“Oxuduğum universitetə təhsillə
yanaşı həm də bir mədəniyyət brendi demək
olar”
Elvin Əjdərli:
“Azərbaycanlı tələbələr Türkiyədə ən
güclü diaspora sahibdirlər”
Müsahibimiz
qardaş ölkə olan Türkiyədə ali təhsil alan
Elvin Əjdərlidir. Elvin gənc yaşlarından yalnız təhsilinə
deyil, ictimai işlərə də böyük diqqət
ayırıb. Bu, onun Türkiyədəki fəaliyyətindən
də hiss olunur. Bu aktiv gəncimizin fəaliyyət və
uğurları barədə daha ətraflı müsahibəmizdə
tanış olun.
-Özünüz barədə məlumat verərdiniz.
-Mən - Əjdərli Elvin 3 avqust 1994-cü ildə Yevlax şəhərində, ziyalı ailəsində anadan olmuşam. Orta təhsilimi 9-cu sinfə qədər Bakı şəhəri Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 saylı tam orta məktəbdə almışam. Sonradan isə valideynlərimin işi ilə əlaqədar Yevlax rayonu Nizami adına 7 saylı tam orta məktəbində davam etdirmişəm. Hazırda ali təhsilimi qardaş Türkiyə Respublikasının Eskişehir Osmanqazi Universitetində İdarəetmə fakültəsində davam etdirirəm. Türkiyə Azərbaycan Qardaşlıq Platformasının təsisçisi və sədriyəm.
- Artıq
başqa bir ölkədə ali təhsil alırsınız. Buna nail olmaq sizə asan başa gəldi,
ya çətin?
- Asan
uğur əldə olunmur. Təsadüfdən də
arzu yaranmır. Həm də təsadüfdən
heç nə baş vermir. Atalarımızın
bir sözü var - “niyyətin hara, mənzilin ora”. Mənim də uşaqlıqdan xəyallarım o olub
ki, xarici ölkədə təhsilimi davam etdirim və orada da
ölkəmizin milli-mənəvi dəyərlərini təbliğ
edim. Bu gün Allaha şükürlər
olsun ki, niyyətimə də, “mənzil”imə də
çatmışam. Bu arzuma çatmaqda mənə
dəstək verənlər də çox olub. Sağ
olsun valideynlərim ki, bu niyyətimə çatmaqda əsas
rol oynadılar. Mənim bu yaşacan hər bir əziyyətimi
çəkən, məni oxudan onlar olublar və təbii ki,
universitetə hazırlaşarkən əziyyət çəkmiş
müəllimlərimi də unuda bilmərəm. Onların da mənə dəstəkləri çox
olub. Özəlliklə mən ingilis dili fənni
üzrə müəlliməmə çox şey borcluyam ki,
sözün əsl mənasında mənim üçün
ikinci ana olub. Hər dəfə onun
yanına gedəndə mənə “Elvin sənə
inanıram, sən istədiyin universitetə qəbul olacaqsan,
oğlum, rahat ol!” deyərdi.
-Bir qədər də oxuduğunuz ali məktəb barədə söz
açardınız. Təhsil, tədrisin səviyyəsi
sizi qane edirdimi?
- Oxuduğum ali məktəb sözün əsl mənasında mənə
çox şey öyrədir. Bura mükəmməl
təhsil ocağıdır və mən fəxr edirəm ki,
belə bir universitetdə təhsil alıram. Eskişehir Osmangazi Universiteti deyəndə mənim
ağlıma ən dəyərli varlıq gəlir. İnanın ki, bura uşaqlıq xəyallarımı
yerinə yetirmək üçün mənim
potensialımı bir ayna kimi mənə göstərən bir
yerdir. Müəllimlərimizlə,
rektorumuzla o qədər səmimiyik ki, bunu ölkəmizdə
kimə desəm, inanmır. Həqiqətən
də mən elə hesab edirəm ki, Eskişehir Osmangazi
Universitetinə təhsillə yanaşı, həm də bir mədəniyyət
brendi demək olar.
- İctimai diaspor işlərində
necə aktivsinizmi?
- Zənnimcə,
xaricdə yaşayan hər bir azərbaycanlı özü
özlüyündə bir diaspordur. Mən də
öz növbəmdə üstümə düşən vəzifəmi
yerinə yetirməyə çalışıram. Mən həmçinin ümummilli liderimiz Heydər
Əliyevin təsis etdiyi Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin fəal gəncləri sırasındayam. Bu özü mənə böyük fəxrdir ki,
ulu öndərimizin qoyub getdiyi uğurlu siyasəti hazırda
davam etdirən cənab Prezidentimiz İlham Əliyevə dəstək
verən, onunla eyni yolda addımlayan gənclərin içərisindəyəm.
Türkiyəyə getdiyim ilk gündən etibarən
ətrafıma öz milli-mənəvi dəyərlərimizi
təbliğ etməyə çalışırdım.
2012-ci ildə Türkiyə Azərbaycan Qardaşlıq
Platformasını təsis etdim və ilk tədbirimiz
xalqımızın unudulmaz, sağalmayan yarası olan
Xocalı soyqırımını Eskişehir ictimaiyyətinə
və Eskişehirdə təhsil alan digər
xaricdən gələn tələbə və müəllimlərə
çatdırmaq oldu. Bundan əlavə hər il
milli-mənəvi dəyərlərimiz olan
bayramlarımızı, matəm günlərimizi orada qeyd
edirik. Sağ olsun Türkiyədəki səfirliyimiz və
İstanbul Baş Konsulluğumuz ki, bizə dəstək verirlər.
Bundan əlavə bir az təvazökarlıqdan
uzaq olsa da deyim ki, oxuduğum ali təhsil ocağında da
müəyyən mənada tarix yaza bilmişəm. Yəni
universitet tarixində ilk azərbaycanlı və eyni zamanda ilk
xarici tələbəyəm ki, universitetin tələbə-gənclər
təşkilatında həm azərbaycanlı tələbələrin,
həm də universitetdə təhsil alan
550-dən çox tələbənin təmsilçisi
seçilmişəm. Eyni zamanda qardaş
Türkiyənin Ədalət və İnkişaf
Partiyasının Eskişehir gənclər birliyinin universitet
təşkilatının xarici əlaqələr üzrə
müavini və fakültə gənclər təşkilatına
sədrlik edirəm.
-Kifayət qədər aktiv gənc
olduğunuz bəlli oldu. Bəs digər azərbaycanlı tələbələr
necə, aktivdirlərmi?
- Azərbaycanlı
tələbələr demək olar ki, yeganə xaricilərdir
ki, Türkiyədə ən güclü diaspora sahibdirlər.
Bizim tələbələrimiz orada çox
aktivdirlər. Vətəndən uzaqda
olmalarına baxmayaraq, Vətənimizdəki hər bir
uğuru, kədəri orada təbliğ edirlər. Elə azərbaycanlı tələbələr
olaraq qurduğumuz Türkiyə Azərbaycan Qardaşlıq
Platforması buna bir nümunədir. Ölkəmizdə
prezident seçkiləri olarkən istər Yeni Azərbaycan
Partiyasından olan gənclərimiz, istərsə də
partiya sıralarında olmayan gənclərimiz birmənalı
şəkildə qurduğumuz Türkiyə Azərbaycan
Qardaşlıq Platforması sayəsində orada yaşayan azərbaycanlı
ailələrə və səsvermə hüququ olan hər
bir Azərbaycan Respublikasının vətəndaşına cənab
Prezidentimiz İlham Əliyevin təbliğat və təşviqat
kampaniyasını, onun siyasi missiyasını
aşılayırdı. Yəni orada yaşayan
gənclərimiz, hər kəs ölkəmizin milli-mənəvi
dəyərlərini qorumaq üçün hər dəqiqə
çalışırlar.
-Aktiv gənc kimi Azərbaycan gəncliyinin
hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Mən
sadəcə onu deyə bilərəm ki, Azərbaycan gəncliyi
günü- gündən daha da maariflənir və güclənir.
Hazırda bizim gənclər kifayət qədər
inkişaf etmək üçün potensiala malikdirlər.
Öz üzərində işləmək istəyən hər
bir gənc seçdiyi sahə üzrə-idman, təhsil,
peşə, və s. yaradılan şəraitdən də
istifadə etməyi bacarmalıdır. Hazırda
isə ölkədə hər bir gəncin istirahəti, elmlə,
idmanla məşğul olması üçün kifayət qədər
şərait yaradılıb. Gənclər
evləri, Olimpiya kompleksləri, keçirilən kifayət qədər
idman tədbirləri, saysız-hesabsız ictimai tədbirlərin
olması o deməkdir ki, artıq gənclərimiz enerjilərini
lazımsız məkanlarda əyləncələrə sərf
etmirlər. Ən azından onu deyə bilərəm
ki, valideynlərimin danışıqlarından yadımda
bunlar qalıb-bizim bugünkü şəraitimiz onların
vaxtında olmayıb. Bu şəraitlərin
də başlıca səbəbkarı ulu öndərimizin gənclərə
verdiyi dəstək olub ki, 1996-cı ilin məhz 2 fevralında
ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə müstəqil Azərbaycan Respublikasında Azərbaycan
gənclərinin I forumu keçirildi. Məncə,
hər şey bundan sonra geniş vüsət aldı.
Forum ölkədə gənclər hərəkatının
vüsət almasına təkan da verdi. Məhz həmin günün əhəmiyyətini nəzərə
alaraq, 2 fevral tarixi Gənclər Günü kimi elan edilərək
Azərbaycan tarixinə yazıldı. Bu
gün də bu qızıl qaydanı - gənclərə olan
diqqəti möhtərəm Prezidentimiz davam etdirir. Bütün gənclərimiz üçün son illərdə
yaradılan hər bir şəraitin altında onun imzası və
tapşırığı var. Mən bunun üçün cənab
Prezidentə minnətdaram.
- Hiss olunur ki, siyasi məsələlərlə
bağlı daha çox istiqamət almısınız. Sizdə
siyasətə olan bu maraq haradandır?
-Bilirsiniz ki, hər bir güclü kişinin
arxasında güclü bir qadın var.
Çalışıram mən də gənc yaşımdan
güclü olum. Mənə uşaqlıqdan heç vaxt
yatanda nağıl danışılmayıb. Anam məni
yatızdırarkən həmişə bir valideyn kimi
övladını gələcəkdə görmək istədiyi
mövqedən danışardı. Ümumilikdə ailə tərbiyəsindən
çox şey asılıdır. Mən bunun
üçün anama çox minnətdaram və hər bir
ana özəl və dəyərlidir, hamısının
qarşısında baş əyirəm. Amma mənim anam həm mənim
dostum olub həm də anam. O, mükəmməl bir tərbiyəçi
mükəmməl bir həkim və anadır. Mən
onunla fəxr edirəm. Zənnimcə, onun
məni müəyyən qaydalarla düzgün istiqamətdə
böyütməsi siyasətə olan marağımı
artırıb.
-Gələcək
planlarınız barədə də söz
açardınız.
-Sadəcə
bunu demək istərdim ki, bir saniyə sonra nələrin
baş verəcəyini bilmədiyimiz üçün gələcəkdən
danışmaq məncə əsassız olar. Amma
təbii ki, hər bir gənc kimi mənim də arzularım,
planlarım var. Onu da inşallah reallaşdıranda, vaxtı
çatanda biləcəksiniz. Söz verirəm bir
gün sözün həqiqi mənasında millətin vəkili
olub, ali qanunverici orqanda təmsil olunanda,
mandat sahibi olsam, ilk müsahibəmi sizə verəcəyəm.
Məncə bu sualınıza en gözəl cavab oldu
- Sonda bizə arzu, istək və ya təklifiniz
varmı?
-Sizə
bu xoş müsahibəyə görə təşəkkür
edirəm və inşallah, daha böyük layihələrə
start verərsiniz. Gənclərə bu qədər
dəyər verən bir qəzet olaraq hər bir gəncin
ürəyində silinməyən xoş xatirələrlə
dolu müsahibələriniz olsun. Təşəkkürlər
bir daha!
Tural
Tağıyev
Palitra.-2014.-6 avqust.-S.6.