“Akademik fəaliyyətlə
məşğul olmaq niyyətim var”
Avstraliyada təhsil alan Rəşad
Paşazadə: “Ali təhsil səviyyəsinin yüksəldilməsi
üçün xaricdə təhsil almış gənclərin
köməyindən yararlanmaq lazımdır”
Xaricdə təhsil
alan gənclərlə bağlı
rubrikamızın qonağı Avstraliyada
təhsil alan Rəşad Paşazadədir.
(Əvvəli
04.12.2014 tarixində)
- Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Çox sevindirici haldır ki, ölkəmizdə yeni qəbul edilən gənclər siyasəti müasir Azərbaycan gəncinin bir çox problemlərinin həllinə istiqamətlənib. Qeyri-hökümət təşkilatları ilə dövlət qurumları arasında intensiv əməkdaşlıq müşahidə olunur. Bu isə öz müsbət effektini çoxdan göstərməyə başlayıb.
Gənclərimiz məndən çox vaxt ictimai fəaliyyət haqqında məsləhətlər istəyirlər. Mənim onlara ən faydalı məsləhətim ATGTİ-yə qoşulmaq olar. İctimai sferada bu təşkilat gənclər üçün hər bir xidməti göstərir. Gələcəkdə uğurlu şirkətlərdə və dövlət müəssisələrində çalışmaq istəyirsinizsə bu təşkilat sizə hər cür köməkliyi tamamilə təmənnasız edər. Sevindirici haldır ki, indi belə QHT-lərin və onlara qoşulan gənclərin sayı durmadan artır.
Bununla yanaşı sözsüz ki, problemlərimiz də var. Region gənclərinin ictimai həyatda zəif iştirakı, gənclərin qeyri-kafi sahibkarlıq və elmi inkişafı, bəzi gənclərin təhsillərinə barmaqarası yanaşması və digər problemlər ,düşünürəm ki, həll edilməsi zəruri olan məsələlərdəndir. Bu sahədə QHT-lər daha da sıx əməkdaşlıq etməli və daha effektiv strategiyalarla dövlət strukturlarına təkliflər etməlidirlər.
-Sizin
kimi xaricdə təhsilini davam
etdirən gənclərimizin də sayı çoxalıb. Bunu necə dəyərləndirərdiniz?
-Bu faktor yalnız və yalnız məni sevindirə bilər. Artıq Azərbaycanda xaricdə təhsil almış gənclərin böyük ordusu yaranmaqdadır. Bu gənclər ölkənin bütün sferalarında yeniliklər edir və həmin sferanı daha da təkmilləşdirirlər. İndi bu proses daha da geniş vüsət almaqdadır. Həmin gənclər artıq yerli universitetlərdə dərs keçir və öz biliklərini daha geniş auditoriyaya yayırlar.
Bu proses növbəti təkamül mərhələsinə keçməlidir. Ölkəmizdə universitetlərin təhsil səviyyəsi yüksəldilməlidir. Bunun üçün biz xaricdə təhsil almış gənclərin köməyindən yararlana bilərik. Azərbaycan universitetlərinin müasir təhsil modellərindən istifadəyə keçməsi vaxtı artıq çoxdan çatıb. Biz bu prosesi bəzi universitetlərdə görməkdəyik, lakin düşünürəm ki, bu tendensiya daha da güclənməlidir.
Bundan savayı keçən ildən dövlət proqramına yeni prioritet ixtisas da daxil edildi - təhsilin idarə edilməsi. Bu ixtisas üzrə artıq xeyli gənc dünyanın bir nömrəli universitetlərində təhsil alırlar. Mən çox inanıram ki, onların ölkəmizin təhsil sisteminin yenilənməsinə göstərəcəyi qatqısı əvəzedilməz olacaq.
-Universitetlərdə
bəzi problemlərin qaldığını
vurğuladınız. Bəs ümumiyyətlə, ölkədə
gənclər, tələbələr üçün
yaradılan şərait sizi qane edirmi?
-Mən bir fərd kimi bu şəraitdən çox faydalanmışam. Dəfələrlə dövlət hesabına xarici konfranslarda, beynəlxalq tədbirlərdə, ölkələrarası mübadilə proqramlarında olmuşam. Bunlar hamısı ölkəmizin gənclər siyasəti nəticəsində baş tutub. Bu baxımdan narazı qalanlar, adətən heç nə axtarmayan və heç bir tədbirə və yeniliyə qoşulmayan şəxslərdir. Heç kəsə şəxsi dəvətnamə göndərib, ictimai həyata çağırmırlar. Hamı özü qoşulur. Mən də özüm qoşulmuşam və indi çox sevinirəm ki, vaxtı ilə bu baxımdan zəhmət çəkmişəm.
Azərbaycanda Gənclər Fondu, Bilik Fondu və Elmin İnkişafı Fondu fəaliyyət göstərir. Onlar yeni layihələr axtarırlar. Mən dəfələrlə təmsil etdiyim qurumun adından bu fondlardan layihələr udmuşam və onu bütün komandamızla birlikdə həyata keçirmişik. Bunun üçün gənclərimiz sadəcə bir az məlumatlı, aktiv və təşəbbüskar olmalıdırlar. Mənim xeyli belə tanışım var ki, onların layihələri və ideyaları bu qurumlar tərəfindən maliyyələşdirilib və reallaşdırılıb. Xaricdə Təhsil üzrə Dövlət Proqramı da bu siyasətin bir parçasıdır. Biz artıq neftdən gələn gəlirləri insan kapitalına yatırmağa çoxdan başlamışıq. Bu niyyət ortaya qoyulub, indi isə onu realizə edən gənclərə ehtiyac var. Xaricdə təhsillə bağlı hazırkı dövlət proqramı 2015-ci ildə başa çatır. Lakin bu yaxınlarda xəbər agentliklərində bu proqramın 2015-2020-ci illər üzrə yeni etapının yaradılacağı məlumatı yayıldı. Əminəm ki, daha minlərlə azərbaycanlı gənc bu proqramdan ən layiqli formada yararlanacaqlar.
- Sizin
oxuduğunuz sahə Azərbaycan üçün də hazırda əsas prioritet sahələrdən sayılır. Təhsilinizi
bitirdikdən sonra Azərbaycan turizminə
hansı töhfələri verə bilərsiniz?
- Hər bir gənc kimi mənim də gələcəklə əlaqəli çoxlu planlarım var. Azərbaycanda turizm siyasətinin daha produktiv olması üçün Avstraliyada təhsil aldığım universitetdə yeni inkişaf modellərini öyrənmişəm. Bu modellərin sayəsində biz hər il ölkəyə daha çox turist və daha çox maliyyə resursu cəlb edə bilərik. Bundan başqa Azərbaycanda akademik fəaliyyətlə də məşğul olmaq niyyətim var. Bunun üçün Avstraliyadakı tədris planını dərindən öyrənməyə çalışıram. Düşünürəm ki, bu metodlar bir çox azərbaycanlı gəncin turizm idarəetməsi sferasında daha bilikli olmasına yaxından kömək göstərə bilər. Mən böyük şəhərlərdən daha çox kiçik şəhərlərdə yaşamağı üstün tuturam. Azərbaycana qayıdandan sonra da bu prinsipimə əməl edəcəyəm. Turizmin inkişafı Azərbaycanda bir çox kiçik rayonların simasını tamamilə dəyişə bilər. Bunun üçün əlimdən gələn hər şeyi etməyi özümə məqsəd qoymuşam. Hesab edirəm ki, inkişaf ən aşağı təbəqələrdən başlanmalıdır. Bunun üçün biz gənclər rayonlarımızın və onların sakinlərinin inkişafına daha ciddi töhfə verməliyik. Bu proses artıq başlayıb və bizlər elə sizlərlə birlikdə ölkəmizin gələcək hədəflərinə günü-gündən daha da yaxınlaşacağıq.
-Sonda bizə sözünüz, arzu və ya təklifiniz.
- Azərbaycan mediası son illərdə xeyli inkişaf edib. Kütləvi informasiya vasitələri
ilə bağlı xeyli sayda xoş
sözlər eşidirik.
Konkret olaraq sizin media orqanına gəldikdə isə sözüm odur ki, loru dildə
desək, dünyanın
o başında belə,
təhsil alan
gəncləri tapıb
gündəmə daşıyırsınızsa,
onların qürbətdəki
çətinlikləri, uğurlarını
ictimailəşdirirsinizsə, bu, sizin redaksiyanın
peşəkarlığından və sözün həqiqi mənasında dəyərli olmağından
xəbər verir. Arzum budur ki, bu
kimi rubrikalarınız
böyük layihələrə
çevrilsin və bir gün sizlər
də xaricdə oxuyan tələbələrin
qonağı olasınız.
Bir daha rəhbərliyinizə
və ümumilikdə
redaksiya heyətinə
təşəkkürümü bildirirəm. Necə
ki, Azərbaycanın gələcəyinin əmin
əllərdə olduğunu
sübut etmək üçün gənclərimizin
müsbət fəaliyyətlərini
işıqlandırırsınız, eləcə də mən deyirəm ki, Azərbaycan mətbuatının gələcəyi
bu fəaliyyətiniz sayəsində müsbət
yöndə daha da inkişaf edəcək!
Tural Tağıyev
Palitra.-2014.-6 dekabr.-S.6.