“Uğurlu gənclər
siyasəti gənclərimizin mənəvi
inkişafının qarantıdır”
Mahmud Sadıqov: “Bu
gün qabiliyyətinə güvənən
gənclər, eləcə də gənclər təşkilatlarına
hər bir şərait yaradılıb”
Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və humanitar həyatında böyük rola malik olan potensial qüvvə kimi öncül sahələrdən birini tutur. Bu kontekstdən müstəqil dövlətimizdə uğurlu gənclər siyasəti həyata keçirilməkdədir. Gənclər siyasətinin nəticəsidir ki, bu gün güclü intellektual, vətənpərvər düşüncəyə malik böyük bir gənclər ordusu formalaşıb. Gənclərimizin inkişafı üçün şaxəli şəkildə və mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilməkdədir.
Elmi, qabiliyyəti olan gənclərə dövlətimiz tərəfindən müxtəlif şərait yaradılıb. Bu baxımdan yaradılan Prezident yanında Elmin İnkişafı Fondu qrant müsabiqələri ilə gənclərin elmi potensialının üzə çıxarılmasına yardım edir. “2013-2023-cü illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclərimizin potensialının dünyada mövcud olan çağırışlara uyğun inkişafını təmin edərək həmin potensialın Azərbaycanın milli mənafelərinə uyğun istifadə etməkdən ibarətdir. Gənclərin ictimai işlərdə fəal olmaları üçün yaradılmış gənclər təşkilatları, asudə vaxtlarının xoş keçirilməsi üçün təşkil olunan düşərgələr, elmi dünya görüşlərini inkişaf etdirmək üçün beynəlxalq və yerli konfranslar, seminarlar, görüşlər, simpoizumlar və s. bu kimi tədbirlər uğurlu gənclər siyasətinin göstəricisidir. Gənclərimizin intellektual səviyyələrinin daha da yüksəldilməsi üçün dövlətimiz tərəfindən yaradılmış xaricdə təhsil imkanları gənclər siyasətinin ən bariz nümunəsidir. Bu gün öz fəaliyyəti ilə seçilən gənclərimiz var ki, onlardan biri də Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, ATGTİ-nin Tarix İşci Qrupunun rəhbəri, Qarabağ Mərkəzinin sədr müavini Mahmud Sadıqovdur:
- Fəal gənc tələbə olaraq ölkədə həyata keçirilən gənclər siyasəti ilə bağlı nə deyərdiniz?
- Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın əsas sektorlarında gənclərin təmsil olunması məhz uğurlu gənclər siyasətinin bariz nümunəsidir. Bu gün, uğurlu və önəmli gənclər siyasəti özünün bəhrəsini verməkdədir və bu da, Azərbaycan gəncliyinin inkişafında dahi liderin xidmətlərinin bariz ifadəsidir. Artıq gənclərimizin dünyanın ən aparıcı universitetlərində təhsil alması qürurverici bir haldır. Gəncliyimizin inkişafı və onun çiçəklənməsi üçün ölkə başçısı tərəfindən bir neçə dövlət proqramları qəbul edilib. Bu proqramlara misal olaraq “Azərbaycan gəncliyi 2005-2009-cu illəri” və “Azərbaycan gəncliyi 2011-2015-ci illəri” əhatə edən iki mühüm və əhəmiyyətli proqramları göstərmək olar. Həmçinin, 2011-ci ildə yaradılmış Gənclər Fondu, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin ən parlaq və bariz nümunəsidir.
Gənclərimizin mənəvi keyfiyyəti və əxlaqda tərbiyə əsasında böyüdülməsi gələcəyimizin etibarlı əllərdə olacağının bariz nümunəsidir. Çünki gənclər gələcək deməkdir. Gənclər yeni tükənməz enerjidir. Bu enerjinin məqsədə uyğun sahələrə yönəldilməsi hər bir dövlətin, toplumun ən ali məqsədidir. Ölkəmizdə yaradılmış gənclər təşkilatları bu cür mənəvi keyfiyyətlərin yüksəldilməsində bir sıra tədbirlər həyata keçirirlər. Respublikamız öz müstəqilliyini əldə etdikdən sonra bir çox gənclər təşkilatları yaradıldı. Bu gün bunların rəsmi qeydiyyatdan keçənlərinin sayı 200-dən, qeyri-rəsmi isə 400-dən çoxdur. Belə ki, təşkilatçılıq, idarəçilik və s. kimi biliklərə praktiki cəhətdən yiyələnmələrində bu təşkilatların rolu danılmazdır. Öz layihələrinin həyata keçirilməsində, geniş intellektual mühitə adaptasiya olunmasında, regionlarımız və xarici ölkələrə səfərlərdə iştirak etməsində bu təşkilatlar gənclərə dəstək olan ən yaxın qurumlardır.
- Bu
gün tələbələrin ətrafında
cəmləşdiyi ATGTİ-nin üzvü kimi siz bu təşkilatın
fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan və Qafqazın ən böyük tələbə təşkilatı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır (ATGTİ). ATGTİ öz ətrafında böyük bir tələbə ordusu cəmləşdirib. Bu təşkilat mütəmadi olaraq tədbirlər həyata keçirir və tələbələri mütəmadi olaraq öz ətrafında birləşdirir. ATGTİ respublikanın ən nəhəng təşkilatı olması ilə yanaşı, böyük layihələrə də imza atmaqda davam edir. Qısa bir zaman kəsiyində ATGTİ böyük bir idarəetmə sturukturu formalaşdırmaqla özünün “ATGTİ ailəsi”ni yaradıb. “ATGTİ ailəsi” ətrafında cəmləşmiş yüksək intellekt biliyə, təşkilati və idarəetmə qabiliyyətinə yiyələnmiş və mənəvi-əxlaqi, vətənpərvər gəncləri cəmləşdirib. Təşkilat indiyədək 500-dən çox layihə həyata keçirib. ATGTİ yerli tədbirlərlə yanaşı, beynəlxalq tədbirlərin keçirilməsində də öz töhfələrini verib. Hər bir təhsil ocaqlarında Tələbə Gənclər Təşkilatı(TGT) fəaliyyət göstərir. Hər bir düşünən, yaradıcı, uzaq görən gənclər ətrafda yaradılmış bütün xeyirli, səmərəli imkanlardan maksiumum istifadə etməyə çalışmalıdır. Bu imkanlardan bəhrələnən və öz imkanlarını genişləndirməyə çalışan gənclər gələcəkdə böyük uğurlara imza ata bilərlər. Bir gənc kimi məni də daim ictimai işlərlə məşğul olmaq cəlb edib. Hələ orta məktəbdən bu sahəyə tükənməz həvəsim olub və bu fəaliyyətimin nəticəsində məktəbdə tanınırdım. Universitetə daxil olduqdan sonra da bu həvəs məni buraxmadı. İlkin olaraq Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Həmkarlar İttifaqı Komitəsində qrup nümayəndəsi üzrə vəzifədə çalışmağa başladım. Bir neçə ay bu yeni vəzifəmdə çalışdım və yeni-yeni təcrübələr əldə etdim. Artıq qazandığım təcrübələr, ixtisasımdan əlavə oxuduğum tarixi, siyasi və bədii yönümlü kitablardan əldə etdiyim bilik əsasında qrup nümayəndəlik vəzifəmi böyütməyi fikirləşirdim. Akademiyamızda fəaliyyət göstərən TGT-yə keçdim və sədrimiz Həbibə Sadıqlı tərəfindən TGT-nin Elm və Təhsil Departementinin direktoru vəzifəsinə təyin edildim. Bir gün Azərbaycanın ilk sərhədçi generalı olan Mustafa Nəsirovun həyat və yaradıcılığına həsr edilmiş kitabın 2-ci cildinin təqdimetmə mərasimi keçirilirdi. Həmin tədbirdə Rəşad Zeynalov adlı bir fəal, vətənpərvər gənclə tanış oldum. Söhbət əsnasında ATGTİ-nin Qarabağ mərkəzinin sədri olduğunu və “Qarabağ” adlı bir jurnalı çap etdirmək istədiyini vurğuladı. Mən də bu jurnalın yazılmasında hətta müəlliflik edə biləcəyimi vurğuladım. Rəşad bəy bu təklifimdən razı qalaraq məni ATGTİ-yə dəvət etdi. Qarabağ mərkəzində fəaliyyət göstərməklə yanaşı, ATGTİ-nin Elm və Təhsil Departamentində konfranslar üzrə baş koordinator vəzifəsi də qazandım.
2013-cü ildə “OPEK ölkələrinin dünya iqtisadiyyatında rolu və yeri” mövzusunda konfrans həyata keçirdik. Konfrans olduqca uğurlu keçdi və tələbələr tərəfindən maraqla qarşılandı. Bu ilk həyata keçirdiyimiz tədbir idi və uğurlu keçməsi bizləri sevindirdi. Bir müddətdən sonra isə 2013-cü ilin 4 oktyabr tarixində “Menecmentin müasir meyilləri” mövzusunda seminarımız baş tutdu. Bu seminar da uğurlu keçməklə, tələbələrin maraq obyektinə çevrilib. Daha bir uğurlu tədbirimiz 13 noyabr 2013-cü ildə ADPU-nun akt zalında “İnsan kapitalının formalaşdırılmasının fəlsəfi-pisxoloji mexanizmləri” mövzusunda ikinci konfransımız baş tutdu. Konfransımız ADPU-nun professor-müəllim və tələbə heyəti tərəfindən yüksək qarşılandı. Qarabağ Mərkəzinin sədrliyi Vəliağa Vəlizadəyə keçdikdən sonra mən də sədrin birinci müavini seçildim. Sədr müavini keçdikdən sonra Elm və Təhsil Departamentindəki fəaliyyətimi başa vurdum. Yeni vəzifəyə keçdikdən sonra yeni tədbirlərin baş tutmasını planlaşdırırdıq.
- Tarix
İşci Qrupuna rəhbərlik
etdiyiniz dövrdə hansı tədbirlər
həyata keçirmisiniz?
- 1 mart 2014-cü il tarixində ATGTİ-nin Tarix İşci Qrupunun təşkilatçılığı ilə tanınmış yazar Varis Yolçuyevlə ATGTİ-nin akt zalında görüş keçirilib. Görüşün keçirilməsinin əsas məqsədi gəncləri müasir Azərbaycan ədəbiyyatı, yazarı ilə yaxından tanış etmək, gənclərə bədii kitabların oxunmasını aşılamaq və onların asudə vaxtlarını yaxşı təşkil etməkdir. Bundan başqa 11 mart tarixində Virtual Qarabağ Mərkəzində ATGTİ-nin Qarabağ Mərkəzinin və Tarix İşci Qrupunun birgə layihəsi əsasında “Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı” mövzusunda seminar, 18 martda isəVirtual Qarabağ Mərkəzində tanınmış dramaturq Əli Əmirli və şair, publisist və iqtisadçı alim Ağasəf İmranla görüş keçirilib. Bu tədbirlərin keçirilməsində dövlətimizin yaratdığı şəraitə görə çox sevinirəm. Öz adımdan və ətrafımda olan bəzi fəal, vətənpərvər gənclər adından dövlətimizə və onun başında duran Prezidentimiz İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk. Sözün əsl mənasında ATGTİ-də biliyinə, qabiliyyətinə güvənən gənclər üçün əsl şərait yaradılıb. Təkcə bu təşkilatda deyil, digər təşkilatlarda da dövlətimizin qayğısı nəticəsində yüksək səviyyədə şərait formalaşdırılıb. Ümidvaram ki, dövlətimizin qayğısı nəticəsində yaradılmış bu təşkilatlarda fəaliyyət göstərən gənclər ölkəmizin gələcəkdə inkişafının, çiçəklənməsinin və güclənməsinin təşkilatları olacaqlar.
- Sizin
fəaliyyət göstərdiyiniz GTİB gənclərə vətənpərvərlik
ruhunun aşılanması istiqamətində
hansı tədbirlər həyata keçirir?
- Fəaliyyət göstərdiyim ən doğma təşkilatlardan biri
də Gənclərin Töhfəsi İctimai
Birliyidir (GTİB). GTİB davamlı olaraq vətənpərvərlik
yönümündə əvəzolunmaz tədbirlər həyata
keçirir. Təşkilat 2009-cu ilin 13 dekabr tarixində təsis
edilib. Təşkilatın sədri Asim Vəliyevdir. GTİB qısa bir zaman müddətində
savadlı, intellektual və təşkilati
qabiliyyətə yiyələnmiş gəncləri öz ətrafında cəmləşdirib. Bu təşkilatla
tanışlığım 2013-cü ilin
18 iyun tarixində Azərbaycanın Milli Qurtuluş
gününə həsr edilmiş
Bakı Şəhər Gənclər və İdman
Baş İdarəsinin təşkilatçılığı
ilə Quba ekskursiyasında baş tutub. 2013-cü ilin 25-29 iyul tarixində
GTİB, BŞGİBİ və Təxris Olunmuş
Hərbiçilərin Maarifləndirməsi İctimai Birliyinin birgə
təşkilatçılığı ilə “Gənclər
Ali Baş
Komandanın Əmrinə Hər an
Hazırdır” devizi adı altında gənclərin
IV hərbi-vətənpərvərlik düşərgəsi
təşkil olunub. Düşərgə
Şamaxı rayonu Pirqulu
istirahət düşərgəsində baş
tutub. Düşərgədə iştirak etməklə yanaşı, “Azərbaycanın
daxili və xarici siyasəti”
mövzusunda tələbələrə təlim
keçdim. Bu təlimim ilk təlim idi və olduqca uğurlu həyata keçdi.
2013-cü ilin 11-15 noyabr
tarixində BTİB və BŞGİBİ-nin
birgə “Gənclər Ali Baş
Komandanın Əmrinə Hər an
Hazırdır” devizi adı altında gənclərin
V hərbi-vətənpərvərlik düşərgəsi təşkil
olundu. Düşərgə Qusar rayonunda təşkil edildi. Düşərgədə də iştirak etməklə yanaşı, “Azərbaycan
tarixində dövlət yaratmış gənc liderlər” mövzusunda təlim keçdim.
Bu təlim
də digərləri kimi uğurlu
baş tutub. 23 fevral 2014-cü ildə GTİB-nin
təşkilatçılığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə
“QİÇS-ə SƏN də YOX de”
layihəsi həyata keçirildi. 16-23 aprel tarixində GİN-in
maliyyə dəstəyi, GTİB-nin təşkilati
dəstəyi ilə “Gənclər Ali
Baş Komandanın Əmrinə Hər an Hazırdır” devizi
adı altında gənclərin VI hərbi-vətənpərvərlik
düşərgəsi təşkil olunub.
Düşərgə Şüvəlanda təşkil edildi. Düşərgədə “Azərbaycan
xalqının formalaşması və azərbaycançılığın
müasir problemləri” mövzusunda
təlim keçdim. Bu
gün gənclərimizin müxtəlif təşkilatlarda
fəaliyyət göstərməsinə baxmayaraq,
hamımız azərbaycançılıq, vətənpərvərlik
ideyası ilə yaşayırıq. Gənclərimiz istər
təhsildə, istər ictimai işlərdə
bunu nümayiş etdirir və bu, daim belə olacaq. Bir gənc kimi mən də
Vətən naminə hər zaman fəaliyyətimdə
bunu göstərməyə hazıram.
Nigar Abdullayeva
Palitra.-2014.-8 avqust.-S.7.