Qloballaşmada mədəni irsin qorunması gənclərin mənəvi inkişafına zəmin yaradır

 

Bu istiqamətdə müvafiq hökumət qurumları ilə QHT-lər, KİV-lər, diaspor təşkilatları arasında qarşılıqlı koordinasiyanın qurulması və intensiv layihələrin həyata keçirilməsi davamlı nailiyyətlər əldə etməyə imkan

verər

Azərbaycan müstəqillik əldə etdikdən sonra həyata keçirilən mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yeniyetmələrə, gənclərə, gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradıb. Xalqın əldə etdiyi bu böyük nailiyyət, milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azadsuveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıtmaq imkanı əldə etdi. Dünyəvi, qabaqcıl və demokratik ölkələrin təcrübələrindən yararlanmaqla sözügedən sahənin milli zəmin üzərində daha da inkişaf etməsi prosesi başlayıb.

Müasir dünya mədəniyyətinə inteqrasiya olunduğumuza görə, milli-mənəvi dəyərlərimizə xələl gətirmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq məcburiyyətində olduğumuzu qəbul etmək məqsədəuyğun olardı. Bütün bunları isə yeniyetmə və gənclərə paralel olaraq təbliğ etmək, onların mənəvi və intellektual inkişafı baxımından olduqca məqsədəuyğundur. Hazırda qeyri-iradi olaraq qloballaşma və mədəni inteqrasiya prosesinin içərisindəyik. Gənclərin mənəvi inkişafı və milli ruhda inkişafında qloballaşmanın təsir və tələblərini qarşılamağa nail olmalıyıq. Məlum olduğu kimi, qloballaşma prosesi müsbət tərəflərə malik olduğuinteqrasiya imkanlarını ehtiva etdiyi kimi, mənfi çalarlara da malikdir. Belə ki, təbii şəkildə baş verən, millətləri, xalqları və mədəniyyətləri yaxınlaşdıran, qarşılıqlı təmas qurmağa imkan verən qloballaşmadan savayı, bəzi supergüclər və pərdəarxası təşkilatlanmalar tərəfindən aparılan süni bir qloballaşma prosesivar. Bu zaman isə millətlərin dəyər sisteminin, mənəvi sərvətlərinin aşınması üçün müxtəlif formullar düşünülür və həyata keçirilmək üçün dünya meydanına buraxılır. Bunlar müxtəlif sferalara, ələlxüsus da mədəniyyət və dəyərlərə aid istiqamətlərdə fəaliyyətə keçir. Bu baxımdan xüsusilə gənclər, yeniyetmələr və uşaqlar qloballaşmanın mənfi təsirlərinə məruz qalırlar. Qloballaşma iqtisadi sferada start götürsə də üstqurum sferalarında öz təsirini yaymaqla sonuclanır. Təbii ki, bu gün qloballaşmanın bir çox ölkələr üçün yaratmış olduğu problemlər düşündürücüdür. Çünki bu problemlər bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, yaradıcılıq əlaqələrinin genişləndirilməsini zərurətə çevirir. Qloballaşmanın bəşəriyyət tərəfindən dərk edilən və etirazlarla qarşılanan neqativ təzahürləri və siyasiiqtisadi mənafelərinin güdüldüyü, qloballaşmanın üzdə olmayan məqsədləri son nəticədə mədəni tərəqqiyə ağır ziyan vurur. Qloballaşma mədəniyyət sahəsində də həmin güclərə xidmət etdiyi təqdirdə bəşəriyyət böyük fəlakətlərlə qarşılaşa bilər. Siyasi sahədə qloballaşma milli dövlətcilik, milli-mənəvi dəyərlər problemi yaradır. Milli özünüdərk, milli ləyaqət siyasi qloballaşmanın əsas problemidir. İnteqrasiya prosesinin qaçılmaz olduğu şəraitdə milli-mənəvi-əxlaqi və tərbiyəvi dəyərlərimizin qorunmasına qayğı və maraq daha da artıb. Bu məqam unudulmamalıdır. Ona görə də qloballaşmanın müsbət cəhətlərinin cəmiyyətimizin mədəni tərəqqisinə xidmət etdiyini danmamaq şərti ilə, neqativ təzahürlərinin qarşısını almaq barədə də düşünmək yerinə düşərdi. Müasir dövrdə mədəniyyətin idarəedilməsi üçün zəruri olan elmi təsəvvürün işlənib hazırlanması, ancaq gündəlik məsələlərin həllinə yönəldilən və mədəniyyətin ayrı-ayrı sahələrini əhatə edən tətbiqi tədqiqatlar sahəsi ilə məhdudlaşdırılmır. Bu cür tədqiqatlar çox geniş bilikləri və tətbiqi məsələləri əhatə edən kulturologiya vasitəsilə həyata keçirilir. Kulturologiya inkişaf etmiş ölkələrdə sürətlə inkişaf edən və elm aləmində nüfuzu getdikcə artan bir elm sahəsidir. Belə hesab edilir ki, məhz ümumi kulturoloji konsepsiya mədəniyyət sahəsində bütün tətbiqi tədqiqatların nəzəri və metodoloji bazasını təşkil etməyə başlayıb. Kulturoloji konsepsiyaya ehtiyac nəinki mədəni praktikadaona bilavasitə xidmət edən tətbiqi elmlərdə, həm də bütün ictimai elmlər sistemində özünü göstərir. Lakin kulturoloji konsepsiyanın bu sistemdə yerini dəqiq müəyyən etmək zərurəti var. Ekspertlər hesab edirlər ki, bunun üçün ilkin şərt nisbətən müstəqil tədqiqat predmetinin müəyyən edilməsidir. Vaxtilə təbiət və tarix elmlərini, sonralar isə ictimai elmləri bir-birindən ayırmaq üçün vacib hesab edilən təbiət və mədəniyyətin ənənəvi fərqləndirilməsi bu gün qənaətbəxş hesab oluna bilməz. Bu konsepsiyanın prinsiplərini ictimaitarix elmlərinin digər sahələrindən ayırmaq üçün kriteriya yoxdur. Vacib olan sahələrin hər biri bütün mədəniyyət faktları ilə əlaqəlidir, mədəniyyət haqqında elm onları öz tədqiqat predmetinə daxil edir. Deməli, mədəni materiala ehtiyac, özlüyündə hər hansı bir bilik sahəsini müstəqil mədəniyyət konsepsiyası kimi qurmaq üçün yetərli sayılmır. Hazırda isə mədəniyyət və siyasət kulturoloji sahədə elmi tədqiqatın xüsusi predmeti kimi tədqiq edilmir. Kulturologiyanı elmi tədqiqatın xüsusi predmeti kimi ayırdıqda müəyyən konseptualmetodoloji zəminə əsaslanmaq zəruridir. Problemin həllinin çətinliyi mədəniyyətin elə bir fenomen olmasındadır ki, onu sırf zahiriempirik surətdə ictimai həyatın digər sahələrindən ayırmaq mümkün deyil. Mədəniyyət ən geniş mənada insanın həyat fəaliyyətinin bütün əsas sahələrini - maddi istehsal, sosial-siyasi münasibətlər, mənəvi inkişaf, məişət, insanlar arasında qarşılıqlı əlaqə sahələrini səciyyələndirir. Müasir sosial həyatın istənilən sahəsi bu fenomenin mədəni əhəmiyyəti və qiyməti baxımından səciyyələndirilmək imkanına malikdir. Deməli, mədəniyyət konsepsiyasının tədqiqi ilə digər ictimai elmlər predmetinin tədqiqini bir-birindən ayıran sərhədin haradan keçməsi məsələsi mədəniyyətin müasir tədqiqatçıları qarşısında çox kəskin şəkildə qoyulur. Müasir cəmiyyətin bütün mədəni fəaliyyətinin başlıca məzmununu və əsas məqsədini təşkil edən “insan şəxsiyyətinin formalaşdırılması prosesinin mürəkkəb strukturu, eyni zamanda mədəniyyət konsepsiyasının olduqca mürəkkəb strukturunu aydınlaşdırır.

Mədəni dünyaya sürətlə inteqrasiya etməkdə olan Azərbaycanın və onun gənc nəslinin demokratik inkişafı üçün zəruri olan təsisatlar və hüquqi bazanın formalaşdırılması yönündə müəyyən işlər görülüb. Bu sahədə ciddi uğurlar qazanmaq üçün islahatlar intensiv məcrada və müxtəlif istiqamətlərdə davam etdirilməlidir. Bu yöndə xüsusən kütləvi informasiya vasitələrinin öz fəaliyyətlərini təkmilləşdirməsinə və gəncləri intensiv maarifləndirməsinə ciddi ehtiyac var. Azərbaycan mədəniyyətinin təbliği, onun müxtəlif tərəflərinin inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlər əhaliyə əhatəli, dolğundüzgün şəkildə çatdırılmalıdır. İnsanlarımız qloballaşma şəraitində milli-mənəvi və mədəni keyfiyyətlərin daşıyıcıları olmalıdır. Azərbaycan mədəniyyətinin gələcək nəsillərə çatdırılmasında KİV-lə yanaşı digər əlaqədaq qurumların, ictimai birliklərin də önəmli rolu var. O cümlədən mədəni irsin qlobal səviyyədə qorunması, dünyada təbliği üçün diaspor nümayəndələrinin və təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Müvafiq hökumət qurumları ilə adıçəkilən tərəflər arasında qarşılıqlı koordinasiyanın qurulması və intensiv layihələrin həyata keçirilməsi bu işdə davamlı nailiyyətlər əldə etməyə imkan verər.

 

İlkin AĞAYEV

Palitra.-2014.-27 avqust.-S.11.