Bölgələrdəki uşaq teatrları gənc nəslin mənəvi inkişafında mühüm rol oynayır

 

Ölkədə uşaqların hüquqlarının təminatı, onların fiziki və mənəvi inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkə başçısının uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, eləcə də Heydər Əliyev Fondu tərəfindən uşaqların təhsili, fiziki və mənəvi inkişafı istiqamətində reallaşdırdığı tədbirlər bunun bariz nümunəsidir. Ölkədə həyata keçirilən bu siyasət fiziki-mənəvi baxımdan sağlam nəsil yetişdirməyə xidmət edir.

 

Onu da qeyd edək ki, hazırda ölkə əhalisinin iki milyon beş yüz min nəfərdən çox hissəsini uşaqlar təşkil edir. Bu gün uşaq və gənclərin istirahətinin səmərəli təşkili, estetik tərbiyəsinin təşkili də mühüm amillərdən biridir. Xüsusilə də uşaqların teatr tamaşalarına getməsi ilə bağlı vərdişlərinin formalaşması da önəmlidir. Uşaqların səhnə ilə canlı ünsiyyətdə olması onlarda mədəniyyətə, incəsənətə sevgi yaradır. Uşaqların mənəvi inkişafında teatrların rolunu nəzərə alaraq bu gün ölkədə bir çox uşaq teatrları fəaliyyət göstərirlər. Yalnız paytaxtda deyil, bölgələrdəki uşaq teatrları da öz tamaşaları ilə onların mənəvi inkişafı istiqamətində mühüm rol oynayır. Qeyd edək ki, ötən teatr mövsümünü başa vuran teatrlar hazırda yeni mövsümün açılışına hazırlaşırlar. Yeni mövsümdə teatrlarımız hansı tamaşalarla balaca tamaşaçılarının görüşünə gələcəklər?

 

Qax Kukla Teatrı yeni mövsümə “Qırmızı papaqla gəlir

Uğurlu çıxışları ilə təkcə fəaliyyət göstərdiyi bölgədə yox, ümumilikdə respublikada tanınan Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov bütün yaş kateqoriyalarından uşaqların marağını nəzərə almaqla yüksək səviyyəli tamaşalar hazırlamağa çalışdıqlarını bildirib. Kollektiv mövsümü Aləmzar Əlizadənin “Toya gecikən tülkü” nağıl-tamaşası ilə bağlayıb. Tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Əmrah Məmmədovdur. Teatr rəhbəri qarşıdakı mövsüm planlarından da söz açaraq bildirib ki, keçən mövsümdə teatrın qonşu rayonlara mütəmadi qastrol səfərləri olub. Onlar çalışırlar ki, balaca sənətsevərlərimiz yerlərdə böyük anlamda teatrla, sənətlə təmasda olub, bu əsrarəngiz aləmdən bəhrələnsinlər. Kollektiv qarşıdakı mövsümdə də öz sənət missiyasını davam etdirəcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə fransız yazıçısı Şarl Perronun “Qırmızı papaq” nağılının motivləri əsasında yeni tamaşa hazırlanır. Səhnə əsərinə paytaxtdan dəvət olunmuş rejissor Elşad Rəhimzadə quruluş verir. Teatr tamaşanı sentyabrda təhvil verəcək. Balaca tamaşaçıların maraqla izləyəcəyi bir nümunə üçün əllərindən gələni etdiklərini deyən teatr rəhbərinin sözlərinə görə, bu tamaşaların uşaqların mənəvi inkişafında rolu önəmlidir. Qastrolla bağlı danışıqlar aparıldığını deyən direktor bildirib ki, oktyabrda Gürcüstan səfərini reallaşdırmaq istəyirlər: “İki ildən bir Gürcüstana qastrola gedirik. Bu payızda da soydaşlarımız qarşısında çıxış etməyi düşünürük”.

 

Gəncə Dövlət Kukla Teatrı ənənəvi olaraq mövsümüXeyir və Şər”lə açacaq

Tamaşaları ilə balaca tamaşaçılarını sevindirən teatrlardan biri də Gəncə Dövlət Kukla Teatrıdır. Teatr 28-ci mövsümünə iyunun 27-də “ atlı oğlan” tamaşası ilə yekun vurub. Teatrın direktoru Bayram Fətəliyev yeni mövsümün tamaşaları ilə bağlı bildirib ki, növbəti mövsümə sentyabrın 17-də start veriləcək. O da vurğulanıb ki, teatrlarda balaca tamaşaçılar onlara təqdim olunan əsərlərlə qəhrəmanlıq, vətənpərvərlik, doğruluğu öyrənirlər ki, bu da onların mənəvi inkişafında böyük rol oynayır. Məhz belə tamaşalardan biri kimi yeni mövsümdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa balaca izləyicilərin ixtiyarına veriləcək. Ənənəvi olaraq bu tamaşa ilə uşaqların görüşünə gəldiklərini deyən teatr rəhbərinin sözlərinə görə, onlar bu tamaşanın hər zaman eyni həvəslə izləndiyinin şahidi olurlar. Eyni zamanda kollektiv yeni mövsümdə teatrın baş rejissoru Fərmail Paşayevin quruluşunda Abdulla ŞaiqinBir saat xəlifəlik” tamaşasını da təqdim edəcək. Respublikanın kukla teatrları ilə yaradıcılıq əlaqələrinə önəm verdiklərini də deyən B.Fətəliyev repertuardakı “ atlı oğlan” tamaşasına Qax Dövlət Kukla Teatrının baş rejissoru Yusif Abdurahmanovun quruluş verdiyini bildiribbu qəbildən yaradıcılıq mübadiləsinin davamlı olmasına çalışdıqlarını vurğulayıb.

 

Salyan Kukla Teatrı balaca teatrsevərlərin görüşünə “Yuxuyozanla gələcək

 

Öz tamaşaları ilə balaca tamaşaçılarının görüşünə gələcək digər teatrımız isə Salyan Dövlət Kukla Teatrıdır. Onu da qeyd edək ki, Salyan Dövlət Kukla Teatrı dərnək kimi fəaliyyətinin 40, dövlət teatrı statusu almasının isə 20 illik yubileyinə hazırlaşır. Sənət ocağının direktoru Yavər Cəbrayılov yubileyi yeni mövsümdə təntənə ilə qeyd edəcəklərini bildirib və beləliklə yeni mövsümdə teatr üçün ikiqat sevinc yaşayacaqlar. Onun sözlərinə görə, teatr cənub, ŞirvanAran bölgəsində qastrol səfərlərinə xüsusi önəm verir. Mövsümü Əjdər AğayevinBala pişiyin sərgüzəştləri” tamaşası ilə bağlayan teatr sentyabrın 17-də Əzizə Cəfərzadənin “Yuxuyozan” tamaşası ilə yenidən balacaların görüşünə gələcək. Kollektiv repertuardakı “Bəyin oğurlanması”, “Tənbəl Əhməd”, “Qır atın nağılı” tamaşaları ilə yanaşı, xüsusi təqvim günləri ilə bağlı şənliklərin də rəngarəng keçməsinə çalışır. Direktor uşaqların istəklərini nəzərə alaraq Azərbaycan xalq nağılları əsasında hazırlanan tamaşalara üstünlük verdiklərini qeyd edib ki, bu da onların milli-mənəvi dəyərlərimizi mənimsəməsində böyük rol oynayır.

 

Gənc Tamaşaçılar Teatrında yeni müzikl

 

Bu gün yalnız kukla teatrlarımız deyil, ölkədə fəaliyyət göstərən digər teatrlarımız da balaca tamaşaçıları üçün tamaşalar hazırlayırlar. Bu baxımdan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı davamlı olaraq balaca tamaşaçılarını sevindirir. Qeyd edək ki, teatrda “Qoğalın sərgüzəştləri” adlı nağıl-müziklə ictimai baxış keçirilib. Pərvin Nurəliyevanın rus xalq nağılı əsasında qələmə aldığı nağıl-müziklin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Məryəm Əlibəylidir. Tamaşada əsas rolları Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev canlandırıblar.

Onu da qeyd edək ki, teatrın 87-ci mövsümünün ilk yeni tamaşası da məhz “Qoğalın sərgüzəştləri” müzikli olacaq. Premyera oktyabr ayının 11-12-nə nəzərdə tutulur. Uşaqlara xidmət edən teatrlarımızdan biri də Bakı Uşaq Teatrıdır. Bu teatrın direktoru İntiqam Soltanın sözlərinə görə BUT hər zaman bölgələrə səfərlərə üstünlük verib. Teatrın yeni mövsümünün açılışı da Siyəzəndə insan alveri ilə bağlı "Günahsız günahkarlar" tamaşası ilə olacaq. BUT rəhbəri deyir ki, hansı ki, qurbanlar çox vaxt uşaqlar olurbu, təzə tamaşadı. Sonra da bu mövsümdə Uşaq Teatrının 98, 99, 100-cü tamaşası hazırlanacaq. Teatrın uşaqların mənəvi inkişafında rolunun izah oluna bilməz dərəcədə böyük olduğunu deyən teatrın direktorunun sözlərinə görə, bu baxımdan BUT yeni mövsümdə də əlindən gələni əsirgəməyəcək.

 

Nigar Abdullayeva

Palitra.-2014.-14 avqust.-S.11.