“İxtisasımda birinci
olana qədər arzu
və planlarımın bitəcəyini düşünmürəm”
Nəzrin Rəsulzadə: “Estetik
dental sahəsində klinika açmaq istəyirəm”
Xaricdə təhsil
alan gənclərlə bağlı
rubrikamızın budəfəki qonağı savadı və
bacarığı ilə seçilən, Türkiyədə
ölkəmizi kifayət qədər uğurla
təmsil edən Nəzrin Rəsulzadədir. Nəzrin
Türkiyədə tibb təhsili almaqla yanaşı, bu
ölkədə ictimai işlərdə aktivlik göstərir, Azərbaycanın
tanıdılması və ümumilikdə diaspor
işlərində kifayət qədər işlər görərək
aktivlik nümayiş etdirir. Bu maraqlı gənclə
olan müsahibəni oxuculara
təqdim edirik.
-Özünüz
haqqında məlumat verərdiniz.
-Mən - Rəsulzadə Nəzrin Rakif qızı 1995-ci ildə Bakıda anadan olmuşam. Hələ məktəb həyatına və elmi uğurlara başlamazdan əvvəl incəsənətə meyilli olmağımla yaşıdlarımdan seçilirdim. Belə ki, 1998-ci ildən 2009-cu ilə qədər Səyyah Uşaq Rəqs Ansamblının üzvü, son illərdə isə solisti olmuşam. Bir çox televiziya kanallarında, konsert və tədbirlərdə iştirak etmişəm. 2005-ci ildə ilk dəfə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Kocaeli şəhərinə ölkəmizi təmsil etmək üçün göndərildim. 1999-cu ildən 2004-cü ilə qədər Çingiz Mustafayev adına yaradıcılıq mərkəzində rəsm təhsili aldım. 2002 və 2003-cü illərdə iki dəfə fərdi sərgim olub və həmin tarixlərdə keçirilən 10 may Gül sərgisində isə 1-cilik və 2-cilik qazanmışam. 2002-ci ildə Bakı şəhər Nəsimi rayonu 15 saylı orta məktəbdə təhsil həyatıma başlamışam, 2011-ci ildən fəaliyyətinə Bakı Slavyan Universiteti Məktəb Lisey kompleksi kimi davam edən həmin təhsil ocağının 2013-cü ildə fəxri məzunu oldum. Məktəb zamanı bir çox inşa müsabiqələrinin qalibi olmuşam. 2012-ci ildə fənn olimpiadalarının şəhər turunda riyaziyyat fənnindən birincilik, 2013-cü ildə həmin olimpiadanın kimya fənnindən respublika üçüncülüyü əldə etdim. 2002-2007-ci illərdə Rəşid Behbudov adına 2 saylı musiqi məktəbində piano ixtisasında təhsil aldım. Amma 2013-cü ildə həyatımdakı ən önəmli qərarlardan birini verib Türkiyədə təhsil almağa üz tutdum. 2013-cü ildən etibarən Türkiyənin Trabzon şəhərində Karadeniz Teknik Universiteti Diş həkimliyi fakültəsində təhsil alıram. Bütün bunlardan əlavə, əsası 2012-ci ildə Eskişehirde qurulmuş və Türkiyədə bir çox ilklərə imza atmış milli-mənəvi dəyərlərimizi olduğu kimi dünyaya çatdırmağa səy göstərən bir təşkilatın –Türkiyə Azərbaycan Qardaşlıq Platformasının Trabzon şəhəri üzrə sədriyəm.
-Xanım üçün xaricdə təhsil bir qədər çətin olur. Bu qərarınızda sizə kimlər dəstək oldu?
-Həyatda heç bir şey təsadüfi deyil, olması lazım olan hər şey reallaşır. Mən bu devizlə yaşayan bir insanam. Uşaqlığımdan bəri ən böyük arzum xaricdə təhsil almaq idi. Amma şərtlər təəssüf ki, buna imkan vermirdi. Ailəm evin tək qız övladının xaricdə təhsil almasını o qədər də dəstəkləmirdi. Bu səbəbdən ölkəmizdə keçirilən TQDK imtahanına hazırlaşırdım. Təsadüf nəticəsində (Hərçənd ki, mən bunun qismət olduğuna inanıram) Bakıda fəaliyyət göstərən nüfuzlu türk dərsanələrindən birinin həm təsisçisi, eyni zamanda müəllimi Fatma Polat bizim kompleksimizdə dərsanənin tanıtımını etməyə gəldi və həmin həftə keçiriləcək sınaq imtahanına şagirdləri cəlb etməyə çalışdı. Müəllimlərimizdən riyazi bilikləri yüksək olan şagirdlərin siyahısını istədilər və müəllimlərim ilk olaraq məni referans göstərdi. Getdiyim sınaqda ilk 10-luqda olmağım isə bu gün mənim Türkiyədə təhsil almağıma gətirib çıxardı. O sınaq imtahanı və Fatma xanım həyatıma yön verdi deyə bilərəm. Çünki xaricdə təhsil almağımı heç dəstəkləməyən ailəm belə, Fatma xanımın səyi sayəsində bu gün ən böyük dəstəkçimdir. Bu səbəbdən bu gün qazandığım hər uğuru Fatma xanıma borcluyam. Bu gün də mənim hər bir uğurumu öz uğurları kimi görüb, yaranan hər xırda problemimi həll etməyə çalışmaqları mənim onlara olan hörmətimi daha da artırır.
- Bəs təhsil aldığınız
universitetdə durum necədir?
Təhsil və tədrisin
səviyyəsi qənaətbəxşdirmi?
-Oxuduğum ali məktəb
1955-ci ildən bəri
fəaliyyət göstərən
Türkiyənin ən
köklü universitetlərindən
biridir. Seçimimdə məhz elə
bu faktoru da nəzərə aldım. İstər ixtisaslı kadrlar,
professor və müəllim
heyəti olsun, istər ixtisasımla bağlı ən yeni texnologiyalarla təchiz olunmuş preklinikler, laboratoriyalar olsun, seçimimdə yanılmadığımı göstərir.
Həqiqətən də dərslərimiz
son dərəcə ciddi,
keyfiyyətli tədris
olunur. Doğrudur,
texnik universitet olması dərslərin çətinliyini bir az da artırır. Amma bu öhdəsindən
gələ bilməyəcəyimiz
mənasına gəlmir.
Mənim
ən çox sevdiyim özəllik isə istədiyimiz zaman istər professorlarımızın, istərsə
də müəllim heyətimizin qapılarını
döyüb istənilən
suallarımıza cavab
tapa bilməyimizdir.
Diş həkimliyi elə bir fakültədir
ki, teorik biliklərlə praktik biliklər bir-birini tamamlamalıdır. Bu da bizim fakültəmizdə
mümkündür. Bu
gün universitetimizdəki
təhsil səviyyəsi
məni həqiqətən
də qane edir. Çox şadam ki,
bu universitetin tələbəsiyəm.
-Türkiyə çoxmillətli
ölkədir. Amma hər
mənada bizə yaxın olan bu ölkədə həyat səviyyəsi barədə də söz açardınız.
-Uşaqlığımdan bəri
televiziyada gördüyüm
Qara dəniz insanı və Qara dəniz şivəsi məni özünə cəlb edirdi. Buraya gələndə çox da əcnəbilik
yaşamadım. Trabzon
sakinləri həqiqətən
də çox səmimi, xeyirxah, yardımsevər insanlardır.
Artıq
2 ilə yaxındır
burada yaşamağıma
baxmayaraq buraya çox alışmışam.
Mənim
ən sevdiyim Qara dəniz şivəsidir. Hətta bu
şivədə danışmağı
belə öyrənmişəm.
Qara dənizdə yaşamaq mənim üçün dənizin o möhtəşəm
qoxusuna doymaq, qida rasionunda mütləq balığa
yer vermək və yağışlı
havaları gündəlik
olaraq qəbul etməkdir. Trabzonun istənilən yerində
dənizə mənzərə
tapmaq mümkündür.
Bu zənnimcə, çox gözəl bir xüsusiyyətdir.
Trabzonun özünəməxsus mətbəxi
bura gələn qonaqların diqqətini çəkir. İstər
Qara dənizə məxsus olan hamsidən, balıqdan hazırlanan növbənöv
yeməklər, istərsə
də Trabzona məxsus kələm şorbası, Akcaabat köftəsi, hamsikoy sutlacı, laz böreyi və daha nələr- nələr bu səhəri sevməyimizə
səbəb olur. Bakıda yaşamış biri üçün Trabzon qədər
rütubətli iqlimə
malik bir şəhərə yerləşmək
ilk olaraq çox çətin olur. Nəzərə alsaq ki, bəzən Trabzona hər gün yağış yağır
və çətirsiz
evdən çıxdığın
anda gerisini düşünə bilmirəm.
Amma zaman keçdikcə yağışı bir
problem olaraq görmək
yerinə bunu həyat tərzi kimi qəbul edirsən və hətta, çox sevirsən.
- Bütün bunlar doğrudan da maraqlıdır. Bəs Trabzonda ictimai
işlərlə aranız
necədir?
-Əlbəttə ki,
mən də hər bir azərbaycanlı
gənc kimi öz ölkəmin milli və mənəvi
dəyərlərini buradakı
yerli və xarici tələbələrə
aşılamağa çalışıram. 2013-cü ildə Trabzonda ilk dəfə olaraq xalqımızın unudulmaz
yarası olan Xocalı soyqırımını
silsilə tədbir kimi "Xocalını unutma, unutdurma" adı altında böyük bir konfransa imza atdım. Həmin həftə bu
tədbiri silsilə şəklində Tibb fakültəsində və
Xarici dillər fakültəsində də
reallaşdırdım. Həmin ilin mart ayında universitetimizdə keçirilən
bahar şənliyində
ilk dəfə olaraq Azərbaycan stendi qurdum. Stenddə Azərbaycanın kulinariyasının inciləri
olan Novruz şirniyyatları, səməni,
rənglənmiş və
xüsusi dekorasiya bəzədilmiş yumurtalar,
Azərbaycana məxsus
suvenirlər, tanıtım
bukletləri, bayrağımız
və başqa əşyalar gələn
qonaqların diqqətini
çəkdi. Ən çox
diqqət çəkən
isə Azərbaycan milli geyimində gələnləri qarşılamağım
oldu. Qonaqlar arasında şəhər
bələdiyyə sədri,
valisi bir çox dərnəklərin
nümayəndələri və
Trabzon ictimaiyyəti yer
alırdı. Stendimizə ziyarətlər
bitdikdən sonra şənlik alanında əyləncəmiz bizim milli təranələrimiz
və musiqilərimiz ilə davam etdirildi. Aprel ayında KTU 4-cü tibb konqresi illərdir
ölkə daxilində
keçirilsə də,
məhz mənim təşkilatçılığımla konqresi ilk dəfə olaraq beynəlxalq səviyyədə həyata
keçirdik. Bunun
üçün mən
Azərbaycanımız burada
da tanınsın deyə, Tibb Universitetinin rektoru akademik Əhliman Əmiraslanovla şəxsən
əlaqə saxladım
və çox böyük qürur hissi ilə deyirəm ki, təklifimi qəbul edib 10 nəfər azərbaycanlı tələbəmizin
Trabzona gəlməsinə
şərait yaratdı.
Həmyerlilərim həm konqresimizə
rəng qatdı, həm də biz konqres təşkilatçılarını
qürurlandırdılar. Elə bir ay sonra da
Bakıda ilk keçirilən
Bimec (gənc həkimlərin və tələbələrin 1ci konqresi)
çərçivəsində rektorluğumuz tərəfindən
tədbirə göndərilən
tələbələrin nümayəndə
heyətinin sədri olaraq Tibb Universitetinə
gəldim və rektorluğumuz adından universitetə təşəkkür
plaketi təqdim etdim. Bildiyiniz kimi 23 aprel Türkiyədə uşaqlar
günüdür. Biz də bu gündə
öz imkanlarımız
çərçivəsində uşaqları sevindirməyə
çalışdıq. Öz büdcəmizlə
uşaqlara aldığımız
hədiyyələrlə Tibb
fakültəmizin Pediatrik
şöbəsində müalicə
alan körpələrlə
zaman keçirdik və onları sevindirmək məqsədi
ilə o günə özəl müxtəlif
nağıl qəhrəmanları
obrazlarına büründük.
Mən də milli geyimimizlə
uşaqları sevindirməyə
çalışdım. Bundan başqa bir çox diş həkimləri odasının konfranslarında,
simpoziumlarında, psixoloji
və özünü
inkişaf etdirmə sahəsində seminarlara qatıldım. Həmçinin Türkiyədəki azərbaycanlılarla bağlı
olan bir çox seminar və tədbirlərdə iştirak
etmişəm.
(ardı var)
Tural Tağıyev
Palitra.-2014.-11 dekabr.-S.7.