“Gənclər mütaliəyə çox vaxt ayırmalıdırlar”

 

İradə Əlili: “Cəmiyyətdə nümunəvi davranışımızla gəncləri gələcəyə hazırlamalıyıq”

Gənclərin, ümumiyyətlə insanın mənəvi inkişafında, dünyanı, həyatı dərk etməsində mütaliə mühüm əhəmiyyət kəsb edir. Bu gün internet əsrində yaşasaq da, elm dünyasını kitabsız təsəvvür etmək mümkün deyil. Çünki hər bir kitab tarixdir, əbədiyyətdir. Onun ərsəyə gəlməsində böyük insan əməyi var. Bu baxımdan hər bir gənc öz mənəvi zənginləşməsini kitab üzərində də qurmalıdır. Elə, müsahibimiz İradə Əlili ilə də söhbətimiz bu mövzuda oldu. Qeyd edək ki, İradə xanım Dövlət Elmi Tibb kitabxanasında həm kitabxanaçı, həm də Həmkarlar komitəsinin sədridir. Eyni zamanda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Mədəniyyət Nazirliyinin kitabxanaçıların ixtisasartırma kursunda müəllimə işləyir. Bundan başqa 20 ilə yaxındır jurnalistika sahəsində olan müsahibimiz, AMEA-nın Elmi Kitabxanasının dissertantıdır. 35 elmi məqalə və tezisləri var. “Mənim sevgi dünyam” adlı 1 şeir kitabı çıxıb. Türkiyənin Ankara şəhərində bu şeir kitabı türk dilində çap olunacaqsentyabr ayına təqdimat mərasimi planlaşdırılıb. 2-ci şeir kitabı üzərində çalışır.

- İnsanın mənəvi inkişafında mütaliənin nə kimi rolu var?

- Təbii ki, mütaliə insan təfəkkürünə, mənəvi aləminə, düşüncə tərzinə, zövqünə təsir edir. Hər bir insan həyatı dərk etmək, düzgün qərarlar vermək, həyata baxışını tənzimləmək, müəyyən informasiyaya malik olmaq, yenilikləri öz həyatına tətbiq etmək, ümumilikdə əqli və mənəvi mədəniyyətə, düşüncəyə malik olması üçün məlumatlanmalıdır. Bunun üçün də gənclər mütaliə etməyə, kitab oxumağa çox vaxt ayırmalıdırlar. Kitab seçimi hər bir insanın düşüncə tərzi və tələbatından asılıdır. Təbii ki, kitaba tələbat fasiləsiz təhsillə bağlı, müəyyən elmi axtarışlarla bağlı, mənəviyyatını, daxili aləmini zənginləşdirməklə bağlı, texnikanın yenilikləri ilə bağlı, yemək mədəniyyəti, geyim mədəniyyəti, dostluq, sevgi mədəniyyəti və sair ilə bağlı ola bilər. Orta nəsil oxu vərdişlərini, mütaliəni gündəlik həyat tərzinə çevirməlidirlər. Bunu yaşam səviyyəsində etməlidirlər ki, gənc nəsil də bu mənzərədən qaynaqlana bilsinlər, özləri üçün bir ibrət götürsünlər.

- Hazırda gənclərin kitab oxumağa marağı hansı səviyyədədir?

- Əvvəllər bizim gəncliyimiz dövründə mütaliəyə maraq çox güclü idi. Təbii ki, texnologiyanın inkişafı, internet-elektron sistemlər oxucuları ənənəvi kitabxana xidmətindən az da olsa uzaq salıb. Amma mən deyərdim ki, elektron kitabxana da, ənənəvi kitabxana da, hər ikisi insanın məlumatlanması yönündə böyük rol oynayır. Gənclər yetər ki, kitab oxumağa həvəs göstərsinlər. Bu informasiyanı elektron, internet sistemdən və ya ənənəvi kitabxana sistemindən əldə etməsi önəmli deyil. Əsas mütaliəyə, kitab oxumağa, informasiya axtarışına həvəs olsun. Mən deməzdim ki, gənclərimiz mütaliə etmirlər. Edirlər, amma daha çox mütaliəyə, kitaba müraciət etsələr, bu, onların həyatda daha çox uğur qazanmalarına bir vəsilə olar.

- Sizcə, gənclər kimləri özlərinə örnək götürməlidirlər?

- Hər bir gəncin öz düşüncəsində, öz fikrində canlandırdığı bir qəhrəman, bir insan surəti var. Təbii, fikirlər və düşünmə prizmaları fərqlidir. Məncə, gənclər özlərinə vətənpərvər, həyatı sevən, mədəni səviyyəsi yüksək olan, intellektual səviyyəli, insanları sevən və dəyər verən bir fərdi örnək görmək istərlər. Orta və yaşlı nəslin hər verdiyi qərar, davranış hər zaman gənclərin diqqət mərkəzində olur. Bunun üçün cəmiyyətdə nümunəvi davranışımızla gəncləri gələcəyə hazırlamalıyıq, səhv addım atmamalıyıq. Mövlananın bir fikrini söyləmək istərdim: “Nəsihət verəcək insana deyil, ibrət olacaq insana ehtiyac var”. Sözün əsl mənasında doğrudan da ibrət olacaq insana ehtiyac var.

- Amma müasir gəncliyin bəzən özünə arxayın olaraq kimisə örnək götürmək istəmədiyinin şahidi oluruq. Ümumiyyətlə, gənclərin “örnəksiz” yaşamasının hansı müsbət və mənfi cəhətləri var?

- Məncə, müasir gənclikdə bu hala, bu xarakterə çox az rast gəlmək olar. Gənclərin həyata bu prizmadan baxışı onların məntiqsiz həyat rejiminə sahib olması ilə nəticələnə bilər. Valideynlər belə uşaqlara daha çox diqqət etməlidirlər. Bizim gələcəyimiz gənclikdir. Bu gəncliyin düzgün, hərtərəfli inkişafı yönündə əlimizdən gələni əsirgəməməliyik. Hər bir insan inkişaf etmək istəyir, həyatında, ümumiyyətlə, karyerasında, ailədə, cəmiyyətdə daha çox uğurlar qazanmaq istəyir. Bunun üçün mütləq gənc hansısa uğurlu bir insanın həyatına, fəaliyyətinə nəzər salıb o uğurlardan, o təcrübədən yararlanacaqöz həyat fəaliyyətinə tətbiq edəcək. Örnəksiz nailiyyət, uğur mümkün deyil.

- Gənclərin daha da maariflənməsi üçün hansı addımların atılmasına ehtiyac var?

- Məncə, informasiya orqanları, radio, televiziya, ziyalılar bu sahədə biri-birinə dəstək olub gəncliyin daha gözəl inkişafına kömək etməliyik. Gəncliyə və bu sahə ilə bağlı olan məsələlərə daha çox yerzaman, diqqət ayırmalıyıq. Bu bizim hamımızın bir vətəndaş kimi borcumuzdur. Çiçəklənən, sevdiyimiz Azərbaycanımıza ziyalı əməyimizlə belə kömək edə bilərik və edirik də.

- Bu yaxınlarda Mahaçqala şəhərində beynəlxalq tədbirdə iştirak edibsiz. Səfər təəssüratlarınızı eşitmək maraqlı olardı...

- Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində 10-12 iyul 2014 "Fasiləsiz təhsil sisteminin modernləşdirilməsi" VI beynəlxalq Elmi-praktik konfransının iştirakçısı olmuşam. Bu elmi-praktik konfransın keçirilməsində, ərsəyə gəlməsində Rusiyanın Elm və Təhsil Nazirliyi, Dağıstan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dağıstan Respublikası Rabitə və Telekommunikasiya Nazirliyi, Melitopolskiy Dövlət Pedaqoji Universiteti, Xerson fasiləsiz təhsil Akademiyası, Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Dərbənd filialı, Tabasaran rayon adminisrtasiyasının böyük rolu var.

Bu konfransda fasiləsiz təhsil haqqında alimlər öz fikirlərini konfrans iştirakçılarına təqdim etdilər və bu mövzu ətrafında müzakirələr oldu. Təhsilin yaxşılaşdırılması, yeniliklərin təhsil sisteminə tətbiqi və təhsilin inkişafının cəmiyyətin sosialiqtisadi inkişafına birbaşa yaxşı mənada təsir etdiyindən və s. mövzularda geniş diskussiya oldu. Şimalı Qafqaz Federal Universitetinin elmlər doktoru Y.V. Sorokopud, L.N. Xarçenko, Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Dərbənd filialının direktoru R. C. Hüseynov, Astarxan Texniki Universitetindən texniki elmlər doktoru İ.Y.Kvyatkovskaya, həmyerlimiz, Don Dövlət Texniki Universitetinin dosenti doktor O.A. Zaxarova, Dağıstan Pedaqoji Universitetinin pedaqoji elmlər doktoru, professor T.Q.Vəzirov və başqaları konfransda fasiləsiz təhsil, elm, mövzusunda geniş məruzələr etdilər. Mənim konfransa təqdim etdiyim mövzu ekologiyaya dair ədəbiyyatla bağlı olsa da çalışdım ki, Qarabağ problemimizdən oradakı alim heyətinə məlumat verim.

Konfrans iştirakçılarına Dağlıq Qarabağ problemlərini faktlarla ifadə edən 40-dan çox kitab payladım və Vətənimin acısı haqqında onlara məlumat verdim. Onlar çox maraqlandılar, kitablara diqqətlə baxırdılar, xüsusən faktlarla olan ürək ağrıdan fotolara çox həyəcanla baxırdılar. Hətta, kövrəldiklərini də hiss etdim. Düşünürəm ki, Vətəndən uzaqlarda informasiyanı bol etməliyik. Təbii ki, danışırıq, geniş məlumat veririk. Bu, bizim anamız Vətənə borcumuzdur və Vətənimiz üçün canımızdan keçməyə hazırıq. Dağıstan Pedaqoji Universitetinin kitabxanasının kitabxanaçıları onlara bu kitablardan 2 nüsxə təqdim edilən zamanÇox lazımlı və dəyərli kitablardır. Bu kitablardan dəqiq və lazımlı məlumat alacağıq”,- deyə söylədilər. Azərbaycanı təmsil etməklə çox fəxarət hissi duydum. Az da olsa Vətənim haqqında, acılarımız haqqında konfrans iştirakçılarına məlumat verə bildim.

Təbii ki, qardaş respublikaya apardığım kitabları əldə etməyimə bir çox ziyalılarımız yaxından kömək etdilər. Bu kitabların toplanmasında mənə dəstək olan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya, Axundov adına Milli kitabxananın əməkdaşlarına, Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayevaya, M.Ə.Sabir adına Fondun prezidenti Sevda Tahirliyə, “Bakıelektrikşəbəkə” ASC-nin YAP Gənclər təşkilatının sədri Nicat Müslümova, politoloq Ramiz Alıyevə, Elmi Tibb kitabxanasının Həmkarlar komitəsinin katibi Günel Kərimovaya dərin təşəkkürümü bildirirəm.

Ümumiyyətlə, mən Azərbaycandan kənarda həm elmi konfranslarda, həm ictimai birliklərin toplantılarına dəvət aldıqda Azərbaycanın Qarabağ acısını, həqiqətlərin, Vətənimizin nailiyyətlərini getdiyim ölkənin vətəndaşlarına, ünsiyyətdə olduğum hər bir ziyalıya, alimə gücüm, səyim nəticəsində informasiya verirəm. Qarabağ həqiqətlərinə dair götürdüyüm kitablarla informasiyanı əyani şəkildə təbliğ edirəm. Mənim uzaq diyarlarda tədbirlərdə iştirakıma 93 yaşlı vətənpərvər, Böyük Vətən Müharibəsi əlili atam Zülfəli Əliyev kömək edir.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-8 avqust.-S.11.