“Türkiyədə
hər universitetin öz sistemi var”
Adnan Menderes Universitetinin tələbəsi
Aysel Kərimzadə:
“Təhsilimi başa vurduqdan sonra ixtisaslaşmış kadr
kimi Azərbaycana qayıtmaq və dövlət qulluğunda çalışmaq istərdim”
Qəzetimizin xaricdə təhsil
alan gənclərlə
bağlı layihəsi
çərçivəsində növbəti müsahibi Türkiyənin Adnan
Menderes Universitetinin tələbəsi
Aysel Kərimzadədir:
-Mən 1996-cı ildə Şəki şəhərində
anadan olmuşam.
2002-ci ildə orta məktəbə, 2005-ci ildə
isə "Uşaq İncəsənət" məktəbinin
"Fortepiano" və "Xoreoqrafiya " şöbəsinə
daxil olmuşam. Orta məktəbdə oxuyarkən "Yaddaş Maarifçi Gənclər " İctimai Birliyində könüllülük
fəaliyyəti göstərmişəm
və “wordpress” platformasında bloq yaratmışam. Xarici ölkələri gəzmək, fərqli mədəniyyətləri tanımağı
çox istəyirdim.
Bizə ən yaxın qardaş ölkədə
oxumaq imkanı olduğunu bildim və "YÖS" imtahanına
qeydiyyatdan keçdim.
İxtisas olaraq sadəcə
Beynəlxalq Münasibətlər
fakültəsini seçmişdim.
Bu sahəyə çox marağım var və gələcəkdə
diplomat olaraq karyeramı
davam etdirmək arzum idi. İmtahandan kifayət qədər bal topladım və
2013-cü ildə TC. Adnan Menderes Universiteti
İktisadi İdari Bilimler şöbəsi Beynəlxaq Münasibətlər
fakültəsinə daxil
oldum. Hazırda həmin universitetin
2-ci kurs tələbəsiyəm.
Tarix, siyasət və bir çox marağımda olan sahələri özündə
birləşdirdiyi üçün
ixtisasımı çox
sevirəm.
“Daha çox gəncin təhsili üçün müxtəlif
"xaricdə təhsil"
proqramları olmalı
və gənclər bu haqda məlumatlandırılmalıdır”
- Universitet həyatı, dərslərin
gedişi barədə
nə deyə bilərsiniz? Təhsil prosesi sizi qane edirmi?
- Xarici ölkədə tələbə olmaq çox fərqlidir. Bunun üçün özümü çox şanslı hiss edirəm.
Mənim
üçün universitet
həyatı maraqlıdır.
Yeni tanışlıqlar, faydalı
məşğuliyyətlər qazanırıq. Hər gün
bir addım daha təkmilləşməyə
doğru getmək məni həvəsləndirir.
Dərslərimdə müvəffəqiyyət qazanmaq mənim üçün çox önəmlidir. Əzmlə oxumağa
çalışıram və
nəticəsini də
görürəm. İnsan istərsə
hər çətinliyin
öhdəsindən gələ
bilər və bu, mənim motivasiyamdır. Ən çox
sevdiyim fənn tarix və hüquq
fənnidir. Burada təhsil
sistemi bizdən fərqlənir. Hətta demək
olar ki, Türkiyənin hər universitetinin özünəməxsus
sistemi var.
- Bu universitetdə
azərbaycanlı tələbələr
varmı, əlaqə
qura bilirsizmi, birgə tədbirlər təşkil edirsizmi?
- Universitetdə kifayət qədər azərbaycanlı
tələbələr var. Hər kəs bir-birini tanıyır. Əlaqə yaradırıq və çalışırıq ki,
bir-birimizə dəstək
olaq, özümüzü
burada yad hiss etməyək. Türkiyənin digər şəhərlərində
oxuyan azərbaycanlı
tələbələrlə də əlaqəmiz var. Bayramlarda, hüzn günlərində toplaşırıq.
Bir neçə dəfə
"Azərbaycan Gecəsi"
keçirilib. Bu tədbirdə Azərbaycanlılarla
yanaşı, türk
tələbələr də
iştirak edib, beləliklə musiqimizi, adətlərimizi tanıtmağa
çalışmışıq. "Xocalı faciəsi"nə
aid təqdimat günləri
də keçirilib.
Bu, buradakı insanların diqqətini cəlb etmişdi.
-Tələbəlik
həyatını necə
keçirirsiniz? Boş vaxtlarınızda
nə ilə məşğul olursunuz?
-Burada olarkən ən əsas önəm verdiyim dərslərə mükəmməl
yiyələnməkdir. Ondan başqa
boş vaxtlarımda faydalı kitablar oxumağı, seminarlara qatılmağı, sənədli
film izləməyi sevirəm.
Türkiyənin digər şəhərlərini
də gəzməyə
çalışıram. Tarixi yerləri səyahət etmək, onlar haqqında məlumat toplamaq maraqlı gəlir.
-Hazırda bu şəhərdə sizin üçün maraqlı olan nə var?
- Egey dənizinin sahilində yerləşən
Aydın şəhəri
Türkiyənin Qərbi
Anadolu bölgəsindədir.
Sənayenin sıx olduğu
bir yerdir. Arxeoloji baxımdan ən önəmli şəhərlərdəndir.
Zamanla
"Hitit" "Roma" "Lidya" Osmanlı İmperatorluğunun bir parçası olduğu üçün tarixi muzeyləri zəngindir.
"Nyssa", "Aphrodisias" “Efes”,"Məryəmana" və
s. arxeoloji gəzinti yerləri mövcuddur. Türkiyənin ən önəmli
turizm zonalarından olan "Kuşadası"
da burdadır. Ənciri, zeytunu məşhurdur.
İnsanları səmimidir və
tələbələrə dəstək olurlar.
-Ümumiyətlə,
xaricdə təhsil gənclərimiz üçün
hansı imkanlar yaradır?
- Xaricdə təhsil insana-təhsil aldığın
ölkənin dilini, mədəniyyətini, mətbəxini,
tarixini öyrənmək
və öz ölkəni tanıtmaq şansını verir. Fərqli təhsil sistemi ilə tanış oluruq, dünyagörüşümüz
artır. Sadəcə Türkiyədə yox, digər ölkələrdə oxumaq
da faydalıdır.
Ən əsası xarici dil öyrənmək
baxımından da ola bilər.
Həm də bu ölkələrarası
münasibətlərə də
təsir göstərir.
Məsələn, Azərbaycanda
təhsil alan
türk tələbələr
də az deyil. Bir neçə nəfəri
tanıyıram. Söhbət
etdikdə iki ölkənin ortaq , fərqli cəhətləri,
təhsil üstünlüyü
haqqında danışırıq.
Bunun üçün
özümü şanslı
hiss edirəm. Bir ölkənin
gələcəyi onun
gəncləridir. Gənclər nə qədər çox intellektual, tarix, mədəniyyət baxımından zəngin olsalar, Vətən üçün də xeyirlidir. Hər ölkənin yüksək
təhsilli gənc nəslə ehtiyacı
var.
- Bu gün orada Azərbaycanla bağlı hansı təəssürat formalaşıb,
gənclər ölkəmiz
barədə hansı
fikirdədir?
- Tələbə yoldaşlarımızın
Azərbaycana, xüsusilə
də Bakıya qarşı xüsusi marağı və sevgisi var. Azərbaycan deyəndə ilk söz:
"Qardaş ölkəmiz"
deyirlər və “oraya necə getmək olar?”- deyə soruşurlar.
Təkcə türk yox,
digər ölkələrin
tələbələrini də
Azərbaycanın coğrafi
mövqeyi, mədəniyyəti,
musiqisi, mətbəxi
maraqlandırır. Dostlarıma Azərbaycan
haqqında müxtəlif
videoçarxlar göstərirəm.
Bakıya heyran qaldıqlarını
söyləmək olar.
Azərbaycanlıları xarici ölkə
olaraq deyil, doğma görürlər.
Dilimizin yaxınlığı aradakı
səmimiyyəti daha da artırır.
-Heç tələbə yoldaşlarınızı Bakıya
dəvət edibsinizmi?
-Buradakı tələbə
yoldaşlarımı Azərbaycana
və bir çox şəhərimizi
görməyə dəvət
etmişəm. Xüsusilə də Qarabağ haqqında məlumat istəmələri məni
həvəsləndirir və
istərdim tezliklə
oranı görsünlər.
-Yaxşı təhsil almaq üçün universitetin
hansı imkanları var? Müəllim-tələbə münasibətləri necə qurulub?
- Universitetimizdə müəllim-tələbə
münasibəti məni
qane edir. İstədiyim zaman müəllimlərə
yaxınlaşıb nəinki
dərs, gələcək
haqqında fikirlərimi
belə, onlarla bölüşüb məsləhət
ala bilirəm. Müəllimlərin məqsədi bizi sağlam, bilikli gənc olaraq yetişdirməkdir. Dərsləri sadəcə kitablar üzərindən yox, müxtəlif videolar, ekskursiyalar, praktikalar vasitəsi ilə də öyrənmək şansımız var.
- Təhsil aldığınız sahə
sənin üçün
nə dərəcədə
maraqlıdır?
- Beynəlxalq münasibətlər
beynəlxalq sistemində
dövlətlərin bir-
biri ilə, eləcə də hökümətlərarası təşkilatlar ilə münasibətini öyrənir.
"Siyasət və diplomatiya”, "beynəlxalq əməkdaşlıq
və inteqrasiya" kimi aktual problemləri
də araşdırır.
Bundan başqa dövlətlərin
tarixi inkişaf yolunu, bugünkü siyasətin keçdiyi mərhələləri özündə
cəmləşdirir. Biz
burada siyasi tarix, iqtisadiyyat, hüquq dərslərinə
yiyələnirik. İxtisasım mənim üçün çox dəyərlidir, sevərək oxuyuram və bu önəmlidir
ki, gələcəyimi
bu sahədə görürəm. Təhsilin yüksək
pilləsinə qədər
davam etdirmək istərdim. Xüsusilə magistr pilləsi
üçün Beynəlxalq
Hüquq fakültəsi
üzrə Almaniya diqqətimi çəkir.
Həmçinin İstanbul Universitetində
oxumaq istərdim.
-Ölkəmizin beynəlxalq əlaqələri
getdikcə genişlənir.
Bu sahədə təhsil
alan gənc
kadr kimi ölkəyə hansı töhfələr vermək
istərdiniz?
-Gələcəkdə çalışmaq
istədiyim sahə sadəcə diplomat olmaqdır.
Başqa
bir sahədə çalışacağımı düşünmürəm və
bu istəyimə çatmaq üçün
səylə çalışıram.
Beynəlxalq münasibətləri, məncə, həqiqətən
sevən, dəyər
verən, öz gələcəyini buna həsr edən birisi oxumalıdır.
Çünki sən mədəniyyətini
inkişaf etdirməsən,
xarici dil biliyin olmasa, ən əsası həvəsin olmasa bu sahədə heç bir nəticə əldə edə bilməzsən.
-Orda olarkən Vətən üçün darıxırsınızmı?
- Dərs ili müddətində Azərbaycan üçün darıxıram. Ən əsası anam və azərbaycanca danışmaq üçün darıxıram. Yeməklərimiz üçün xüsusi darıxıram. Ancaq Türkiyə mədəniyyət baxımından bizə çox yad olmadığı üçün bura öyrəşmək rahatdır. Azərbaycana qayıtmaq haqqında hələ ki, fikirləşmirəm. Ancaq təhsilimi başa vurduqdan sonra ixtisaslaşmış kadr kimi Azərbaycana qayıtmaq və dövlət qulluğunda çalışmaq istərdim. Məncə, daha çox gəncin təhsili üçün müxtəlif "xaricdə təhsil" proqramları olmalıdır və gənclər bu haqda məlumatlandırılmalıdır.
- Müəllimlər
azərbaycanlı tələbələrdən
razıdırlarmı?
- Universitetimiz 2013-cü ildə
təxminən 20 azərbaycanlı tələbəni müəyyən
ixtisaslara qəbul edib.
Müəllimlərimizin azərbaycanlı tələbələrə
xüsusi diqqəti var.
İlk dəfə azərbaycanlı olduğumu deyəndə niyə məhz
Türkiyəni seçməyim, bura necə
qəbul olduğum və bizdəki təhsil
sistemi haqqında
maraqlanmışdılar. Keçirdiyimiz
tədbirlərə onları da dəvət
edirik. Hər zaman
çətinliyimiz olduğunda onlara müraciət edirik.
Nigar Abdullayeva
Palitra.-2014.-10 dekabr.-S.6.