BSU-da Xankəndi həqiqətləri yad edildi

 

Bakı Slavyan Universitetində “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi ilə “Xankəndi köçkünlərindən o yerlərin tarixinə, mədəniyyətinə aid fotoların, sənədlərin toplanması və səyyar sərgilərin keçirilməsi” layihəsi çərçivəsində tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, prof. A.A.Hacıyev qonaqları, iştirakçıları salamladıqdan sonra Azərbaycanın gözəl guşələrindən biri, Qarabağın mərkəzi sayılan Xankəndinin işğalından ürək ağrısı ilə danışdı. Dağlıq Qarabağ məsələsinin bütün Azərbaycan xalqının problemi olduğunu vurğulayan rektor ermənilərin Vətənimizə, dinc əhalimizə qarşı törətdikləri vəhşilikləri unutmamağa çağırdı. Xankəndinin işğaldan azad olmasının uzaqda olmadığını söyləyən professor Asif Hacıyev Azərbaycan Respublikasının mürəkkəb regionda yerləşməsinə baxmayaraq, dünya miqyasında özünəməxsus yer tutmasının, öz nüfuzu olan, öz sözünü deməyi bacaran bir dövlət kimi tanınmasının sevindirci hal olduğunu bildirdi. O, Qarabağla bağlı bir sıra kitabların BSU müəllim və tələbələri tərəfindən müxtəlif dillərə tərcümə olunduğunu fərəh hissi ilə nəzərə çatdırdı.

Adı çəkilən QHT-nin ilk tədbirinin məhz BSU-da keçirildiyini vurğulayan 122 saylı Xankəndi seçki dairəsindən seçilmiş millət vəkili Flora Qasımova bu şəraiti yaratdıqlarına görə universitetin rəhbərliyinə minnətdarlığını bildirdi: Bu tipli tədbirlərin keçirilməsində məqsədimiz gənclərimizə milli vətənpərvərlik hisslərinin aşılanması, Xankəndi və digər düşmən tapdağı altında olan torpaqlarımızın həqiqətlərinin geniş formada təbliğ olunmasıdır”.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin daxili işlər idarəsinin rəis müavini, polis polkovniki, BSU-nun dos. Sadir Məmmədov, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Erməni Təcavüzünü Tanıtma Birliyinin sədri Səriyə Müslümqızı, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov, Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsi Aytən Süleymanova bu tədbirin keçirilməsinə yüksək qiymət verərək, əsrlərdən bəri Azərbaycan xalqına qarşı erməni daşnaklarının törətdikləri soyqırımlardan danışan çıxışçılar, Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, üçrəngli bayrağımızın tezliklə Xankəndində dalğalanacağını və belə tədbirlərin Qarabağda keçiriləcəyi günün uzaqda olmadığını əminliklə vurğuladılar.

 

İlkin

Palitra.-2014.-25 aprel.-S.5.