Şagirdlər bölgələrimizlə
tanış olur
“Ölkəmizi
tanıyaq” devizi ilə keçirilən
maarifləndirici tur-aksiya yeniyetmələrin
mənəvi inkişafına müsbət təsir edəcək
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 67 şəhər və rayondan 14 minə yaxın IX-XI sinif şagirdini əhatə edəcək “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaların keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində təqdim etdiyimiz yazıda maarifləndirici tur-aksiyanın uşaq və yeniyetmələrin mənəvi inkişafında oynadığı rola toxunacağıq.
Aksiya çərçivəsində ölkə gəncləri Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ və digər bölgələrdə qədim tarixi, mədəniyyət abidələri, regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlar. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq. Dünən başlayan və sentyabrın 6-dək keçiriləcək ekskursiyaların birinci mərhələsində 53 şəhər və rayondan 2500-ə yaxın şagird iştirak edəcək. İkinci və üçüncü mərhələ isə müvafiq olaraq 2014-cü ilin noyabr və 2015-ci ilin mart aylarında təşkil olunacaq. Dünən Quba rayonunun ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup İsmayıllı-Şəki-Qəbələ marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak etmək üçün yola düşüb. Tur-aksiyada 40 şagirdlə bərabər, 5 müşayiətçi də yer alıb. Qrupun rəhbəri, rayon Təhsil Şöbəsinin təşkilatçı metodisti Mehparə Rüstəmova bildirib ki, Prezidentin tapşırığına əsasən ölkəmizin şimal-qərb bölgəsinə maarifləndirici tur-aksiyaya yola düşən qubalı şagirdlər bu səfərdən olduqca məmnundurlar. O, qeyd edib ki, adətən şagirdlər rayon daxilində, ən yaxşı halda isə qonşu rayonlara ekskursiyalara gedirlər: “Amma indi Azərbaycan Prezidentinin tapşırığına əsasən onlar üçün bütün Azərbaycanı gəzmək imkanı yaradılıb.
Dörd gün davam
edəcək bu tur-aksiya
müddətində 40 nəfər qubalı şagird
Azərbaycanın dilbər guşələrindən olan İsmayıllı, Şəki və Qəbələ
rayonlarının qədim tarixi, mədəniyyət
abidələrini, turizm mərkəzlərini
və başqa gəzməli-görməli
yerlərini ziyarət edəcək. Prezident daim
xalqımızın gələcəyi olan
uşaqlara qayğı göstərir,
onların savadlı, geniş
dünyagörüşünə malik
şəxsiyyət kimi formalaşması üçün əlindən gələni edir. Şagirdlərimiz üçün
Azərbaycanın müxtəlif bölgələrinə
maarifləndirici tur-aksiyaların təşkili barədə son tapşırıq da
bunun bariz sübutudur”. Dünən Lənkəran
şəhərindəki Heydər Əliyev parkının
qarşısında böyük qələbəlik
olub. “Ölkəmizi tanıyaq” maarifləndirici
tur-aksiyasının Gəncə-Şəmkir-Göygöl marşrutunun iştirakçılarını
yola salmaq üçün rayonun rəhbərliyi,
təhsil işçiləri, valideynlər parkın
qarşısındakı meydana
toplaşıblar. Meydana toplaşanlar
arasında aksiyanın təşkilatçılarından olan Mədəniyyət və Turizm
Nazirliyinin böyük
məsləhətçisi Cəfər Gərayev da olub. O, deyib
ki, tur-aksiyanın birinci
mərhələsində üç
istiqamətdə - Gəncə-Göygöl-Şəmkir,
İsmayıllı-Qəbələ- Şəki, Quba-Xaçmaz-Qusar istiqamətlərində turlar nəzərdə tutulub:
“Gördüyünüz kimi, bu məkandan böyük qələbəliklə yola salınan Lənkəran məktəbliləri
4 gün ərzində Gəncə şəhərinin,
Göygöl və Şəmkir
rayonlarının tarixi abidələri ilə
yaxından tanış olacaq, görməli
yerlərini gəzəcəklər. Layihə davamlı olacaq. Gələcəkdə məktəblilərin
əksəriyyəti tur-aksiyada iştirak etmək imkanı əldə edəcək”.
Lənkəran şəhər 4 nömrəli humanitar
təmayüllü məktəb-liseyin fizika-riyaziyyat
müəllimi Məhərrəməli Mirzəyev tur-aksiya ilə bağlı fikrini
belə ifadə etdi: “Tur-aksiyada
məktəbimizdən mənimlə birlikdə 6 nəfər iştirak edir. Mənim
fikrimcə, aksiya təkcə regionlarla tanışlıq məqsədi
daşımır, səfər zamanı şagirdlər və
müəllimlər həm də təcrübə mübadiləsi
etmək imkanı qazanacaqlar. Bizə bu imkanı Prezident İlham Əliyev yaradıb. Dövlət
başçısı təhsilin inkişafına, onun maddi-texniki
bazasının möhkəmləndirilməsinə və təhsil
işçilərinin sosial vəziyyətinin
yaxşılaşdırılmasına böyük
diqqət göstərdiyi kimi, müəllim
və şagirdlərin asudə vaxtlarının səmərəli
keçməsi qayğısına da
qalır. Bu diqqət və qayğıya
görə Prezidentimizə “Çox sağ olun!” deyirik”. Turun
iştirakçısı, Lənkəran şəhər 5
nömrəli tam orta
məktəbin XI sinif şagirdi
Nurlan Əsgərli bu
ifadələri bölüşüb: “Dörd il əvvəl Quba rayonunda təşkil olunmuş hərbi-vətənpərvərlik
düşərgəsində iştirak
etmişəm. Bu gün isə
ölkəmizin daha bir ecazkar regionuna
yola düşürük. Tur-aksiyanın proqramı ilə ətraflı tanışam.
Dahi mütəfəkkir Nizami Gəncəvinin Vətənində
olmaq çoxdankı arzum idi. Bu arzumun reallaşmasına
mənə imkan yaradan dövlət başçısına minnətdarlığımı
bildirirəm”. Çox keçmədən
iştirakçıların xeyir-duası ilə Gəncə-Şəmkir-Göygöl turunun iştirakçılarını
Azərbaycanın qərb
bölgəsinə aparan
avtobus yola düşüb. Qeyd edək
ki, bu cür
tədbirlərin təşkil
edilməsi gənc nəslin mənəvi inkişafında müstəsna
dərəcədə böyük
rol oynayır. Belə ki, böyüməkdə
olan gənc nəslin ölkəmizin müxtəlif bölgələrinə
səyahət etməsi
onların həm respublikamızın tarixi yerlərini tanıması,
həm də ölkəmizdə gedən
abadlıq-quruculuq işləri
ilə yerində tanış olması baxımından böyük əhəmiyyət
kəsb edir. Bu gün ölkəmizin
hər bir bölgəsində sürətli
inkişaf prosesi yaşanır. Geniş
vüsət alan
abadlıq-quruculuq işləri
regionlarımızın simasını
kökündən dəyişib.
Bu gün bölgələrimiz
inkişaf səviyyəsinə,
müasir infrastrukturuna,
müasir sosial obyektlərinə görə
paytaxt Bakı ilə rəqabət aparmaq səviyyəsinə
çatıblar. Gənc nəslin
yaşadıqları yerlərdən
kənar bölgələrdə
baş verən bu inkişafı öz gözləri ilə görmələri
onlarda ölkəmizdəki
inkişafla bağlı
daha aydın təsəvvür formalaşdıracaq.
Digər
tərəfdən onların
bölgələrdəki tarixi
məkanlara baş çəkməsi, tarix-diyarşünaslıq
muzeylərində olması
ölkəmizin qədim
tarixinin onların gözləri qarşısında
canlanmasını təmin
edəcək. Muzeylərlə tanışlıq Azərbaycanın
qədim tarixinin eksponatlar vasitəsilə onlara daha yaxşı
çatdırılmasına imkan yaradacaq. Azərbaycanın dilbər
guşələrini gəzəcək
şagirdlər bölgələrdə
qədim tarixi, mədəniyyət abidələri,
regionlarımızın müasir
simasını əks
etdirən Heydər Əliyev mərkəzləri,
tarix-diyarşünaslıq muzeyləri, gənclər
mərkəzləri, Bayraq
meydanları, rəsm qalereyaları ilə tanış olacaqlar. Bu yerlərlə
tanışlıq onların
Vətənimizə olan
sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda
böyüməsinə təsir
edəcək, onların
mənəvi inkişafında
müsbət rol oynayacaq. Gənc nəslin Vətənə
məhəbbət, Azərbaycan
xalqının tarixinə,
mədəni irsinə,
dövlət dilinə
və rəmzlərinə,
milli-mənəvi dəyərlərinə
hörmət ruhunda tərbiyə olunması ölkəmizin gələcəyi
üçün çox
böyük əhəmiyyət
kəsb edir. Vətənpərvərlik tərbiyəsi öz
Vətəninə sevgi,
məhəbbət hissinin,
məsuliyyət hissinin,
hər an öz Vətəninin, öz xalqının müdafiəsinə
qalxmağa hazırlığın
formalaşmasıdır. Azərbaycan Respublikasının ərazisinin
20 faizinin Ermənistan
tərəfindən işğal
olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsi
daha böyük aktuallıq tələb edir. Qloballaşan dünyamızda milli-mənəvi
dəyərlərin qorunmasının
əhəmiyyətinin məktəblilərə
aşılanmasının əhəmiyyəti
daha da artır.
Naxçıvan, Gəncə,
Lənkəran, Şəki,
Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ
kimi qədim tarixi olan bölgələrimizlə
tanışlıq şagirdlərin
mənəvi inkişafına
dəstək olacaq. Bu
baxımdan Azərbaycan
Prezidentinin tapşırığına
əsasən, 67 şəhər
və rayondan 14 minə yaxın IX-XI sinif şagirdini əhatə edəcək
“Ölkəmizi tanıyaq”
devizli maarifləndirici
tur-aksiyaların keçirilməsini
alqışlamaq lazımdır.
Ölkəmizdə uşaqların və
yeniyetmələrin mənəvi
inkişafı, cəmiyyətimizin
hərtərəfli inkişaf
etmiş vətəndaşları
kimi formalaşması
üçün bir sıra addımlar atılıb. Dövlət səviyyəsində uşaqların
Azərbaycanın gələcəyi
olması və cəmiyyətimizin ən zərif hissəsi olduğu prioritet kimi qəbul edilərək uşaq problemlərinin ardıcıl
həlli dövlət
siyasətinin əsas istiqamətlərindən biri
kimi qəbul edilib. Prezidentin təşəbbüsü ilə reallaşdırılan
“Ölkəmizi tanıyaq”
devizli maarifləndirici
tur-aksiya da bu sahəyə verilən diqqətin göstəricisidir.
Anar Miriyev
Palitra.-2014.-2 avqust.-S.11.