Gənc gimnastlar və məşqçilər nəsli yetişir

 

Bakı ilə yanaşı regionlarda da gimnastika bölmələrinin fəaliyyətə başlaması ehtiyat qüvvə və fiziki-mənəvi cəhətdən sağlam nəsil yetişdirmək üçün böyük əhəmiyyət kəsb edir

Gənc nəslin fiziki-mənəvi inkişafında bədən tərbiyəsi və idmanın böyük rolu var. İdman sahəsində böyük uğurlara imza atan ölkəmizdə idmanın digər növləri kimi gimnastika da inkişaf dövrünü yaşayır. Gimnastika bölmələrində hazırlaşan gənc idmançılar bu idman növünün gələcəyi üçün böyük perspektiv vəd edir. Bakı ilə yanaşı regionlarda da gimnastika bölmələri fəaliyyətə başlayıb. Bu fakt regionlarda fiziki-mənəvi cəhətdən sağlam nəsil yetişdirmək üçün böyük əhəmiyyət kəsb edir.

 

Layihə çərçivəsində təqdim edəcəyimiz yazıda bu məqamlara toxunacağıq. Qeyd edək ki, ölkəmizdə idmanın bir çox növləri Azərbaycan SSRİ-nin tərkibində olduğu zaman inkişaf etməyə başlamışdı. Bu, gimnastikaya - idman, bədii və akrobatik gimnastikaya tam şəkildə aiddir. Ölkəmizdə hazırda daha geniş inkişafa nail olmuş bədii gimnastika başlanğıcını XX əsrin 40-cı illərindən götürüb. Əvvəllər batuttamblinqi özündə birləşdirən gimnastikanın qeyri-olimpiya növü olan akrobatikanın yaranma tarixi 1920-30-cu illərə gedib çıxır. Gimnastika məktəbimiz dünyada ən yaxşılardan biri olan Sovet məktəbinin bir hissəsi kimi inkişaf edib. Artıq 1961-ci ildə Azərbaycan idmançıları SSRİ yığmasının tərkibində bədii gimnastika üzrə beynəlxalq yarışlarda iştirak edirdilər. 1960-1990-cı illərdə akrobatlarımız ümumittifaq və beynəlxalq yarışlarda nəzərəçarpacaq nəticələrə nail olublar. Bütün bunlara baxmayaraq, Azərbaycanın özündə gimnastika, bədii və idman gimnastikası, demək olar, inkişaf etmirdi. Yaxşı məşqçilər, hazırlaşmaq üçün idman obyektləri, regionlarda idman seksiyalarının inkişaf etmiş şəbəkəsi yox idi. Hazırda Azərbaycanda gimnastika müasirinkişaf etmiş infrastrukturu olan ən sevimli idman növlərindən biridir. Azərbaycanın gimnastika məktəbinin nailiyyətləri dünya idman ictimaiyyəti tərəfindən tanınıb və bütün bunlar ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olub. Məhz Mehriban xanım Əliyevanın sayəsində gimnastika ölkəmizdə böyük inkişaf və populyarlıq qazanıb. Artıq 2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk Dünya Kuboku keçirilib. Bakı 2005-ci ildə gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi etdi. 2007-2009-cu illərdə isə ölkəmizdə iki dəfə Avropa çempionatı keçirilib. 2014-cü ilin iyun ayında Azərbaycanda yeni Milli Gimnastika Arenasında yenidən gimnastika üzrə qitə birinciliyi təşkil edilib. İdmançılarımız da böyük uğurlar qazanırlar. Azərbaycan gimnastı Dinara Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına ilk milli lisenziyanı qazanıb. Aliyə Qarayeva isə 2007-ci ildə bədii gimnastika üzrə Avropa çempionu tituluna sahib çıxıb, Dünya Çempionatında isə qızlarımız komanda hesabında üçüncü olublar. Gimnastlarımız növbəti illərdə ölkəni Olimpiya Oyunlarında layiqincə təmsil ediblər, dünyaAvropa çempionatlarında, komanda hesabında və fərdi yarışlarda mükafatçılar sırasına daxil olublar. Azərbaycanda yerli bədii gimnastika məktəbinin yaradılmasını əsas uğur hesab etmək olar. Ölkəmizin gənc və istedadlı gimnastlarə artıq neçə ildir ki, Bakıda milli komandamızın baş məşqçisi, bolqarıstanlı mütəxəssis Mariana Vasilevanın rəhbərliyi altında məşq edirlər. Hazırda fiziki-mənəvi cəhətdən sağlam gənc gimnastlar və məşqçilər nəsli yetişir. Bu məşqçilər yaxın keçmişdə Azərbaycanı beynəlxalq idman yarışlarında təmsil edən keçmiş gimnastlardır. Təkcə son 5 ildə gənc gimnastlarımız Avropa çempionatlarında həmişə mükafatçılar sırasına daxil olublar. Bu, Azərbaycanda idman uğurlarının varislik sisteminin yaradılmasına parlaq sübutdur. Eyni zamanda gənc nəslin fiziki-mənəvi baxımdan sağlam böyüməsi üçün aktualdır. Son vaxtlar gimnastika respublikamızda çox populyarlaşıb, uşaq, yeniyetmə və gənclərin gimnastika növləri üzrə bölmələrinə axını artıb. Gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, kadr islahatlarının aparılması sayəsində bu sahədə uğurlar əldə olunub.

Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi gimnastikanın inkişafı, kütləviliyi üçün paytaxtla yanaşı, respublikamızın ayrı-ayrı bölgələrində də fəaliyyətini genişləndirir. İndiyə qədər AGF-in dəstəyi ilə Sumqayıt, Gəncə, Xırdalan, Qusar, Göyçay və İsmayıllıda yeni gimnastika bölmələri istifadəyə verilib. Gimnastika yarışları təkcə Bakıda deyil, eyni zamanda, Bakı ətrafı qəsəbələrdə və bölgələrdə inşa olunan Olimpiya idman komplekslərində də keçirilir. Məhz bu cür yarışlar yeniyetmə gimnastlara təcrübə qazandırır, onların müxtəlif beynəlxalq turnirlərdə əldə etdikləri nailiyyətlərin əsasını təşkil edir. Ümumiyyətlə, gimnastlarımız son illər ərzində iştirak etdikləri yarışlarda öz sözlərini layiqincə deyiblər. Əldə olunan uğurlar göstərir ki, gimnastikanın inkişafına göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. Gimnastlarımız 2012-ci ili 123 medalla başa vurublar. Bu medallardan 41-i qızıl, 45-i gümüş, 37-si isə bürünc olub. 2013-cü ildə gimnastika üzrə bütün Azərbaycan yığmalarının üzvləri 85 müxtəlif əyarlı medallar qazanıblar. Bunlardan 32-i qızıl, 26-ı gümüş, 27-i isə bürünc medal olub. Əsas titul qismində gənc komandanın gümüş mükafatı xüsusi ilə diqqətçəkəndir. Vyanada keçirilmiş Avropa çempionatının finalında Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emilya Bagiyeva Aynur Mustafayeva ikinci yer tutublar. Gimnastikanın digər növlərində gənc gimnastlar Kamran Hacıyev, Anton Yaşin, akrobatlar cütlüyü - Aynur Hüseynova Nərmin Ramazanova, Lalə Hüseynova Xoşqədəm Quliyeva, Elçin Əlibəyov Emin Gülməmmədli, həmçinin, akrobatik cığırında hoppanma mütəxəssisi Mixail Malkin sabit olaraq müxtəlif yarışların qalib mükafatçıları olublar. Bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva hesab edir ki, gimnastlarımız onlara göstərilən etimadı doğruldurlar: “Hazırda komandanın heyəti gənc qızlardan ibarətdir. Ən yaşlı gimnastımızın 17 yaşı var. Yeniyetmə gənc, eləcə böyükyaşlı gimnastlarımız öz nəticələrini ildən-ildə yaxşılaşdırırlar. Yarışdan-yarışa onların təcrübəsi artır, püxtələşirlər. Gənc yeniyetmə gimnastlarımız öz üzərlərində məsuliyyətlə işləyir, verilən tapşırıqların öhdəsindən layiqincə gəlirlər. Hazırda gimnastika üzrə bölmələrə kütləvi axın var. Bədii gimnastika ilə məşğul olanların sayı artmaqdadır. Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə bir neçə bölgədə bu növ üzrə bölmələr fəaliyyət göstərir. Həmin bölmələrdə müxtəlif sayda uşaqlar təcrübəli məşqçilərin rəhbərliyi altında gimnastikanın sirlərinə yiyələnirlər. Bunun nəticəsində bölgələrdə ehtiyat qüvvə yaranmaqdadır. Çünki bölgələrdə yetişən perspektivli gimnastlar vaxtsa yığma komandada öz yerlərini tutacaqlar”. Yeni istifadəyə verilən Milli Gimnastika Arenası bu idman növünün inkişafına təkan verəcək. Gələn il Avropa Oyunlarında gimnastika yarışlarını qəbul edəcək arena artıq respublika Avropa birinciliyinə uğurla ev sahibliyi edib. Elə bir neçə gün əvvəl Milli Gimnastika Arenasında idman gimnastikası, akrobatika tamblinq üzrə növbəti birgə yarışlar keçirilib. Yarışda balacalar, yeniyetmələr qadınlar arasında idman gimnastikası üzrə çoxnövçülük yarışlarının qalibləri müəyyənləşib. Balacalar arasında iki hərəkətin cəmində Adil Hacızadə birinci, Əyyub Əliyev ikinci, Elnur Məmmədov isə üçüncü olublar. Yeniyetmələr arasında isə Zaur Allahverdiyev, Fərid Mustafayev Nihat Usubov ilk üçlükdə qərarlaşıblar. Balacalar yeniyetmələr arasında idman gimnastikası üzrə çoxnövçülük yarışlarının qalibləri müəyyənləşib. Balacaların mübarizəsində Səməd Məmmədli qızıl, Murad Hənifəzadə gümüş, Ramin Dəmirov bürünc medala sahib olublar. Yeniyetmələr arasında Cavidan Babayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İbrahim Həsənli ikinci, Fərid Əzimov isə üçüncü pillədə qərarlaşıblar. Qeyd edək ki, federasiya uşaqların gimnastika növlərinə seçimi prosesində səmərəliliyin artırılması istiqamətində aparır. Belə ki, 5-6 yaşlı uşaqlar üçün ümumi gimnastika qrupları yaratmaq, iki ildən sonra isə onları bacarıqlarına uyğun gimnastika növləri üzrə bölmək planlaşdırılır.

 

Anar Miriyev

Palitra.-2014.-9 avqust.-S.11.