“Gənclər Evinin əsas məqsədi gəncləri həyata hazırlamaqdır”

 

 

Bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir”

Müsahibimiz Gənclər Evinin direktoru Gülnar Zamanovadır. Gülnar Zamanova 1994-2005-ci illərdə Salyan şəhər A. Pənah adına 1 saylı orta məktəbdə təhsil alıb, 2006-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. O, bir çox tədbirlər və layihələrdə fəal iştirak edib. 2010-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurub. Gənclər Evində fəaliyyətə 2013-cü ilin fevral ayından başlayıb. Bir neçə yerli və beynəlxalq layihələrin kordinatorudur. 2013-cü ilin sentyabr ayından 2014-cü ilin oktyabr ayına qədər Gənclər Evində tədris işləri üzrə rəhbər vəzifəsində çalışıb. Hazırda isə Gənclər Evinin direktoru vəzifəsində çalışır.

 

- Gülnar xanım, Gənclər Evi bugünkü fəaliyyətində hansı işləri görür?

- Gənclər Evi layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Dünya Türk Gəncləri Birliyi İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilir. Bildirirəm ki, Gənclər Evi bugünkü fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilib, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının tələblərinə uyğun olaraq qurulub. Gənclər Evinin bugünkü fəaliyyətində əsas məqsədi gənclərin həyatına hazırlığı, rəqabət əsaslı iqtisadi sistemdə peşə və sənət sahibi olmaları, təlim və tədris imkanlarından istifadə edərək peşəkar vərdişlərinin təkmilləşdirilməsini həyata keçirməklə gənclərin məşğulluq problemlərinin həllinə yardım etməkdir.

-Gənclərin müasir həyatda addım atması üçün Gənclər Evi layihəsi hansı təşəbbüsləri irəli sürür?

- Gənclər Evi layihəsi Azərbaycanda yaşayan, yaşı 15-dən 35-ə qədər olan gənclərin mədəni, siyasi, bədii, idman və gənclik sahələrində fərdi inkişaflarına, ölkələrinə faydalı fərd olmaları istiqamətində tədbirlərdə iştirak edərək, müxtəlif düşüncəli insanlardan təcrübə qazanmalarına yardım edir. Gənclər Evi Mədəniyyət, İncəsənət və Elm Evi proqramları həyata keçirilməklə, gənclərin sosiallaşması üçün ömür boyu müxtəlif öyrənmə metodlarının yer aldığı fərqli təhsil proqramlarını tətbiq edirictimai yenilənməyə söykənən inkişaf mərhələlərindən gənclərin maksimum faydalanması üçün geniş imkanlar yaradır.

Layihə 2 mərhələdə həyata keçirilir:

1-ci mərhələ Gənclik və Mədəniyyət evlərinin yaradılması və ictimaiyyətə tanıdılması;

2-ci mərhələdə Gənclik və Mədəniyyət evlərinin gücləndirilməsi, gənclərin iştirakının təmin edilməsi.

Layihə ilk növbədə Azərbaycanın paytaxtı Bakı şəhərində reallaşır. Gənc əhalinin aktivlik faizi qiymətləndirilərək, digər şəhər və rayonlarda da həyata keçiriləcək.

İlk növbədə gənclərin ən çox ehtiyac duyduqları kurslar təşkil olunmaqdadır. Bunlar marketinq, “fundraising” (Vəsaitayırma), liderlik, media, ingilis dili, kompüter, rus dili, fransız dili, koreya dili, alman dili, italyan dili, “Smart class” (Ağıllı sinif) kursları həyata keçirilir.

İkinci mərhələdə isə daha çox sahə üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Sahələrə görə proqramlar əsasən, bacarıq inkişaf etdirmə proqramları, sosial-mədəni, məşğulluq, ictimai həssaslıq və gənclik sosial inkişaf proqramlarıdır.

Ən böyük vəzifə Azərbaycan gənclərinin gəncliyin problemlərini görmələri, səciyyələndirmələri və həll etmələri üçün təşəbbüs göstərmələrinə şərait yaratmaq, gənclərin daxili qəraralma prosesində iştirak etməsini asanlaşdıran tədbirlər görmək, ictimai inkişaflarını dəstəkləmək, peşə bacarıqlarını inkişaf etdirmək istiqamətindəki tədbirlərdə iştirak etmək və kütləvi problemlər qarşısında həssaslığını artıraraq, cəmiyyətdə liderlik rolunu görməsini təmin etmək, Azərbaycanın güclü lobbilərinin yaranması istiqamətində aparılan işləri əlaqələndirmək, dəstəkləmək və icra etmək məqsədi ilə müxtəlif fəaliyyətlərin mərkəzi halına gəlməkdir.

Qeyd edək ki, Gənclər Evi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir.

-Qloballaşan dünyada inteqrasiya məsələlərini necə qiymətləndirirsiniz?

- Bu gün qloballaşmaya ümumi mənada dünyalaşmaya qlobal inteqrasiya kimi tərif verilir.

Qloballaşma ölkələrin sahib olduqları maddi və mənəvi dəyərlərin çərçivəsində əmələ gəlmiş münasibətlərin milli hüdudları aşaraq, dünya səviyyəsində yayılması, fərqliliklərin bütünlükuyğunlaşma adı altında birləşməsidir.

Qloballaşma mahiyyət etibarilə dünya dövlətlərinin bütövlüyünün, mədəni, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan götürülməsinə xidmət etməlidir.

Ulu öndər Heydər Əliyev qloballaşma şəraitində milli-mənəvi dəyərlərin, milliliyin, milli özünəməxsusluğun, azərbaycançılığın qorunub saxlanılmasına xüsusi əhəmiyyət verirdi. O, qloballaşmanın, ümumbəşəri dəyərlərin ön plana çəkilməsinə, milli-mənəvi dəyərlərin isə arxa plana keçirilməsinə qarşı çıxaraq, milliliklə ümumbəşəriliyin vəhdəti ideyasını irəli sürür, göstərirdi ki, biz başqalarından öyrəndiyimiz kimi, başqaları da bizdən öyrənməlidir. Hansı millətdə hansı milli-mənəvi keyfiyyət üstündürsə, onun bütün bəşəriyyət tərəfindən qəbul olunması ideal qloballaşma modelinə daha çox uyğun olmalıdır.

Ulu öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarını birləşdirən əsas amilin azərbaycançılıqla vəhdətdə olan milli-mənəvi dəyərlər olduğunu dönə-dönə qeyd edirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.”

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” - ulu öndərin böyük fəxarətlə dediyi bu sözləri indi hər bir Azərbaycan vətəndaşı iftixarla söyləyir.

- Azərbaycan gənclərində əsas perspektivi nədə görürsünüz?

- Azərbaycan gənclərində əsas perspektivləri dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılmasında, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsində, gənclərin məlumatlılığının artırılmasında, gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığında, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda fəal iştirakında görürəm.

-Gənclər dövlətin yaratdığı şəraitdən lazımınca istifadə edə bilirlərmi?

- Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə, Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edib.

Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramı qəbul olunub.

Dövlət proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

Dövlət proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və müəyyən uğurlar əldə olunub. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilib, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilib. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb və bu sahədə irəliləyişlərə nail olunub. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdiriblər.

-Azərbaycanın dünyada tanınmasında gənclərimiz hansı sahədə daha çox üstünlük təşkil edir? Onların bu sahədə fəallığını artırmaq üçün hansı işlər görülməlidir?

- Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir ki, bunu bütün cəmiyyət alqışlayır. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Artıq dövlətin məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir. Bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir. Hər bir vətəndaş tutduğu yerindən asılı olmayaraq, öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu var. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz gənclik təmin etməliyik.

- Gənclər Evinin rəhbəri olaraq, Azərbaycan gəncləri üçün nəyin önəmli olduğunu düşünürsünüz?

- Sizin sualınıza ulu öndər Heydər Əliyevin sözləri ilə cavab vermək istərdim. O, deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.

Xəyalə GÜNƏŞ

Palitra.- 2014.- 3 dekabr.- S.13.