“Gənclərin mənəvi inkişafına hər zaman diqqət ayırırıq”

 

Nərgiz Əliyeva: “Gənclərimizdə mənəvi inkişafı zənginləşdirmək üçün onlara keyfiyyətin nə olduğunu anlatmalıyıq”

 

Xarici ölkələrdəki milli təşkilatlarımızın fəaliyyətində gənclərin mənəvi inkişaf etdirilməsi prioritetdir. Bu baxımdan Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) də keçirdiyi tədbirlər diqqəti cəlb edir. AMM-ın Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva qəzetimizə müsahibəsində bu haqda danışıb.

 

-Gürcüstandakı azərbaycanlı gənclərin Vətənimiz haqqında bilikləri hansı səviyyədədir?

- Azərbaycan dünyada yaşayan bütün azərbaycanlıların Vətənidir. Xalqımızın bir hissəsi olaraq onun mədəniyyəti, tarixi, mənəvi dəyərlərini hər zaman qorumuşuq. Gürcüstanda yaşayan azərbaycanlılar öz tarixi torpaqlarında yaşayırlar, biz Gürcüstanın tamhüquqlu vətəndaşıyıq. Bu ölkənin ictimai-siyasi, mədəni həyatına inteqrasiya olunmaq mərhələsindəyik. Çalışırıq ki, gürcü dilini, mədəniyyətini, tarixini mükəmməl şəkildə öyrənərək, burada yaşayan yerli və digər xalqları öz özəlliklərimiz və xalqımızın varlıqları ilə də tanış edək. Üstümüzə böyük missiya düşür. Biz hər iki xalqın varlıqlarını təmsil edirik.

Təbii ki, azərbaycanlıların az sayda yaşadığı bölgələrdə “özümüzü tanımayanlar” da var. Məsələn, dilimizi zəif bilənlər, mədəniyyətimiz və həqiqətlərimizdən bixəbər olan azərbaycanlı gənclərimizə də rast gəlmək olar. Azərbaycan dilli məktəblərimizdə bir sıra problemlər var. Bunlardan biri elə məhz, Azərbaycan dilli ədəbiyyatın olmamağı ilə bağlıdır.

Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) olaraq hər zaman bu istiqamətdə layihə və tədbirlər həyata keçiririk. Mərkəzdə tarix dərnəyi fəaliyyət göstərir ki, Azərbaycan tarixi haqqında tarixçilərimiz tərəfindən mühazirələr oxunur.

Düşünürəm ki, biz adət-ənənələrimizi və milli Vətənimizə bağlılığımızı daim qoruyub saxlayacağıq və digər millətlərə təbliğ edəcəyik.

- Yeniyetmələrimizin təhsilə marağı necədir?

- Orta məktəblərdə təhsil alan gənclərimizin təhsilə marağı ildən-ilə artmaqdadır. Bunu ali təhsil ocaqlarına daxil olan tələbələrin sayı göstərir. AMM 2006-cı ildən etibarən “Təqaüd proqramı” həyata keçirir. Biz bu statistikanı yaxından izləyirik. Təsəvvür edin ki, 2006-cı ildə Gürcüstanın dövlət ali təhsil ocaqlarına qəbul olan tələbələrimizin sayı 20 idisə, bu gün tələbələrimizin sayı 1000 nəfərdən çoxdur. Bu onu göstərir ki, orta məktəblərdə dərslərinə fikir verən gənclərdə təhsilə meyillilik var. O ki qaldı mənəviyyatımıza, bu, gənclərimizin istedadmaraq dairəsindən asılıdır. Orta məktəblərdə ədəbiyyata, dini biliklərə maraq çoxdur. Rəhbərlik etdiyim Gənclər şöbəsi “Gənc yazarlar” müsabiqəsini həyata keçirərkən Gürcüstanda nə qədər istedadlı və bacarıqlı gənclərin olduğunu anladım. Onların bir çoxu şeir, hekayə və romanlarını hətta gürcü dilində yazırdılar. Bu fakt bizi çox sevindirdi.

- Azərbaycanla bağlı hansı layihələri keçirirsiniz?

- AMM-ın Gənclər şöbəsinin rəhbəri olaraq, əsas məqsədim xalqımızın mədəniyyətinə, tarixinə, həqiqətlərinə həsr olunmuş layihələr həyata keçirmək və bu layihələrə gəncləri cəlb etməkdir. Ən uğurlu layihələrimizdən biri Azərbaycan mədəniyyətinə həsr olunmuş festivalların keçirilməsi oldu. Milli mətbəximizi, musiqimizi, ədəbiyyatımızı və adət-ənənələrimizi bu festival çərçivəsində digər xalqlara çatdırmağa çalışdıq. Bu cür tədbirləri sistematik şəkildə həyata keçirməyi düşünürük. Müntəzəm şəkildə Azərbaycanın və Gürcüstanın tarixi əhəmiyyətli günlərinə, bayramlarına, uğurlarına həsr olunmuş tədbirlər keçiririk. Misal olaraq Gürcüstanda da dövlət səviyyəsində qeyd olunan Novruz bayramını, Azərbaycanın “Evrovision” mahnı müsabiqəsində qalibiyyəti və s. kimi əhəmiyyətli tədbir və aksiyaları qeyd etmək olar. Bundan başqa Azərbaycan dövlətinin uğurları, Gürcüstanla dostluğuna həsr olunmuş tədbir və görüşlər həyata keçiririk. Çalışırıq bu cür tədbirlərdə gürcü gəncləri də iştirak etsinlər.

Bir neçə ildir ki, Gürcüstanda fevral ayı təşkilatımız tərəfindən Xocalı ayı elan olunur. Bu ildən etibarən şöbəmiz rəsmi olaraq “Xocalıya ədalət” kampaniyasını Gürcüstanda həyata keçirdi. Fevral ayı ərzində Gürcüstanın bir neçə şəhərində, kəndində və paytaxt Tbilisidə “Xocalıya ədalət” aksiyaları, konfransları və anım tədbirləri keçirdik. Tədbirlərdə digər millətlərin nümayəndələri də iştirak etdilər və bizim həqiqətlərimiz haqqında dolğun məlumat almış oldular. Qan yaddaşımıza və həqiqətlərimizə həsr olunmuş tədbirlər tərəfimizdən hər zaman keçirilir. Şəxsi təşəbbüsümlə “Azərbaycan həqiqətləri” adlı bukletləri ali məktəbdə təhsil aldığım müddətdə müəllimlərimə və çoxmillətli tələbə yoldaşlarıma paylayırdım. Onlara bu haqda ətraflı məlumat verirdim. Bu cür təşəbbüsləri bu gün ətrafımızda olan fəal tələbələrimiz həyata keçirirlər.

- AAM-ın Gənclər şöbəsi gənclərin mənəvi inkişafı istiqamətində hansı işlər görür?

- Təşkilatımız gənclərin mənəvi inkişafına hər zaman diqqət ayırıb. AMM-ın çap etdiyiQarapapaqlar”, “Meydan” jurnallarında və “Regionpress” qəzetində onların mənəvi dünyasına aid yazılar, şeirlər, poemalars. kimi əsərlər müntəzəm şəkildə çap olunur. Kitab təqdimatları, imza mərasimləri, poeziya axşamları, yubileylər və s. tipli tədbirlər müntəzəm olaraq tərəfimizdən keçirilir.

Bundan başqa gənc rəssamların sərgiləri və rəssamlara dəstək tərəfimizdən göstərilir.

AMM Gənclər şöbəsinin nəzdində “Gənclik” kitab klubu fəaliyyət göstərir. Bu kluba gənc yazarlar, kitabsevərlər və mənəvi dünyası zəngin olan gənclər cəlb olunublar. Əsas məqsədimiz onlarda kitaba maraq oyatmaqdır. Təşkilatımızda kitabxana mövcuddur. Lakin açıq etiraf etməliyəm ki, klassik ədəbiyyatımıza gənclər tərəfindən maraq azdır. Bunun üçün də hazırda bir kitab layihəsi elan etmişik ki, gənclərin oxumaq istədikləri əsərləri kitabxanamıza daxil edək, yetər ki gənclərimiz oxusunlar.

Bundan başqa şöbəmiz tərəfindən sistematik şəkildə gənc yazarlar müsabiqələri keçirilir. Gənc və istedadlı gənclərimizin əsərləri internet səhifəmizdə hər zaman dərc olunaraq ictimaiyyətə tanıdılır. Ən istedadlı və tanınmış yazarlarımızdan birinin kitabını çapa hazırlayırıq. Bu kimi işlərin gənclərdə poeziya və mənəviyyata stimul verəcəyini və maraq yaradacağını düşünürəm.

- Azərbaycan gəncinin mənəvi zənginliyini necə qiymətləndirirsiniz?

- Ümumilikdə, harada yaşamasından asılı olmayaraq mən Azərbaycan gənci ilə fəxr edirəm. Tez-tez diaspor tədbirlərində, forumlarda dünyanın müxtəlif ölkələrində yaşayan, təhsil alan gənclərlə görüşürəm. Azərbaycanda yaşayan, ictimai işlərlə məşğul olan, müxtəlif gənclər təşkilatlarını təmsil edən gənclərlə dostluq edirəm, tez-tez görüşürük. Hər zaman onlarla təmasda olduqdan sonra məndə xalqımın gələcəyinə dair böyük ümid yaranır. Azərbaycanın gələcəyi həqiqətən də parlaq olacaq. Çünki onun bu cür savadlı, vətənpərvər və layiqli övladları var. Eyni ifadəni Gürcüstanda yaşayan gənclər haqqında da deyə bilərəm. Bizim xalqa məxsus olan özəlliklər var, hansılar ki, illər ötsə də qorunub saxlanılacaq. Bu, əxlaqla bağlıdır. Məsələn, böyüklərimizə hörmət, xalqına sadiqlik, şəxsi əxlaq və s. Bunu dinimizlə əlaqələndirirəm. Zənnimcə, ən gözəl tərbiyə dindir, ən gözəl əxlaq İslamdır. Lakin dinimizidüzgün şəkildə öyrənsək yaxşı olardı. Ən doğru yol Peyğəmbərimizin yoludur, ən gözəl kitab Qurandır. Mənəviyyatımız bu cür zənginləşəcəkdir.

- Azərbaycan gəncləri mənəvi inkişaf baxımdan nə dərəcədə gürcü gənclərinə nümunədir?

- Hər xalqın öz özəllikləri var. Hər insanın öz mənəvi dünyası var. Qafqaz xalqlarının daxili dünyası və tərbiyəsi hər zaman digərlərinə nümunə olub, deyə düşünürəm. Bizdə yazılmamış bəzi mənəvi qanunlarmentalitet anlayışı var ki, bu xüsusiyyətlər bizi hər zaman uca edib. Gürcüstanda yaşayan azərbaycanlı gənc bu günü yaradıcılıq baxımından hələ başlanğıc mərhələsindədir. Lakin mənəvi dünyamız çox zəngindir. Mən müqayisə etməzdim. Biz fərqli xalqdin daşıyıcısıyıq.

- Bu gün gənclərimiz mənəvi inkişafları üçün hansı dəyərlərə üstünlük verməlidirlər?

- Bir yaxın insan mənə bir vaxtlar bir söz demişdi “Əgər bir insanın daxili aləmi zəngindirsə, poeziya, musiqiya kitablar onun ruh aləminə toxunursa, o insan böyük və təmiz ürəyə sahibdir, o insandan pislik gözləmə” - bu fikirlə razıyam. Daxili aləmi olmayan insan daş ürəkli heykələ bənzər. Bilirsiniz, şəxsən mən daxili aləmi olan insanlarla ünsiyyət qurmağı, dost olmağı seçirəm. İnsan dara düşəndə, daxili çırpıntıları olanda, qəlbi qırılanda onun yeganə dostu kitablar, musiqilər, şeirlər olur. İnsan, sanki onlarda rahatlıq tapır. Eyni şey müsbət hadisələr olanda da olur, məsələn, insanın əhvali-ruhiyyəsi yaxşı olanda daha şən mahnılar dinləyir. Məncə, bu amillərin mənəvi inkişafa təsiri çoxdur.

Gənclərimizdə mənəvi inkişafı zənginləşdirmək üçün onlara keyfiyyətin nə olduğunu anlatmalıyıq. Məsələn, keyfiyyətli musiqi, örnək ola biləcək əsərlər, keyfiyyətli şeirləri oxuyub dinləməliyik. Keyfiyyətsiz məhsullar gənclərimizin mənəviyyatında da öz mənfi təsirini göstərir. Son zamanlar bu cür hallara tez-tez rast gəlmək olar. Bundan başqa istedadlı gənclərə çox diqqət yetirilməlidir. Şairlər, rəssamların, yazıçıların ruhu və qəlbi olduqca həssas olur. Hələ ki, onlar gənclərdirsə. Onlarla incə davranmamız gərəkdir ki, inciməsinlər. Onlara stimul verilməlidir. Çünki olar bizim ruhumuzun həkimləridirlər.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-24 aprel.-S.11.