“Son vaxtlar xaricdə təhsil alan tələbələrimizin
fəallığı çox yüksəlib”
Doğu Akdeniz Universitetinin tələbəsi Rəşad Bədirli:“Yaxın gələcəkdə təklif edəcəyim layihələr Azərbaycanımızın inkişafına dəstək olacaq. Hər bir xaricdə təhsil alan gəncimizin təklifləri dəyərləndirilməli və önəm verilməlidir”
Qəzetimizin xaricdə təhsil alan tələbələrlə bağlı layihəsi davam edir. Qeyd edək ki, hazırda xaricdə təhsil alan tələbələrimizin bir qismi yay tətili ilə bağlı Vətənə dönüblər. Növbəti müsahibimiz, Doğu Akdeniz Universitetinin tələbəsi Rəşad Bədirlidir:
-Artıq üç ildir ki, mən Kiprdə
diaspor fəaliyyəti ilə məşğul oluram. 2011-ci ildə
Beynəlxalq Kipr Universtetində 1 il müddətində
ingilizcə səviyyəmi yüksəltmək
üçün hazırlıq keçmişəm. Bundan sonra bu
universitetdə təhsilimi 2013-cü ilə qədər davam
etdirmişəm. 2013-cü ildən hələ də təhsilimi
Kiprin yeganə dövlət universiteti olan Doğu Akdeniz
Universitetində davam etdirirəm. Beynəlxalq
Kipr Universitetində ingilis dilini yaxşı bildiyimə dair
sertifikat almışam. Bu sertifikatla bir
çox reytinqli universitetlərdə birbaşa təhsil almaq
imkanına yiyələnmişəm. Təhsil
aldığım universitet barəsində deyə bilərəm
ki, Şimali Kiprdə yerləşən DAU ingilis və
türk dilində təhsil verən dövlət universitetidir.
Universitet 1979-cu ildə təsis olunub və son 35 il ərzində beynəlxalq aləmdə
tanınan və akkreditasiyaları olan universitet səviyyəsinə
yüksəlib. Beynəlxalq Universitetlər Birliyi, Avropa
Universitetlər Birliyi, Aralıq Dənizi Universitetlər
Birliyi, İslam Ölkələri Universitetlər
Federasiyasının İdarə Heyətinin üzvü olan
DAU Amerikada texniki və mühəndislik proqramlarına nəzarət
edən ABET-dən ekvivalentlik sənədi alıb. Bu, mühəndislik ixtisaslarına aid olan
dünyanın ən nüfuzlu ekvivalentliyidir. Türkiyədə bu ekvivalentlik DAU-dan başqa
yalnız Orta Doğu Texnik, Bilkənt, İstanbul Texnik və
Boğaziçi Universitetlərinə verilib. DAU-nun Biznes və İqtisadiyyat fakültəsi
Türkiyənin ancaq üç universitetinin üzv olduğu
EFMD və AACSB-yə üzvüdür. DAU-nun
Turizm və Mehmanxana İşi Ali Kollecinin turizm sahəsində
tək qurum olan TEDQUAL-dan alınmış akkreditasiyası
var. DAU YÖK sisteminə daxil olan universitetlər arasında
bu tanınmaya sahib olan yeganə universitetdir. Universitet tərəfindən 180-ə yaxın
dünya universitetləri ilə qarşılıqlı əməkdaşlıq
müqaviləsi imzalanıb. İnkişaf etmiş
maddi-texniki baza, 35 ölkədən mindən çox yüksək
səviyyəli professor-müəllim heyəti, dünyanın
95 ölkəsindən 16 mindən çox tələbə,
ingiliscə təhsil proqramları, ikinci xarici dil öyrənmək
imkanı, tələbə mübadilə proqramları, zəngin
sosial mədəni mühit, akkreditasiyalar, beynəlxalq aləmdə
tanınan diplomları ilə DAU tələbələrini
yaradıcı, beynəlxalq səviyyədə rəqabətə
hazır gənclər olaraq yetişdirir və onları beynəlxalq
karyera üçün hazırlayır.
- Ötən
təhsil ilini də başa vurdun. Bu müddətdə
təhsil aldığın sahə ilə bağlı nələri
öyrənmək imkanı əldə etdin?
-
Artıq ötən təhsil ili də geridə qaldı . Demək istəyirəm ki, yalnız
öz universitetim yox, xaricdə təhsil alan
hər bir gənc xarici ölkəyə getmək elə ən
başlıca dünya görüşlərdən biri
olduğunu bilir. Bu da tələbə
üçün başlanğıcdır. Hər ötən
il tələbəyə çox şeylər
öyrədir.
“Təkcə
Kiprdə 1200-dən çox tələbə və 130-dan
çox azərbaycanlı professor və müəllim heyəti
var”
Məsələn, mənim fakültəm siyasi olduğu
üçün bir çox tədbirləri və
konfransları qaçırmıram. Bu da gələcəkdə iş
prinsiplərimi daha da möhkəmləndirir. Universitetimiz
forumlar, debatlar və bir çox proqramlarla tələbələri
beynəlxalq karyeraya doğru aparır. Ötən
ildə bir çox rəsmilərlə görüşlərimiz
oldu. Universitetimizə hətta Azərbaycandan
önəmli şəxslər gəldilər, tələbələrlə
görüşlər və müzakirələr
keçirildi. Onlara millət vəkillərimiz,
əməkdar artistlərimiz, tanınmış müğənnilərimiz
və digərləri daxildir.
- Şimali Kiprdə, o
cümlədən təhsil aldığın təhsil
ocağında azərbaycanlı gənclərin bir araya gəlməsi
üçün hansı addımlar atılır?
- Şimali Kiprdə azərbaycanlı tələbələrin
bir araya gəlməsi üçün çox işlər
görülür. Adada 1200-dən çox azərbaycanlı
təhsil alırsa, bunların hamısı bir- birlərini
tanıyırlar. Azərbaycan- Kipr
münasibətləri və tələbələri bir araya gətirmək
üçün bir çox təşkilatlar yaradılır.
Azərbaycan- Kipr münasibətlərini gücləndirəcək
varlıqlar Kiprdə təhsil alan tələbələrdir.
Azərbaycan- Kipr münasibətlərini
möhkəmləndirmək üçün yaradılan təşkilatlardan
biri də Azərbaycan Kıbrıs Dostuq Cəmiyyəti və
Azərbaycan Kıbrıs Türk Cəmiyyətidir. Bunlarla yanaşı, Yakın Doğu Universtetinin
rektor yardımçısı professor, doktor Fəxrəddin
Sadıqoğlu diaspor sahəsində böyük işlər
görüb. Onun sayəsində Kiprə
Azərbaycanın bir çox sənətkarları təşrif
buyurub. Azərbaycan Kıbrıs Dostuq Cəmiyyətinin
rəhbəri və Doğu Akdeniz Universtetinin Asiya ölkələri
üzrə koordinatoru Orxan Həsənoğlu da Azərbaycan-
Kipr münasibətlərini dərinləşdirmək yolunda
irəliləməkdədir. Bu
yaxınlarda Doğu Akdeniz Universtetində yeni bir təşkilatın
da yaranması gözlənilir. Bu təşkilat
da azərbaycanlı tələbələri bir araya toplamaq və
Azərbaycan- Kipr münasibətlərini dərinləşdirməyə
yönələcək. Hazırda Azərbaycanla
Şimali Kipr arasında çox böyük əlaqələr
mövcuddur. Turizm, təhsil, incəsənət
və digər mövzularda irəliləyiş
görünür. Dünyanın ən nüfuzlu
universitetlərindən bəziləri bu adada yerləşir.
Azərbaycanlı tələbələr də
bu universitetlərdə təhsil alır və gənc kadr
yetişdirir.
- Başa çatan tədris ilində
Azərbaycanla bağlı bir sıra tədbirlər təşkil
etmisiniz. Bu tədbirlər barədə nə
deyərdiniz?
- Ötən
tədris ilində Azərbaycanla bağlı bir çox tədbirlər
təşkil olundu. Bayramlarımız və
ağrılı, acılı yerimiz olan anım mərasimləri
də qeyd olundu, hətta aksiyalar və yürüşlərdə
keçirildi. Xocalı faciəsi ilə
bağlı videoçarx hazırlamışdıq və 30-a
yaxın qəzet və elektron jurnallarda çap olundu, hətta
televiziya kanallarımızın birində də
yayımlandı. Bununla yanaşı,
ATC-nin prezidenti Toğrulun təşəbbüsü ilə
Doğu Akdeniz Universitetində yürüş təşkil
olundu. Hətta paytaxt Lefkoşada da
yürüşlər təşkil olundu. Bundan əlavə
olaraq dünyanın dörd bir yanında təhsil alan azərbaycanlı gənclər vahid adla
videoçarx vasitəsi ilə Azərbaycan xalqını 28
May Respublika Günü münasibətilə təbrik etməsinə
səbəb olduq. Bu videoçarxda dünyanın demək olar
ki, çox ölkəsində təhsil alan
gənclər və diaspor nümayəndələri təbrikə
qoşulmuşdu. Biz Kiprdə yaşayanlara
tez-tez Azərbaycanla bağlı məlumatlar veririk və
onlara qısa məlumatlar yerləşdirilmiş
kitapçalar təqdim edirik. Hətta Azərbaycanın
tarixi və turizm zonalarını əks etdirən ingilis və
rus dilində kitablar paylayırıq. Növbəti
tədbir Kipr Beynəlxalq Universitetində gözlənilir,
bununla bağlı hazırda danışıqlar gedir.
- Orada təşkil etdiyiniz bu tədbirlər
öz bəhrəsini verirmi, yəni oradakı cəmiyyət,
xarici tələbələr ölkəmizlə bağlı həqiqətləri
qəbul edirlərmi?
- Bəli,
burada bir çox tədbirlərimiz öz töhfəsini verməkdə
davam edir. Məsələn, Xocalı ilə
bağlı keçirdiyimiz aksiyalar və
hazırladığımız videolar marağa səbəb
olur. Orada Xocalı və digər
işğal altında olan rayonlarımız haqqında təqdim
etdiyimiz məlumatlar öz bəhrəsini göstərir.
Məsələn, əvvəllər hər beş
insandan biri məlumatlı idisə, hazırda hər beş nəfərdən
4-ü Azərbaycan və düşmən tapdağı
altında olan rayonlarımız haqda tam deməsək də 90
faiz məlumatlıdırlar. Düzdür,
bütün ölkələr bizimlə həmfikir olmasalar da
çox dövlətlərin tələbələri bizimlə
həmfikirdir və bu həqiqətləri qəbul edirlər.
- Sizcə, bu gün xaricdə təhsil
alan Azərbaycan gəncləri həm təhsil,
həm də ictimai fəallığı ilə
sözünü deyə bilirmi?
- Təkcə Kiprdə 1200-dən çox tələbə
və 130-dan çox azərbaycanlı professor və müəllim
heyəti var. Digər ölkələri də
düşünsək sayımızın həddi-hüdudu
yoxdur. Hər bir azərbaycanlı öz vəzifəsini
bilir. Son illərdə xaricdə təhsil alan
azərbaycanlı tələbələrin fəallığı
həddindən çox yüksəlib. Bir çox ölkələrdən
dostlarla ünsiyyətdə olub birlikdə daha güclü
işlərə nail oluruq. Əsasən Kiprdə
aktivlik daha yüksəkdir- bunu media, qəzet, elektron jurnallar və
sosial şəbəkələrdə görmək
mümkündür. Tələbələrdə
həqiqətən də vətənpərvərlik hissi və
aktivlik çox yüksək səviyyədədir.
- Yay tətilində Vətənə
gəlmisiniz. Ötən müddət ərzində
Bakıda hansı dəyişiklik və yeniliklərin
şahidi oldunuz?
- Mən getdiyim yerə bu gün gəldiyimdə artıq onu yerində tapa bilmirəm, əvəzində hündür binalarla üzləşirəm. Yeni yolların salınması və digər işlər Azərbaycanın inkişafda olan ölkə olmasının sübutudur. Göz oxşayan parkların çoxaldılması, insanların işdən sonra istirahəti üçün çox gözəl düşüncədir. ADA və Qafqaz universitetlərinin daha da irəlilədiyinin şahidi oldum. Ümüd edirəm ki, universitetlərimiz xaricdə təhsil alan tələbələrimizin biliklərindən və bacarıqlarından da yararlanacaqlar.
- Gələcəkdə
hansı layihələri reallaşdırmaq istərdiniz?
- Gələcək üçün bir
çox layihələr var ağlımda. Amma bunu hələ
ki, paylaşmaq istəmirəm. Bu, bir sirr olaraq qalacaq. Amma yaxın gələcəkdə bu layihələrin
icrası üçün addımlar atmağa
başlayacağam. Ümid edirəm ki, yaxın gələcəkdə
təklif edəcəyim layihələr Azərbaycanımızın
inkişafına daha da dəstək olacaq. Hər bir
xaricdə təhsil alan gəncimizin təklifləri dəyərləndirilməli
və önəm verilməlidir. Biz xaricdən öyrəndiklərimizi
Vətənimizdə tətbiq etməliyik. Gənclər gələcəyin
dayağıdır. Mən xaricdə təhsil almaqla
yanaşı, həm də bir diaspor nümayəndəsi kimi
Vətən üçün əlimdən gələni əsirgəməməyə
çalışıram. Hazırda eyni zamanda Diaspor Jurnalistlər
Birliyinin Kipr təmsilçisiyəm. “Palitra” qəzetinə də
belə bir layihəni reallaşdırdığına görə,
dərin təşəkkürlərimi bildirirəm.
Nigar Abdullayeva
Palitra.-2014.-27 avqust.-S.6.