“Qala
qoruğunda 7637 arxeoloji
və etnoqrafik material
toplanıb”
Fikrət
Abdullayev: “Eksponatlar təsdiqləyir ki, Abşeron yarımadası
kifayət qədər
əhaliyə və inkişaf etmiş mədəniyyətə malik
olub”
Müsahibimiz Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru, Əməkdar mədəniyyət işçisi,
tarix üzrə fəlsəfə doktoru Fikrət Abdullayevdir.
- Fikrət müəllim, Qala Dövlət Tarix-Etnoqrafiya
Qoruğunun fəaliyyəti
Azərbaycan tarixinin hansı dövrünün
səhifələrinə işıq
salır?
- Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin
18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81.5 ha.-dır.
Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar
edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Deməli, 5 min il
ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstəriblər.
Qala kəndi ərazisində olan memarlıq abidələri
arasında 5 məscid,
3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr
və yaşayış
evləri olub.
- Qala Dövlət Tarix-Etnoqrafiya
Qoruğundakı eksponatların
tarixi əhəmiyyətini
necə dəyərləndirə
bilərsiniz?
- Qala qoruğu ərazisində yaradılan
muzey kompleksləri və fondlarında 7637 arxeoloji və etnoqrafik material toplanıb.
Ekspozisiyanın böyük əksəriyyəti
Abşeron yarımadasına
xas olan Tunc dövründən, yəni e.ə III-II minillikdən başlayaraq,
son orta əsrlərə
qədərki dövrü
əhatə edir.
Bunların arasında ən
maraqlısı Tunc dövrünə aid keramik
və absedian qaşovlar, keramika fraqmentləridir. Orta əsrlərə
gəldikdə isə
mövcud keramik tapıntılar düşünməyə
əsas verir ki, Qalanı orta əsrlərin Abşeronda böyük ticarət və sənətkarlıq mərkəzi
kimi qəbul edək. Məsələn, keramik tapıntılar
arasında ustanın damğası olan xüsusi fraqmentlər aşkar edilib. Bu onu göstərir ki, Qalada yerli
tələbatdan əlavə,
həm də başqa məntəqələrə
satış məqsədi
ilə keramik qablar düzəldilib və hər usta öz məhsulunda
keyfiyyət nişanı
kimi özünəməxsus
damğa ilə keramik qabları möhürləyib. Ümumiyyətlə, eksponatlar bir daha təsdiq edir ki, qədim
dövrlərdən başlayaraq,
Abşeron yarımadası
kifayət qədər
əhaliyə və inkişaf etmiş mədəniyyətə malik
olub.
- Qala kəndində yeni arxeoloji tədqiqatlar aparılırmı?
- Qala qoruğunun ərazisində uzun illərdir AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə arxeoloji tədqiqatlar aparılır. Məhz bu tədqiqatlar
nəticəsində qoruğun
bir neçə nöqtəsində Tunc dövrünə və erkən orta əsrlərə aid yaşayış
məntəqələri, qayaüstü
rəsmlər və başqa ictimai və yaşayış tikililəri tapılıb.
Bu il də
qoruq ərazisində arxeoloji qazıntı aparılması planlaşdırılıb.
“Sülh küçəsi
boyunca tapılan yeraltı tunellərin və quyuların tədqiqatı 5 min illik yaşı olan bu məkanın tarixini daha da
zənginləşdirəcək”
Qazıntı işləri qədim qəsrin qarşısında
və qəsəbənin
Sülh küçəsi
boyunca tapılan yeraltı tunellərin və quyuların tədqiqatı üzrə
aparılacaq. İnanırıq ki, qoruğun
ərazisində aparılan
davamlı arxeoloji tədqiqatlar 5 min illik yaşı olan bu məkanın tarixini daha da
zənginləşdirəcək.
- Aşkarlanan qədim abidələrimizin
tarixi və xüsusiyyətləri arxeoloqlar
tərəfindən tam şəkildə
araşdırılırmı?
- Qala kəndinin tarixinin zəngin və çox qədim olduğunu nəzərə alaraq, hər yeni ildə
aparılan tədqiqatlarda
maraqlı və bəzi hallarda gözlənilməyən materiallar
əldə edilir. AMEA-nın Arxeologiya
və Etnoqrafiya İnstitutunun, Abşeron arxeoloji ekspedisiyasının
Qala qoruğu ilə müştərək
tədqiqatları nəinki
Qalanın, hətta bütün Şərqi Abşeronun qədim tarixinin öyrənilməsində
böyük rolu vardır. Hər hansı bir
elm sahəsində olduğu
kimi Abşeron arxeologiyası da bir yerdə dayanmayıb və tədqiqatlar davam etdirilib. Bu barədə
elmi məqalələr,
kitablar, bukletlər buraxılır.
- Abşeron yarımadasında aparılan
arxeoloji araşdırmalarda
Qala Qoruğunda olan abidələrə aid
materiallar aşkar edilibmi?
- Qala qoruğu coğrafi mövqeyinə görə Abşeron yarımadasının mərkəzində
yerləşdiyi üçün
və elmi nöqteyi-nəzərdən öyrənilmiş
məntəqələrdən biri olduğuna görə Şərqi Abşeron ərazisində
olan hər hansı bir tapıntını birmənalı
olaraq, Qalaya da aid etmək olar. Belə ki, Yeni Suraxanı
qəsəbəsinin yaxınlığında
tapılmış 20 min il
yaşı olan ox ucu təsdiq edir ki, bu
ərazi - yəni, Abşeron Üst Paleolitdən başlayaraq,
qədim insanlar tərəfindən yaşayış
məskəni kimi seçilib. Bundan sonrakı dövrlərə
aid tapıntılar göstərir
ki, Abşeronda dövrlər dəyişdikcə,
maddi mədəniyyət
və yaşayış
tərzində davamlılıq
hökm sürüb.
- Abşeron yarımadasında aparılan
arxeoloji araşdırmalarda
hansı xüsusiyyətin
daha çox diqqət mərkəzində
olduğunu düşünürsüz?
- Abşeronda XX əsrin
60-cı illərindən başlayan
arxeoloji tədqiqatların
nəticələrində bir
sıra qanunauyğunluqlar
üzə çıxıb. O cümlədən
tapıntılar sübut
edir ki, Tunc dövründən başlayaraq, Azərbaycan və Abşeron ərazisində yaşayan
əhalinin qədim sivilizasiya mərkəzləri
ilə həm maddi mədəniyyət, həm də mənəviyyat sahəsində
əlaqələri mövcud
olub. Məsələn, Şərqi Abşeronda
tapılan, Tunc dövrünə aid edilən
qayaüstü rəsmlər
içərisində qədim
Mesopotamiya mifologiyasını
əks etdirən qayaüstü rəsmlər
var. Bundan başqa, məişətdə istifadə
olunan və mübadilə yolu ilə həmin ərazilərdən Abşerona
gəlib çatan tapıntılar da mövcuddur. Bu arxeoloji tədqiqatların
nəticələri bizim
üçün xüsusi
vaciblik daşıyır
və bildirir ki, Abşeron ərazisi qədim insan sivilizasiyasının
inkişaf arealına daxildir.
- Təhsil baxımından bu sahəyə diqqəti necə qiymətləndirirsiniz?
- “Qala” muzeylər kompleksi yaradılan gündən ekspozisiyasının konsepsiyasında əsas məqsəd kimi interaktiv turizmin inkişafı qoyulub. Burada bizim əcdadlarımızın yaşayış tərzinin bərpası və təbliği üçün xüsusi emalatxanalar və marşrutlar açılıb. Gələn ziyarətçilər xalçaçılıq, dulusçuluq sənətinə yiyələnə, nalbənd və çörəkbişirmə emalatxanalarında işləyə, orta əsr kənd həyatını yaşaya bilərlər. Bu məqsədlə muzey kompleksi ərazisində dəvə, məşhur Qala cins qoyunları, at, uzunqulaq saxlanılır və turistlər onlara qulluq edə bilərlər. Digər tərəfdən, interaktiv arxeoloji turist marşrutları da fəaliyyət göstərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və istifadə edərək, uzun müddətdir bir sıra orta təhsil məktəbləri ilə muzey kompleksi ərazisində interaktiv dərslər keçirilir. Bu il isə Qala qoruğu tərəfindən xüsusi olaraq hər bir sinif üçün fərqli turist marşrutu tərtib olunub, Təhsil Nazirliyi ilə mütəşəkkil formada Bakı məktəbləri üçün açıq səma altında tarix dərsləri təşkil edilib. Yaz turist mövsümündə 1500 uşaq həmin proqram üzrə Qala qoruğuna qəbul edilib. Ümumiyyətlə, 2014-cü ilin ilk 6 ayı ərzində 36 mindən çox qonaq qəbul edilib və bunların böyük əksəriyyətini uşaqlar təşkil edir.
- Sizcə, keçmişin izində olmaq
və bu yolla getmək
bir tarixçi üçün nə deməkdir?
- Mədəni irsin qorunması
sahəsində işləyən biri üçün işinin
məğzinin nədən ibarət olması vacib
məsələdir. Mən belə hesab
edirəm ki, bizim abidələrimiz,
arxeoloji tapıntılar, ümumiyyətlə,
mədəni irsin bir əmanətidir.
Əcdadlarımız bizə bu əmanəti
qoruyaraq gələcək nəsillərə
həvalə etməyimizi tapşırıb. Bildiyiniz
kimi bizim xalq üçün “əmanət”
müqəddəs bir
anlayışdır. Biz azərbaycanlı
olaraq, həmin bu
müqəddəs vəzifəni yerinə yetirməliyik. Xüsusən, son illərdə
ölkəmizin rəhbərliyinin və Heydər Əliyev Fondunun yaxın iştirakı ilə müvafiq təşkilatların təşəbbüslü
fəaliyyəti nəticəsində milli
irsin qorunmasına xüsusi
diqqət yetirilir və biz
bu böyük işin üzərimizə düşən
hissəsini ləyaqətlə yerinə yetirməyə
çalışırıq.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-27 avqust.-S.13.