Gənclərin intellektual
inkişafında mədəniyyət və incəsənət
bilikləri zəruridir
Azərbaycan gənclərinin mənəvi və intellektual inkişafının təmin edilməsində onların mədəniyyətimizlə bağlı bilgilərinin artırılması, tariximiz, dəyərlərimiz barədə mütəmadi məlumatlanması həlledici rol oynayır. Məlum olduğu kimi, Azərbaycan mədəniyyəti qədim tarixə, zəngin və rəngarəng çalarlara malik olduğu kimi, bu gün həm də ciddi tərəqqi dövrünü keçirir. Azərbaycan qlobal mədəniyyət müstəvisində ciddi uğurlara imza atır, nailiyyətlər qazanır. Bu, ilk növbədə dövlətin sözügedən sahəyə ciddi strateji yanaşma nümayiş etdirməsi nəticəsində ərsəyə gəlir. Bütün bunlar isə ölkə ictimaiyyəti, ziyalıları və elitası tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, Azərbaycan gəncləri və yeniyetmələri də bu məsələlərdə yetərincə bilgiləndirilməlidirlər.
Məsələn, qədim mədəniyyət nümunələrimiz və çoxdan qazanılan mədəniyyət uğurlarımızla bərabər, son illərdə qazanılan uğurlar da gənclərə və yeniyetmələrə yetərincə aşılanmalıdır. Azərbaycan mədəniyyətində qazanılan uğurlar deyəndə bir şeyə nəzər yetirməliyik: mədəniyyət elə bir məfhumdur ki, orada artıq uğurlardan daha çox, çoxdan baş verən tərəqqidən, inkişafdan danışa bilərik. Azərbaycan mədəniyyəti bu baxımdan çox qədim inkişaf tarixinə malikdir və xalqımız yaranandan başlanır. Son illərdə isə mədəniyyətimizin qorunması və inkişaf etdirilməsi istiqamətində xeyli işlər görülüb. Ümumiyyətlə isə 20-ci əsrdə, eləcə də müstəqillik illərindən başlayaraq Azərbaycan mədəniyyəti çox sürətli inkişaf dövrü keçib. Azərbaycan mədəniyyətinin daha da inkişaf etdirilməsi və dünya mədəniyyəti inciləri arasında öz layiqli yerini tapmasında son illər xeyli işlər görülüb və uğurlu nailiyyətlərimiz var. Bütün bunlar gənclər və yeniyetmələr auditoriyası üçün incələnməlidir. Azərbaycan mədəniyyəti xadimlərinin dünya mədəniyyəti müstəvisində tutduqları yüksək yerlər, mədəniyyət nümunələrimizin ən yüksək yerlərə layiq görülməsi çox şeyi ifadə edir. Dövlət səviyyəsində bu sahəyə xüsusi diqqət yetirilməsi isə olduqca vacib məqamdır. Məsələn, son illərdə tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin yubileylərinin qeyd olunması ilə bağlı sərəncam verilməsi çox təqdirəlayiq və son mədəniyyət hadisələrindən biridir. Onların mədəniyyət, incəsənət, milli ədəbi-estetik fikrin inkişafı sahəsindəki təqdirəlayiq xidmətlərinin qiymətləndirilməsi çox böyük bir məqamdır və dövlətin bu sahəyə yetirdiyi diqqəti bir daha ifadə edir. Azərbaycan mədəniyyəti sahəsində çoxlu görkəmli və yaradıcı dühaların adlarını çəkmək olar və bunlar olduqca çoxdurlar. Onların xidmətləri isə Azərbaycan mədəniyyətinin özəyini təşkil edən əsas sütunlardan sayılır. Bütün bunlar gənclərə örnək olaraq göstərilməlidir.
Onu da qeyd etməyə dəyər ki, mədəniyyətimizin qorunmasında eləcə də şifahi xalq ədəbiyyatının böyük rolu var. Şifahi xalq ədəbiyyatımız xalqın özünün öz mədəniyyətini qoruması, nəsildən- nəslə ötürməsi sayəsində qorunub, bugünkü günə gəlib çatıb. İndi isə mədəniyyətimizin qorunmasında, mənimsənilməsində və zamanın tələbinə uyğun inkişaf etdirilməsində əsas rol gənclərimizin üzərinə düşür. Yeni əsrdə, 21-ci əsrdə qloballaşan dünyada mədəniyyətimizin qoruyucuları və daşıyıcıları onlar olmalıdır. Hər bir gəncimizin beynində Azərbaycan mədəniyyəti dolğun və zəngin halda canlanmalıdır, gənclərimiz mədəni irsin qorunmasında ciddi səylərlə iştirak etməlidir. Bu kontekstdə başqa bir məqama da toxunmaq olar. Belə ki, mədəniyyətimizin qorunmasında dilimizin qorunması və saflığının saxlanması da böyük rol oynayır. Mədəniyyətimizin zənginləşməsinin əsası dilin üzərində durur. Bizim incəsənətimizin daha da dünyaca məşhurlaşması, musiqilərimizin əcnəbilər tərəfindən də dilimizdə zümzümə edilməsi dilin vacibliyini və mədəniyyət daşıyıcısı olduğunu ortaya qoyur. Bu, bizim Azərbaycan dilinin bir sivilizasiya dili, mədəniyyət və elmi dil olması ilə ölçülür.
Məlumdur ki, müstəqillik illərində dövlət səviyyəsində bu sahədə ciddi tədbirlər həyata keçirilməyə başlandı. Müstəqillik illərində Azərbaycanın ümummilli lideri Heydər Əliyev dilimizin saflığı, qorunması və inkişaf etdirilməsinə ciddi diqqət yetirirdi. Bununla bağlı ümummilli liderin verdiyi sərəncam və qərarlar, görülən tədbirlər öz effektini və bəhrəsini verdi və indi də verməkdədir - Azərbaycan dili geniş imkanlara malik, yad təsirlərdən uzaq bir elm və mədəniyyət dili kimi xarakterizə edilir. Dilimizin yüksək səviyyədə formalaşması, zəngin elmi və ədəbi dilə çevrilməsi üçün bu cür tədbirlərin böyük əhəmiyyəti var. Artıq Azərbaycan dili bu elm və ədəbiyyat göstəriciləri baxımından türk dilləri və dünya dilləri içərisində çox vacib yerlərdən birini tutur. Dilin zənginliyi ilk növbədə elmin və mədəniyyətin inkişafına şərait yaratmış olur və bu baxımdan dilimizin imkanları çox yüksək qiymətləndirilir. Bu baxımdan elm və ədəbiyyat adamlarımızın da üzərinə böyük məsuliyyət düşür. Onların yaratdıqları əsərlərin hamısı gərək elə səviyyədə olsun ki, dilimizin mədəniyyət və elm baxımından zənginliyini tam ifadə edə bilsin. Xüsusən də ədəbiyyat və elm sahəsində məşğul olmaq istəyən gənclər bu baxımdan çox hazırlıqlı olmalıdırlar.
Hazırda Azərbaycanda teatrların dirçəlməsindən
sonra bu sahəyə
yenidən qayıdış başlanıb. Hətta
regionlarımızdakı teatrlar da fəaliyyətini bərpa edib
ki, bu da
önəmli məqamlardandır. Eyni zamanda ölkədə turizm
inkişaf edir,
artıq ölkəmiz dünya turizm məkanında və bazarında öz yerini tutmağa başlayıb. Turizmə
mədəniyyət kontekstində yanaşsaq,
xaricdən ölkəmizə gələn turistlər burada ilk növbədə
zəngin mədəniyyətimizlə
qarşılaşmalı, onların hafizəsində bununla bağlı silinməz izlər
qalmalıdır. Çünki bizdə insanlara münasibət və qonaqpərvərlik
əzəldən ən yüksək dəyərlərdən
olub və təbliğ edilib,
xalqımız ən çox bu məqamları ilə diqqəti cəlb edib. Eyni zamanda
bizim musiqimizdə, mahnılarda da həmişə məhəbbət, gözəllik
vəsf olunur, bu da gözəl mədəniyyət elementləri
və milli xarakteristika
kimi diqqəti cəlb etməyə bilməz.
Bədii əsərlərimizin də özəyini bu cür insani
dəyərlərin təbliği təşkil edir. Bütün bunlar birbaşa mədəniyyətlə
bağlıdır. Xüsusilə qeyd etmək
lazımdır ki, Azərbaycan turizmi sürətlə inkişaf
etməyə başlayıb. Turistlər Azərbaycana istirahət
üçün gəlişində saytlara girirlər və Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı
özlərində suallar, maraq
yaranır. Onlar ölkəmizə gələrkən
bütün bu suallara dolğun cavab tapmalıdırlar. İlk
növbədə turistlər mədəniyyət, incəsənət,
tarix və bunlarla
bağlı abidələrlə maraqlanırlar. Bundan sonra isə onlara yerli əhali və turizm
xidmətləri tərəfindən göstərilən
münasibət əsas rol oynayır.
Əslində bu məqam daha
çox həlledicidir. İstər-istəməz
turistlər necə qarşılanmaları ilə bağlı
daha həssas və təəssüratlı
olurlar. Bu cəhətdən
ən böyük xoşbəxtliyimiz
ondadır ki, xalqımız çox qonaqsevərdir. Bunu
bütün dünya
və ölkəmizə gələnlər,
soydaşlarımızla münasibət quranlar
bilir. Baxın, bu
qonaqpərvərliyimizi bütün
gözəlliyi ilə turistlərə nümayiş
etdirməliyik. Xüsusən də gənclər,
gənclər təşkilatları və tələbələr
bu yöndə öz bilik və bacarıqlarinı yetərincə
artırmalıdırlar, onlar Azərbaycanın
turistlərə, konfrans
iştirakçılarına tanıdılmasında çox bilikli və səriştəli
bir şəkildə iştirak
etməlidirlər. Bu baxımdan
işə cəlb olunmuş gənclərin
mənəvi və intellektual
inkişafına, mədəniyyətimiz və tariximizlə
bağlı bilgilərinin artırılmasına xüsusilə
ciddi ehtiyac duyulur. Turizmdə əsas üstünlük
odur ki, ölkəyə
gələnlər qayıdıb bir də
gəlsinlər. Biz bu sahədə birinci
növbədə buna
çalışmalıyıq. Əcnəbilər Azərbaycanla
bağlı zəngin tarixi-mədəni məlumatları oxuyub nəzəri baxımdan öyrənəndən
sonra ölkəmizə gəlirlər və
bu nəzəri biliklərin təsdiqini hər
yerdə - abidələrdən tutmuş əhalinin davranışlarında və
xoş münasibətində
gördükdə, bu, çox
xoş təəssüratlar yaradır. Onlar bundan sonra
dönə-dönə ölkəmizə baş
çəkməyə, istirahət etməyə gəlirlər.
Həmçinin başqalarına da
ölkəmizi təbliğ edib,
onların da Azərbaycana səfər etməsinə,
dincəlməyə gəlməsinə səbəb olurlar. Bu baxımdan turist cəlb edilməsi məsələlərində
də gənclərimizin rolunun
artırılması xeyli önəmlidir ki, burada da
onların hazırlıq səviyyəsinin yüksək
olması gərəkdir.
İlkin AĞAYEV
Palitra.-2014.-12 avqust.-S.11.