“Xaricdə oxumaq bizim üçün çox böyük bir şansdır”

 

Araz Hüseynov: “Bu gün əminliklə demək olar ki, bizdə savadlı, bacarıqlı və istedadlı gənclər ordusu var

 

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Hüseynov Arazdır. Araz çoxlu sayda azərbaycanlıların da ali təhsil aldığı qardaş Türkiyədə tanınmış universitetlərdən birində oxuyur. O, təhsilinə diqqət yetirməklə yanaşı vaxt tapıb ictimai işlərlə də aktiv məşğul ola bilir. Bu bacarıqlı və savadlı gəncımizlə olan müsahibəni oxuculara təqdim edirik.

-Özünüz barədə məlumat verərdiniz...

-Mən, Araz Hüseynov 1 avqust 1992-ci ildə Goranboy rayonunun Boluslu kəndində anadan olmuşam. Orta təhsilimə bu kənddə 1998-ci ildə başlamışam. 2001-ci ildə isə Bakının Nərimanov rayonunda Dilqəm Nəbiyev adına 178 saylı orta məktəbində təhsilimi davam etdirmişəm. 2006-cı ildə isə orta təhsilimi Bakı şəhəri Xətai rayonunda Tahir Bağırov adına 59 saylı məktəbdə davam etdirdim. 2009-cu ildə 59 saylı məktəbdən məzun oldumali məktəbə isə 2010-cu ildə Türkiyənin Malatya şəhərində yerləşən İnönü Universitetinə qəbul oldum. Hazırda İnönü Universitetinin İqtisadi və idarə bilimlər fakültəsinin siyasət bilimikamu yönətimi bölümünün 3-cü kurs tələbəsiyəm.

- Niyə məhz Türkiyədə ali təhsili seçdiniz? Bu işdə sizə daha çox kimlər dəstək oldular?

-Xaricdə oxumaq hər bir gəncin arzusu olduğu kimi, bu mənim də uşaqlıq arzum idi. Mən ailəmin dəstəyi ilə bu arzuma çatdım. Fərqli mədəniyyət, fərqli yaşam tərzi mənə hər zaman maraqlı gəlib. Qardaş ölkə olan Türkiyə isə mənə hər zaman yaxın idi. Onun üçün bu ölkəni seçdim. Mədəniyyətlər, həyat tərzləri yaxın olsa da, fərqliliklər də var. Bu fərqliliklər mənə özümü inkişaf etdirməyə çox kömək edir. Türkiyədə hər zaman Azərbaycanı daha yaxşı tanıtmaq imkanım olmasını istəyirdim. Artıq bu istəyimə nail oldum və Azərbaycanı burada layiqincə təmsil etmək üçün əlimdən gələni edirəm.

-Bəs hazırda ali təhsilinizi davam etdirdiyiniz universitet barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, bu ölkədə təhsilin səviyyəsi sizi qane edirdimi?

-İnönü Universiteti 1975-ci ildə qurulub və Türkiyənin ən böyük, köklü universitetlərindən biridir. 14 fakültəsi və 30000-dən çox tələbəsi var.

Universitetin tərkibində olan Turqut Özal adına xəstəxana isə orqan köçürülmələrinə görə Avropada 1-ci, dünyada isə 2-ci yeri tutub. Türkiyədəki təhsil sisteminə tədrisin səviyyəsinə gəldikdə isə, deyərdim ki, bu ölkədə təhsil və tədris olduqca yüksəkdir. Xaricdən gəldiyim üçün də müəllimlərimdə mənə qarşı qayğı daha çoxdur. Burada hər kəs tələbə-müəllim münasibətlərinin ideal səviyyədə olmasından söz açır. Türkiyə həm də elə bir ölkədir ki, əcnəbi tələbələr burada olduqca çoxdur. Bu isə qardaş ölkə üçün də müsbət amil sayıla bilər. Zənnimcə, yaxın on ildə Azərbaycan da belə bir ölkəyə çevriləcək. Ümid edirəm ki, yalnız Afrika, Asiya, hətta Amerikadan belə Neft Akademiyasına oxumağa gələnlərlə deyil, digər universitetlər və akademiyalara da xeyli əcnəbilərin gəlməsi ilə öyünəcəyik. Hazırda bildiyim qədərilə ADA Universitetində də bu istiqamətdə ciddi addımlar atılıb. Qısası, Türkiyədəki təhsil sisteminin tədrisin səviyyəsinin ölkəmizdə də olmasını çox istərdim. Xüsusən də tələbə-müəllim münasibətləri ilə bağlı məsələnin!

-Təhsil işlərinə diqqətlə yanaşırsınız. Bəs ictimai, diaspor işlərində necə, aktivsinizmi?

-İctimai diaspor işlərinə 2 il əvvəl başlamışam və universitetimizdə aktivliyimlə seçilən tələbələr arasındayam. Bu günə kimi Heydər Əliyevlə bağlı, 20 Yanvar rəsm sərgisi, Xocalı soyqırımı rəsm sərgisi və konfransının təşkilatçılarından olmuşambir neçə böyük konfranslarda Azərbaycanı təmsil etmişəm. Çalışıram ki, Azərbaycanı yetərincə təmsil edim və millətimizin adını daha da yüksəklərə qaldırım. Yeni dərs ilində isə Azərbaycanın böyük stendini açmağı planlaşdırmışam.

-Yəqin bu işdə azərbaycanlı tələbələr də sizə yardımçı olarlar. Onlar necə, aktivdirlərmi?

-Universitetimizdə məndən başqa da fəal gənclər çoxdur. Belə tələbələrimiz keçirdiyimiz bütün tədbir və konfranslarda həmişə bizə dəstək olurlar. Ümid edirəm ki, vaxt keçdikcə fəal tələbələrimizin sayı daha da artar və digər tələbələr də onları görüb ruhlanarlar. Çünki xaricdə oxumaq bizim üçün çox böyük bir şansdır. Biz Azərbaycanı oxuduğumuz ölkədə müsbət yandan tanıdaraq millətimizə, dövlətimizə olan borcumuzu az da olsa ödəməyə çalışırıq.

-Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?

-Hazırda Azərbaycan gəncliyinin inkişafı çox yüksək səviyyədədir. Bu gün əminliklə demək olar ki, bizdə savadlı, bacarıqlı və istedadlı gənclər ordusu var. Bunun da səbəbi cənab Prezidentimiz İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdır. Azərbaycanda gənclərin inkişafı üçün hər bir şərait yaradılıb. Artıq gənclərimizin özlərini inkişaf etdirmələri, istədikləri layihələri keçirmələri, xaricdə təhsil almaları və s. kimi şeylər üçün yüksək səviyyədə imkanlar var. Azərbaycanın gələcəyi biz gənclərin əlindədir. Buna görə də biz gənclər özümüzü inkişaf etdirmək üçün bu imkanlardan sərfəli istifadə etməliyik. Belə şərait və imkanlar hər ölkədə yaradılmır. Əgər dövlətimiz bunları bizim üçün edirsə, bu dəyər və qayğının müqabilində biz də əzmlə çalışmalı və ortaya konkret nəticələr qoymalıyıq.

- Dediyiniz qayğının nəticəsidir ki, son illərdə ali təhsil ocaqlarında oxuyan tələbələrimizin sonradan xarici ölkələrdə təhsillərini davam etdirməsi halları da çoxalıb. Bununla bağlı dövlət proqramları da həyata keçirilir. Bunu necə dəyərləndirərdiniz?

-Əlbəttə bu məsələni çox yüksək dəyərləndirirəm. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında cənab Prezidentimizin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli sərəncamı, deyərdim ki, gənclərimiz üçün böyük dəyərdir. Həmin sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı" həyata keçirilir. Bu isə xaricdə oxumaq istəyən gənclərimiz üçün geniş imkanlar açır. Bu proqram vasitəsi ilə gənclərin dövlət dəstəyi ilə xaricdə təhsil almağı daha da asanlaşdı. Bu, Azərbaycan gəncliyinə verilən ən böyük hədiyyədir. Artıq başqa ölkələrdə olan məşhur universitetlərdə iki erməni tələbə varsa, beş azərbaycanlı gənc var. Bu məqam bizim üçün siyasi üstünlüklər də gətirir. Qısası, bu halı yüksək dəyərləndirirəm və düşünürəm ki, dövlətimiz həmişə olduğu gələcəkdə də gənclərimiz üçün mayak rolunu oynayacaq və bizə müxtəlif istiqamətlərdə yol göstərib yardımlar edəcək.

-Bəs ölkədə ali təhsil almaq istəyən gənclərimiz, tələbələr üçün yaradılan şərait sizi qane edirmi?

-Təbii ki qane edir. Ümumiyyətlə, bir şeyi deyim ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyət illərindən gənclərə olan qayğı, Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi bu sahədə hər şeyin təməlini qoydu. Həmçinin cənab Prezidentimiz İlham Əliyevin o siyasi kursahər tərəfli sadiqliyi bu gün gənclər sahəsində də özünü büruzə verir. Buna Gənclər Fondunun yaradılması, hətta fondun birbaşa Prezidentin yanındaə olması da misal ola bilər. Tələbələrimiz üçün yaradılan tələbə təşkilatları, yataqxanalar, kitabxanalars. misal çəkmək olar.

-Gələcək planlarınız barədə də söz açardınız.

-Əslində planlarım çoxdur. Amma ən birinci planım odur ki, universitetdə öyrəndiklərimi Azərbaycanda yaxşı tərəfdən icra edim. Mənim bölümüm Politologiya və dövlət orqanlarının idarəsi gedir. İnanıram ki, Vətənə geri qayıdandan sonra ixtisasıma uyğun, özümə uyğun ad qazanacam. Vətənə qayıtdıqdan sonra da Azərbaycanı təmsil etmək üçün xarici ölkələrə tez-tez getməyi düşünürəm. Ən böyük planım isə Azərbaycanı yüksək arenalarda təmsil edən böyük politoloqlardan biri olmaqdır.

 

Tural Tağıyev

Palitra.-2014.-16 avqust.-S.7.