“Sərhədi keçəndən sonra Azərbaycana heyran qalmışam”

 

Aysel Məmmədova: “Bakıda mədəniyyət, idman və digər sahələrdə renessans yaşanır”

 

Bir müddət öncə - 16 yaşında “Gürcüstan gözəli” seçilmiş universal istedada malik olan azərbaycanlı gənc - Aysel Məmmədova haqqında məlumat vermişdik. Onun fəaliyyəti və uğurları barədə də söz açmışdıq. Aysel Məmmədova artıq Azərbaycana gəlib və onunla görüşüb Vətənimiz haqda müsahibimizin təəssüratlarını öyrəndik. Xatırladaq ki, Aysel Məmmədova Gürcüstanda doğulubburada yaşayır. O, Tiflisdə həm teatr aktrisası və müğənni, həm də teleaparıcı kimi fəaliyyət göstərir. Bundan başqa müsahibimiz bir neçə dil bilməklə yanaşı, rəqsin 40 növünü oynamağı bacarır.

- Aysel xanım, bir neçə ay öncə müsahibəmizdə bildirmişdiniz ki, Vətənə gəlib Azərbaycanı gəzmək, buranın gözəlliklərini öz gözlərinizlə görmək istəyirsiniz. Artıq Bakıdasınız. Təəssüratlarınızı bilmək maraqlı olardı.

- Bəli, həqiqətən də mənsub olduğun millətin, xalqın içində olmaq gözəl duyğudur. Əslində Gürcüstanda da soydaşlarımızın ətrafında oluram daim. Bakı mənə doğma şəhərdir. Buranın özəllikləri və insanların fərqli davranışları var. Dünyanın az şəhəri olar ki, Bakıdakı kimi mehriban səmimi və qonaqpərvər olsun. Azərbaycanın bölgələrinə də səfərlərim oldu. Həqiqətən də ölkə çox sürətlə dəyişir. Azərbaycan şəkillərdə göründüyü kimi gözəl deyil. Azərbaycan şəkillərdə təqdim olunduğundan da gözəl və möhtəşəmdir. Sizə bir söz deyim ki, bizim turizmlə bağlı güclü təbliğata ehtiyacımız var. İnanın ki, bölgələrdəki təbiət və ümumilikdə olan potensial turistlərin bura axın etməsinə səbəb ola bilər. Sualınızda da qeyd etdiyiniz kimi, müsahibə verərkən son sözüm bu olmuşdu ki, tezliklə Bakıya gəlmək və burada olub, hətta fəaliyyət göstərmək istərdim. Nəhayət ağır qrafikimdən istirahət və səfər üçünvaxt ayıra bildim və Vətənə gəldim. Əslində buna səfər də demək olmaz. Kim öz Vətəninə gedəndə “səfərə gedirəm” deyər ki?

-Artıq Bakıdasınız. Dediyiniz kimi sizə təkliflər, layihələrdə iştirakya burada çalışmaqla bağlı hansısa imkanlar açılıbmı?

-Təbii. Öz sənətimlə bağlı yaxşı təkliflər olsa, Bakıda qala bilərəm. Yəni imkanlar açılsa, fikrim var ki burada fəaliyyət göstərim. Əslində bu qısa zamanda bir neçə layihədə iştirak da etmişəm. Bildiyiniz kimi, mənim fəaliyyət dairəm genişdir və rəngarəngdir. Bir mədəniyyət işçisi kimi həm teatr aktrisası, həm rəqqas, həm də müğənni kimi fəaliyyət göstərirəm. Bundan başqa televiziya aparıcılığı ilə də məşğulam. Təbii ki, təkliflər olsa, eyni fəaliyyətlərlə Bakıda da məşğul ola bilərəm. Ümumiyyətlə, bir məsələni qeyd edim ki, Bakıda təkcə iqtisadi inkişaf nəzərə çarpmır. “Burada mədəni yüksəliş, idman və digər sahələrdə də renessans yaşanır” desəm, yanılmaram. Mən də bu inkişaf və möcüzəvi irəliləyişlərin bir hissəsi olmaq istərdim. Bunun üçün isə ilk növbədə, bayaq da qeyd etdiyim kimi, uyğun təkliflər olmalıdır ki, onlardan ən məqbulunu dəyərləndirim. Hələlik “Ozan” MVV Production ilə əməkdaşlıq edirəm.

-Tiflis ilə Bakını müqayisə etsəniz, hansı müsbət cəhətləri sadalayardınız?

-Düzü, bu barədə heç düşünməmişəm. Bakı həqiqətən də gözəl şəhərdir. Bunu hətta, kiçik bir sorğu kimi Bakıya gələn əcnəbilər arasında aparsanız, özünüzşahidi olarsınız ki, bura gələnlər ilk növbədə sürətli inkişafdan heyrətləndiklərini gizlətməyib, İçərişəhər kimi tarixi bir məkanın belə bir inkişafın, müasirliyin içində necə qorunub saxlanmasından söz açacaqdılar. Düzdür, Tiflisdə də tarixilik, memarlıq qorunub saxlanır. Amma Gürcüstanda Azərbaycandakı kimi iqtisadi potensial yoxdur. Ona görə də Tiflisin yenidən qurulması üçün tikililərə ehtiyac görünmür. Hər iki şəhər də qafqazlıların yaşadığı şəhər olduğu üçün insanları istiqanlıdırlar. Amma “Bakıda bu istiqanlılıq daha çoxdur desəm”, yanılmaram.

-Bəs Bakıda ən çox nəyi bəyəndiniz

- Düzü, mən hansısa obyektə və ya tikili, abidə, parksair dərindən fikir vermədim. Çünki məni elə qırmızı körpüdən keçəndə gördüyüm həmvətənlərim heyran etmişdi. Mən bunlara fikir verirdim və ən çox da bəyəndiyim bu oldu ki, millətimiz öz milliliyi, danışıq tərzi, ünsiyyət, sadə və səmimiliyini saxlayıb. İnanın ki, insanın qanı qaynayır bu adamlara qarşı. Bəlkə də məni dərindən anlaya bilməzsiniz, amma həqiqətən də bu hisslər izah olunmayacaq qədər güclüdür. Hər kəs gəlib ölkədə gördüyü maddiliyi vəsf edə bilər. Mən gözlə görünməyən və arxa planda qalan insanları qabartmaq istərdim. Əsl Şərq insanını xatırladan gözəl xalqımızın istənilən nümayəndəsini bəyəndim.

- O zaman belə deyək ki, qayıdanda ancaq xoş təəssüratlar olacaq sizdə.

- Düzü hələ ki, burdayam. Amma heç şübhəsiz ki, dönəndən sonra burada çəkdiyim fotolar və gördüklərim barədə Gürcüstandakı dostlar və ümumilikdə mediaya deyiləcək çox sözlərim olacaq. Əslində burada böyük bir fotosessiya etmək istərdim. Çünki həqiqətən də fotosessiya üçün ən ideal məkanların olduğu bir ölkədir və elə Bakıda ən uyğun şəhərdir. Alınsa, buna da vaxt ayıracağam. Mən Tiflisdə azərbaycanlı ailəsində doğulmuşam və Tiflisə dönəndən sonra heç şübhəsiz ki, ilk növbədə burada gördüklərim barədə yaxınlarım və əzizlərim məni sorğu-suala tutacaqlar.

- Yəqin bundan sonra Vətənə yolunuz tez-tez düşər.

- Yəqin bu sualı, bütün müsahibə boyu gördüklərimdən heyrətimi gizlədə bilmədiyim üçün verdiniz. Əlbəttə, belə gözəl diyardan geri dönəndə ilk növbədə darıxacağam. Yenidən Bakıya qayıtmaq üçün isə təbii ki, məqam və uyğun vaxt axtaracağam. Azərbaycan bu sürətlə irəli getsə, bizim mədəniyyətimiz, milli kimliyimiz bütün dünyanın marağında olacaq. Xüsusilə də son illərdə əldə olunan nailiyyətlər başqa ölkədən baxanda çox zəif görünürmüş Gərək bu ölkəyə gəlib öz gözlərinlə hər şeyi görəsən ki, necə bir uğurlu siyasət yürüdülən ölkədə olduğun fərqinə varasan. Sualınızı konkretləşdirsəm deyərəm ki, bundan sonra nəinki tez-tez gələcəyəm, hətta əvvəldə qeyd etdiyim kimi təkliflər olsa, bura birdəfəlik dönmək istərdim.

- Sonda oxuculara sözünüz.

- Mən azərbaycanlıyam. Bu isə böyük bir fəxrdir. Azərbaycanlılara isə sözüm odur ki, milli kimliyinizlə fəxr edindaim belə istiqanlı, mehriban, qonaqpərvər və ən əsası, insani keyfiyyətləri özündə saxlayan biri kimi qalın. İnanın ki, bu çox önəmlidir. Dünyanın müxtəlif ölkələrində olan biri kimi deyərdim ki, xalqlar, insanlar çox sürətlə dəyişirlər. Bu dəyişiklik isə mənfi istiqamətdədir. Əgər siz hansısa Avropa ölkəsində olub, çətin duruma düşsəniz, sizin köməyinizə nadir hallarda yoldan ötən insanlar gələr. Gərək oturub hansısa dövlət qulluqçusunu, polisi gözləyəsən. Bizim millətdə isə hər şey fərqlidir və əsrlər boyu mövcud olmuş. İstiqanlılıq bizdə qalıb. Qısası, ən xoş təəssüratlarımı bir daha bildirirəm və onu da qeyd edim ki, burada məni çox mehriban və qayğıkeş qarşıladığı üçün dostlara təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan, var oluninşallah, yeganə ən böyük problemimiz olan Qarabaş məsələsi ilə bağlı da uğur əldə edəndən sonra bu millətin gözündə heç bir qüssə qalmaz! Sizə də dərin təşəkkürümü bildirirəm ki, Vətəndən uzaqda yaşayan azərbaycanlıları da belə diqqətdə saxlayırsınız.

 

Tural Tağıyev

Palitra.-2014.-15 avqust.-S.6.