Elməddin Zərbəlizadə:” Gələcəyə
ümidlə baxırıq”
“Ukraynadakı millətlər arasında fərqlənib, aktiv olmaq çox vacibdir”
Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Ukraynada ali təhsilini davam etdirən aktiv gənc Elməddin Zərbəlizadədir. Bu savadlı və bacarıqlı gənclə olan müsahibəni oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz?
-Mən, Elməddin Zərbəlizadə 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta məktəbi Sumqayıt şəhər Təfəkkür liseyində oxumuşam. Orta təhsilimi uğurla aldıqdan sonra, 2010-cu ildə ali təhsil almaq üçün Ukraynanın Kiyev şəhərinə gəldim.
- Xaricdə təhsil almaq arzunuz barədə də söz açardınız. Niyə məhz Ukrayna?
-Ümumiyyətlə uşaq yaşlarımdan mənim və valideynlərimin istəyi olub ki, xaricdə təhsil alım. Bu istək üzərindən gələcəyimi bu ölkədə, məhz Ukraynada qurmaq qərarına gəldim. Bu qərarda da, Ukrayna və Azərbaycan dövlətləri arasında olan qardaşlıq münasibətləri az rol oynamadı. Yəni ki, əgər iki dövlət arasında yüksək səviyyəli münasibətlər qurulursa, orada tələbə-təhsil mübadiləsi də müsbət yöndə inkişaf edir. Bu mənada niyə də məhz Ukraynanı seçməyək? Ukrayna bir sıra sahələrdə olduğu kimi, təhsil sahəsində də Azərbaycana öz qapılarını geniş açıb.
-Oxuduğunuz ali məktəb haqqında söz
açardınız. Təhsil, tədrisin səviyyəsi
sizi qane edirdimi?
-Mən bakalavr təhsilimi Kiyev Dövlət İqtisad Universitetində almışam,
hazırda da Kiyev Dövlət Nəqliyyat Universitetində
magistr üzrə təhsilimi davam etdirirəm. Bildiyimiz kimi, Ukraynada 800-dən artıq ali
təhsil ocağı
var. Ukraynada hazırda
qabaqcıl dövlət
universitetlərində sınaqdan
keçmiş sovet təhsil sisteminin və yeni Avropa
təhsil modelinin ortaq sintezi tətbiq
edilir. Bu da Ukraynaya, sözün əsl mənasında təhsil almaq üçün gələn
gənclərə savadlı
bir mütəxəssis
kimi yetişməyə
imkan yaradır.
- Ukrayna da çoxmillətli
ölkə olduğu üçün burada diaspor fəaliyyəti çox vacibdir. Diaspor işlərində necə,
aktivlik göstərirsinizmi?
-Ukraynaya təhsil almağa gəldiyim ilk vaxtlardan səfirliyimizin və burada fəaliyyət göstərən
diaspor təşkilatlarımızın
keçirdiyi tədbirlərdə
aktiv şəkildə
iştirak etmişəm.
Bu gün də
Ukraynada fəaliyyət
göstərən “Ümumukrayna
Azərbaycanlı Gənclər
Təşkilatının” icraçı
direktoru olaraq, fəaliyyətimi daha yüksək səviyyədə
davam etdirirəm.
Verdiyimiz
ideyalar və keçirdiyimiz tədbirlərlə,
istər ukraynalı, istər azərbaycanlı
gənclər arasında
müsbət mənada
fərqlənməyə çalışıram.
Bundan sonra da, istər təşkilatımız adına, istərsə
də öz adıma Azərbaycan naminə səmərəli
fəaliyyət göstərməyə
hazıram. Çünki bu, mənim
xaricdə yaşayan azərbaycanlı olaraq borcumdur. Düşünürəm
ki, nəinki hər bir xaricdə
təhsil alan
gəncimiz, eləcə
də başqa ölkələrdə yaşayan
soydaşlarımız da
ölkəmiz, millətimiz
adına olan bütün tədbirlərdə
aktiv olmalı, təbliğat kampaniyalarında
yaxından iştirak etməlidirlər.
- Yeri gəlmişkən, elə soydaşlarımızın
oradakı fəaliyyəti
barədə də söz açardınız.
Azərbaycanlılar nə kimi işlərə baş vururlar, sadaladığınız
təbliğat tədbirlərində
aktivlik göstərirlərmi?
-Ukraynada yaşayan və təhsil alan tələbələrimizin
içində ictimai fəal gənclərimiz çoxdur. Baxmayaraq ki, Ukraynaya oxumağa
gələn gənclərimizin
əksəriyyəti vətənimizdə
ali təhsil
ocaqlarına qəbul olmayandır, amma ixtisaslı, savadlı gənclərimiz də az deyil. Barəsində söz açdığımız
savadlı gənclər
bacardıqları qədər
həm təşkilatımızda,
həm də diaspor fəaliyyətində
özlərini aktiv şəkildə göstərirlər.
Burada yaşayan soydaşlarımızın
əksəriyyəti isə
Ukraynaya ötən əsrin sonlarında işləmək üçün
gələnlərdir. Onların arasında da dövlətçilik ənənəmizə
sadiq olanlar çoxdur. Ümumilikdə, onu da vurğulamaq istərdim ki, hər şey
təbliğatdan, aktivlikdən
asılıdır. Ukraynada qeyri-millətlər
çoxdur. Amma onların
arasında fərqlənib,
aktiv olmaq çox vacibdir.
-Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı
durumunu necə xarakterizə edərdiniz?
-Azərbaycan gəncliyinin hazırkı durumu digər ölkələrdəkindən
çox irəlidədir.
Gənclər sektorunda son illərdə
formalaşan vətəndaş
cəmiyyətləri bunun
bariz nümunəsidir.
Mən bir ictimai fəal
gənc olaraq, dövlətimizin gənclər
barədə apardığı
siyasəti çox yüksək qiymətləndirirəm.
Müşahidələr aparanda belə
qənaətə gəlmək
olar ki, gənclər siyasətinin
bu şəkildə davam etdirilməsi ümumilikdə cəmiyyətimiz
üçün çox
xeyirlər verəcək.
Nəticədə , gələcəkdə dövlətçiliyimizin də
əmin əllərdə
olacağını deyə
bilərik.
- Son illərdə ali
təhsil ocaqlarında
oxuyan tələbələrimizin
xarici ölkələrdə
təhsillərini davam
etdirməsi halları
da çoxalıb. Bununla bağlı dövlət proqramları da həyata keçirilir.
Bunu necə dəyərləndirərdiniz?
- Bəli, haqlısınız.
Belə hallar çoxalıb.
Son illərdə gənclərimizin xaricdə
təhsillə bağlı
maraqlarını da çox yüksək dəyərləndirirəm. Bildiyimiz kimi, xaricdə təhsilin gənclər üçün
bir çox üstün cəhətləri
var. Bura dünyagörüşü,
fərqli millətlərdən
dost qazanmaq, onların
mədəniyyətlərini mənimsəmək və
ən əsası, sözlə ifadə olunmayacaq dərəcədə
təcrübə əldə
etmək kimi amillər daxildir. Bununla bağlı dövlətin
apardığı proqramlar
gənclərə öz
gələcəklərini qurmaqda
kömək olur.
Təməli ümummilli
lider Heydər Əliyev tərəfindən
ötən əsrin
70-80-ci illərində qoyulan
xaricdə təhsillə
bağlı aparılan
siyasət bir çox həmvətənlərimizin
SSRİ-nin əksər
möhtəşəm universitetlərində
ali təhsil
əldə etməsinə
şərait yaratdı.
Hazırda da İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bu gün də dünyanın xeyli aparıcı universitetlərinin
adlarını sadalamaq
olar ki, hər il
o təhsil ocaqlarına
kifayət qədər
azərbaycanlı tələbə
qəbul olur, dövlət də onların təhsilini diqqətdə saxlayıb,
qayğı göstərir.
Qısası, inkişaf göz
önündədir, və
ümumilikdə iqtisadiyyatımızın
inkişafı tələb
edir ki, cavan, perspektivli kadrlar yetişsin. Bu səbəbdən də, xaricdə təhsil alıb geri dönən tələbələrimizə xeyli
imkanlar açılır.
Düşünürəm ki, belə davam etsək yaxın illərdə Azərbaycan bütün sahələrdə kadr siyasətində xeyli uğurlar əldə edəcək.
-Bəs ümumiyyətlə,
ölkədə gənclərimiz,
tələbələr üçün
yaradılan şərait
necə, sizi qane edirmi?
-Mən bir ictimai
fəal gənc olaraq, dövlətimizin gənclər barədə
apardığı siyasəti
çox yüksək
qiymətləndirirəm. Ölkəmizdə gənclərə yaradılan
şəraitdən çox
razıyam. Son illərdə gənclərə
dəstək üçün
yaradılan dövlət
idarələri, fondlar
gənclərimizə fəaliyyətlərini
daha da yüksək
səviyyəyə qaldırmağa
imkan verir. Tələbələrimiz də inkişafdadırlar.
İlbəil təhsilimizdə inkişaf nəzərə
çarpır. Düzdür, hələ ki tam razı qala bilmərik, amma son zamanlarda bir çox yeniliklər və görülən işlər gələcəyə
ümidlə baxmağa
əsas verir.
-Özünüzün gələcək
planlarınız barədə...
-Gələcək planlarım təhsilimlə bağlıdır. Təhsilimi tam şəkildə bitirmək istəyirəm, bununla bərabər, diaspor fəaliyyətimi daha şəbəkəli və faydalı davam etdirmək istəyirəm. Fürsətdən istifadə edib, sizə və ümumilikdə redaksiyanıza dərin təşəkkürümü də bildirirəm. Biz aktiv gəncləri yada salıb, cəmiyyətə təqdim edirsiniz.
Tural
Palitra.- 2014.- 2 dekabr.-
S.6.