“Kitabxanada keçirdiyimiz tədbirlərdə uşaq və gənclərin iştirakı əsas
şərtdir”
Nüşabə
Ələkbərova: “Tədbirlərimiz dövlətçilik
tariximiz, görkəmli şəxsiyyətlərimiz,
dilimiz, mədəniyyətimizlə
bağlı olur ki, bütün bunlar da gənc nəslin tərbiyəsində mühüm rol oynayır”
Uşaq və gənclərin mənəvi inkişafında kitabxanaların mühüm rolu var. Bu gün əhalinin bütün təbəqəsi, o cümlədən uşaq və gənclərin kitabxanalarımızda müxtəlif səpkili kitabları əldə etmək imkanı var.
Kitabxanalar uzun illər boyu oxuculara təmənnasız xidmət göstərən mədəniyyət ocağı olduğu və indi də öhdəsinə düşən vəzifəsini layiqincə yerinə yetirməkdə davam etdiyini deyən Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nüşabə Ələkbərova bildirdi ki, kitabxanalar insanların istifadəsində olan qiymətli xəzinələrdirlər: “Heç bir çətinlik çəkmədən istənilən nəşri buradan götürüb istifadə etmək mümkündür. 2011-ci ildə Bakı şəhərində mövcud kitabxanaların bazasında 11 rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və onların saytlarının yaradılması əhəmiyyətli tədbirlərdən biridir. MKS-lərin yaradılması kitabxana işinin inkişafında irəliyə doğru atılan yeni bir addımdır. Səbail rayon MKS-ə Mərkəzi Kitabxana və 6 kitabxana -filial daxildir. Səbail rayon MKS üzrə kitab fondu 585 min nüsxəyə, oxucuların sayı isə 60 min nəfərə yaxındır. Oxucu tərkibi əsasən tələbə və şagirdlər, müəllimlər, həkimlər, müxtəlif sahəyə aid elm adamları və təqaüdçülərdən ibarətdir”. N.Ələkbərovanın sözlərinə görə, Mərkəzi Kitabxana və filiallara yalnız kitab oxumaq üçün müraciət edilmir, burada eyni zamanda müxtəlif mövzularda tədbirlər təşkil olunur: “Bu tədbirlər sırasında uşaq və gənclərə aid tədbirlərə də mühüm yer verilir. Ümumiyyətlə, bəzi tədbirlər təşkil edirik ki, orada məhz uşaq və gənclərin iştirakı əsas şərtdir. Çünki həmin tədbirlər dövlətçilik tariximiz, görkəmli şəxsiyyətlərimiz, dilimiz, mədəniyyətimizlə bağlı olur ki, bütün bunları da onların bilməsi çox vacibdir. Cari ildə də kitabxanamızda bu istiqamətdə bir sıra tədbirlər təşkil olunub. Həmin tədbirlər gənc nəsil tərəfindən maraqla qarşılanıb”.
Belə tədbirlərdən biri kimi yanvarın 16-da Səbail rayon MKS-nin 3 saylı filialında “Qərənfil şəhid qanı, ağla qərənfil” adlı sərgi və məlumat saatı keçirilib. Kitabxanaçı G.Sadıxova tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında geniş məlumat verib. Tədbirdə 49,163 saylı orta məktəbin sagirdləri iştirak ediblər. 163 saylı orta məktəbin V b sinif şagirdi T.Niftalıyeva “Tərk eyləmisəm”, VII b sinif sagirdi N. Məmmədova “Əsli”, VII b sinif şagirdi D.Abdurrəhmanlı Nəbi Xəzrinin “Kim məni xatırlasa”, B. Vahabzadənin “Şəhidlər” şeirlərini söyləyiblər.
Bu tədbirlərin davamı kimi yanvarın 17-də Səbail rayon MKS-nin 4 saylı filialı Bibiheybət qəsəbə Mədəniyyət evi ilə birlikdə C.Əsgərov adına 50 saylı tam orta məktəbdə 20 Yanvar-Şəhidlər Gününə həsr olunmuş “Bir Şəhid ruhu ”adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə qəsəbə nümayəndəliyinin və qəsəbə bələdiyyəsinin üzvləri, məktəbin müəllim və şagird kollektivləri iştirak ediblər.
N.Ələkbərovanın sözlərinə görə, fevralın 3-də, Səbail rayon MKS-nin 3 saylı filialında Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, "Molla Nəsrəddin " jurnalının və "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin anadan olmasının 145 illiyinə həsr olunmuş "Molla Nəsrəddin məktəbi: tənqidi realizmin banisi" adlı məlumat saatı keçirilib. Tədbirdə böyük kitabxanaçı N.Novruzova 49 saylı orta məktəbin 7-ci sinif şagirdlərinə C.Məmmədquluzadənin həyat və yaradıcılığı, "Molla Nəsrəddin" jurnalı haqqında məlumat verilib.
Ana dilinə uşaqların sevgisini artırmaq məqsədilə fevralın 21-də Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında “Beynəlxalq Ana Dili” gününə həsr olunmuş "Sağ ol, ana dilim" adlı tədbir keçirilib. Tədbiri Səbail rayon MKS-in direktor müavini R.Əliyeva açaraq iştirakçılara ana dilinin əhəmiyyəti barədə məlumat verib. Səbail rayon MKS-nin Metodika və biblioqrafiya şöbəsinin müdiri Ş.Babaşova, Cəlil Məmmədquluzadənin ev-muzeyinin əməkdaşı Y. Məhərrəmova məruzə ilə çıxış ediblər. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən bu əlamətdar gün-“Beynəlxalq Ana Dili” günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Sonda T.Loginov adına 8 saylı orta məktəbin 4-cü sinif şagirdlərinin ifasında şeirlər səslənib və kitabxananın Kütləvi tədbirlər şöbəsinin müdiri C.Səmədova qonaqlara doğma dilimizin inkişafında böyük rol oynayan görkəmli ədib C.Məmmədquluzadə və satirik şair M.Ə.Sabir haqqında hazırladığı slaydları nümayiş etdirib.
N.Ələkbərovanın sözlərinə görə, bu gün kitabxanalarımızda xüsusi diqqət yetirilən tədbirlərdən biri də məhz Xocalı soyqırımı ilə bağlıdır. Belə ki, 25 fevral tarixində Səbail rayon MKS-nin 4 saylı filialı Bibiheybət qəsəbə Mədəniyyət evinin kollektivi ilə birlikdə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Oxucular üçün təşkil olunmuş söhbətdə Xocalı soyqırımını əks etdirən foto və kitab sərgisi nümayiş etdirildi. Bundan başqa fevralın 26-da Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə duran Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş "Xocalılar" adlı tədbir keçirilib. Tədbirdə iştirak edən 190 nömrəli məktəbin 4b sinif şagirdlərinin ifasında “Xocalı harayı” adlı şeir kompozisiyası təqdim olunub. N.Ələkbərova deyir ki, kitabxanalarda belə tədbirləri keçirərkən oxuculara, əsasən də azyaşlı məktəblilərə aşılamaq lazımdır ki, Xocalı XX əsrin ən böyük faciəsidir. Aparılan bütün işlər vətənpərvərlik və düşmənə nifrət hisslərinin tərbiyə olunmasına yönəldilməlidir. Unutmaq olmaz ki, torpaqlarımızın 20 faizi erməni qəsbkarları tərəfindən işğal edilib.
N.Ələkbərova onu da bildirdi ki, cari ildə önəmli tədbirlərdən biri də “Canlı klassika-2014” Beynəlxalq müsabiqəsi olub: “Martın 18-də Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Moskva şəhərində keçiriləcək gənc qiraətçilərin “Canlı klassika-2014” Beynəlxalq müsabiqəsinin II turu başa çatıb. Müsabiqədə 132- 134, 7 və 160 saylı tam orta məktəblərinin 6-cı sinif şagirdləri iştirak edib. Məktəblilərin, müəllimlərin və kitabxana əməkdaşlarının fəal iştirakı ilə keçən müsabiqədə gənc qiraətçilərin ifasında rus və dünya klassik nəsr nümunələrindən parçalar dinlənildi və ən yaxşı ifaçılar fərqləndi. İştirakçıların çıxışları seçdikləri əsərlərin mətni, ifadə tərzlərinin obrazlılığı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirildi və hər bir iştirakçı münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirildi. Məktəbli oxucuların iştirak etdiyi belə müsabiqələrin keçirilməsində əsas məqsəd uşaqlar arasında mütaliəyə, kitabxanalara ictimai marağın artırılması, istedadlı uşaqların aşkar edilməsi, uşaq və gənclərdə müasir rus və dünya ədəbiyyatına marağı artırmaqdan ibarətdir. 18 aprel tarixində Səbail rayon MKS-nin 2 saylı filialında (M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanası) gənc qiraətçilərin “Canlı klassika -2014” Beynəlxalq müsabiqəsinin şəhər üzrə yekun mərhələsi keçirildi. Müsabiqədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin oxucuları iştirak edirdi. İştirakçıların çıxışları seçdikləri əsərlərin mətni, ifadə tərzlərinin obrazlılığı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirildi və hər bir iştirakçı Münsiflər heyətinin üzvləri - Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri L. Məmmədova, Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi S. Məmmədova, Səbail rayon MKS-nin direktoru N. Ələkbərova və Nərimanov MKS-nin müdiri T. İndeykina tərəfindən 10 ballıq sistemlə qiymətləndirildi. İştirakçılar arasından Səbail və Nərimanov rayon MKS-lərinin oxucuları Zeynalov Emil Ramiz oğlu, Qaşqay Cənnət Camal qızı və Arıxova Nəzrin Emin qızı Moskva şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazandılar. Qeyd edim ki, müsabiqənin final mərhələsi Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin təşkilatçılığı ilə iyun ayında reallaşacaq”. Qarşıda hələ bir sıra tədbirlərin də nəzərdə tutulduğunu deyən N.Ələkbərova bildirdi ki, kitabxanadan istifadə edən, burada təşkil olunan tədbirlərdə iştirak edən hər bir uşaq və gənc mövcud ədəbiyyatlardan daha çox yararlanır, reallıqlarla bağlı faktları dinləyir ki, bütün bunlar onların mənəvi inkişafında mühüm rol oynayır.
Nigar Abdullayeva
Palitra.-2014.-23 aprel.-S.11.