“İntellektual gənclərin
yetişdirilməsi dövlətimiz qarşısında ən
mühüm məsələlərdən
birinə çevrilib”
Gənclərin mənəvi
və intellektual inkişafında təhsilin,
xüsusilə də ali təhsilin önəmli
rolu var. Bu mövzu ilə
bağlı gənclər və tələbələrin də
fikirlərini öyrənməyi qarşımıza məqsəd
qoymuşuq. Ona görə
də budəfəki müsahibimiz Bakı
Dövlət Universitetinin Sosial
elmlər və psixologiya fakültəsinin
idarəetmənin sosiologiyası ixtisası üzrə
magistrantı Seyran Quliyevdir.
-Öncə
mümkünsə, özünüzü oxuculara təqdim edin.
- Mən Quliyev Seyran Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşam.İlk təhsilimi Nizami Gəncəvi adına Boradigah qəsəbə 1 saylı orta məktəbdə almış, əla qiymətlərlə təhsilimi başa vuraraq 2008-ci ildə Bakı Dövlət Universitetinin Sosial emlər və psixologiya fakültəsinin fəlsəfə bölməsinə 545 balla daxil olmuşam. Oranı bitirdikdən sonra həqiqi hərbi xidmətə getmişəm. Hərbi xidmətdən sonra isə həmin fakültənin idarəetmənin sosiologiyası ixtisası üzrə magistraturasına daxil olmuşam. Hazırda bu ixtisas üzrə təhsil alıram. İctimai və elmi-tədqiqat baxımından aktivlik göstərməyə çalışıram, gənclərin mənəvi inkişafı ilə bağlı layihələr üzərində işləyirəm.Məsələn, erkən nikahların zərərliliyi ilə bağlı belə bir layihəm Prezident yanında Gənclər Fondu tərəfindən dəstəklənmişdi... Bu layihəni reallaşdırdıqda, gənclərin bu mövzu ətrafında dərindən müzakirəsinə və bilgiləndirilməsinə nail olduq.
- Sizcə, təhsilin gəncliyin inkişafında rolu nədən ibarətdir? Bu barədə fikirlərinizi eşitmək istərdik.
- Mən bu barədə fikirlərimə ümummilli lider H.Əliyevin aşağıdakı sözlərini xatırlatmaqla başlamaq istəyirəm : “Təhsil millətin gələcəyidir”. Bəli. Hər bir millətə millətlər sırasında öncül yerlərdən birini qazandıran onun əqli potensialıdır. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt xalqdır.Təhsilimizi inkişaf etdirdikcə mən əminəm ki, yaxın onilliklərdə gənclərin intellektual inkişafı baxımından çox şeylər qazanacağıq. Bunun üçün mühüm işlər görülür.Təhsilə qayğı dövlət səviyyəsindədir.Çatışmazlıqlar bir-bir aradan qaldırılır. Boşluqlar doldurulur.Təhsil sistemimizin Avropa ənənələrinə müraciəti bizə bir sıra imkanlar bəxş etməkdədir. Bildiyiniz kimi, ölkəmiz 2005-ci ildən Bolonya prosesinə qoşulub. Bu da təhsilimizi müasir şərtlərə uyğunlaşdırmağa kömək edir.
- Qeyd
etdiyiniz Bolonya sistemi hazırkı tələbələrə
nə qazandırır? Tələbələrin özlərini
həm seçdikləri ixtisas, həm də
ümumi intellektual səviyyə
baxımından inkişaf etdirmələri
üçün nə verir?
- Bu
prosesə qoşulma ali
təhsil sənədlərimizin və
ixtisaslarımızın Avropa məkanında
qarşılıqlı tanınmasını şərtləndirir.
Hazırda universitetimizin bütün
fakültələrinin də Bolonya
sisteminə qoşulması bizlər üçün
əlavə imkanlar açır. Tələbələrin
ümumi inkişafında bu
baxımdan münbit şərait
yaradılır. Məsələn, 10-15 il
bundan öncə kimin
ağlına gələrdi ki , tələbə
fənn və müəllim seçimində müəyyən
imtiyazlara malik olacaq. Bu sistem
müasir tələbənin bütün maraqlarını nəzərə
almağa çalışır. Doğrudur, Bolonya prosesi tətbiq olunmağa başladığı ilk günlərdə bəzi müəllimlərin
bu sistemə münasibəti birmənalı
olmadı. Mənim fikrimi bilmək isəyirsinizsə,
mən bu addımı müsbət dəyərləndirirəm.
Çünki bu sistem müəllimləri məcbur edir ki, tədris edəcəyi
kursun materialını əvvəlcədən
elektron formatda
dolayısı ilə tələbəyə
çatdırsın. Bu da tələbəni material tapmaq
üçün ora-bura
qaçmaqdan xilas edir. Bu, əlavə vaxt itkisinin qarşısını alır.
İmtahan sualları da
o materialdan kənar salına bilmir. Söylədiklərim bir-iki misal idi. Oxuduğum ali təhsil
müəssisəsində hər
şey tələbənin
xeyrinə həll olunur. Mən əminliklə qeyd
edə bilərəm ki, fərasətli olan tələbə burada özünü tam təkmilləşdirməyə qadirdir.
- Sessiya imtahanlarından söz düşmüşkən maraqldır,
imtahan ərəfəsi
neqativ hallarla rastlaşırsınızmı?
- Xeyr. Bu illər ərzində
bircə dəfə də olsun, belə neqativ hallarla üzləşməmişəm.
Bilirsiniz,
o düşüncə tərzi
yavaş-yavaş silinir.
Həm müəllimlərin, həm
də tələbələrin
şüurunda artıq
bununla bağlı təsirlərin olması çətindir. Məlumdur ki,
neqativ hallar həm subyektiv, həm də obyektiv səbəblərdən
baş verir. Əvvəllər “pulsuz imtahan
olmaz” anlayışı
vardı. İndi o əvvəllərin
məzunları bizdən
“bütün imtahanları
özün verirsən?”
deyə soruşanda və onlara bununla bağlı cavab olaraq “hə”
deyəndə inanmırlar.
Onlara izah etməli olursan ki, indi
imtahan prosesi elə qurulub ki, bəzi “müəllimlər” istəsələr
belə, bəd niyyətlərini həyata
keçirə bilmirlər.
Əvvəllər tələbə imtahanda bilet çəkərək şifahı
şəkildə müəllim
qarşısında cavab
verərdi. Bu da imtahan üzərində
müəllim monopoliyasını
yaradırdı. Belə deyək
ki, müəllim istədiyini imtahandan keçirə, istədiyini
də kəsə bilərdi. Bəzən də belə
imtahan tələbənin
biliyinin müxtəlif
səbəblərdən qeyri-obyektiv
qiymətləndirilməsi ilə
sonuclanırdı. Amma indi
belə deyil. Tələbə imtahana girir
və bütün imtahanlar monitorinqlə keçirilir. Nə deməkdir
bu? Tələbə imtahana girəndən
sonra bilet çəkir və bu biletlərə yazılı şəkildə
cavab verir. Nəticənin yoxlanılması zamanı tələbənin
ad, familiyası xüsusi
imtahan vərəqəsindən
cırılaraq imtahan
yoxlayan müəllimlərə
təhvil verilir.
Bildiyimə görə, gələcəkdə
isə imtahanların testləşdirilimiş şəkildə
kompüterlə verilməsi
nəzərdə tutulub.
Amma bu barədə mənim öz fikrim də var. Belə ki, bəzi
fənlərlə bağlı
test imtahanlarının keçirilməsi
bir qədər məqsədəuyğun olmazdı.
Ona görə də həmin ixtisaslara aid imtahanlarla bağlı test üsulunun
tətbiqinin əleyhinə
olardım. Məsələn, fəlsəfə fənnindən imtahanı
test şəklinə salmaq,
fikrimcə, doğru addım olmazdı. Bu, tələbənin fəlsəfi idrakının
inkişaf səviyyəsini
əyani ölçməyə
mane olardı.
Fəlsəfə elə bir sahədir ki, onunla hər adam məşğul ola bilməz. Amma cəmiyyətə, gənclərə sağlam düşüncə aşılamaq üçün hər bir kəsdə fəlsəfi düşüncəni formalaşdırmaq lazımdır. Bu gün Qərbdə fəlsəfəyə çox böyük önəm verilir. Bir ara bizdə bu sahədə boşluqlar görünsə də, indi mühüm irəliləyişlər görünməkdədir. Mən özümü xoşbəxt hiss edirəm ki, Azərbaycanda fəlsəfəni mükəmməl bilən müəllimlərdən fəlsəfəni öyrənmişəm. Belə müəllimlər sırasına başda professor Əziz Məmmədov, professor Fikrət Əfəndiyev, professor Zeynəddin Haciyev, dosent Arif Tağıyev və adını çəkmədiyim əsl müəllimləri aid etmək olar. Fəlsəfəyə diqqət son zamanlarda özünü göstərməkdədir. Bununla bağlı olaraq ölkəmizdə keçirilən əlamətdar beynəlxalq tədbirlər, konfranslar və bu tədbirlərdə dünyanın məşhur fikir adamlarının, müasir və tanınmış filosoflarının iştirak etmələri, fəlsəfi mövzularda müzakirələr aparılması fəlsəfə sahəsində çox müsbət tendensiya yaradıb. Bu beynəlxalq konfransların əsas önəmi həm də ondadır ki, orada çox aktual mövzular müzakirəyə qoyulur. Bu da fəlsəfənin və onun əhatə etdiyi mövzuların dünya üçün böyük önəm daşıdığını bir daha önə çəkir. Mən xüsusi ilə prof. Səlahəddin Xəlilovun fəlsəfə sahəsində apardığı tədqiqat işlərini vurğulamaq istərdim.
- Sonda
bir gənc olaraq müasir gəncliyi necə dəyərləndirirsiz?
İctimai,siyasi və digər sahələrdə
gənclərin çəkisi, onların inkişaf
tempi sizi qane edirmi?
- Gənclər həmişə cəmiyyətin
aparıcı simaları olublar. Bu da yəqin ki, gəncliyin təbiətindən doğur. Bu gün Azərbaycan gəncliyi özünün
sürətli inkişaf dövrünü
yaşamaqdadır. Gənclərə diqqət dövlət səviyyəsində
həyata keçirilir. Gənclərlə
bağlı 2011-2015-ci illəri əhatə edən yeni bir dövlət
proqramının qəbul edilməsi və proqramın
hazırda uğurla həyata keçirilməsi
gənclərin hərtərəfli inkişafına
hesablanıb. Bütün bu
işlər bir gənc kimi
məni də çox sevindirir.
Gənclərin hərtərəfli inkişafı üçün hər cür
şərait yaradılır. Xüsusən də intellektual gənclərin yetişdirilməsi
dövlətimiz qarşısında ən mühüm
məsələlərdən birinə çevrilib.
Prezident İlham
Əliyev dəfələrlə vurğulayıb ki, biz iqtisadi
kapitalımızı intellektual sahəyə
yönəltməliyik. Son sualınıza
gəlincə isə demək istərdim ki,
bugünkü gənclər çox fəaldırlar. Hər sahədə aktiv iştirak etməyə
can atırlar. Mən
düşünürəm ki, gənclik
enerjisindən qaynaqlanan bu
istək həyata keçəndə, özünü
tam doğruldar. Cəmiyyətin
ictimai-siyası sferasında gənclərin çəkisi
getdikcə artmaqdadır. Məncə, Milli
Məclisdə və digər dövlət strukturlarında gənc
kadrların sayı daha da
artmalıdır. Sonda fürsətdən istifadə edərək ölkə
Prezidentinə gənclər üçün
daha geniş imkanlar açan dövlət
proqramlarını reallaşdırdığına və yeni-yeni proqramlarla
bağlı təşəbbüslər göstərdiyinə
görə öz səmimi təşəkkürümü
bildirirəm.
İlkin Ağayev
Palitra.-2014.-22 avqust.-S.11.