“Uşaqların və gənclərin mənəvi
inkişafında xarici dilin
rolunu müsbət qiymətləndirirəm”
Yaqut Məhərrəmova: “Hər ay şagirdlər üçün dəyirmi stol
təşkil etmək, onları müxtəlif layihələrə
cəlb etmək, yazıçı və şairlərlə,
elm adamları ilə tez-tez
görüşlər keçirmək gənc nəslin mənəvi
inkişafı üçün əvəzsiz
xidmət olar”
İkinci bir dil bilməyin nə qədər önəmli olduğu əslində uzun zamandan bəri məlum olsa da, texnologiyanın təqdim etdiyi yeni imkanlarla dildən istifadənin artması “bir dil, bir insandır” sözünü bir daha təsdiq etdi. Dil bir insanın sosial varlıq olaraq başqa insanlarla münasibətdə və əlaqədə olması, yaşadığı mühitdə və şəraitdə öyrənərək ortaya qoyduğu sözlü hərəkət və ifadə toplusudur. Bir şəxsin duyğu, düşüncə və anlam baxımından təsirli əlaqə vasitəsi olan dil bir şəxs üçün çox önəmli olan mədəni zənginlikdir. Bir çox insanlar yalnız öz ana dili ilə kifayətlənməyib müxtəlif xarici dilləri öyrənməyə üstünlük verirlər. Hazırda dünyada nəinki iki, hətta ondan artıq xarici dil bilən insanlar da var. Cəmiyyətdə də insanların xarici dil bilməsi böyük önəm kəsb edir. Ölkəmizdə də bir çox sahələrdə xarici dil bilən işçilərə üstünlük verilməsinin nəticədir ki, bu gün insanların əksəriyyəti yaşından asılı olmayaraq məhz xarici dil öyrənməyə çalışır. Eyni zamanda artıq orta məktəblərdə kiçik yaşlarda xarici dil tədris edilir. Mütəxəssislər xarici dilin uşaq və gənclərin mənəvi inkişafında mühüm rolu olduğunu bildirirlər. Layihə çərçivəsində növbəti müsahibimiz Nəsimi rayonu 240 saylı orta məktəbin ingilis dili müəlliməsi Yaqut Məhərrəmovadır:
- Xarici dilin öyrənilməsi şagirdlərdə müasir baxış deməkdir. Gələcəyə inteqrasiya, xarici dövlətlərlə sıx əlaqə, şagirdlərdə gələcək karyeralarını düşünməyə əsas verir. Bu baxımdan xarici dilin mənimsənilməsində müəllimin də böyük rolu var. Şagirdin müxtəlif dərs vəsaitlərindən istifadəsi onda həmin fənnə daha da həvəs yaradır. Uşaqların və gənclərin mənəvi inkişafında xarici dilin rolunu müsbət qiymətləndirirəm. Ümumiyyətlə, uşaqların xarici dil bilməsi ilə onlarda müxtəlif maraq baxışları yaranır, dünyagörüşləri fərqli olur.
- Bu
gün kiçik yaşlarda xarici dil öyrədilməsi sizcə nə dərəcədə
doğrudur? Burada
hansısa problem yarana
bilərmi?
- Kiçikyaşlı uşaqların xarici dil öyrənməsinə çox gözəl baxıram. Çünki kiçik yaşda uşaqların zehni təmiz, yaddaşı güclü olur. Amma uşağına neçə yaşında öyrənməsində də baxır. Məsələn, 1-ci sinif uşaqlarına xarici dili mənimsətmək çox çətindir. O, bu dili yalnız şifahi əzbərləyəcək. Amma 3-cü sinifdən bu tətbiq edilsə, daha yaxşı olar. Çünki uşaq artıq öz əlifbasını gözəl sərbəst şəkildə bilir, oxuyur və xarici dili də mənimsəyə bilir.
- Ümumiyyətlə,
xarici dil bilməsi insanlarda hansı keyfiyyətləri
artırır?
- Xarici dili bilmək insanda intellektual səviyyəni daha da artırır, indiki müasir zamanda bütün elmlərdən istifadə üçün xarici dili bilmək lazımdır. Lazım olan məlumatları internet vasitəsilə asanlıqla əldə etmək mümkündür. Xarici dili bilmək təhsildə, iş həyatında indiki zamanda mən deyərdim mütləqdir.
-Əsasən
hansı üsullarla daha
tez xarici dil öyrənilməsinə üstünlük
verirsiniz?
- Xarici dili müxtəlif yollarla öyrənmək mümkündür: internetdən istifadə, xarici dil öyrədən kurslar vasitəsilə, yaxud xaricə səyahətlə, hətta əcnəbi dostların yardımı ilə və s. Amma biz məktəbdə şagirdlərə xarici dil dərsini interaktiv üsullarla keçirik. Şagirdin marağına səbəb ola biləcək, onlarda dili mənimsəmək üçün həvəs yaradacaq metodlardan istifadə edirəm. Əsasən kurikulumda olan üsul və vasitələrdən, bir də müəllim kimi öz yaradıcı vasitələrimdən istifadə etməklə öyrədirəm. Şagirdlərin marağı məni daha da həvəsləndirir. Ümumiyyətlə, şagird daima yenilik istəyir, bunu da yalnız dərsi interaktiv yolla həyata keçirməklə yaxşı, keyfiyyətli nəticə əldə etmək mümkündür.
- Bu
gün xarici dil tədris vəsaitlərində vətənpərvərliklə
bağlı mövzular varmı?
- Xarici dil tədris vəsaitlərində vətənpərvərlik mövzusu mütləq olmalıdır. Çünki şagirdlərimiz bu dildə dövlətimiz haqqında geniş məlumat almalıdırlar. Tariximiz haqqında geniş məlumatları olmalıdır. Ən azından keçmişimizi, bu günümüzü xaricdə tanıtdırmağı bacarmalıdırlar. Bu mövzuda ingilis dili tədris vəsaitlərində kifayət qədər mövzular var. Lakin şifahi danışığa, praktikaya üstünlük verilməlidir. Çünki dili yalnız praktikada tətbiq etməklə mükəmməl nəticə əldə etmək olar. Bunun üçün xüsusi fakultativ, praktik məşğələlər təşkil olunmalıdır. Şagirdlərimizin xaricdə yaşayan məktəblilərlə əlaqə saxlaması önəmlidir. Zərurət nəticəsində dili daha mükəmməl öyrənmək olur.
- Bu
gün uşaq və
gənclərin xarici dil
öyrənmə qabiliyyətini necə dəyərləndirirsiniz?
- Müasir zamanda uşaq və gənclərin xarici dil öyrənmə qabiliyyətləri əvvəlkilərə nisbətən daha genişdir, daha sərbəstdir. Çünki gündəlik yaşamda xarici dilə mütəmadi rast gəlirlər. İstənilən internet saytlarında, qəzet və jurnallarda, televizorda, hətta reklamlarda belə buna rast gəlirlər. Müasir tipli məktəblərdə də xarici dilin öyrənilməsinə daha çox saat ayrılır. Buna görə də öyrənmə həvəsləri də yüksək olur. Məncə bu, gənclərin gələcəkdə istənilən bir karyera qurması üçün çox lazımdı.
- Bir
müəllim kimi bu
sahədə tədris vəsaitləri sizi
qane edirmi?
- Təbii ki, müəllim olaraq problemlərimiz var. Yaxşı
dərsin tədrisi üçün lazım olan vəsaitlər olsaydı çox yaxşı olardı. Hər otaqda proyektorların olması, bütün siniflərdə internetdən
istifadənin mümkün
olması və başqa əyani vəsaitlərin olması
çox yaxşı olardı. Bu, bir növ keyfiyyətli
dərs üçün
müəllimə köməkdir.
O ki qaldı kitablarımıza, onun haqqında artıq dəfələrlə danışılıb,
müəllimlər də
iradlarını bildirib.
Biz ümid edirik
ki, tezliklə bu cür problemlər
aradan qaldırılacaq.
Ümumiyyətlə, problem varsa demək onun həlli yolları və işlərlə məşğul
olanlar da var.
- Hazırda fəaliyyət göstərən
xarici dil müəllimləri özünü
doğrulda bilirmi?
- Əlbəttə var. Müəllimlərimiz yetərli
qədər müasir
interaktiv yollarla şagirdlərlə durmadan
çalışırlar, çox
savadlı, əməksevər,
təqdirəlayiq müəllimlərimiz
var. Təbii ki, onların zəhməti əvəzolunmazdır. Olimpiyadalarda, müxtəlif müsabiqələrdə
yer tutmuş nə qədər zəkalı şagirdlərimiz
var və bunların hamısı müəllimlərin zəhmətidir.
-Son vaxtlar müəllimlər üçün
kursların təşkilini
necə qiymətləndirirsiniz?
- Çox mükəmməldir. Çünki təhsilimizin müasir inkişafı, dünya təhsil sisteminə inteqrasiya, yeni texnologiyalar imkan yaradır ki, müəllim öz üzərində daim işləsin, kompetensiyalarını artırsın. Müasir kompetensiyalara yiyələnməyən müəllim müasir texnologiyalardan istifadə edərək az qala onu üstələməkdə olan şagird ilə "rəqabətdə" uduza bilər.
-Uşaq
və gənclərin mənəvi inkişafı istiqamətində
siz bir müəllimə
kimi daha hansı
addımların atılmasını təklif edərdiniz?
- Xarici dildə
müxtəlif rollu oyunların, şagirdlər
üçün beynəlxalq təşkilatların
müxtəlif mövzularda təşkil
etdikləri layihələrin həyata keçirilməsi kommunikativ bacarıqların, sosial
vətəndaşlıq, sahibkarlıq kompetensiyalarının
inkişafına, dünyagörüşünün
genişlənməsinə və mənəvi aləminin
zənginləşməsinə səbəb olur.
Bilirsiniz, uşaq və
gənclərin mənəvi inkişafı üçün
çox şeylər etmək olar. Məsələn, müxtəlif
yaş qruplarına görə, hər ay şagirdlər üçün
dəyirmi stol təşkil etmək,
onları müxtəlif layihələrə tez-tez
cəlb etmək, yazıçı və şairlərlə,
müxtəlif sahələr üzrə öz
sözünü demiş
elm adamları ilə tez-tez
görüşlər keçirilsəydi, çox yaxşı olardı, bu
isə gənc nəslin mənəvi inkişafı üçün əvəzsiz xidmətdir. Bu məsələ onların
dünyagörüşlərinə, mədəni
inkişafına yaxşı təsir göstərərdi. İndiki gənclər yenilikçidirlər, daima yeniliklərlə onları məlumatlandıran
bir qurum olsaydı, həqiqətən
yaxşı olardı.
Nigar Abdullayeva
Palitra.-2014.-16 avqust.-S.11.