“Bir tibb
tələbəsinin ilk izlədiyi əməliyyat
onun həkimlik karyerasına qızıl hərflərlə
yazılır”
Nəzrin Rəsulzadə:
“Azərbaycanda praktik dərs saatları
Türkiyədəki Universitetlərə nisbətən
azdır”
Xaricdə təhsil
alan gənclərlə bağlı
rubrikamızın qonağı Nəzrin Rəsulzadədir.
(Əvvəli
10.12.2014 tarixində)
- Kifayət qədər aktiv tələbəsiniz. Digər azərbaycanlı tələbələr necə, fəaldırlarmı?
-Trabzonda hazırda 175 azərbaycanlı
tələbə təhsil alır. Bunların 144-ü oğlan, 31-i isə qızdır. Baxmayaraq ki, ikinci ildir buradayam, tələbələrimizin 100-də 80-i ilə tədbirlərdə
görüşürük. Sosial layihələr və gəzintilər təşkil
etməyə çalışırıq.
Biz aktiv tələbələr
olaraq bu il müxtəlif
qruplar şəklində
başqa şəhərlərə
turlar təşkil etməyi də planlaşdırırıq. Tələbələrimiz müxtəlif şirkətlərdə
könüllü olaraq
staj da keçirlər.
Mən deyərdim ki, bizim tələbələrimizin
dil bilikləri də onlara çox böyük üstünlük yaradır.
Nəzərə alsaq ki, böyük əksəriyyəti
rus, türk və ingilis dillərini sərbəst bilirlər, bu həqiqətən fəxr
olunası bir haldır. Tələbələrimizin aktivliyinə gəldikdə
isə, kifayət qədər aktiv olmağa çalışırlar.
Amma təbii ki, dərslərin çətinliyi və zaman azlığı bir az maneələr yaradır. Əminəm
ki, birlikdə olduğumuz müddətcə
bu problem üçün
də həll yolunu tapacağıq.
Necə deyərlər, güc birlikdədir.
- Bugünkü
Azərbaycan gəncliyinin
durumunu necə xarakterizə edərdiniz?
-Bu gün Azərbaycanda aktiv gənclərə çox böyük şərait yaradılır.
Bu şəraitlərin də başlıca səbəbkarı ulu öndərimizin gənclərə
verdiyi dəstək olub ki, 1996-cı ilin məhz 2 fevralında ilk dəfə
olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə müstəqil
Azərbaycan Respublikasında
Azərbaycan gənclərinin
I forumu keçirildi.
Məncə, hər şey
bundan sonra geniş vüsət aldı. Forum ölkədə
gənclər hərəkatının
vüsət almasına
təkan da verdi. Məhz həmin
günün əhəmiyyətini
nəzərə alaraq,
2 fevral tarixi Gənclər Günü kimi elan edilərək
Azərbaycan tarixinə
yazıldı. Bu gün də bu qızıl qaydanı cənab Prezidentimiz davam etdirir. Bunun üçün Prezidentimizə öz təşəkkürümü bildirirəm. Həqiqətən də, bu gün
onun uğurlu siyasəti və qərarları sayəsində
biz tələbələrə bütün şəraitlər
yaradılır. Nəzərə
alsaq ki, 5-10 il öncə
xaricdə təhsil almaq çox gəncimiz üçün
həyata keçməyəcək
bir xülya kimi görünürdü,
bu gün minlərlə xaricdə təhsil alan aktiv tələbələrimizin
olması sevindirici haldır. Dövlət kifayət qədər
büdcədən gənclərimiz
üçün vəsait
ayırır. Bu təqdirə layiqdir.
Biz tələbələrə
isə sadəcə bunu yetərincə dəyərləndirmək qalır.
-Xaricdə təhsil alan gənclərə
diqqətdən söz
açdınız. Bir aktiv
gənc kimi bu sıranın genişlənməsi, sayın
artmasını necə
dəyərləndirərdiniz?
-Gənclərimizin təhsillərini
xarici ölkələrdə
almaq istəyini çox müsbət dəyərləndirirəm. Bir şeyi
də qeyd etmək istəyirəm ki, gənclərimizin xaricdə təhsil almağa üstünlük
verməsi heç də Azərbaycan təhsil sisteminin kifayət dərəcədə
keyfiyyətli olmadığı
mənasına gəlmir.
Bu gün cənab
İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təhsilə ayırdığı
diqqəti gözardı
edilə bilməz.
Həqiqətən də universitetlərimizin
istər Avropa standartlarına uyğun olması, istərsə də təhsil səviyyəsinin tam standartlara
uyğun olması üçün kifayət
qədər çalışılır
və nəticədə
əldə edilir.
Bu gün ölkəmizdə
xaricdə təhsil alan tələbələr
üçün bir çox təqaüd proqramları da həyata keçirilir. Çox böyük qürur hissi ilə deyirəm ki, dünyanın istənilən
ölkəsində azərbaycanlı
tələbələrlə qarşılaşmaq mümkündür,
bu, çox qürurverici bir faktdır.
-Gələcəyin
peşəkar tibb işçisi kimi ölkəmizdəki tibb sahəsi ilə bağlı duruma necə qiymət verərdiniz?
-Əlbəttə obyektiv danışsaq, bir çox inkişaf etmiş ölkələrlə
müqayisədə, bizdə
hələ də kadrlarla bağlı bəzi çatışmazlıqlar
var. Amma dövlət kifayət qədər bu sahəyə diqqət ayırır və ən müasir tibbi avadanlıqların alınması,
klinikalar, yeni tibb mərkəzlərinin
açılması ilə
bağlı inanılmaz
tədbirlər görülür.
Azərbaycanda tibb konqresinə gəldiyim zaman Azərbaycan Tibb Universitetinin Ağız-çənə cərrahiyyəsi
kafedrasının professor və
müəllim heyəti
ilə tanış
oldum. İstedadlı mütəxəssislərimizdən dr. Vüqar Qurbanovun
da təşəbbüsü
ilə ilk əməliyyat
təcrübəsini yaşadım.
Bunu anladım ki, bir tibb tələbəsinin
ilk izlədiyi əməliyyat
onun həkimlik karyerasına qızıl hərflərlə yazılır
və diş həkimliyi karyeramda məhz damaq yarığı əməliyyatı
ilə başladı.
Bu şəraiti mənə yaradan basda Vüqar həkim olmaqla bütün Azərbaycan Tibb Universiteti Ağız-çənə cərrahiyyəsi
kafedrası mütəxəssislərinə
təşəkkür edirəm.
-Bəs Türkiyə tibbi ilə Azərbaycan tibbi arasında müqayisələr aparmısınızmı?
- Etiraf edirəm ki, Türkiyə tibbi xeyli irəli
gedib və bunun da özəl
səbəbləri var. Bu, uzun
illərə söykənən
tibb sistemi və islahatların nəticəsidir. Azərbaycanda
isə cəmi 20 il olar ki tibblə bağlı işlər görməyə başlayırıq.
Həm də bizdə sovet tibb sisteminin
bəzi qalıqları
qalır. Burada müsbət
məqamlar da var. O müsbət məqamları
saxlamaqla tibbi sığorta və sairə işlərlə
bağlı yeniliklər
etmək lazımdır.
Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanda
qatıldığım əməliyyat
zamani və sonrasında istər klinikalarımızın təchizatı,
istərsə də mütəxəssis baxımından
kifayət qədər
yüksək səviyyə
olduğunu bir daha gördüm. Bizim çox sayda xaricdə təhsil almış, bir çox kurslar keçmiş yeni həkimlərimiz var. Bundan
əlavə uzun müddətli stajı olan təcrübəli həkimlərimiz də kifayət qədərdir.
Mən əminəm ki, bir neçə
il sonra
bizim ölkəmizdə
tibb sahəsi çata biləcəyi ən yüksək zirvələrə çatacaq.
Çünki hazırda tibb
sahəsinə ölkəmizdə
kifayət qədər
maliyyə ayrılır
və dəstək göstərilir. Klinikalarımız artıq Türkiyədə
olduğu kimi, standartlara tam uyğun cihazlarla təchiz olunub. Geriyə isə sadəcə
bizlərin təhsilimizi
müvəffəqiyyətlə başa vurub xalqımıza xidmət etmək üçün dönməyimiz qalır.
Bir də ki, Türkiyədəki
tibb təhsili ilə bizim ölkəmizdəki tibb təhsili arasında da fərq var. Başlıca fərq praktika məsələsindədir.
Bizim universitetlərimizdə həqiqətən
də nəzəriyyə
çox mükəmməl
tədris edilir. Amma təəssüf ki, praktik dərs saatları Türkiyədəki
universitetlərə nisbətən
azdır. Amma bildiyim
qədərilə artıq
bizdə bunun da üzərində çalışmağa başlayıblar
və artırmağı
düşünürlər. Əminəm
ki, bu xırda
problem də qısa zamanda aradan qaldırılacaq.
-Gələcək planlarınız
barədə də söz açardınız.
-Hər bir gənc
kimi mənim də gələcəyə
dair çox böyük planlarım
var. Bu gün mən əslində bir çox arzularıma çatmışam. Əgər
bu gün mənim valideynlərim “səni xaricdə təhsil almağa göndərdiyimiz üçün
heç vaxt peşman etmədin bizi, səninlə fəxr edirik” deyə bilirlərsə, zənnimcə bundan böyük arzu, plan ola bilməzdi.
Amma təbii ki ilk növbədə universiteti
yüksək qiymətlərlə
bitirib, təhsilimi Avropada, xüsusilə də Almaniyada davam etdirmək istərdim. Ondan sonra isə
təbii ki, ölkəmə keyfiyyətli
bir mütəxəssis
kimi dönüb Azərbaycanda hələ ki yeni-yeni inkişaf
edən estetik dental sahəsində bir klinika açmağı planlaşdırıram. İxtisasımda birinci olana qədər
arzularımın və
planlarımın bitəcəyini
düşünmürəm.
-Bizə arzu və təklifiniz...
-Sonda ilk növbədə sizlərə öz təşəkkürümü bildirirəm ki, biz tələbələrə dəyərli zamanınızı ayırırsınız və bizləri qiymətləndirirsiniz. Bu gün mənim üçün bir an belə dəstəyini əsirgəməyən atam başda olmaqla ailəmə və sevdiklərimə təşəkkür edirəm. Əgər bir az da olsa uğur qazanmışamsa, onların “sən daim bacaracaqsan” deyə verdiyi stimul sayəsindədir. İradəli və inamlı olduğumuz müddətcə edə bilməyəcəyimiz iş, aşa bilməyəcəyimiz zirvə yoxdur. Bir daha təşəkkürlər.
Tural Tağıyev
Palitar.-2014.-12 dekabr.-S.7.