“Uşaqların mənəvi
inkişafında teatrın rolu böyükdür”
İntiqam Soltan: “Məktəb-teatr,
teatr-məktəb əlaqələri möhkəmləndirilməlidir.
Məktəblər
müstəqil teatrlara tədrisin tərkib
hissəsi olaraq, yeni dərs-tamaşalar
sifariş etmək hüququna
malik olmalıdırlar”
Uşaqların mənəvi inkişafında, onların dünyagörüşünün artması, daxili aləminin zənginləşməsində teatrların böyük rolu var. Ölkəmizdə hazırda uşaqlara xidmət edən bir neçə teatr fəaliyyət göstərir ki, onlardan biri də Bakı Uşaq Teatrıdır.
2001-ci ildə yaradılan teatrda 2002-ci ildən bu günə qədər teatrda 35-dən artıq yüksək bədii keyfiyyətə malik, tamaşaçıların zövqünə oxşayan tamaşalar hazırlanıb. Qeyd edək ki, bu teatr Qafqazda yeganə peşəkar uşaq teatrıdır. Yeganə teatrdır ki, afişalarında tamaşaçıların yaş həddi göstərilir. Fəaliyyət göstərdiyi müddətdə özünə çox böyük sayda tamaşaçı auditoriyası toplayıb, bir sıra dövlət tədbirlərində və beynəlxalq teatr festivallarında uğurlu çıxış edərək diplom və mükafatlara layiq görülüb. Teatr bir sıra dövlət və beynəlxalq təşkilatlarla birgə uğurlu layihələri həyata keçirib. Bu təşkilatlardan Beynəlxalq Qızıl Xaç Komitəsi, Ədliyyə Nazirliyi, Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisi, BMT-nin Narkomaniyaya qarşı mübarizə İdarəsinin Bakı Ofisini göstərmək olar. Teatrda 70-ə yaxın uşaq mütəxəssisi çalışır. 2009-cu ilin noyabr ayında BUT nəzdində xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət teatr studiyası yaradılıb. Studiyanın rəsmi açılışı mart ayının 10-da "Göyçək Fatma və dostları" tamaşası ilə olmuşdur. Qısa fəaliyyəti dövründə bu studiya respublikamızda keçirilən əlilliyi olan uşaq və gənclərin inteqrativ tamaşalarının 4-cü milli festivalında, Moskvada keçirilən sağlamlığı məhdud olan şəxslər üçün gənclərin 2-ci beynəlxalq yaradıcılıq festivalında uğurla çıxış edib və diplomla təltif olunub.
Müsahibimiz Bakı Uşaq Teatrının direktoru İntiqam Soltandır:
- Teatrın uşaqların mənəvi inkişafında rolu izah oluna bilməz dərəcədə böyükdür. Məsələn, mən Ədliyyə Nazirliyinə teatrın güclü təbliğat vasitəsi olduğunu bildirdim və biz həbsxanada oynadığımız bir tamaşanın təsirini lazımi qurumlara çatdırandan sonra 16 cəzaçəkmə müəssisəsində üst-üstə təxminən 200-ə yaxın maarifləndirici tamaşa oynamışıq. Mən çətin tərbiyə olunan uşaqlar üçün metodik vəsait yazmışam. Çapa tələsmirəm. Çox maraqlı məqamlar aşkarlamışam. Həm də bunu havadan yazmamışam. Uşaq həbsxanasında 3 ay bunun üçün praktika keçmişəm. Daha doğrusu praktikadan çıxarmışam.
-Bu gün valideynlərin teatra marağının az olduğu bir vaxtda uşaqların teatra münasibətini necə qiymətləndirirsiniz?
- Çoxrəngli qiymətləndirirəm. Yəni elə ailə var ki, teatr onlar üçün həyata yanan yaşıl işıqdır. Elə ailə var ki, rəngarəng işıqlı əyləncədi. Elə ailə də var ki, teatr onlar üçün qaranlıq bir dünyadır. Yəni teatr nə olduğunu bilmirlər. Bu da bizim cəmiyyətdə uşaqların təlim- tərbiyəsinin bir mərkəzdən idarə olunmamasından irəli gəlir. Təsəvvür edin ki, "Nəqliyyatın intellektual idarəolunma mərkəzi var". Amma təhsil sistemində də bu olmalıdır. Bir məktəbdə olan başqa bir məktəbdə yasaqdır. İnsan müəyyən yaş dövrünə qədər son dərəcə planlı şəkildə "idarə olunmalıdır". Daha doğrusu insanın təlimi, tərbiyəsi, özünüidarə həddinə qədər nəzarət altında olmalıdır.
- Əvvəllər
məktəblərdə uşaqlara teatra bilet verilirdi.
Bu da hardasa
istər-istəməz onları teatra cəlb
edirdi. Sizcə, buna ehtiyac varmı?
-Əlbəttə var. Hətta uşağı yolun kənarına gətirib işıqfordan necə keçmək lazımdır, onu da praktikada göstərmək lazımdır. Teatr da o cür. İlk dəfə teatra uşağı məcburi gətirmək lazımdır. Sonrası artıq qalır teatrın boynuna. Teatr elə eləyə bilər ki, uşaq ora can ata bilər, yaxud elə edə bilər ki, uşaq teatrdan iyrənə bilər. Yəni deməyim odur ki, əvvəlcə uşağa nəyin nə olduğunu göstərmək lazımdır. Sonrakı seçimdə sərbəstlik vermək lazımdır. Uşaq bilməlidir nəyə "hə", nəyə "yox" deyir.
-Bu
gün uşaqları teatra
cəlb edəcək aktyor heyətiniz
varmı?
-Ümumiyyətlə, tamaşa iki cür olur. Aktyor tamaşası, rejissor tamaşası. Uşaq tamaşaları aktyorların adı ilə bağlı ola bilməz. Bunu mütləq fikir kimi qəbul eləməyin, mən "əsasən" demək istiyirəm. Yəni tutaq ki, uşaq Şrekin adına gəlirsə, onunçün heç bir fərqi yoxdu, Şrekin maskasının içindəkinin adı nədi!
Ona görə də uşaq tamaşaları əsasən rejissor tamaşaları olmalıdır ki, tamaşaya hərtərəfli quruluş verilsin, uşaq ona maraqla baxa bilsin. Uşaq teatrında da rejissorluğu mən eləyirəm. Özüm haqqında nə deyə bilərəm ki... Hərdən hiss eləyirəm ki, həddən artıq öz işinə aludə olan qarışqanı xatırladıram. Amma bir şeyi deyə bilərəm ki, indiyə qədər bir uşaq mənim tamaşamı yarımçıq tərk etməyib. Hətta valideynin işi olub tez getmək istəyib. Uşaq imkan verməyib. Hətta məni təkrar bilet satmağa məcbur eləyib, təkrar tamaşa oynadıblar. Çox maraqlı hadisələr olub. Gecə saat 23.00-da məni çağırıblar ki, bir uşaq sakitləşmir. Gedib teatrın qapısını açmışam. İşıqlarını yandırmışam. Uşağı inandırmışıq ki, tamaşa bu gün bitib, sabah olacaq və hər şey “sülhlə yoluna düşüb”.
-Yəqin ki, uşaqların sizin tamaşalardan zövq
aldığını gördükdə bu
yorğunluğunuzu da
unudursunuz?
- Yox...Çünki mən ümumiyyətlə öz işimdən yorulmuram. Məni yoran bəzi laqeydlikdir. Mənə lazım olan şəraitin 60 faizi yaradılsa, işim bundan min dəfə görünən və daha keyfiyyətli olar. Amma təəssüf. Mən də bitməz və tükənməz deyiləm axı.
- Teatrınız bu yaxınlarda Türkiyədə qastrol səfərində olub.
- Bizim teatr üst-üstə 20 dəfə Türkiyədə olub. Bu səfərlərin heç birinə görə dövlətdən maliyyə istəməmişik. Düşünmüşük ki, o pullar daha səmərəli yerə istifadə oluna bilər. Özümüz-özümüzü maliyyələşdirmişik.
- Bəzən bizim teatrları xarici ölkələrin tetarları ilə müqayisə edirlər. Sizcə, bizim uşaq teatrının fərqli tərəfləri varmı?
- Mən 15 il bundan əvvəl başqa bir sovet respublikasında uşaq
teatrına münasibəti görmüşdüm.
Xırdalıqlarına varmağa xəcalət
çəkirəm. Bizdə uşaq
teatrına münasibət sıfır dərəcədədir.
Potensial imkanlarımız isə heç bir xarici ölkədən geri
qalmır.
-Builki
teatr mövsümünü
necə dəyərləndirirsiniz?
-Vallah, nə deyim. Mən heç vaxt teatr mövsümlərini bir -birindən fərqləndirmək istəməmişəm, bu il də elə. Açılışımız Siyəzəndə insan alveri ilə bağlı "Günahsız günahkarlar" tamaşası ilə olacaq. Hansı ki, qurbanlar çox vaxt uşaqlar olur. Təzə tamaşadı. Premyerası olacaq. Sonra da bu mövsümdə Uşaq Teatrının 98, 99, 100-cü tamaşasını hazırlayacağıq.
-Teatrın bölgələrə səfərləri tez-tezmi olur?
- Bu mövsümdə yəqin ki, olmadığımız bütün rayonlarda olacağıq. Bu da rekord deməkdir ki, Azərbaycanın bütün rayonlarında olmuş yeganə teatr olacağıq.
-Uşaqlarımızın
mənəvi inkişafı istiqamətində, onların teatrlara cəlbi ilə bağlı hansı məsləhətləri
verərdiniz?
- Dediyim kimi bu iş planlı şəkildə Təhsil Nazirliyinin planına salınmalıdır. Pərakəndə teatr tamaşalarının ayrı-ayrı yerlərdə, məktəblərdə göstərilməsi nəzarət altına alınmalıdır. Çünki sirr deyil ki, çox vaxt teatrlar maliyyə planlarının doldurulmasında uşaq tamaşaçılarından istifadə edirlər. Bu isə bir az öncə sizin dediyiniz kimi bir tanınmış simanın ortaya atılması hesabına heç bir tərbiyəvi əhəmiyyəti olmayan dırnaqarası tamaşa ilə məktəblərə düşüb mədəni şəkildə dilənçilik etməklə olur. Xüsusilə adlı- kütləvi tədbirlər zamanı (məsələn yeni il, novruz şənlikləri kimi) bunlar həyata keçirilir. Çox vaxt bu teatr truppaları tərəfindən bilmiyərəkdən edilir. Bunun nəzarətə götürülməsini, hətta yüksək səviyyədə rəsmi təklif etmişəm. Məktəb-teatr, teatr-məktəb əlaqələri möhkəmləndirilməlidir. Məktəblər müstəqil teatrlara tədrisin tərkib hissəsi olaraq yeni dərs-tamaşalar sifariş etmək hüququna malik olmalıdırlar. Mən məktəblərdə nitq mədəniyyətinin tədrisini və bu fənnin peşəkar aktyorlar tərəfindən tədrisini rəsmi təklif etmişəm.
- Teatrın nəzdində
xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət teatr studiyası yaradılmışdı.
Hazırda bu studiyanın fəaliyyəti davam edirmi?
- Bizim şəhərin mərkəzindən 20 km kənara çıxarılmağımız və hətta orada cəmi 14 kilometrlik bir yerdə yerləşməyimiz, məşq vaxtlarını isə yerləşdirildiyimiz mədəniyyət evinin rəqs məşqlərindən sonra etməyimizin mümkünlüyü bu studiyanın fəaliyyətini mümkünsüz edib. Amma düşünürəm ki, bu müvəqqətidir.
- Teatr
əsər sarıdan korluq çəkirmi
və yeni əsərlər təqdim olunurmu?
- Teatr əsər
sarıdan qətiyyən korluq çəkmir.
O qədər şeylər uşaqlara
deyilməlidir və deyilmir ki, buna görə bütün mövzular bizi gözləyir. Hətta fiziki
olaraq bu işlərin
hamısına vaxt çatdırmağa
çətinlik çəkirik.
Nigar Abdullayeva
Palitra.-2014.-5 avqust.-S.11.