“Uşaq anadan olan gündən onun tərbiyəsi ilə məşğul olmaq lazımdır”
Arifə Ələkbərova:
“Uşağa qulluq
zamanı hərtərəfli ünsiyyətdə olmaq, inkişafa müsbət
təsir göstərir”
Sağlam uşaq
yetişdirmək valideyn üçün
ən vacib şərtdir. Burada
uşaqların sağlamlığı deyəndə,
onların həm fiziki, həm də mənəvi
sağlamlığı nəzərdə tutulur.
Bu baxımdan valideynlərin üzərinə
daha çox məsuliyyət
düşür və onların hər zaman maariflənməsinə ehtiyac
var. Elə “Gələcək nəsil”
Valideynlər Klubu da məhz
bu istiqamətdə fəaliyyət
göstərir. Klubun rəhbəri Arifə
Ələkbərovadır. Qeyd edək ki, Arifə xanım Moskva Elmlər Akademiyasının nəzdində
prenatal psixologiya
kursları və valideynlik məktəbi keçib. 2006-cı ilin may ayında Moskva şəhərində
"Baby Time" (Uşaq Vaxtı) festivalında və elə həmin
ilin oktyabrında "Uşaqların təhsili
və inkişafında oyun
texnologiyaları" beynəlxalq
ixtisaslaşdırılmış konfransının
iştirakçısı olub. O, 10 ildir ki, atılmış
və yetim uşaqlara
himayədarlıq və kömək edən Beynəlxalq
Qadınlar Klubunun üzvüdür.
2006-2007-ci illərdə Beynəlxalq Qadınlar Klubunun vitse-prezidenti olub.
- Belə bir klubun yaradılması hansı zərurətdən irəli gəlib?
- “Gələcək nəsil” Valideynlər Klubu 2006-cı ilin martından fəaliyyət göstərir. Azərbaycanda bu cür klubun yaradılmasına böyük ehtiyac vardı. Dünyaya sağlam övlad gətirmək hər bir ananın arzusudur- bizim məqsədimiz bu arzuya çatmaqda hamilə qadınlara kömək etməkdir. Digər məqsədimiz qadınlar arasında qeysər kəsiyi ilə uşaq doğumunun qarşısını almaqdır.
"Gələcək nəsil" Valideynlər Klubu bütün ailə üçündür. Arzu edənlər bu kurslara həyat yoldaşları ilə bərabər gəlirlər. Onlara dərslər fərdi şəkildə keçirilir.
“Uşaqlar bizim gələcəyimizdir”. Bu sözləri biz hər yerdə və hər zaman eşidirik. Amma əsl mənasını ailə və övlad sahibi olandan sonra başa düşürük. “Gələcək nəsil” Valideynlər Klubu valideynlərə uşaqların lap erkən yaşlardan sağlam, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasını, məktəb təliminə klassik pedaqoqların, müasir psixoloqların metodlarına əsasən hazırlanmasına dəstək olur.
“Gələcək nəsil” Valideynlər Klubunda çalışan yüksək ixtisaslı və müxtəlif profilli mütəxəssislər- psixoloq, akuşer-psixoloq, pediatr- neonatoloq, diyetoloq, pedaqoqlar uşaqların problemsiz dünyaya gəlməsi, sağlam və gümrah böyüməsinə kömək edirlər.
Klubda hamilə xanımlar və anadan olandan 6 yaşa qədər uşaqlar üçün inkişafetdirici oyun və məşğələlər keçirilir. Eyni zamanda “Gələcək nəsil” Valideynlər Klubunda loqoqrup açılıb. Burada uşaqların səlis nitqə sahib olmasına kömək göstərilir. Loqoqruplarda 3 yaşdan yuxarı uşaqlar iştirak edə bilər. Bu məşğələlərdə aşağıdakılar keçirilir: artikulyasiya gimnastikası (dil, dodaq, çənə, yanaq), düzgün tələffüz olunmayan səslərin qoyuluşu (r, ş, t, d ), masaj (dil, dodaq, üz, əl), lüğət ehtiyatının zənginləşdirilməsi.
“Gələcək nəsil” Valideynlər Klubu eyni zamanda “Yay məktəbi” keçirir. “Yay məktəbi” proqramına riyaziyyat; məntiq; ətraf mühit; sürətli oxu və yazma bacarığının inkişafı; ingilis dili; psixoloji oyunlar; qum terapiyası; rəqs; musiqi; gimnastika; yoqa; inkişafetdirici oyunlar və s. daxildir.
-Uşaqların
tərbiyəsində hansı metodlara üstünlük verilməlidir?
- Bilirsinizmi, insanın öyrənmə qabiliyyətinin 50%-i həyatının ilk 3 ilində inkişaf edir. Qalan 30% 3 yaşından 8 yaşına qədər inkişaf edir. Onun gələcəkdə ömrü boyu yiyələnəcəyi biliklər bu fundament əsasında formalaşır. Uşağın tərbiyəsi ilə nə vaxtdan məşğul olmaq lazımdır? Onunla necə məşğul olmaq lazımdır? Hansı metodlara üstünlük verməli? Uşağın hormonik inkişafı, yüksək intellektə sahib olması və gələcəkdə uğur qazanması üçün onunla anadan olandan sistematik şəkildə məşğul olmaq lazımdır. Bizim klubumuzda uşaqlar üçün məşğələlər etnopedaqogikanın ənənələri, klassik və müasir pedaqogikanın və psixologiyanın nailiyyətləri əsasında qurulub. İnkişafetdirici mühit, kompleks metodlar, didaktik materiallar uşağın tam inkişafını təmin edir. Bu məşğələlərdə analar və dayələrin iştirakı vacibdir.
Bizim tətbiq etdiyimiz metodlar çox sadə olmaqla, uşaq beyninin təbii inkişaf qanunlarına uyğundur. Uşaq beyni üçün əsas impuls, ötürücü siqnal sözdür. Ona görə də, uşağın nitqi vaxtında və düzgün inkişaf etdirilməlidir. Uşaq onu əhatə edən səs və söz dünyasında yaşamalıdır. Uşaq ünsiyyətə girməklə ətraf aləmi öyrənir, onun diqqəti, yaddaşı, təfəkkürü inkişaf edir. Onda öyrənməyə həvəs, bilik, təcrübə, bacarıqlar yaranır və uşaq bir şəxsiyyət kimi inkişaf edir.
Bizim tətbiq etdiyimiz bu iş sistemi həm normal, həm də nitqində bəzi qüsurlar olan uşaqlar üçün də yararlıdır. Məqsədimiz bu məsuliyyətli və çətin işdə valideynlərə kömək etməkdir. Onu da əlavə edim ki, "Gələcək nəsil" “Magazine Boutique-Baku” dərgisində uşaqlar üçün inkişafetdirici ən yaxşı 5 mərkəzin sırasındadır.
-Uşaqların fiziki və mənəvi inkişafında
oyuncaqların nə kimi rolu
var?
- Uşağın dünyanı dərk etməsi və inkişafı üçün əsas vasitələrdən biri oyuncaqlardır. Həyatının ilk ilində uşaq intensiv inkişaf edir. Günbəgün o daha ağıllı və dərrakəli olur. Onun əqli və fiziki cəhətdən sürətlə inkişaf etdiyi bu dövrdə inkişafın hər mərhələsi üçün müxtəlif oyuncaqlar tələb olunur. Bu yaşda uşaqlar hələ müstəqil oynamağı bacarmadıqları üçün oyunlara böyüklərin aktiv müdaxiləsi tələb olunur.
7-10 günlük uşağın beşiyi ətrafından onda görmə, eşitmə və taktil hiss etməni inkişaf etdirən oyuncaqlar asmaq olar. Həyatının ilk ayında uşaq bir əşya üzərində nəzərini saxlamağı öyrənir. 1 yaşın sonuna doğru uşaq oyuncaqlarla manipulyasiya etməyi, müxtəlif əşyaların xüsusiyyətlərini və onları müqayisə etməyi öyrənir. Uşaq oyuncaqlar vasitəsi ilə böyüklərlə ünsiyyətə girir. Oyuncaqlar- həyatının ilk ilində uşağın dostu və köməkçisidir
-Uşaqlarda
nitqin inkişafı üçün
hansı maarifləndirici tədbirlər görülməlidir?
- İlk dövrdə uşaqda nitqi mənimsəməyə hazırlıq gedir. Uşağın nitqi valideynlərin, onu əhatə edən yaxınların nitqinin təsiri altında formalaşır. Uşaq anadan olduğu andan səs reaksiyaları olan çığırtı, ağlamaq yaranır. Bunlar artikulyasiya aparatının inkişafına kömək edir.
Nitqin inkişafına bir neçə amil təsir edə bilər. a) Musiqi, b) Oyun, c) Nağıllar, tapmacalar, yanıltmaclar, şeirlər və s.
Musiqi uşağa körpə yaşından dinlədilməlidir. Hətta digər uşaqlarla müqayisədə ana bətnində ikən musiqini hiss edən uşaqlar dünyaya gəldikdən sonra daha sakit, mehriban və insanlarla gözəl ünsiyyət qururlar. Musiqini dinləyən uşaqlarda zehni, əqli, fiziki inkişaf, gözəl musiqi duyumu və ən əsası dil formalaşır. Lakin musiqi elə seçilməlidir ki, sözlər aydın tələffüz edilsin. Məsələn, Şəfiqə Axundovanın, Rübabə Muradovanın, Qara Qarayevin, Fikrət Əmirovun və s. musiqilərinə qulaq asmaq daha məsləhətlidir. Çünki bu bəstəkarların və müğənnilərin musiqilərində sözlər aydın və səlis səslənir.
Oyunlar da
uşağın nitqinə təsir göstərən amillərdən
biridir. Oyunlar arasında didaktik oyunlar xüsusi yer tutur. Oyunlar elə
seçilməlidir ki,
uşaqların yaşına
uyğun olsun. Valideyn oyuncaqları uşağın
qarşısına töküb
oynaması ilə kifayətlənməməlidir. Uşaqlarda oyuna həvəs, maraq oyatmalıdır.
Oyunlarla oynayarkən uşaqlarda iradə, səbir, aydın nitq, qətiyyətlilik, düzgünlük,
doğruçuluq hissləri
inkişaf edir.
Valideynlər bir neçə yanıltmac da deyib, uşaqların nitqinin inkişafına kömək edə bilər.
Uşağa qulluq zamanı hərtərəfli ünsiyyətdə
olmaq inkişafa müsbət təsir göstərir. Yəni hər hansı bir şeyi edəndə
- yemək yedirəndə,
gəzdirəndə və
s. işləri görəndə
uşağı məlumatlandırmaq
lazımdır. Belə olduqda
uşağın söz
bazası artır və normal nitq inkişafı zamanı lüğət ehtiyatı
zənginləşir.
Nitqin inkişafına
təsir göstərən
amillərdən biri də valideynin uşağı ilə dialoq qurmasıdır. Hər bir
valideyn övladının
sağlam, zəngin dünyagörüşü, gözəl
nitq mədəniyyətinə
sahib olması üçün
çalışmalıdır.
- Uşaqlarda nitqin inkişafı ilə bağlı valideynlərə nə məsləhət edərdiniz?
- Hamiləliyin ilk günlərindən bətndaxili uşaqla ünsiyyətdə olmaq lazımdır. Nitqin inkişafı üçün valideynlərin bir-birilə danışması, uşaqlarla ünsiyyətdə olmaq əsas amillərdən biridir. Uşaqla danışarkən düzgün və səlis nitqdən istifadə olunsun. Bu zaman aydın nitq və çoxlu söz ehtiyatının olması vacibdir. Elə fikirləşməyin ki, uşaq sizi başa düşmür. Körpə deyilən sözü, danışdığınız hər bir şeyi başa düşür, beyninə yığır və lazım olduğu vaxtda o, sizə cavab verəcək. Körpəni qucağınızda və ya əlindən tutub gəzdirdikdə bu zaman çoxlu danışmaq və əşyaları göstərmək lazımdır. Körpəniz hər hansı bir şeydən qorxursa, çalışın ondan uzaq tutun (tozsoranın səsi). Bu qorxu körpənizdə nitqin inkişafdan qalmasına səbəb ola bilər.
Valideynlər uşağa hər zaman diqqət yetirməlidir. Xüsusilə - analar bətnində uşağı hiss etdiyi ilk andan onu tərbiyə etməli və ünsiyyətdə olmalıdır. Uşaq ata-ana məhəbbətini hiss etməlidir. Ana bətnində uşaqla düzgün ünsiyyət qurmaq gələcəkdə uşağın tez danışmasına kömək edir. Uşaq dünyaya gəldikdən sonra da diqqət azalmamalıdır. Ana ilə bərabər atanın da üzərinə böyük məsuliyyət düşür. Bundan əlavə ata uşaqla müxtəlif oyunlar oynamalıdır. Belə oyunlar gələcəkdə uşağın intellektual səviyyəsini yüksəldir. Bildiyimiz kimi ailə kiçik bir dövlətdir. Bu dövləti qurmaq üçün ata - ana uşaqlarını düzgün tərbiyə və düzgün nitqinin inkişafı üçün əlindən gələni əsirgəməməlidir.
Fuad Hüseynzadə
Palitra.-2014.-26 avqust.-S.11.