Əsərlərimdə insan
obrazlarına və həyat mövzusuna xüsusi diqqət yetirirəm
Elşən Sərxanoğlu:
“Sənətşünas, rəssamın əsərlərinə
müəyyən qədər fikir
söyləyə bilər, amma rəssam qədər
əsərin tam təsnifatını aça bilməz”
Müsahibimiz rəssam Elşən Sərxanoğludur:
- Elşən müəllim, hər bir rəssamın öz dəst-xətti və rənglərə xüsusi yanaşmaları var. Bununla yanaşı, hər bir sənətşünasın rəssam yaradıcılığına fərdi fikirləri olur. Sənətşünasların sizin əsərlərinizə münasibəti necədir?
- Çox gözəl sualdır. Əlbəttə ki, sənətşünas da fərddir. Onun da xüsusi fikirləri, müstəqil baxışı və həyata fəlsəfi münasibəti var. Ona görə onlar bir qədər sənətə daha maraqlı fikir yürüdə bilir və sənətə daha yaxın ola bilirlər. Hər bir halda sənətşünas belə, rəssamın əsərini tam şəkildə açmaq, qiymət vermək iqtidarında deyil. Şübhəsiz ki, rəssam da fərddir. Onun da müstəqil fikirləri və həyata baxış nöqtəsi var. Rəssam həyata baxış nöqtəsini əsərində öz tamaşaçısına diktə etməyə çalışır. Əlbəttə ki, sənətşünasın da rəng haqqında, xətt haqqında, kompozisiya qurumu haqqında anlayışı olduğu üçün onun imkanları daha çoxdur.
Bu baxımdan sənətşünas, rəssamın əsərlərinə müəyyən qədər fikir söyləyə bilər, amma rəssam qədər əsərin tam təsnifatını aça bilməz.
- Xüsusi
bir fikrinizi cəmiyyətə
aydın şəkildə əsərinizlə çatdıra
bilmisinizmi?
- Ümumiyyətlə, rəssam hisslərini, düşüncələrini tabloya köçürür. Həyatdan götürülmüş hər bir hadisəyə yaradıcı insanın münasibəti və sonda demək istədiyi söz, fəlsəfi nəticə ilə bildirilir. Yaradıcı insanın müxtəlif üslubda yazma manerası olduğu üçün hər bir rəssam da öz üslubu ilə fərqlənir.
Mən öz müstəvimdən çıxış edib deyə bilərəm ki, fikir müxtəlif hallarda yarana bilər. Yəni, hər hansı bir hadisə mənə təsir etdiyi zaman o hadisəyə qarşı münasibətimdən əsər yarana bilər. Yaxud, heç nəyin şahidi olmasam belə sadəcə düşüncələrimin məhsulundan əsər yarada bilərəm. Yenə də bu həyatdır və yaradıcı insan olaraq öz baxışımızla çıxış etməyi bacarırıq.
Yaradıcı insan hər zaman təlqin edir. Bəs təlqin nədir?
Təlqin odur ki, yaradıcı insan gördüyü prizmanı tamaşaçıya
“belə et”, yaxud “belə etmə” fikrini təlqin edir.
Məsələn, hər hansı bir hadisənin doğruluğu dini prinsiplərə əsasən
düzgündürsə, rəssam
öz əsərində
cəmiyyətə çatdırır. Bu, yaradıcılığın əsas
inkişaf prinsiplərindən
biridir. Yəni, bir işin yaranma
halları bu proses zamanı baş verir.
-Əsərlərinizi
adlandırmamağınızın əsas səbəbi nədir?
- Bəli. Məndən soruşurlar ki,
əsərlərinizi niyə
adlandırmırsınız? Düşünürəm ki, əgər
rəssam əsərini
adlandırırsa, o zaman
tamaşaçını nə
haqda düşündürməyə
vadar edirik. Ad artıq diktə
edir ki, bu haqda düşün.
Ancaq adsız sənət əsəri tamaşaçıya
sərbəstlik bəxş
edir. O, hər bir halda fikirləşərək
bir qənaətə gələ bilər. Biz artıq düşüncələri
adla çərçivələndirmirik.
Ad isə tamaşaçı
düşüncələrini bir istiqamətə yönəldir. Tamaşaçı da sadəcə ad ətrafında düşünür
və kənara çıxmır. Ancaq əsərin
adı olmadığı
zaman tamaşaçı
daha geniş düşüncələrə malik olur.
- Siz pəncərədən görünən
Bakı mənzərəsi
əsərinizdə hansı
duyğularınızı çatdırmaq
istəmisiniz?
- Bu əsər məndə bədahətən yarandı.
Pəncərədən baxdığımız zaman Bakının unudulmaz mənzərəsi
gözümüzün önündə
canlanır. Uzaqdan görünən
binalar yeni və müasir Bakıya, Qız Qalası və İçərişəhərin evləri isə qədim Bakıya olan duyğularımı anladır. Əsasən də pəncərədən
baxdığımız zaman
müasir Bakı ilə qədim Bakının üz-üzə
dayandığını görürük.
-Müasir dövrdə rəssamlıqda
fikirlərin çatdırılması
çətinlik yaradırmı?
- Ümumiyyətlə, fikrin
çatdırılması çətin deyil. Yaradıcı insan hər
bir vasitə ilə fikrini cəmiyyətə çatdıra
bilər. İncəsənət
sahəsində istər
şeirlə, istər
musiqi ilə istər hərəkətlə
və əsasən də rənglə ola bilər.
İncəsənət sahəsində yaşayan
insanların şansları
daha qabarıqdır.
Allah onlara ifadə
etmək bacarığı
verib. Mən də özümü
xoşbəxt hesab edirəm ki, Allah mənə bu bacarığı verib.
Rənglə öz fikirlərimi
ifadə edə bilirəm. Çünki hər insan
buna malik deyil. Danışaraq fikrini ifadə
edə bilərsən,
lakin hər hansı bir hadisəyə münasibətini
fəlsəfi nəticə
ilə bildirmək tək-tək insanlara qismət olur. Mən Allaha çox şükür edirəm ki, bu imkanları
mənim üçün
yaradıb.
Yaradıcı insan üçün fikir ifadə etmək çətin deyil. Lakin daha dolğun
və daha bəşəri çatdırmaq
istedaddan asılıdır.
Bu hər insana
xas olan əlamət deyil. Dar düşüncə və çərçivələrlə
çatdırılan fikir
aydın olmur.
Ədəbi dünyamıza baxsaq, dahi Nizami Gəncəvinin, Məhəmməd Füzulinin əsərləri daha qlobal və daha bəşəridir. Məsələn, yaradıcılıqda belə bir deyim var: “Kasad insanlar kiçik-kiçik qəlblər düzəltməklə məşğuldur”. Bütün ətrafda olan hadisələri o qəlbə daxil etməklə məşğuldurlar. Daha mütəfəkkir düşünən yaradıcılar qəlbləri sındırır və bütün ətrafda olan hadisələrində qəlbsiz də gözəl olduğunu təqdim edirlər. Bu daha maraqlı yanaşmadır.
- Gənc
Tamaşaçılar Teatrında quruluşçu
rəssam olaraq
çalışırsınız. Burada
rəssamlığın hansı sərhədləri var?
- Bu da yaradıcılığımın və sənətimin bir qoludur. Quruluşçu rəssam yaradıcılığımın bir hissəsi olduğu üçün burada da çalışmaq mənə maraqlıdır. Burada daha başqa müstəvidən baxmaq lazımdır. Yəni, tamaşaya rejissor tərəfindən quruluş verilir və o quruluşa da rəssam tərtibat verir. Hadisələrin hansı məkanda, hansı dövrdə, iştirakçıların hansı geyimdə olduğunu rəssam ayırd edir. Təbii ki, burada da rəssam öz münasibətini bildirir. Əlbəttə ki, rejissor da, bəstəkar da, rəssam da, aktyor da ürəklə çalışarsa, istədiyini əldə edər.
Mən öz adımdan çıxış edib onu deyə bilərəm ki, istəklə və sevgi ilə bu sahədə çalışıram. Çünki tamaşaçı çalışmalarımla tamaşada mənim simamı, daxili dünyamı görür, düşüncələrimlə bölüşür, dünyaya baxışımı görür. Mən çox çalışıram ki, baxdığım müstəvi mənə gözəl görünürsə və düşündürürsə, onu tamaşaçıya təqdim etməyə çalışım. Mənim baxdığım səmtdən tamaşaçı da baxıb münasibətini bildirsin.
Əsərlərimdə insan obrazlarına və həyat mövzusuna xüsusi diqqət yetirirəm.
-Rəssamlığın
insan həyatına təsirini necə ifadə
edərdiniz?
- Rəssamlığın insan həyatında rolu böyükdür. Bunu hər bir yaradıcı insan təsdiq edə bilər. Mən buna daha fəlsəfi yanaşmaq istərdim. Allah-təala insanı yaradaraq, hər birinə müxtəlif istedad bəxş edib. Bəxş etdiyi istedadla hər insanın boynuna bir missiya qoyur. Düşünürəm ki, Allah-təala bu işi diktə edirsə, bu biz insanlara bir lütfdür.
Zövqün, həyata
baxışın, düşüncə tərzinin
formalaşmasında rəssam münasibəti var.
Yəni, rəssamın yaratdığı əsərlər
insanın həyatında böyük təsir
yaradır.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-5 avqust.-S.13 .