Həm misirli, həm
də azərbaycanlıyam
Şahenda Amr Şendi: Azərbaycanı çox
sevdiyim üçün
burada yaşayıb, fəaliyyət
göstərmək istəyirəm
Adətən müsahiblər səlis danışa bilən və sərbəst düşünüb, fikrini düzgün ifadə edən insanlar olurlar. Belələri isə heç şübhəsiz ki, gənclik və yeniyetməlik yaşından başlayaraq formalaşırlar. Amma budəfəki müsahibimiz ənənəvi müsahiblərdən fərqlənir. O, uşaqdır və kifayət qədər də fikirlərini sərbəst ifadə edə bilir. Bundan əlavə müsahibimi maraqlı edən bir cəhət də var ki, o, başqa ölkədə doğulub yaşamasına və atasının əcnəbi olmasına baxmayaraq, Azərbaycana çox bağlıdır və ikinci Vətəni haqda çox şeyləri bilir. Onun adı Şahenda Amr Şendidir. Şahenda 13 yanvar 2007-ci ildə Misir Ərəb Respublikasının İsgəndəriyyə şəhərində doğulub. Atası Misir vətəndaşı olan Amr Şendidir. Amr Şendi həmçinin Misir-Azərbaycan ticarət nümayəndəliyinin prezidentidir. Şahendanın anası isə azərbaycanlı xanımdır. O, Misirdə ərəb dünyası üçün Azərbaycan haqqında ərəb dilində nəşr olunan EgAz jurnalının redaktorudur. Bu istedadlı və Azərbaycana bağlı olan misirli uşaqla olan müsahibəni oxuculara təqdim edirik.
-Şahenda,
öncə ondan başlayaq
ki, təhsilinə, dərslərinə ciddi yanaşırsanmı, ya
bir çox uşaqlar kimi daha çox oynayıb, əyləncəli
vaxt keçirməyə meyillisən?
-Bəli, mən dərslərimə ciddi yanaşıram və yaxşı oxuyuram.
Hazırda EGC kollecində təhsil alıram. Hətta bu il məktəbin
birincilik diplomu ilə təltif olunmuşam. Müəllimlərimin deməsinə görə,
çox aktivəm.
Amma əyləncəli işlərə,
oyunlara da vaxt ayırıram. Axı mən hələ böyüməmişəm!
Ona görə də həmyaşıdlarımla bir
yerdə olur, əyləncəli vaxt keçirir və həm də oxumağa, dərslərə
də çox vaxt ayıra bilirəm.
- Şahenda, belə
bir sadə və əslində sənin əsl kimliyini üzə çıxaracaq sual verim sənə- Özünü haralı sayırsan?
- Mənə bu sualı verəndə həmişə deyirəm
ki, həm misirliyəm, həm də azərbaycanlı. Anam azərbaycanlıdır, atam
isə misirli. Ona görə də hər iki millət
və ölkə mənə çox doğmadır. Sizə deyim
ki, hətta uşaq olmağıma baxmayaraq, böyüklərlə
bərabər bir çox tədbirlərə
qatılıram. Xüsusən də bu tədbirlər
Azərbaycanla bağlı
olanda xüsusi həvəslə toplantılara,
bayramlara qatılıram.
Həm İsgəndəriyyə, həm
də Qahirədə Azərbaycanla əlaqədar
təşkil olunan bütün tədbirlərdə
aktiv iştirak edirəm.
Maraq üçün
sizə deyim ki, hətta İsgəndəriyyədə keçirilən
Novruz şənliyində
Bahar qızı rolunu da ifa
etmişəm.
- Ziyalı bir ailədə böyüyürsən. Bu, sənin həyat tərzinə necə təsir edir?
- Hə, atam-anam ziyalıdırlar və mənim də təhsilim, gündəlik
gördüyüm işlər
barədə diqqətlə
maraqlanır, mənimlə
ilgilənirlər. Yəqin bu
səbəbdəndir ki,
hələ bu yaşımda artıq azərbaycan, ingilis, ərəb və türk dillərində çox səlist danışıram. Xüsusən də mənə doğma olan azərbaycan dilini çox sevirəm. Bu dildə danışan
istənilən adamı
görəndə sevinirəm.
Düzdür, Azərbaycandan olanlar
Misirdə o qədər
də çox deyil. Amma tədbirlərdə və ya elə
Azərbaycana gələndə,
bu dildə danışanlarla çox
ünsiyyətdə oluram
və bu, mənim çox xoşuma gəlir.
-Deməli, tez-tez Azərbaycanda da olursan. Azərbaycanla bağlı nələri xoşlayırsan?
-Düzünü deyim ki, yay tətilimi
anamın Vətənində-Azərbaycanda
keçirməyi çox
xoşlayıram. Hətta Hüseyn
babam mənə hər yay azərbaycan
dili dərsləri də verir. Hətta bu yay Azərbaycana
gələndə, bir
verilişdə də
iştirak etdim. Azərbaycanın dövlət kanalında
gənclərə aid olan
bir verilişə dəvət olunmuşdum.
Kamera qarşısında
özümü çox
sərbəst hiss edirdim
və həmin verilişdə Azərbaycan
şeirini ifa etdim və jurnalistlərin,
verilişdə olan qonaqların rəğbətini
qazandım. Ümumiyyətlə,mən Azərbaycana çox bağlıyam və burada hər şeyi xoşlayıram. Hətta təkcə mən
yox, onu da qeyd edim
ki, kiçik bacım da var
və o da belədir. Onun adı isə
Nuraydır və bacım da məndən
nümunə almağa
çalışır.
-Yəqin sənin uşaq dünyanda Misirdə son 3 ildə baş verən hadisələrə yer yoxdur.
-Əlbəttə. Uşaq
olsam da hər şeyi öz gözümlə görürəm axı. Artıq dərk
edirəm ki, ətrafımda pis şeylər baş verir. Bu suala
öz uşaq dünyamla cavab verirəm və münasibət bildirirəm
ki, pislər artıq gedib, əvəzinə yaxşılar
gəlib. Allaha şükürlər
olsun ki, daha telekanallarda Misir küçələrində
tökülən qanları
deyil, yaxşı şeyləri göstərirlər
və hətta daha çox uşaq aləminə aid verilişlərə baxa bilirik.
- Azərbaycana gəlməmiş bu ölkə haqda maraqlanmışdınmı? Gördüyünlə eşitdiyin arasında fərq oldumu?
-Hə, maraqlanmışdım.
Anam qarabağlıdır. Yəqin onun
belə bir yerdən olması da mənə çox təsir edib. Çünki həmişə istəyirəm ki, Azərbaycanda da hər şey yaxşı olsun və eşitdiyim müharibə və haqsızlıqlarla bağlı
hər şey yoluna düşsün.
Anama da deyirəm ki, gün gələcək
Azərbaycan torpaqları
erməni işğalçılarından
azad olacaq. Hətta yarıciddi-yarızarafat deyirəm
ki, görəcəksən,
hətta mən sənin Vətəninin - Qarabağın rəhbəri
də olacağam.
Azərbaycana gələndə isə hər dəfə gözəlləşmiş
şəhərlər görürəm.
Bəzi yerlərdə isə uşaqlar üçün
yaradılmış şəraitdən
çox sevinirəm.
Rayonlarda
olmuşam və oraları çox bəyənirəm. Sanki nağıllar aləminə
düşürsən. Bu ölkədə valideynlər övladlarını
çox sevirlər.
Mənim
anam da belədir.
Çox
sevinirəm və nə yaxşı ki, anam azərbaycanlıdır
deyirəm. Azərbaycan torpağına
elə bir məhəbbətim var ki, bütün şəhərləri, rayonları
və kəndləri qarış-qarış gəzib
görmək istəyirəm.
Böyüdükcə hər şeylə
daha çox maraqlanıram və Azərbaycan da hər şeyi ilə zəngin olduğu üçün,
bura mənim xoşuma gəlir. Qədim tariximizi, irsimizi, mədəniyyətimizi, adətlərimizi
öyrənmək istəyirəm.
Hər bir rayona gedəndə
həmin rayonun adət- ənənələri
ilə maraqlanıram,
daha çox şey öyrənirəm.
Ana Vətənin təbiətinin, sözün
əsl mənasında
vurğunu olmuşam.
Hər dəfə anam, Azərbayacana səfər
edirik -deyəndə çox sevinirəm.
Misirə qayıdanda isə
darıxıram. Amma Misirdəki
dostlarıma, buradakı
qohumlarıma Azərbaycanın
necə gözəl olduğunu maraqla danışıram. Azərbaycanın bayramlarından ən çox sevdiyim isə qədim zamanlardan bizə qalan Novruz bayramıdır.
Hər il
Misirdə keçirilən
Novruz şənliyinə
çox böyük həvəslə hazırlaşıram.
Misirlilər də bu bayramı geniş qeyd edirlər. Amma heç yerdə Azərbaycandakı qədər
bayramı gözəl
keçirmirlər. Tonqal qalanır,
papaq atılır, yumurta döyüşdürülür,
küsülülər barışır
və s.
-Adətən uşaqlardan hansı şeiri bilirsən deyə soruşurlar. Mənsə
hansı Azərbaycan
şairinin şeirini bilirsən desəm, cavab nə olacaq?
-Məşhur Azərbaycan
dramaturqu, şairi və nasiri Cəfər Cabbarlının
Azərbaycan bayrağı
şeirini əzbər
bilirəm. Yəqin bu sizi çox təəccübləndirər,
amma heyf ki, sizə canlı
olaraq bu şeiri demək imkanı yoxdur, yoxsa lap təəccüblənərdiniz.
Valideynlərim, nənə və
babalarım da mənimlə bütün
bunlara görə fəxr edirlər.
-Böyüyəndə
Azərbaycanda yaşamaq
istərdin, yoxsa Misirdə?
- Düzünü deyim ki, dəqiq bilmirəm. Heç anam da bilməzdi ki, nə vaxtsa Misirdə yaşayacaq.
Amma Azərbaycanı çox sevdiyim üçün, çox istərdim burada yaşayıb, fəaliyyət göstərəm.
Tural Tağıyev
Palitra.-2014.-20 avqust.-S.7.