Milli musiqimizə ehtiramım müəllimlərimdən mənə əmanətdir”

 

Könül Xankişiyeva: “Məmməd Quliyevin yaradıcılığının ən gurultulu uğurları və böyük təsir bağışlayan nailiyyətləri məhz simfoniyaları ilə bağlı olub”

Müsahibimiz Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Humanitar Kollecinin musiqi tarixi və nəzəriyyəsi fənninin müəllimi Xankişiyeva Könül Hümbət qızıdır:

 

- Könül xanım, musiqi yaradıcılığınızda hansı mövzular üzərində çalışırsınız?

- Yaradıcılığımın böyük bir qismini mən XX əsrin II yarısı Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr etmişəm. Bunlardan istedadlı və özünəməxsus dəst-xətti ilə seçilən Afaq Cəfərova, Məmməd Quliyev kimi bəstəkarları qeyd etmək olar.

Bu bəstəkarların musiqisi hər zaman marağa səbəb olubmusiqi ictimaiyyətinin diqqətini cəlb edib. Bununla belə, çox təəssüf ki, onların yaradıcılığı musiqi tədqiqatçılarının nəzərindən kənarda qalıb və elmi-nəzəri cəhətdən araşdırılmayıb.

- Tədqiqatlarınızı hansı musiqi janrlarına yönəldirsiniz?

- Tədqiqat apardığım işlərdə, qeyd etdiyim bəstəkarların yaradıcılıq irsinin janr müxtəlifliyinə baxmayaraq, simfoniya janrı məndə çox diqqət cəlb etdi.

Bəstəkar Məmməd Quliyev yeddi simfoniyanın müəllifidir. Bu simfoniyalar onun bütün yaradıcılığı ərzində meydana çıxıb və təbii ki, müəllifin yaradıcılıq axtarışları və tapıntılarını ifadə edib. Təəccüblü deyil ki, Məmməd Quliyev yaradıcılığının ən gurultulu uğurları və böyük təsir bağışlayan nailiyyətləri məhz simfoniyaları ilə bağlı olub.

Simfoniyaya münasibətdə bəstəkarın bütün yaradıcılığı boyu sabitlik nümayiş etdirməsi bir tərəfdən hörmətə layiqdir, digər tərəfdən isə qanunauyğun olaraq, marağa da səbəb olur. Məmməd Quliyevin yeddi simfoniyası məzmun baxımından, silsilənin şərhi nöqteyi-nəzərindən, eləcə də dramaturgiyadil xüsusiyyətləri etibarilə bir-birindən fərqlənir. Bununla bərabər, bəstəkarın simfoniyaya münasibəti dəyişilməz qalır. Məmməd Quliyev simfoniyanın rolunu həmişə dərk edib, qiymətləndirib. Simfoniya bəstəkar üçün heç zaman ötəri janr olmayıb. Əksinə, simfoniya onun ciddi yaradıcılıq axtarışları və düşüncələrinin, yaşadığı və dərindən duyduğu hisslərin məhsulu kimi meydana çıxmışdı. Odur ki, hər bir simfoniya bəstəkar üçün vacib olan ideya-bədii məna daşıyıcısıdır.

Heç şübhəsiz, simfoniya Məmməd Quliyevin yaradıcılığında son dərəcə vacib yer tuturonun yaradıcılığında ana xətti kimi keçən bir janr kimi özünü göstərir. Bəstəkar simfoniyalarının Azərbaycan musiqisində rolu və əhəmiyyəti də olduqca vacibdir.

-Bəstəkar Məmməd Quliyevin simfoniyalarını təhlil etdiyiniz zaman hansı xüsusiyyətləri araşdırmısınız?

- Deyə bilərik ki, Məmməd Quliyev təkrarolunmaz dəst-xəttə malik olan istedadlı simfonistdir. Onun simfoniyaları Azərbaycan simfoniya tarixində özünə layiqli yer tutur.

Burada hər bir simfoniya ayrı-ayrılıqda bəstəkarın yaxşı düşünülmüş və müəyyən məqsədə yönəldilmiş işini təsdiq edir. Onun simfoniyalarının taleyi bu əsərlərin məzmunu və musiqi dili, eləcə də silsilə həlli və dramaturji traktovkasına görə son dərəcə müxtəlifdir. Bununla bərabər, xüsusi olaraq qeyd etmək istəyirəm ki, simfoniyalardan hər birində janrın təbiətini həssaslıqla duyanbu janrda əhəmiyyətli və mənalı nümunələr yaratmağa cəhd göstərən ustadın xəttini hiss etmək mümkündür.

Bəstəkarın yeddi simfoniyası bir növ, onun həyat və yaradıcılığının özünəməxsus tarixçəsidir. Burada ölkə taleyi ilə şəxsi məsələlər bir-birinə sarmaşır, gizlin, subyektiv olanları obyektivdən, ictimai məna ifadə edən şeylərdən ayırmaq çətinləşir, yaxud əksinə. Öz təbiəti etibarilə düşüncəli və ciddi bir insan olan Məmməd Quliyev, böyükciddi, parlaq və nəhəng məsələlər barəsində danışmağa imkan yaradanonu geniş dinləyici auditoriyasına ünvanlandırmağı mümkün edən simfoniyanı özü ilə həmahənglik yaradan bir janr hesab edib.

Qeyd etmək zəruridir ki, Məmməd Quliyev simfoniyalarının heç birində təkrarlanmır və bu cəhət bəstəkarın simfonik təfəkkürünün səciyyəvi xüsusiyyətinə çevrilir. Əlavə edək ki, öz yaradıcılığında heç də hər bir sənətkar təkrarlanmaqdan yan keçməyi bacarmır. Məmməd Quliyev isə buna müvəffəq olurbu cəhət ona hörmət və ehtiram qazandırır.

-Azərbaycan musiqi tarixi haqqında araşdırmalarınız olubmu?

- Ümumiyyətlə, hansı bir Azərbaycan bəstəkarlarının yaradıcılığını təhlil edərək, biz Azərbaycan musiqi tarixinə müraciət edirik. Bəstəkarın yaşadığı dövrdə baş verdiyi tarixi hadisələr, o dövrün ab-havası istər-istəməz müəllifin əsərlərində əks olunur. Ona görə də biz hər hansı bir əsər üzərində araşdırma apardıqda, dərhal Azərbaycan musiqi tarixinə müraciət etmiş oluruq.

-Məmməd Quliyevin bəstəkar olaraq əsas fərqləndirici xüsusiyyəti nə olub?

- Azərbaycanda bəstəkar musiqisinin kökündən dəyişərək, yeniləşmə prosesində ən mühüm cəhət Şərq və Qərb ənənələrinin üzvi bir surətdə vəhdəti idi. Əgər XX əsrin əvvəllərində Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli milliAvropa musiqi mədəniyyətinin klassik üslub zəminində birləşdirilməsini həyata keçirmişdirsə, 60-cı illərdə Qarayevonun tərəfdarları analoji problemi bir qədər fərqli bədii-üslub çərçivələrində həll etmişdilər. Bütün bu cəhətlər bəstəkar qarşısında daha mürəkkəb və geniş imkanlar açmaqla yanaşı, eyni zamanda böyük tələblər və ilk növbədə professionalizm də irəli sürürdü.

Beləliklə, milliAvropa ənənələrinin sintez ideyası yeni bir şəkildə birləşməyə doğru gedir. Şərq və Qərb musiqi mədəniyyətlərinin bir-birinə yaxınlaşması artıq sadə deyil, daha mürəkkəb və dərin zəmində özünü göstərməyə başlayır.

Bu mənada Məmməd Quliyev öz müəlliminin layiqli davamçısı oldu. O, dövrün novator ruhunu həssaslıqla duya bildibu da onun yaratdığı musiqidə dərhal ifadəsini tapdı. Beləliklə, XX əsrin II yarısına xas olan aparıcı tendensiyalar bəstəkarın yaradıcı taleyində son dərəcə aydın şəkildə özünü göstərdi.

Qeyd etmək lazımdır ki, Məmməd Quliyevin bir sənətkar kimi təşəkkül tapmasında, onun bütün sonrakı yaradıcılıq fəaliyyətində Şərq və Qərb musiqisi daimi şəkildə hökm sürüb. Başqa sözlə desək, bəstəkar öz musiqisində Üzeyir Hacıbəylinin ən əhəmiyyətli vəsiyyətlərindən birini - milliAvropa musiqi mədəniyyətlərinin sintez ənənələrini üzvi şəkildə, ustalıqla həyata keçirib. Xatırlatmaq yerinə düşər ki, Məmməd Quliyev tar təhsilini görmüş ifaçı idio, milli musiqinin təbiətinə heç kimin malik olmadığı qədər yaxından bələd idi. Milli musiqini tam mənada öz barmaqları ilə hiss edərək o, əlbəttə ki, hər bir muğamın gözəlliyini və orijinallığını çox gözəl duyur, xalq və aşıq musiqisinin məharətlə təşkil olunmuş lad xüsusiyyətlərini dərindən bilirdi. Bəstəkara ehtiram əlaməti olaraq qeyd edək ki, o, milli musiqiyə dair biliklərinə münasibətdə heç bir zaman iddialı olmayıb və xüsusən də, onu tələb olunandan artıq, yaxud da əbəs yerə sərf etməyib. Bu mənada bəstəkar həmişə vicdanlı bir sənətkar olubömrünün son günlərinədək belə də qalıb.

-Tələbələrinizin musiqi duyumunu, milli ladları mənimsəmələrini necə dəyərləndirirsiniz?

- Bu gün bizim milli musiqimizə daha böyük diqqət yetirilir. Hər il Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Muğam müsabiqələri və festivalları keçirilir. Bir çox tələbələrimiz müxtəlif ölkələrdə milli musiqimizi layiqincə təbliğ edirlər. Bu da öz növbəsində gənc nəsil üçün milli musiqiyə, milli mədəniyyətə böyük maraq oyadır.

- Bundan sonrakı elmi işlərinizdə hansı mövzulara yanaşmaq istəyirsiniz?

- Ölkəmizdə yazdığı simfonik əsərləri elmi-nəzəri nöqtəsindən araşdırılmayan və xalqa tanıtdırılmayan bir çox gənc istedadlı bəstəkarlarımız var. Bu baxımdan, mənim fikrimcə, belə mövzuların araşdırılması təqdirəlayiqdir.

-Sənətinizin həyatınızda rolunu necə qiymətləndirirsiniz?

- Mənim sənətim həyatımda vacib yerlərdən birini tutur. Çünki musiqi, həyatımın elə bir zirvəsində dayanıb ki, mən bu zirvədə sanki, Üzeyir bəyin işığını görürəm. Milli musiqimizə ehtiramım isə müəllimlərimin mənə qoyduğu bir əmanətdir. Mən də bu əmanəti sahiblənərək, gələcək nəsillərə qüsursuz ötürməyə çalışıram. Bu şərəfli yolumu da qürurla addımlayıram.

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-11 dekabr.-S.13.