Gənc nəsil arasında sağlam
həyat tərzi təbliğ edilməlidir
Uşaq və yeniyetmələrin fiziki-mənəvi
inkişafı, sağlam ruhda
tərbiyə olunması, zərərli vərdişlərdən
uzaqlaşması, asudə vaxtlarında idman-sağlamlıq və
yaradıcılıq fəaliyyətinə yönəlməsi
vacib
məsələdir
Gələcəyimiz olan gənc
nəslin fiziki-mənəvi sağlamlığı daima dövlətin diqqət mərkəzindədir.
Uşaq və yeniyetmələrin istər
fiziki, istərsə də mənəvi cəhətdən
sağlam böyüməsi üçün bir
sıra layihələr həyata keçirilir.
Bu sahə dövlət siyasətinin
prioritetlərindən birini təşkil edir. Xalqın, dövlətin gələcəyi
üçün fiziki-mənəvi
baxımdan sağlam nəslin yetişməsi
son dərəcə böyük
əhəmiyyət kəsb edir. Layihə
çərçivəsində təqdim etdiyimiz
yazıda bu istiqamətdə görülən
işlərə toxunacağıq. Qeyd edək
ki, yeni uşaq bağçaları və məktəblərin
inşa edilməsi, regionlarda
yeni idman komplekslərinin
istifadəyə verilməsi bu sahəyə
ayrılan diqqətin göstəricisi kimi
qəbul edilə bilər. Dövlət xüsusilə sağlam nəsil yetişməsi üçün bir
sıra tədbirlər həyata keçirir.
Ölkə üzrə uşaqların pulsuz
tibbi müayinədən keçirilməsi
vacib addımdır. Proses
artıq yekunlaşmaq üzrədir.
Əsas məqsəd uşaqların
sağlamlığını yoxlamaq, mövcud problemləri aradan
qaldırmaq və gələcəyimiz üçün
sağlam nəsil yetişdirməkdir. Qeyd edək ki, ötən il martın
5-də Milli Məclisdə müzakirə
olunaraq, qəbul edilən və ölkə
başçısının fərmanı ilə qüvvəyə
minən "Uşaqların icbari
dispanserizasiyası haqqında qanun"un icrasına 2014-cü ildən
başlanılıb. Respublikanın bütün
şəhər və rayonlarının məktəbəqədər,
orta təhsil müəssisələri və
uşaq poliklinikalarında icbari
müayinələr həyata keçirilir.
Səhiyyə Nazirliyinin
açıqlamasına əsasən sentyabr
ayının sonunadək respublika üzrə
ümumilikdə 2 milyondan artıq uşaq icbari dispanserizasiyaya cəlb edilib.
Müayinələrin ilin sonunadək
yekunlaşdırılması nəzərdə tutulub. Uşaqların icbari
dispanserizasiyası haqqında qanun 18
yaşadək olan ölkə vətəndaşlarının
sağlamlığının qorunması və möhkəmləndirilməsi
məqsədi daşıyır. Qanunun tətbiqi nəticəsində ölkə üzrə
uşaqların sağlıq durumunun
müəyyən edilməsi, xəstəliklərin
vaxtında aşkarlanaraq müalicəsi,
ümumən müayinə və müalicə işinin təşkilinin daha
da yaxşılaşdırılması nəzərdə
tutulub. Səhiyyə Nazirliyinin baş
pediatrı Nəsib Quliyev hesab
edir ki, bu qanun uşaqların
sağlamlığının qorunması işində bu günə qədər aparılmış,
qəbul olunmuş bütün
qanun, təlimat və təlimlərin, məntiqi
zirvəsi sayılır: “Çünki
uşaqların icbari dispanserizasiyası
haqqında qanunun qəbul edilməsi,
Azərbaycan əhalisinin azı üçdə birini əhatə edir. Yəni
bu çox böyük tutuma malik olan, çox
humanist, çox böyük əhəmiyyəti olan bir qanundur.
Qanunun icrası Səhiyyə Nazirliyinin prioritet məsələsi
olaraq diqqət mərkəzində
saxlanılır. Bu məqsədlə
bölgələrdə uşaqların icbari
müayinəsinin aparılması üçün
azı üç nəfərdən ibarət
komissiya yaradılıb. Bununla
yanaşı hər bir şəhər, rayon və müəssisə uşaqların
dispanserizasiyası haqında apardıqları hər bir işin aylıq
hesabatını nazirliyə təqdim edirlər”. Gənc nəslin
sağlamlığının müdafiəsi ilə
bağlı məsələ Bakıda keçirilən forumda da müzakirə predmeti olub. Gənclər
üçün Təhsil Mərkəzinin,
Nərimanov Rayon İcra
Hakimiyyətinin, “Sağlam ailə”
klinikasının və Nərimanov Rayon Gənclər
və İdman İdarəsinin birgə dəstəyi
ilə keçirilən forum gənclərin
sağlamlığı məsələlərinə diqqəti
gücləndirmək, sağlam həyat
tərzinin təbliğ edilməsi yolu ilə
ictimai səhiyyə siyasətini dəstəkləmək,
yeni təşəbbüslərin
formalaşmasına və əməkdaşlığın daha da inkişaf
etdirilməsinə şərait yaratmaq məqsədi
daşıyıb. Gənclər üçün
Təhsil Mərkəzinin icraçı direktoru
Fəxrəddin Həsənzadə çıxış edərək
forumun əhəmiyyətini
vurğulayıb. O, Azərbaycanda həyata keçirilən gənclər
siyasətindən və ictimai səhiyyənin
inkişafından söz açıb. Bildirilib ki, gənclərin
sağlamlığının müdafiəsi müasir
dövrün aktual məsələsidir
və bu problemə daha
çox diqqət yetirmək
lazımdır. Müvafiq strukturlar
bu istiqamətdə gənclərlə əməkdaşlıq
etməlidirlər. Forumda Nərimanov Rayon Gənclər və
İdman İdarəsinin rəisi Nəcəf
Novruzov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai siyasi məsələlər
şöbəsinin baş məsləhətçisi
Vüqar Səlimov, Yeni
Azərbaycan Partiyası Gənclər Birliyinin
sədri Seymur Orucov, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının, beynəlxalq və
respublika gənclər təşkilatlarının
nümayəndələri iştirak ediblər.
Çıxış edənlər vurğulayıblar ki, ictimai səhiyyənin
inkişafı dövlət başçısının sosial siyasətinin bariz
nümunələrindən biridir. Prezidentin təşəbbüsü və
bilavasitə rəhbərliyi ilə bu sahədə
əhəmiyyətli qanunvericilik
aktları, dövlət proqramları və digər mühüm sənədlər qəbul edilib, tibb müəssisələrinin
maddi-texniki bazası gücləndirilib. Vurğulanıb ki, hazırda
ölkəmizdə gənclərin
sağlamlığının müdafiəsi üzrə
işlər müvəffəqiyyətlə davam
etdirilir, sağlam həyat
tərzinin təbliği, gənclərin sağlam
ruhda tərbiyə olunması, onların siqaret, alkoqol, narkomaniya və s. zərərli
vərdişlərdən uzaqlaşdırılması,
asudə vaxtlarında idman-sağlamlıq və
yaradıcılıq fəaliyyətinin genişləndirilməsi
üzrə maarifçilik və profilaktiki tədbirlər həyata keçirilir və bu
istiqamətdə fəaliyyət genişləndirilərək
davam etdirilməlidir. Natiqlər
bildiriblər ki, bu məsələ
gənc nəslin gələcəyinə birbaşa
aiddir və xalqımızın nəcib dəyərlərinin
varisliyinin təmin edilməsində əhəmiyyətli
amildir. Elə bir
neçə gün öncə Beynəlxalq
Əlillər Günü münasibətilə
ölkəmizin müxtəlif guşələrində
keçirilən tədbirlər uşaqlara
diqqətin nə qədər vacib olduğunu ortaya qoydu. Onlardan biri də Zaqatala
Rayon Mədəniyyət Evində əlil
və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Dünyaya
sülh bəxş edək” adlı tədbir
olub. Əlil uşaqlar
və onların valideynlərinin, həmçinin uşaq bağçaları və məktəblərdə
təlim-tərbiyə alan uşaqların
iştirak etdikləri tədbirdə
ölkəmizdə əlil uşaqlara
göstərilən yüksək dövlət
qayğısından danışılıb. Bu
qəbildən olan uşaqların cəmiyyətə
inteqrasiyası, onların istedadlılıq və
yaradıcılıq qabiliyyətlərinin aşkara
çıxarılması üçün
davamlı tədbirlərin həyata keçirildiyi
bildirilib. Bu sahədə
Heydər Əliyev Fondunun məqsədyönlü
və səmərəli fəaliyyəti xüsusi
vurğulanıb. Bildirilib ki, Fondun prezidenti Mehriban xanım
Əliyevanın bir ana
kimi uşaqlara
göstərdiyi yüksək diqqət və qayğı, xəstə
və əlil uşaqlara etdiyi
yardımlar, yeni uşaq
bağçalarının, məktəblərin tikintisi üçün onun rəhbərliyi ilə həyata
keçirilən layihələr hamı tərəfindən
böyük rəğbətlə
qarşılanır. Tədbirdə vurğulanıb ki, bu gün
ölkəmizdə yaşayan uşaqlar azad və
xoşbəxt olsalar da,
dünyanın bir sıra ölkələrinin
uşaqları heç də firavan həyat sürmürlər. Bir çox ölkələrdə
hələ də müharibələr gedir,
qanlar axıdılır. Ölkəmizin
uşaqları bütün dünya ölkələrini sülh
şəraitində görməyi arzulayırlar. Tədbir rayonun uşaq
bağçalarının hazırladıqları maraqlı və
rəngarəng konsert proqramı ilə davam edib. Gözbarax və Mamrux kənd uşaq
bağçalarının körpə fidanlarının təqdim
etdikləri “Sülh nəğməsi”
kompozisiyası, Yuxarı Tala kənd uşaq bağçası kollektivinin
“Azərbaycan” kompozisiyası, Zaqatala şəhərindəki
uşaq bağçalarının təqdim
etdikləri milli rəqslər, müxtəlif
rəqs kompozisiyaları, eləcə də digər uşaq bağçaları kollektivlərinin
çıxışları tamaşaçılar tərəfindən
böyük maraqla
qarşılanıb.
Anar Miriyev
Palitra.-2014.-10 dekabr.-S.11.