“Hər il müxtəlif layihələrdə
Azərbaycanımızı təmsil edirəm”
Leyla Rəsulzadə: “Cəmiyyətin
gənclərdən tələbləri artdıqca, gənclərin
özünü anlamasına zaman qalmır”
Azərbaycanlı
gənclər hansı ölkədə təhsil
almalarından asılı olmayaraq, ölkəmizin təbliğini
yaddan çıxarmırlar. Gənclərimizin Vətənə
belə bağlı olmaları onların mənəvi
inkişafının bir göstəricisidir. Çin Xalq
Respublikasının Tsinghua Universitetində təhsil alan Leyla
Rəsulzadə də belə gənclərimizdən biridir.
Qeyd edək ki, L. Rəsulzadə 1989-cu ildə Bakı şəhərində
anadan olub. 2007-ci ildə Azərbaycan Respublikasının
İncəsənət Gimnaziyasını bitirdikdən sonra
Çin Xalq Respublikasının Pekin şəhərində
Çin dili kurslarında oxumağa başlayıb.
- Sizdə Çin dilinə
maraq haradandır?
-
Çin haqqında təəssüratlarım ilk növbədə,
onların xaricilərə çox böyük diqqət
ayırması ilə başlamışdı. O zamanlar (2007-ci
ildə), Pekinə hələ çox xarici gəlməmişdi
deyə, mənim kimi ilk addımlarına qədəm
qoyanların ancaq bircə öyrəşə bilmədikləri
bir amil o oldu ki, harada olursa olsun, sənə sonsuz diqqət
ayrılırdı. Paltarının rənginə
qədər, həyat seçimlərinin ən son detalına
qədər sorğu-sual olunurdun adi insanlardan.
Kursları bitirdikdən sonra, bakalavrı oxumaq qərarına
gəldim. İmtahanlardan keçərək, Dövlət
Proqramına düşdüm. Bununla da
Pekin Dillər və Mədəniyyət Universitetinin (BFSU)
Çin dili və Çin mədəniyyəti fakültəsinə
daxil oldum. Dörd il ərzində
saysız ölkələrdən gələn dostlar tapdım.
Təcrübəm artdıqca çinlilərlə
də tezliklə dostlaşırdım. Bu
günə qədər 5 ilə yaxın dostluq etdiyim
çinlilər var. Həddindən çox maraqlı və
ruhca güclü millətdirlər. Demək
olar ki, sərt xasiyyətli olmağı mənə məhz
Çində “başa saldılar”.
Bakalavrı
bitirməyimə bir il qalmış,
artıq çoxdandır ürəyimdə olan arzumu yerinə
yetirməyə başladım: Azərbaycanın mədəniyyətini
və tarixi irsini Çin xalqına tanıtdırmaq. Diplom
işimi məhz “Dədə Qorqud” kitabı ilə Çin
xalqının ən qədim kitablarından olan “Üç
Hanzı Kitabı”nı bir-biri ilə müqayisə edib, yeni
gələn insan nəsli üçün nə qədər
vacib olduğunu və hər iki kitabın yeni nəsillər
üçün bir növ ən güclü vətənpərvərlik
tərbiyəsinin verilməsini qeyd etdim. “Dədə
Qorqud”u isə Azərbaycan xalqının bir növ pasportu adlandırdım.
Hələ də yadımdadır, Çində
seçdiyim müəllimim məni bu fikirdən çəkindirmək
istəyirdi.
Çünki görüləsi iş həddindən
çox idi. Təsəvvür edin, “Dədə
Qorqud” kitabının ilk dəfə Çin dilinə tərcüməsini
2 aya bitirməli idim. Üstəgəl, ilk dəfə mən
bir xarici tələbə kimi Çinin “Üç Hanzı
Kitabı”nı öyrənib ilk dəfə
bu universitetdə bu növ diplom işi açmalı idim. Axır ki, razılıq alıb 4 aya diplomu
yazdım. Bitirərkən, universitet
professoru məndən söz aldı ki, diplomu bir şərtlə
əlimə verəcək ki, mən “Dədə Qorqud”
kitabını Çin dilində çap edəcəm.
Diplomu verdilərsə də, təəssüflər olsun ki,
bu günə qədər çap etdirməyə heç bir
təşkilat və ya sponsor tapa bilmədim. Bu
barədə işlər hələ də davam edir.
-Hazırda
hansı sahə üzrə təhsil alırsız?
-
Hazırda magistr pilləsini oxumağa davam edirəm. Bu dəfə axır ki, səbir edib dil və mədəniyyətini
mənimsədiyim ölkənin ən məşhur
akademiyasında - Tsinghua Universitetində Art və dizayn
fakültəsindəyəm. Rəssamlıq,
marağımı ən çox çəkən bir sənət
olub. Çəkdiyim əsərlərin
çoxu simvolistika və sufiliyə həsr olunur.
Bu yaxınlarda hər iki ildən bir ümumdünya
xalqları üçün keçirilən “Pekin beynəlxalq
incəsənət Biennale” 2014-15 sərgisinə
(bjbiennale.com.cn/en/index.aspx) də qeydiyyata düşmək
üzrəyəm. Bu ilin mövzusu diqqətimi çəkdi: “Yaddaş və
yuxu”.
Bakımızı və Bakımızdan
yaddaşımda qalan anları yeni bir üslubda Çin
auditoriyasına təqdim etmək istədim. Hazırda bir
neçə variantda artıq hazırladığım eskizlərin
içindən ən yaxşısını seçirəm.
Qalanı isə yeni üslublarla yeni seriya əsərlərim
üzərində işləyirəm. Adını
“Clitopiya” qoyaraq, bu günün insan cəmiyyətinin beynindəki
fikir və yenilikləri əks etdirmək istədim. Bu günün insan nəslinin üzləşdiyi
paradoksların içində nə qədər əsl mətləbdən
uzaqlaşdıqlarını göstərmək istədim.
Bu günün gəncləri çox vaxt
üzləşdikləri yeni dünyadan, sürətlə dəyişən
cəmiyyətdən bəzən qorxub özlərinə
çəkilirlər. Cəmiyyətin yeni
nəsil gənclərdən tələbləri artdıqca, gənclərin
özünü anlaması, kimliyinin aşkar olunmasına zaman
qalmır. Bu isə bəzi nöqsanlara gətirib
çıxara bilər.
İnsan bir mühitdən uzaqlaşıb qürbətdə
ömrünü keçirərkən, bir vaxtlar müəyyən
cəmiyyətin bir hissəsindən ayrılmış olur. Bu isə ilk
növbədə yeni horizontalların açılması,
yeni fikrin oyanması kimi mühüm dəyişikliklərə
gətirib çıxarır. Artıq, yeni
perspektivlərdən özünü və üzv olduğun cəmiyyətin
problemlərini aydın görməyə başlayırsan.
Bu isə mənim yenicə çəkməyə
başladığım əsərlərin, “Clitopiya” fəslinin
əsas mövzusu olacaq. Vaxtımın
imkanı dairəsində “Clitopiya” adlı ingilis dilində də
kiçicik əsərimi yazıram. Ümid
edirəm ki, dekabrdan sonra müraciət edəcəyim xarici qəzetlərdən
biri qısa hekayəmi də dərc etməyə
razılaşacaq.
Bu illər Afrikadan tutmuş Asiyaya qədər yeni gənc
və dinamik Rəssamlar İttifaqı yaradırlar. Yeni studiyalar və
yeni rəssamlıq üslubları üzərində durmadan
işlər gedir. Mənim öz arzum bu
ittifaqların bir üzvü olmaq və bacardıqca Azərbaycanın
prizmasından dünyanın əks etdirilməsini həyata
keçirməkdir.
Yaya yaxın alınsa, Çində ilk sərgimi
açacam, insallah. Bakıda da yayda sərgi açmaq
artıq dəvəti almışam.
- Çin-Azərbaycan əlaqələrində
gənclərin orda ictimai aktivliyinin nə kimi rolu var?
-
Çox böyük rolu var. Yaxın illər ərzində
bütün xalqlar və mədəniyyətlərin təmsil
edilməsi üçün ÇXR-in açdığı
imkanlar demək olar ki, idealdır. Çox
işlər görülə bilər. Gənclərimiz
Azərbaycanımızı təmsil və təbliğ etmək
baxımından çox fəaldırlar.
-Gənclərimiz mənəvi
inkişaf baxımdan çinli gənclərə nə dərəcədə
nümunədir?
- İki
xalqın çox oxşar mənəvi dəyərləri
var. Yəni, 7 il təcrübəmdən
deyə bilərəm ki, iki tərəf
görüşdükdə asanlıqla bir-birini anlaya bilir və
ən asası müxtəlif mədəniyyət və həyat
baxışları haqqında rahat dialoqlar aparılır. Bircə Çin dilini bilmək mütləqdir.
Ən əsas baryer ilk illərdə dilin tez mənimsənilməsidir.
Sonrası asan gəlir. Çinlilər
açıq dialoqa bu illər çox müsbət münasibət
bəsləyirlər. Əvvəlki illər kimi
bağlılıq artıq hiss olunmur.
-Xaricdə təhsil alan
gənclərimiz dövlətimizi layiqincə təmsil edə
bilirlərmi?
- Mən
şəxsən özümdən danışa bilərəm.
Hər il bacardığım qədər
müxtəlif layihələrdə Azərbaycanımızı
təmsil edirəm. Bu günə qədər
daim mənə kömək edən iki tələbəni deyə
bilərəm; Qabil və Adil. Hər ikisi
də mənə çox böyük kömək olurlar.
Çox istedadlı gənclərdi.
Bu yaxınlarda iki layihədə iştirak etmişik. Biri oktyabrda Pekinin
məşhur universitetlərin birində baş tutmuşdu.
Əsas hədəf çinlilərin Azərbaycan
mədəniyyət və tarixini daha da ətraflı
tanımaları idi. Əlimizdə olan əyani vəsaitlərlə,
üstəgəl, yaratdığımız “Keep Calm and Love
Baku”, “ Keep Calm and Drink Lankaran Tea”, “Keep Calm and Love Azerbaijan”, “
Keep Calm and listen to MUGAM” və s. kimi posterlərlə xarici
qonaqların da diqqətini cəlb etməyə nail
olmuşduq. Bütün verilən sualları ətraflı
cavablandırırdıq. Bu növ tədbirlər
və Dünya Ölkələrinin Mədəniyyəti
günləri keçiriləndə biz həmişə
bacardığımız qədər aktiv olmağa
çalışırıq.
Digər layihələrdən birinə bu ay “Facebook”dan
qoşulduq. Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibəti ilə xaricdə yaşayan azərbaycanlıların
30 saniyəlik video təbrik çarxını biz də Pekindən
çəkib göndərdik.
-Çindəki azərbaycanlı gənclərin
həmrəyliyi necədir?
-
Çalışırıq ki, həmrəylik gündən-günə
daha da güclənsin. Nə də olsa, güc
birlikdədir.
-Siz gənclərlə bağlı
hansı işlər görürsünüz?
- Mən
hər il tanıdığım
dostlarımla gördüyüm layihələrin çoxu təhsil
aldığımız universitetlərin icazə verdiyi qədərdir.
Bir çox başqa, daha böyük
miqyaslı, daha maraqlı və faydalı tədbirlər var.
Amma çoxunda iştirak etməyə şansımız
olmur.
-Orada
çinlilərə, ümumiyyətlə asiyalı gənclərə
Azərbaycanı necə tanıdırsız?
-
Bakıdan hərə gətirdiyi materiallarla: müxtəlif
növ kitablar, onlayn posterlər, miniatür xalçalar, milli
şərflər, müxtəlif növ
tanıtdırıcı videolarla Vətənimizi təbliğ
edirik. Birdə ki, yerli çinlilərin və
müxtəlif jurnalistlərin suallarına
bacardığımız qədər ətraflı cavab verməklə
Azərbaycanı tanıdırıq.
- Onları Bakıya dəvət
edirsizmi?
-
Çinli dostlarımızın çoxu Bakımızda olub,
artıq. Bakını çox bəyənirlər.
Söz dolusu danışırlar. İnsan qulaq asdıqca daha çox ölkəsindən
sarı darıxır.
- Çindən Azərbaycan
necə görünür?
-
Maraqlı sualdır.... Çindən Azərbaycanımız
daha gözəl, Bakımız daha qabarıq yaddaşda
qalır. Məhz xaricdə Vətənin
bir insan üçün nə dərəcədə vacib
olduğunu anlayırsan. Əsl Vətən
sevgisinin tərbiyəsi məncə qürbətdə
oyanır. Azərbaycanlı olduğunu
Çində deyərkən bir növ dünya ölkələrinin
palitrasında nə dərəcədə vacib bir rol
oynadığını artıq inkar edə bilmirsən.
Məncə, özünü dünya
xalqlarının bir hissəsi kimi hiss etmək böyük bir
möcüzədir. Burada
qazandığın hər növ təcrübə isə
ömürlük bir xəzinəndir. Hara
getsən köməyin olacaq. Üstəgəl
vurğunu olduğum Çin heroqlifləri dünyanın, məncə,
2-ci ən maraqlı, qədim və gözəl dilidir.
Fuad Hüseynzadə
Palitra.2014.-9 dekabr.-S.11.