İsmayıllıda gənclərin fiziki və mənəvi inkişafı istiqamətində
tədbirlər uğurla həyata keçirilir
Uşaq və gənclərin fiziki
və mənəvi inkişafı istiqamətində
davamlı tədbirlərin həyata keçirilməsi əsas
şərtdir. Bununla bağlı
yalnız paytaxtda deyil,
bölgələrimizdə də davamlı olaraq
tədbirlər təşkil olunur. Bu məqsədlə
yerlərdə rayon icra
hakimiyyətləri tərəfindən müxtəlif tədbirlər
reallaşdırılır ki, belə rayonlardan biri də
İsmayıllı rayonudur.
İsmayıllı rayon Gənclər və
İdman İdarəsinin əməkdaşı
Şəhla Qafarova qəzetimizə bildirdi ki, uşaq
və gənclərin fiziki və mənəvi
inkişafı İsmayıllı rayonunda
prioritetdir:
- Gənclərimiz son vaxtlar diqqət və qayğı ilə əhatələnib. Ölkə başçısının imzaladığı Gənclər siyasəti haqqında qanun rayonumuzda layiqincə həyata keçirilir. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətdə gənclərə böyük üstünlük verirdi. Rayon rəhbərliyi də bu siyasəti uğurla həyata keçirir, gənclərin qüvvəsindən məharətlə istifadə edir. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gənclərə xüsusi münasibət bəsləyir. Onların intellektual səviyyəsinin, peşə hazırlığının yüksəldilməsi üçün tədbirlər görür, gəncləri müxtəlif layihələrin icrasına cəlb edir. Tez-tez rayon gəncləri ilə görüşür, onların qayğıları və problemləri ilə yaxından maraqlanır. Bunu gənclərlə keçirilən görüşlər bir daha sübut edir. Belə ki, cari ildə də bir sıra tədbirlər həyata keçirilib. 24 yanvar 2014-cü il tarixdə İsmayıllı rayonunda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gənclərlə görüş keçirib. Görüşdə millət vəkili Novruzəli Aslanov da iştirak edirdi. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışdı. Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatları vurğulayan başçı, ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərin gənclərdən də yan keçmədiyini dedi. İsmayıllı gənclərini fəal olmağa səslədi. Çıxış edən gənclər ölkədəki inkişafdan, iqtisadi yüksəlişdən danışdılar. Xaricdə təhsil alan gənclərin sayının hər il artdığını bildirdilər. Görüşün əsas məqsədi rayon gənclərinin problemlərinin öyrənilməsi və onların respublikanın ictimai həyatında daha fəal iştirak etmələrinə, rayonda həyata keçirilən tədbirlərdə fəal olmalarına şərait yaratmaqda idi. Tədbirdə çıxış edən gənclərin nümayəndələri rayonda gələcəkdə görmək istədikləri yeni layihələrlə bağlı təkliflərini azad şəkildə bildirdilər. Gənclərin karyera mərkəzinin yaradılması, gələcəkdə televiziyanın açılması kimi təkliflər irəli sürüldü. Növbəti görüşdə isə İsmayıllı gənclərinin qarşıda duran vəzifələri müəyyənləşdirildi.
- Son
vaxtlar rayonda gənclərlə
bağlı hansı layihələr həyata keçirilib?
- Rayon rəhbərliyinin, Gənclər və İdman İdarəsinin dəstək olduğu İsmayıllı İntellektual Oyunlar Klubu yeni layihələr həyata keçirib. Şəhərdaxili “Xəmsə”, “Breyn-rinq”, “Nə? Harada? Nə zaman?” keçirilən intellektual bilik yarışması uğurlu olduğundan layihəni genişmiqyaslı edərək kəndlərdə də yarışlar təşkil edilir. Artıq Kürdmaşı kəndi və Lahıc qəsəbəsində bilik yarışması keçirilib. Gənc idmançılarımız rayon rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı ilə əhatələnir. Bunun nəticəsidir ki, bu il Vüsal Abdullazadə ÇİDN üzrə Dünya ikincisi, Qol güləşi üzrə Toğrul Şahlarlı Avropa çempionu, ÇİDN üzrə Tuncay Əliyev Avropa çempionu olub. Qeyd edim ki, qaliblərin hamısını Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şəxsən qəbul edərək mükafatlandırıb. Eyni zamanda qabaqcıl gənclər rəhbər vəzifələrə gətirilib, dəfələrlə işsiz gənclər üçün əmək yarmarkaları təşkil edib. “2 fevral - Gənclər günü” münasibətilə rayonda gənclər üçün möhtəşəm tədbir təşkil edildi. Gənclər ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzərək ehtiramlarını bildirdikdən sonra gənc rəssamın əl işlərindən ibarət sərgi təşkil edilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək əsasını ulu öndərin qoyduğu gənclər siyasətinin uğurla davam etdirildiyini bildirdi. İsmayıllı gənclərini təbrik edərək onları daha fəal olmağa səslədi. Bir qrup tələbəyə və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim edildi.
Kitab, qəzet oxumaq insanın mənəvi inkişafında mühüm rol oynayır, həyata baxışını istiqamətləndirir. Bu amalla gənclər nöbbəti layihə olaraq 2 yanvar 2014-cü il tarixdə Heydər Əliyev adına Mərkəzi Meydanda İstedadlı Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin (İGİD İB), İsmayıllı rayon Mədəniyyət və Turizm şöbəsi, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Kitablarımızı paylaşaq, daha çox kitab oxuyaq!” adı altında aksiya-görüş keçirdi. Görüşdə Musa Yaqub, Maarif Soltan, Bəhruz Məmmədov, Şahməmməd Soltanov, Azər Abbasov, Taleh Salehov, Tərlan Səfərov çıxış edərək kitab oxumanın faydalarından danışdılar, bu kimi tədbirlərin davamlı olmasını arzuladılar. Gənc şairə Şəhla Ramazanqızının ilk kitabı olan “Qəlbimin sözü”nün təqdimatı keçirildi. 100 ədəd “Dağ çiçəkləri” kitabı Musa Yaqubun avtoqrafı ilə görüşə gələnlərə paylanıldı. Daha sonra aksiyada iştirak edənlər bir-birləri ilə kitabları dəyişdilər. Rayon İcra Hakimiyyətinin rəhbərliyi və İsmayıllı Psixologiya Mərkəzinin təşkilatçılığı ilə növbəti dəfə iyul ayının 12-də rayonun Bayraq meydanında “Kitabları dəyişək, daha çox kitab oxuyaq” adlı aksiya keçirildi. Kitabsevər gənclər sevdikləri şairlərin şeirlərini söylədilər. Ənənəvi kitab aksiyalarından fərqli olaraq ədəbiyyatla bağlı viktorina keçirildi, qaliblərə kitablar hədiyyə edildi. Sonda tədbirə qoşulanlar oxuduqları kitablara ürək sözlərini yazaraq, digər iştirakçılarla dəyişdilər.
- Gənc
istedadların, o cümlədən rəssamların
üzə çıxarılması ilə bağlı
hansı tədbirlər təşkil olunur?
- İsmayıllının havası, suyu, torpağı təmiz və bərəkətli olduğundan rayonumuzda istedadlı gənclərimiz çoxdur. İsmayıllı istər şeir dili ilə, istərsə də fırça ilə danışanlar Vətənidir. Mədəniyyət və Turizm Nazirinin 24 aprel 2014-cü il tarixli əmrinə əsasən regionlarda incəsənətin inkişaf etdirilməsi, gənclərin rəssamlıq sənətinə marağının artırılması məqsədilə İsmayıllı Dövlət Rəsm Qalereyası fondunun yeni təsviri sənət əsərləri ilə zənginləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən 22 may 2014-cü il tarixində İsmayıllı Dövlət Rəsm Qalereyasında rəsm əsərlərindən ibarət sərgi təşkil olundu. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova və Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov çıxış edərək tamaşaçılara qalereyada nümayiş etdirilən əsərlər barədə məlumat verdilər. Gənc rəssamların bundan sonra daha yaxşı qayğı ilə əhatə olunacaqları söylənildi.
- Rayon
gənclərinin təhsili ilə bağlı reallaşdırılan
tədbirlər barədə nə deyə bilərsiniz?
- 15 may 2014-cü il tarixdə hərbi liseylərə və ali hərbi məktəblərə qəbul olmaq istəyən yeniyetmə və gənclərlə RİH-in və Rayon təhsil şöbəsinin görüşü keçirildi. Tədbiri giriş sozü ilə RİH-in başçısı Mirdaməd Sadıqov açdı. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində hələ çox iş görməyin vacib olduğunu bildirdi. Tədbirdə RTŞ- in müdri Rasim Orucov, millət vəkili Novruzəli Aslanov, Müdafiə Nazirliyinin bölmə rəisi Emin Səfərov, Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlov, Qarabağ müharibəsi əlili, Bursa “İşıqlar” Əsgəri Hava litseyinin kursantı Babək Əhmədovun atası Nizaməddin Əhmədov, Təzəkənd kənd tam orta məktəbin hərbi xidmətəqədərki fənn müəllimi, ordenli zabit, Qarabağ müharibəsi veteranı Eynulla Bağırov, ali hərbi məktəbə oxumağa gedən Uştal kənd tam orta məktəbinin şagirdi Şərif Məmmədov çıxış etdilər. Məktəblilər təntənəli şəkildə dövlət bayrağını marş sədaları altında zala gətirdilər. Hərbi vətənpərvərlik mövzulu mahnılar tədbirə yeni ovqat qatdı. Qonaqlara və fəal iştirakçılara hədiyyələr verildi.
Artıq iki ildir ki, ali məktəblərə sənəd vermiş abituriyentlər hər qrupun imtahan zamanı Rayon İcra Hakimiyyətinin təyin etdiyi xüsusi avtobuslarla imtahan keçiriləcəyi yerə çatdırılır. Bu da dövlətin gənclərə göstərdiyi qayğının nəticəsidir. İsmayıllıda təhsilə çox böyük diqqət var. Bu da şagirdlərin qəbul imtahanlarında göstərdiyi nəticələrdə özünü doğruldur. Yüksək nəticə göstərən abituriyentlər rayon rəhbərliyi tərəfindən qəbul edilir və pulla mükafatlandırılır.
Təhsilə göstərilən diqqətin bariz nümunəsi kimi “ADA” universitetinin rəhbərliyi may ayının 22-də Universitetin Tələbə Qəbulu şöbəsinin müdir müavini Firuzə Əliyeva və digər əməkdaşlar İsmayıllıda olub I, II, III ixtisas qrupları üzrə hazırlaşan və təhsildə yüksək nəticələri olan X-XI sinif şagirdləri ilə görüşüb, “ADA”-nın təhsil sisteminə dair təqdimat mərasimi keçirib. Rayon Təhsil şöbəsinin iclas zalında tədbiri RTŞ-nin müdiri R.Orucov açdı və rayonun təhsil uğurları barədə məlumat verdi. RİH-in baş məsləhətçisi M.Məhərrəmov RİH başçısı adından “ADA” Universitetinin fəaliyyətinə uğurlar arzuladı. Sonra F.Əliyeva “ADA” Universiteti, onun qəbul qaydaları haqqında şagirdlərə geniş məlumat verdi. Bu tədbir gələcəyin ümidləri olan gənclərin düzgün ixtisas seçimi etmələrinə təkan oldu.
10 iyul 2014-cü il tarixdə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyəti Prezident yanında Gənclər Fondunun maliyyə yardımı ilə “Gənc İstedadlar üçün Kiçik Akademiyanın təşkili” adlı layihə çərçivəsində seminar keçirildi. Tədbirdə orta məktəbin yuxarı sinif şagirdləri, istedadlı gənclər və gənc müəllimlər iştirak etdilər.
Rayon gənclərinin
iştirakı ilə Gənclər və İdman
idarəsi 27 may 2014-cü il
tarixdə əsas məqsədi Azərbaycan gənclərinin
VII forumuna nümayəndələr
seçmək olan toplantı keçirdi. Toplantını rayon Gənclər və İdman
idarəsinin rəisi Taleh Salehov
açdı və gənclərimizin qazandığı
uğurları diqqətə çatdırdı. Sonra İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru, iqisad elmlər doktoru, professor Rəsul Balayev, karate idman növü
üzrə məşqçi müəllim Fəridə Qurbanova, şəhər 1
saylı orta məktəbin ingilis dili müəllimi
Aytəkin Əhmədova, Sumağallı inzibati
ərazi dairəsi üzrə nümayəndənin müavini İlkin Salahov çıxışlarında həm
görülən işlərdən həm də həlli vacib problemlərdən danışdılar.
Rayon icra hakimiyyəti başçısının
müavini Sevil Əhmədova
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənclər siyasətinə
verdiyi bəhrələrdən, Prezident İlham
Əliyevin respublikamızı beynəlxalq miqyasda
söz sahibi etməsindən,
idman ölkəsi kimi
tanıtmasından, ulu öndərin bu sahədəki siyasətini
yaradıcılıqla davam etdirməsindən
bəhs etdi. S.Əhmədova
çıxışının sonunda fərqlənən
gənclərə fəxri fərman və hədiyyələr
təqdim etdi. Toplantıda Azərbaycan gənclərinin
VII forumuna 10 nəfər nümayəndə
seçildi. Rayon gəncləri
toplantısının iştirakçıları ölkə
başçısına müraciət qəbul etdilər. Beləliklə,
gənclərimizin fiziki və mənəvi
inkişafı rayonumuz üçün
prioritetdir və bu sahədə
tədbirlərimiz bundan sonra
da davam edəcək.
Nigar Abdullayeva
Palitra.-2014.-20 avqust.-S.11.