inkişaf etdirir.

 

Perspektivli gimnastların yeni nəsli yetişib

 

Gimnastikanın bütün növlərinin, o cümlədən bədii gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər öz bəhrəsini verir. Bu gün Azərbaycanda bədii gimnastikamızın zəngin ənənələrini davam etdirməyə qadir olan perspektivli gimnastların yeni nəsli mövcuddur. Bunlar Avropa çempionatlarının gümüşbürünc mükafatçısı Lalə Yusifova, beynəlxalq yarışların qalibləri və mükafatçıları Ləman Hacızadə, Gülsüm Şəfizadə, Ayşə Mustafayeva, Mənsurə Bağıyeva, Nülufər Niftalıyeva, Marina Durunda, Jalə Piriyeva, Züleyxa İsmayılova və bədii gimnastikanın böyüməkdə olan nəslinin başqa nümayəndələridir. Bu gün Azərbaycanda Bakı ilə yanaşı Sumqayıtda, Gəncədə, Göyçayda, Qusarda, Kürdəmirdə, İsmayıllıda və Xırdalanda bölmələr açılıb və onlar uğurla fəaliyyət göstərir. Artıq Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçirilib. Yarışlarda 25 senior gimnast, həmçinin 1999-2001-ci illər təvəllüdlü idmançılar iştirak ediblər. Çempionata Respublika Kompleks İdman Məktəbinin və “Baku Flamesklubunun gimnastları ilə yanaşı, “Neftçi”, Bakı Gimnastika Məktəbi, “Spartak”, Şağan Olimpiya İdman Kompleksi və “Ocaq Sport Klubunun idmançıları da qatılıblar.

Gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda yarışıblar. Qazaxıstan, Macarıstan və digər ölkələrdən dəvət olunmuş müsabiqədənkənar gimnastların çıxışları ilə əvvəlki birinciliklərdən fərqlənən çempionat gərgin idman mübarizəsi şəraitində keçib. Çempionatın nəticələrinə görə, yuniorlar arasında halqa və gürzlərlə yarışda Jalə Piriyeva, top və lentlə yarışlarda isə Züleyxa İsmayılova birinci yerləri tutublar.

Yuniorlar arasında çoxnövçülük yarışları üzrə ölkə çempionatının qalibi Züleyxa İsmayılova olub. Böyüklər arasında topla və gürzlərlə yarışlarda Marina Durunda birinci olub. Halqa ilə yarışlarda Lalə Yusifova, lentlə yarışlarda isə Gülsüm Şərifzadə qızıl medal qazanıblar.

Böyüklər arasında gimnastika üzrə XXI Azərbaycan çempionatının çoxnövcülük yarışlarının qalibi isə Marina Durunda olub. Qeyd edək ki, yarış iyunun 13-dən 15-dək keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı ərəfəsində test turniri xarakteri daşıyıb. Bundan əlavə, 2015-ci ildə baş tutacaq birinci Avropa Oyunları çərçivəsində gimnastikanın 6 növü üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli Dünya Çempionatının burada keçirilməsi planlaşdırılır.

 

Anar Miriyev

Palitra.-2014.-22 aprel.-S.11.