“Mənəvi cəhətdən zəngin
və əsl vətəndaş yetişdiririk”
Elmira İsmayılova: “Bizim
məktəbdə milli-mədəni zənginlik daxil olmaqla uşaqların
inkişafı üçün bütün şərait yaradılıb”
Xaricdə doğulan körpə azərbaycanlıların da fiziki və mənəvi inkişafı məsələsi Azərbaycan dövlətinin diqqətindədir. Xüsusən bu uşaqların ana dilini öyrənmələri isə çox prinsipial və taleyüklü məsələdir. Bu iş əsasən xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının üzərinə düşür. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 450-dən çoxdur. Bu təşkilatlar fəaliyyət göstərdikləri ölkələrdə, şəhərlərdə azərbaycanlılarla sıx təmasda olaraq Azərbaycan dilini, adət-ənənələrini təbliğ etmək üçün iş aparır. Diasporla İş üzrə Dövlət Komitəsi öz növbəsində bu təşkilatlara dəstək verərək diaspor təşkilatlarının təşəbbüsü ilə xaricdə yaşayan azərbaycanlılar üçün müxtəlif dərnəklər və həftəsonu məktəblər təşkil edilməsinə kömək edir. Həmin məktəblərdə azərbaycanlılar ana dillərində danışaraq, doğma adət-ənənələri öyrənirlər. Hazırda dünyanın müxtəlif şəhərlərində 130-dan çox Azərbaycan həftəsonu məktəbi fəaliyyət göstərir. Həftəsonu məktəblərdə Azərbaycan dili, tarixi, coğrafiyası, ədəbiyyatı üzrə dərslər keçilir.
Bundan başqa “virtual-mekteb.az” saytı da fəaliyyət göstərir ki, bu portal xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə Azərbaycan dili, Azərbaycan tarixi, ədəbiyyatı və coğrafiyasının tədris edilməsi ideyası, soydaşlarımızın milli ruhda tərbiyə olunması məqsədilə yaradılıb. Bu layihələrin həyata keçirilməsinə 2009-cu ildə başlanılıb. Bu zaman müxtəlif ölkələrin bu sahədəki təcrübəsi öyrənilib. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq tədris proqramları, dərs vəsaitləri, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test vəsaitləri əsasında hazırlanıb. Nəzərə çatdıraq ki, xaricdə azərbaycanlı uşaqlara keçilən bu dərslər hərtərəfli olaraq onların mənəvi inkişafına xidmət edir.
Onu da deyək ki, xaricdə həftəsonu məktəblərlə yanaşı ayrıca Azərbaycan məktəbləri də fəaliyyət göstərir. Bu baxımdan Rusiyada fəaliyyət göstərən K.Ə. Kərimov adına 157 saylı etno-Azərbaycan komponentli ümumtəhsil məktəbi də diqqəti çəkir. Məktəbin direktoru Elmira İsmayılova ilə həmsöhbət olub gündəlik işləri ilə bağlı fikirlərini öyrəndik.
“Bizim
məktəbdə müxtəlif millətli uşaqlar
oxuyurlar”
Öncə bildirək ki, E. İsmayılova 1963-sü ildə Tovuz rayonunda anadan olub. 1980-ci ildə 26 Bakı Komissarı adına məktəbi (indi M. Tusi adına) bitirib. 1980-1985-ci illərdə M.F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (Rus dili və ədəbiyyat üzrə), rus dili və ədəbiyyat müəllimi və tərbiyə işləri üzrə təhsil alıb. 1985-1987-ci illərdə S.M. Kirov adına Qırmızı əmək bayraqlı Xəzər Ali Hərbi Məktəbdə rus dili müəlliməsi işləyib. 1997-2003-cü illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərinin 7 nömrəli gimnaziyasında dərs deyib. 2003-2004-cü illərdə SOŞ ¹1095-də yuxarı siniflərdə ədəbiyyat və rus dili müəlliməsi kimi çalışıb. 2004-2013 QBOU SOŞ ¹ 157 K.Ə. Kərimov adına 157 saylı etno-Azərbaycan komponentli ümumtəhsil məktəbində ibtidai sinif müəlliməsi olub. 1986-cı ildə Kalininqrad vilayətinin Baltiysk şəhərinə köçüb (həyat yoldaşı hərbçi olduğu üçün iş yerini dəyişib. Elmira xanım da buna görə iş yerini dəyişməli olub). 2003-cü ildə Moskva şəhərinə köçüb. 2013-cü ilin 15 aprel tarixindən K.Ə. Kərimov adına 157 saylı etno-Azərbaycan komponentli ümumtəhsil məktəbinin direktoru işləyir.
E. İsmayılova rəhbəri olduğu məktəbin məqsəd və məramından da danışdı: “Bizim məktəb 1997-ci ildə Moskva meri Ş.M. Luşkov və ulu öndər Heydər Əliyevin razılığı ilə 157 nömrəli SOŞ-un təkmilləşdirilməsi ilə bağlı 29.08. 1999-cu il tarixli Moskva Təhsil Komitəsinin 319 saylı əmrinə əsasən K.Ə. Kərimov adına 157 saylı etno-Azərbaycan komponentli ümumtəhsil məktəbi kimi fəaliyyətə başlayıb. Moskva hökumətinin 10 iyun 2009-cu il tarixli 1210-RP saylı sərəncamına əsasən məktəbə Kərim Əli oğlu Kərimovun adı verilib. Məktəbin açılmasında məqsəd - Moskvada yaşayan azərbaycanlı uşaqlara öz ana dili olan Azərbaycan dilini, mədəniyyətini, incəsənətini, öz xalqının adət-ənənələrini öyrətmək və bununla öz tarixini, mədəniyyətini öyrənməklə digər xalqın (yaşadığı ölkənin) mədəniyyətinə və tarixinə də hörmətlə yanaşmaq imkanı yaratmaq olub. Bizim məktəbin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, çoxmillətlidir (monomillətli deyil). Bizim məktəbdə müxtəlif millətli uşaqlar oxuyurlar. Maraqlısı odur ki, bu uşaqlar da Azərbaycan mədəniyyəti və dilinə maraq göstərirlər. Beləliklə, biz tam mənəvi vəzifə yerinə yetiririk -mədəniyyətin qarşılıqlı təsiri vasitəsilə dözümlü, inkişaf etmiş, mənəvi cəhətdən zəngin və əsl vətəndaş yetişdiririk. Məktəbin nəzdində Azərbaycan mədəniyyət mərkəzi açılıb. Bu da uşaqlara imkan yaradır ki, onlar tarixi mənbələrə cəlb olunurlar.
“Gələcəyin
siyasətini indiki uşaqlar
quracaq”
Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən məktəbə lazımı dəstək göstərilir: “Məktəbə rəhbərliyimin ilk günündən Azərbaycan dövlətindən, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyindən, diaspor təşkilatlarından himayədarlıq hiss edirəm. Bu illər ərzində Heydər Əliyev Fondunun köməyi ilə az işlər görülməyib. Müxtəlif təqdimatlara, teatrlara, muzeylərə və sərgilərə baş çəkilib. Uşaqlar gözəl hədiyyələr alırlar. Bu yay Heydər Əliyev Fondu tərəfindən məktəbimiz təmir olunub. Buna görə Heydər Əliyev Fonduna və şəxsən Leyla xanım Əliyevaya təşəkkürümü bildirmək istərdim. Uşaqlar sentyabrda təmiz, təmirli məktəbə gələcəklər. Biz həmişə üzərimizdə Azərbaycanın dayağını hiss edirik”.
Direktor bildirdi ki, bu məktəbin diasporumuzun yeni nəslinin formalaşmasında böyük rolu var: “Rusiyada azərbaycanlılar üçün rahat və Azərbaycanda ruslar üçün rahat həyat var. Azərbaycanı sovet vaxtında da SSRİ-nin ən beynəlmiləl respublikası adlandırırdılar. Burada müxtəlif millət və xalqların nümayəndələri xoş, həmrəy və sülh şəraitində yaşayırdılar. Və onların heç biri özlərini yad hiss etmirdilər. Bu ancaq təbii dözümlük əsasında mümkün idi. Həmin sözləri 157 saylı məktəb haqqında da demək olar. Burada 30 millətin nümayəndələri təhsil alırlar. Məhz indiki uşaqlar- onların siniflərdə, dəhlizlərdə yaranan dostluğu həmin münasibətləri müəyyən edəcək. Axı, gələcəyin siyasətini onlar quracaq. Bizim məktəbin şagirdləri və bizim diaspor təşkilatları bütün həyat sahələrində aktiv iştirak edirlər. Şəxsiyyətin özünü reallaşdırmasında, inkişafında, cəmiyyətin humanizmliyində milli mədəniyyətin qorunub saxlanması üçün və xalqların milli xüsusiyyətlərinin qorunub saxlanmasında biz Rusiya Federasiyasına dərin minnətdarlığımızı bildiririk. Bu hamısı K.Ə. Kərimov adına 157 saylı SOŞ QBOU- da aydın görünür. Burada milli-mədəni zənginlik daxil olmaqla uşaqların inkişafı üçün bütün şərait yaradılıb. Burada, bütün sahələrdə yaradıcı şəxsiyyətin səmərəli inkişafı onun gələcəyi üçün, hər bir şagirdə onun doğma dilinin, tarixinin, milli-mədəni ənənələrinin öyrənilməsində etnik mədəniyyətinin istifadəsini təmin edən bütün imkanlar yaradılıb. Dostluq -ölkələrin və millətlərin razılıq və sülh şəraitində yaşamasıdır. O, təmənnasız, təmiz və qarşılıqlı olmalıdır. Ölkələr və xalqlararası dostluq həmrəyliyə gətirib çıxarır, sevgi və əməkdaşlıq doğurur. Buna əsasən bizim məktəb misal ola bilər”.
“Sentyabrın 1-dən
məktəbimizin və Mədəniyyət mərkəzinin
qapıları
üzünüzə
açıqdır”
E. İsmayılova dedi ki, Rusiyadakı azərbaycanlılar uşaqlarının bu məktəbdə təhsil almalarında maraqlıdır: “Azərbaycanlı uşaqlar bizim məktəbdə Rusiyanın Təhsil Nazirliyinin təsdiq etdiyi proqram əsasında təhsil alırlar. Praktiki olaraq, bütün məktəblilər məktəbi qurtararkən Rusiyanın və digər xarici ölkələrin ali məktəblərində oxumaq imkanına malikdirlər. Qeyd etdiyim kimi bu məktəbin nəzdində Azərbaycan mədəniyyət mərkəzi fəaliyyət göstərir. Məktəbdə uşaqların mənəvi inkişafında milli dəyələrə üstünlük verilir. Burda dilimiz, dinimizlə yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti (tar, nağara, milli rəqslərimiz, mətbəximiz) təbliğ olunur. Hər bir dərs ixtisaslı müəllimlər tərəfindən aparılır. Mən əziz həmvətənlərimizə səslənirəm. Sentyabrın 1-dən məktəbimizin və Mədəniyyət mərkəzinin qapıları üzünüzə açıqdır. Belə ki, rus dilini bilməyən şagirdlərə 1 il rus dilini öyrənməsinə kömək olunur. Sonra siniflərə keçirilir.
Bizi dəstəkləyən,
dayaq duran, Heydər
Əliyev Fonduna, səfir Polad
Bülbüloğluna təşəkkürümüzü
bildiririk”.
Fuad Hüseynzadə
Palitra.-2014.-13 avqust.-S.11.