Diaspor məsuliyyəti
Diaspor quruculuğu,
lobbiçilik və dünya
azərbaycanlılarının həmrəyliyi
Dünya azərbaycanlılarının təşkilatlanması, müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrin inkişaf etdirilməsi son dərəcə önəmli məsələlərdəndir. Tarix elə gətirib ki, 50 milyondan artıq azərbaycanlının beşdə birindən də azı müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin nəzərə almaq lazımdır ki, bu, müasir dünya üçün o qədər də qeyri-təbii sayılmır. Qlobal dəyərlərin böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşları olması onların milli birliyi üçün mümkün qədər az maneə yaratmalıdır. Hər şeydən əvvəl ona görə ki, azərbaycanlıların siyasi iradəsini ifadə edən müstəqil dövləti, özünəməxsus adət-ənənələri, dili, dini, “azərbaycançılıq” ideologiyası mövcuddur.
Bu gün Azərbaycan hökumətinin diaspor siyasətinin prioritetlərindən biri də Vətənimizin hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın formalaşması, vahid bir amal ətrafında birləşdirilməsi və Azərbaycan həqiqətlərinin təbliğ olunmasıdır. Prezident İlham Əliyev hər zaman bildirib ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan Prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir. Bütün bunlar son nəticədə Azərbaycanın tanıdılmasına xidmət edir. Bunun üçün də güclü lobbi quruculuğu işi aparılmalıdır. İstənilən halda lobbiçilik işinin necə aparılmasını araşdırdıqda öncə bunun strategiya və taktikasını müəyyən etmək lazımdır. Belə olduqda bu fəaliyyət elmi metodlara əsaslanmalıdır. Bu haqda Almaniyada yaşayan gənc azərbaycanlı alim, siyasi elmlər doktoru, Frankfurt Sülh Araşdırmaları İnstitutunun (HSFK) elmi əməkdaşı Azər Babayevlə söhbət edərkən o, dedi ki, öncə müxtəlif ölkələrdə Azərbaycan diasporunun inkişafını uzunmüddətli tarixi bir proses olaraq görmək lazımdır: “Belə ki, burada zaman amili önəmlidir. Bir çox ölkələrdə diasporumuzun formalaşması yeni başlayıb. Bildiyimiz kimi, azərbaycanlıların, xüsusən də, Qərb ölkələrinə mühacirəti əsasən SSRİ dağılandan sonrakı dövrə təsadüf edir. Ümid edirəm ki, Azərbaycan diasporunun inkişafı adına, yaxın 10-20 il ərzində bu mənzərə fərqli olacaq”.
Onun fikrincə, Azərbaycanın dünyaya tanıdılması və bu zaman, habelə diasporumuzun təşkilatlanması üçün dövlət dəstəyi ilə yanaşı, qürbətdə yaşayan hər bir azərbaycanlının üzərinə də fərdi “məsuliyyət ” düşür: “Ümumilikdə isə diasporumuzun gücü bir tərəfdən müvafiq ölkədə yaşayan soydaşlarımızın kəmiyyət və keyfiyyətindən, digər tərəfdən isə diaspor nümayəndələrimiz arasında şəbəkələşmə dərəcəsindən asılıdır. Burada xüsusi bir məqam diaspor təmsilçilərinin lobbiçiliklə məşğul ola bilməsidir. Bu proses isə ilk növbədə sistemli təşkilatlanmadan başlayır. Bu zaman isə diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri dövlətlərin Azərbaycanla bağlı siyasətinin müəyyən olunmasında rol oynamağa çalışmalıdır ”.
Azərbaycan həqiqətlərinin təbliği məsələsində bir tərəfdən davamlı təşkilatlanmanın vacib şərt olduğunu deyən A. Babayev, digər tərəfdən isə bu məsələyə fərdi müstəvidə baxmaqda fayda görür: “Belə ki, hər birimiz diaspor azərbaycanlıları olaraq həm də yaşadığımız ölkələrdə Vətənimiz Azərbaycanın (qeyri-rəsmi) elçiləri olmağı bacarmalıyıq. Bu zaman unutmamalıyıq ki, bizlərin diasporda qazandığı hər bir şəxsi uğurumuz həm də Azərbaycanın ən gözəl, ən təbii tanıdımı və təbliğidir. Buna görə arzu edirəm ki, millətimiz dünyada ilk növbədə böyük, qabiliyyətli oğulları və qızları ilə tanınsın, millətlər içində layiqli imzasını atsın”.
Lobbiçilikdə müasir informasiya texnologiyalarının rolu
Hazırda dünyanın əksər ölkəsində 460-a yaxın Azərbaycan icması fəaliyyət göstərir. Artıq diasporumuz təşkilatlanma prosesini arxada qoyub və praktik mərhələdə məqsəd Azərbaycan həqiqətlərini təbliğ etməkdir. Yəni, artıq Azərbaycan lobbisi formalaşıb və onların fəaliyyətində müasir informasiya texnologiyalarının da tətbiqinin əvəzsiz rolu var. Diaspor təşkilatlarımız dünya azərbaycanlılarının həmrəyliyinin informasiya təminatı istiqamətində ana dilində və ya yaşadıqları ölkələrin dövlət dilində KİV təsis etmək, milli icma üzvləri və yerli əhali arasında təbliğat və maarifçilik işi aparmaq hüququna malikdirlər. Azərbaycanlı icmalar fəaliyyət göstərdikləri ölkələrin KİV-ləri ilə əlaqələrini yaxşılaşdırmalı, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesi davam etdirilməlidir. Ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən və Azərbaycan lobbisinin təşkilinə yardım göstərə biləcək alim, siyasətçi və jurnalistlərlə, soydaşlarımızın yaşadıqları ölkələrin və digər dövlətlərin QHT təmsilçiləri ilə sıx əlaqələr qurulmalı, onlarla məqsədyönlü iş aparılmalıdır. Azərbaycanın virtual məkanda coğrafi adları, mövcud reallıqları, mənəvi dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri ilə geniş təmsil olunması istiqamətində tədbirlər görülməlidir. Bununla yanaşı, xarici ölkə yazıçılarının və alimlərinin Azərbaycan haqqında əsərlərinin yayılması və təbliğinə ehtiyac var. Ən əsası isə müxtəlif metod və texnologiyaların tətbiqi yolu ilə Azərbaycanın məruz qaldığı haqsızlıqlar, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda “erməni soyqırımı ” iddialarının ifşası məqsədilə tədbirlər görülməlidir.
Diaspor təşkilatları və onların nümayəndələri Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişaf səviyyəsi ilə bağlı mövzulara həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsində, KİV-də Azərbaycan haqqında materialların dərc olunmasında, xarici KİV nümayəndələrinin Azərbaycana səfərlərinin təşkilində aktiv olmalıdırlar. Eyni zamanda xaricdəki soydaşlarımız Azərbaycanın tarixi, mədəniyyəti, etnoqrafiyası və müasir həyatından bəhs edən kitab və plakatların və digər əyani təbliğat vasitələrinin nəşrində daha fəal iştirak etməlidirlər.
Azərbaycan diasporunun erməni lobbisinə qarşı
effektiv mübarizə yolu
Bu gün Azərbaycan diasporu özü hücum mövqeyindədir və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla erməni lobbisinin antiAzərbaycan fəaliyyətini heçə endirir. Lakin Azərbaycan diasporu bu məsələlərə daha çox diqqət yetirməli, bəzi ölkələrdə Azərbaycan haqqında erməni diasporu və lobbisi tərəfindən formalaşdırılmış yanlış təsəvvürlərin aradan qaldırılması üçün öz imkanlarını maksimum dərəcədə səfərbər etməyə çalışmalıdır. Çünki ermənilər hələ də xarici KİV-də əleyhimizə yazılarla çıxış edir və ya pul ilə ələ alınmış əcnəbi jurnalistlərdən istifadə edirlər. Bundan başqa, müxtəlif ölkələrin internet saytlarında Dağlıq Qarabağ müstəqil ölkə və ya Ermənistanın tərkib hissəsi kimi göstərilir.
Qeyd edək ki, erməni lobbi təşkilatlarının bizə qarşı mütəmadi qaydada mübarizə aparmasına qarşı çıxmaq üçün artıq dövlət səviyyəsində tədbirlər görülməkdədir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı bildirib ki, haqqımızda xarici mətbuatda gedən yazıların böyük əksəriyyəti erməni müəllifləri tərəfindən, bəzi hallarda başqa adlarla yazılır, yaxud da erməni lobbi təşkilatları tərəfindən maliyyələşdirilir: “Bunun qarşısına biz öz gücümüzü qoymalı, Azərbaycanın uğurlu inkişafını təmin etməli, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə çalışmalıyıq ”.
Bu məsələdə Azərbaycan diasporunun da üzərinə böyük məsuliyyət düşür. Onların bu cür faktlarla real olaraq birbaşa qarşılaşması şəksizdir. Milli diasporumuzun bu işdə fəal olan təşkilatlarından bir də Ukraynadakı Qafqaz xalqları Konqresidir. Konqresinin sədri Paşa İlisuyskiyinin (Məmmədov) fikrincə diaspor işindən lobbizmə keçmək lazımdır: “Bizim birinci məqsədimiz erməni lobbisini zəiflətmək olmalıdır. Biz erməni lobbisinə qarşı qanun çərçivəsində mübarizə aparmalıyıq. Əvvəla, erməni terror təşkilatları ifşa olunmalıdır. Bundan başqa, ermənilər qeyri-qanuni olaraq Azərbaycanın regionları adına təşkilatlar yaradırlar. Məsələn, Kanadada Naxçıvan-Kanada erməni cəmiyyəti (Nakhijevan Armenian Compatriotic Union Of Canada) fəaliyyət göstərir. Bunların hamısını araşdırıb tapmalı və ermənilər məsuliyyətə cəlb edilməlidir. Bu təşkilatların qeyri-qanuni olduğunu səfirliklərimiz, diplomatlarımız, eləcə də diasporumuz araşdırıb üzə çıxarmalıdır. Azərbaycanı sevən siyasətçilər, elm adamları, deputatlar, biznesmenlər və s. sahələrdə olan əcnəbiləri diasporumuz öz ətrafında cəmləşdirməlidir”. Onun sözlərinə görə, bunu səfirliklərimiz yönəltməlidir: “Yəni hər bir dövlətdə bizim siyahımız olmalıdır. Bir-azərbaycanpərəst, iki-neytral, üç-ermənipərəst. Bu istiqamətdə yəhudilər çox güclü işləyirlər. Biz də azərbaycanpərəst siyasətçiləri dəstəkləməliyik. Azərbaycanpərəst biznesmenlərə şərait yaratmalıyıq. Neytral və ermənipərəst siyasətçiləri ələ almağa çalışmalıyıq. Təbii ki, paralel olaraq erməni lobbisinə qarşı da qanuni şəkildə iş aparmalıyıq. Əlbəttə ki, bu işin başında maliyyə dayanır. Ölkəmizin iqtisadi inkişafı, bu gün bu sahədə iş aparmağa labüd şərait yaradır, lakin bu resurslardan səmərəli istifadə olunmalıdır. Artıq, bu gün diasporumuz formalaşıb. İndi biz bu diasporu lobbiçiliyə yönləndirməliyik. Təşkilati olaraq da diaspora səfirliklər dəstək olmalıdır. Diasporumuz birləşib səfirliklərlə birgə fəaliyyət göstərməlidir. Yəhudi, erməni və gürcülərin diplomatik orqanları xaricdəki vətəndaşlarına köməklik göstərməkdən əlavə, onları lazımi istiqamətdə yönəldirlər”.
Azərbaycan diasporu erməni lobbisinə qarşı effektiv mübarizə aparmaq üçün ildən-ilə daha da güclənməli, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar cəmiyyətə daha yaxşı inteqrasiya olmalı, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirakı artmalı, onların bu ölkələrin ictimai-siyasi proseslərinə təsir imkanları genişlənməlidir.
İndiki mərhələdə diasporumuzun qarşısında əsas məqsədlərdən biri də yaşadıqları ölkədə digər xalqların diaspor təşkilatları ilə əməkdaşlıq etməkdir. Zərurət yarandıqda onlarla bir mövqedən çıxış edə bilmək və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında onların dəstəyini qazanmaqdır. Bu baxımdan xarici ölkələrdə yaşayan soydaşlarımızın türk diaspor təşkilatları ilə əlaqələrini və birgə fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Tarixi proseslərin gedişi dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı və türkün qüvvəsinin iki dövlətin ümumi maraqlarının müdafiəsinə istiqamətləndirilməsini, Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə siyasi, iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsini, onun intellektual potensialından istifadəni zəruri edir.
Fuad Hüseynzadə
Palitra.- 2014.- 2 dekabr.- S.10.