Abgül Mirzəliyev:“Muğam müsabiqələri istedadlı gəncləri üzə çıxarır” 

 

Müsahibimiz 2007 Muğam Müsabiqəsinin qaliblərindən biri Abgül Mirzəliyevdir.

 

Yeni qəzəllər öyrənirəm. Amma biz muğam ifaçıları məcburuq ki, məşhur olan qəzəlləri öyrənək. Çünki xalq daha çox bu qəzəlləri istəyir”

 

-Muğam müsabiqəsinə qədər olan təhsiliniz və müsabiqədən sonra muğama gəlişiniz haqqında nə deyəbilərsiniz?

- Mən 18-19 yaşlarında bu sənətə qədəm qoydum. 1986-cı ildə Şamaxı rayonunun Şıxsəli kəndində anadan olmuşam. Orta məktəbi Şamaxı rayonunda bitirdim. 2005-ci ildə Şamaxı Mədəni Maarif Kollecinin muğam sinfinə qəbul oldumCamal müəllimin sayəsində bu sənətə gəldim. Təbii ki, mənim də istəyim olub. 2007-ci ildə isə Asəf Zeynallı adına musiqi kollecinə keçirildim. Burada müəllimim Xalq artisti Zabit Nəbizadə olub. Həmin il Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Müsabiqəsində iştirak etdim və münsiflər tərəfindən 2-ci yerə layiq görüldüm. 2009-cu ildə Asəf Zeynallı adına musiqi kollecini bitirdim və həmin il Azərbaycan Milli Konservatoriyasına qəbul oldum. Burada da Zabit Nəbizadənin sinfini bitirdim.

- Bugünkü muğam müsabiqələrində iştirak edən gənclər haqqında nə deyə bilərsiniz? Onlar da sizin dövrünüzdəki kimi həvəslə gəlirlərmi?

- Bəli. Bizim müsabiqəmiz çox gözəl, yüksək səviyyədə keçirildi. Sonrakı müsabiqələrdə də bir çox istedadlı gənclər üzə çıxdı.

- Bu gün gənclərimiz ən çox hansı muğam ladlarına üstünlük verirlər?

- Bizim əsas yeddi böyük dəsgah muğamlarımız var. Təbii ki, muğam ifaçıları bütün muğamlarımızı ifa etməlidir. Amma ən çox Segah muğamına üstünlük verirlər. Buna baxmayaraq digər muğamlarımızı da ifa edirlər.

- Muğamlarımızda qəzəllər çox zaman təkrar ifa olunur. Yeni qəzəllərə niyə az müraciət edilir?

- Mənə də tez-tez bu sualı verirlər. Bu qəzəllər yeni deyil. Sadəcə ustad sənətkarlarımız bu qəzəlləri ifa ediblər və xalqın yaddaşına həkk olub. Mən yeni qəzəllər öyrənirəm. Amma biz muğam ifaçıları məcburuq ki, məşhur olan qəzəlləri öyrənək. Çünki xalq daha çox bu qəzəlləri istəyir. Amma efirdə bütün qəzəllər müraciət edirik. Məsələn, Seyid Əzim Şirvaninin əgər 500 qəzəli varsa, onların içindən xalqa daha yaxın olanlarını seçib ifa edirlər.

- Əvvəllər xanəndələrimiz tarın müşayiəti ilə ifa edirdilər. Amma indi kamançanın da müşayiəti ilə ifa edirlər...

- Keçmişdə xanəndələrimiz muğam ifa etdikləri zaman tar-kamança birlikdə müşayiət edirdilər. Bunu lent yazılarında da görə bilərsiniz. Bu da vaxt azlığından irəli gəlirdi. Mən bunun dərinliyinə çox vara bilmərəm. Bunu sənətkarlarımız daha yaxşı bilər.

- Gənclərimizin trio qurmaq qabiliyyəti sizcə necədir?

- Yaxşıdır. Bizim gənclərimizin tara, kamançaya olan həvəsi, muğamı birlikdə çalışması böyük bir aləmdir.

- Muğamımızın dünyada təmsili ilə əlaqədar olaraq xarici ölkələrə dəvət alırsınızmı?

- Bəli. Mən də dövlət səviyyəli xarici səfərlərə dəvət alıram. Onu da deyim ki, bizim musiqimizi çox yüksək səviyyədə qarşılayırlar. Hansı ki, orkestrlə tamaşaçılara o zövqü verə bilmirlər. Çünki tarla kamançanın səsi xanəndənin səsi ilə birlikdə daha keyfiyyətli olur.

- Bir pedaqoq kimi bildiklərinizi tələbələrinizə çatdıra bilirsinizmi?

- Mən hələ ki, bir ildir müəllim vəzifəsində çalışıram. Bunu mən yox, tələbələr deyə bilər. Bunun nəticəsini müəyyən vaxtdan sonra görə bilərik. Amma bacardığım qədər öyrədirəm. Təbii ki, öyrənmək tələbənin özündən də asılıdır.

- Sənətiniz haqqında olan arzularınız...

- Mən istəyirəm ki, sənətimizi daha da inkişaf etdirim. Bizim sənətimiz elə bir sənətdir ki, səsimizi qorumalıyıq. Bu sənət həm çətin, həm də şərəfli sənətdir. Arzum budur ki, bu sənəti günü-gündən daha da yaxşı öyrənim. Solo konsert vermək üçün maddi cəhətdən sıxıntım olmasın. BirAllah səsimizi əlimizdən almasın.

 

Xəyalə GÜNƏŞ

      Palitra.- 2014.- 25 aprel.- S.13.