İdmanla məşğul olan gənclərin sayı artıb”

 

Səlhət Abbasova: “Həndbolla məşğul olmuş bir idmançı kimi, bu idman növünün müasir Azərbaycanımızda keçmiş SSRİ dövründəki populyarlığını çox görmək istərdim”

 

İdmanın gənclərin fiziki inkişafında mühüm rolu var. Bu gün idmançılarımız ölkəmizi müxtəlif yarışlarda layiqincə təmsil edirlər və ölkəmizdə gənc istedadlı idmançıların, peşəkar məşqçilərin mövcudluğu, Bakı ilə yanaşı, bölgələrdə müasir idman infrastrukturunun yaradılması uğurlarımızı təmin edir. Ölkə başçısı bildirib ki, idman yarışlarında gənclərin qələbəsi müstəqil Azərbaycanın nəyə qadir olduğunu göstərir: “İdman hər bir cəmiyyətin ümumi inkişafını göstərir və idman arenalarında ən böyük uğurları inkişaf etmiş ölkələr qazanır. Bu da təbiidir. Çünki bu ölkələrdə idmana diqqət daha da yüksək səviyyədədir, həm maddi-texniki baza möhkəmdir, həm investisiyalar qoyulur. Baxmayaraq ki, Azərbaycan gənc müstəqil dövlətdir, bizöz gücümüzü artırırıq və idmana olan dövlət dəstəyi hesab edirəm ki, bu uğurların əldə edilməsində öz rolunu oynayıb. Əlbəttə ki, məşqçilərin, idman mütəxəssislərinin çox peşəkar fəaliyyəti və idmançıların fədakarlığı bu ümumi inkişafa öz töhfəsini verib”. Müsahibimiz 25 ilə yaxın müddətdir idman sahəsində çalışan, biologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, İdman Mədəniyyəti və Maarifçiliyinə Dəstək İctimai Birliyinin sədri və nəhayət, ölkəmizdə keçiriləcək Bakı Avropa Oyunları Əməliyyat Komitəsində təmsil olunan idman mütəxəssisi Səlhət Abbasovadır:

 

(əvvəli ötən sayımızda)

 

-Fəxri bədən tərbiyəsi və idman işçisi kimi ölkəmizdə hansı idman növünün daha da inkişafını istərdiniz?

- Müxtəlif idman növlərinin inkişafına yaradılmış şərait insanların zövqləri, maraqları və fiziki potensialının müxtəlifliyi baxımından daha çox seçim imkanı yaradır və məşğul olan gənclərin sayının artmasına şərait yaradır. Ancaq bu arada xalqımız üçün ənənəvi və tarixi olan idman növlərinin inkişafını unutmaq olmaz. Eləcə də müxtəlif xalq və mütəhərrik oyunların nəsillərdən nəsillərə ötürülməsinə səy göstərmək, onların uşaqların həm fiziki, həm də mənəvi-iradi keyfiyyətlərinin formalaşmasındakı rolunu dərk edərək pedaqoji fəaliyyətdə səmərəli istifadə etmək lazımdır. Bildiyiniz kimi, çovqan (çövkən) oyunu 2013 - ildə xalqımıza məxsus qədim idman oyunu kimi UNESCO -nun təcili mühafizəyə ehtiyacı olan qeyri-maddi irslər siyahısına daxil edilib. Əlbəttə, belə mötəbər təşkilatın dünyanın bir çox yerində yayılmış bənzər oyunların olduğu halda onun orijinal halda məhz Azərbaycana məxsus olduğunu təsdiq etməsi heçasan deyil. Bunun üçün tarixi sübutlarla yanaşı, böyük səy tələb olunub. Cəmiyyətimiz bu tarixi tanınmanı dəyərləndirib, həm çovqan oyununu, həm də digər xalq oyunlarımızı mənəvi dəyərlərimizə layiq şəkildə qorumalı və gələcək nəsillərə ötürülməsinə çalışmalıdırlar. Şəxsən mən həndbol ilə məşğul olmuş bir idmançı kimi, bu idman növünün müasir Azərbaycanımızda keçmiş SSRİ dövründəki populyarlığını çox görmək istərdim. İlk növbədə ona görə ki, bu idman növü ölkəmizdə qadınlar arasında çox populyar olub və yüksək nəticələr əldə olunub. Xüsusi maddi texniki baza tələb olunmur, belə ki, məktəb fiziki tərbiyə proqramına daxildir və ümümtəhsil məktəblərində kütləvi inkişaf etdirilməsinə imkan var. Yəni, inkişafına böyük sərmayə tələb etmir. Hələ ki, mütəxəssislər kifayət qədər var. Olimpiya idman növüdür və peşəkar klubların fəaliyyəti baxımından cəlbedicidir. Ölkəmizdə komanda idman növlərinin inkişafı xüsusi diqqət tələb edir. Əlbəttə ki, komanda idman növlərinin inkişafı təkmübarizlik növlərindən daha çox vəsait tələb edirbu baxımdan idman təşkilatları ikinciyə üstünlük verirlər. Lakin kütləvilik və komanda ruhunun inkişafı, əməkdaşlıq, həmrəylik kimi keyfiyyətlərin inkişaf etdirilməsi üçün komanda idman oyunlarının rolu əvəzsizdir.

- Bu gün ölkəmizdə olmayan idman növlərinin tətbiqi üçün hansı addımlar atmaq olar?

- Qeyd etdiyim kimi idmanın müxtəlifliyi kütləviliyə müsbət təsir göstərir və yeni idman növlərinin yaradılması bu baxımdan cazibədardır. Hər hansı idman növünün inkişafı üçün ilk növbədə onun ölkə və xarici idman industriyasındakı perspektivlərini dəyərləndirmək vacibdir. Burada idman növünün inkişafı baxımından təbii şərait (qış və yay idman növü, dağlıq və aran, su hövzəsi və s. kimi), xüsusi infrastruktur tələb olunan vəsaitin dəyəri, idman mütəxəssislərinin olması, əhalinin potensialı (fiziki imkanları, sosial, iqtisadi durumu, tarixi-mədəni dəyərləri), onun cəmiyyətə verə biləcəyi töhfə və risklərin təhlillərinin aparılması tələb olunur. İdman fəaliyyətinin insanlara zövq verməsi vacib şərtlərdəndir. İdmanın fəlsəfəsi insanların ümumbəşəri dəyərlər əsasında formalaşıb və ona zidd olan keyfiyyətlərin təbliğini qətiyyətlə pisləyir. Rəqibə qəsdən fiziki xəsarət yetirmək üzərində qurulmuş, ədalətsiz mübarizə şəraiti yaradan, tamaşaçılarda zorakılıq hisslərini oyatmağa meyilli idman növlərinin inkişafı cəmiyyətə fayda verə bilməz.

- Ölkədə qadınların idmana marağını necə qiymətləndirirsiniz? Bu gün onlar idman sahəsində yetərincə öz sözlərini deyə bilirlərmi?

- Ölkəmizin qadın idmançılarının beynəlxalq səviyyədə yüksək nəticələr əldə etməsi çox fərəhləndirici haldır. Ancaq müxtəlif səbəblərdən qadın və qızlarımızın fiziki fəallığa kişilərə nisbətən az meyilli olduğu danılmaz faktdır. Halbuki, onların bədən tərbiyəsi və idmanla məşğul olması heç də kişilərdən az vacib deyil. Qızlarımızın idmana cəlb olunmasının əsas əngəllərindən biri də cəmiyyətdə olan stereotiplərdir. Qadınlar kütləvi şəkildə idmanla məşğul olmaları üçün yalnız qızların həvəsləndirilməsi deyil, cəmiyyətin, valideynlərin də bunun onların övladları üçün nə qədər vacib olmasını dərk etməsi mühüm şərtdir. Bədən tərbiyəsi və idmanla məşğul olmaq insanların cinsindən asılı olmayaraq əsas hüquqlarından biridir. Müvafiq təşkilatlar da gərək bu hüququn təmin olunmasına şəraitin yaradılması üçün cavabdeh olduqlarını unutmasınlar. Mən çox ümid edirəm ki, dövlətimizin 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm idman tədbirlərinin ölkəmizdə keçirilməsinə yaratdığı şəraitdən idman təşkilatları səmərəli istifadə edərək, öz fəaliyyət sahələrində əhaliyə bərabərlik harmoniyasını pozmadan daha da keyfiyyətli xidmət göstərəcəklər.

- İdman mütəxəssisi kimi, əlaqədar proqramlar çərçivəsində tez-tez xarici ölkələrə səfərlər edirsiniz. Bu günlərdə “Qlobal İdman Təlimi Proqramı” çərçivəsində ABŞ-da olmusunuz. Layihənin əhəmiyyəti nə idiorada qazandığınız təcrübəni ölkəmizdə necə tətbiq etmək istərdiniz?

- ABŞ-da təşkil edilmiş proqramın əsas istiqaməti qadınların inkişafına idman vasitəsilə imkanların artırılması idi. Bu gün dünyada cəmiyyət üçün aktual məsələlərdən biri də qadınlara cəmiyyətdə bərabər imkanlar yaratmaqdır. Qadınların cəmiyyətdə sosial mövqeyini möhkəmləndirərək, ailənin və bütün bəşəriyyətin möhkəmləndirilməsi və sağlamlaşdırılmasında səmərəli istifadə edə bilmək haqqında təcrübə üçün bu proqram çox gözəl imkan idi. Cəmiyyətdə əlilliklə bağlı profilaktikainteqrasiya məsələləri ətrafında geniş təhlil aparılırdı. Əlbəttə, bu məsələlər bizim ölkəmizdə də aktualdır. Xüsusilə, regionlarda qızların idmanla məşğul olmaq, idmanın verə biləcəyi imkanlardan faydalanması üçün daha səmərəli işlərin görülməsi vacibdir. Bilirsiniz, bəzən yalnız qanuni hüququn mövcudluğu belə, cəmiyyətdə dərin kök salmış, inkişafı zəiflədən adət və davranışların qarşısının alınmasında aciz qalır. Bu bir faktdır ki, Azərbaycan qadını hələ bir çox mütərəqqi Avropa ölkələrindən öncə cəmiyyətdə hüquq bərabərliyi əldə edib. Yalnız, bəzən qadınlarımızın bu hüquqdan necə istifadə etdiyi haqda düşündükdə, xüsusilə, bölgələrimizdə qadınların mövqeyini və imkanlarını təhlil etsək, Cəfər Cabbarlının “Sevilinin bu günaktual olduğunu dərk edirsən. Əlbəttə, bu düşüncələr heç də Azərbaycan qadınının əldə etdikləri uğurlara kölgə salmır. Sadəcə, belə uğurların daha da çox olması üçün gözəl nümunələrdən səmərəli istifadə etməyə həvəsləndirir. Bu proqram çərçivəsində yaranmış bir çox ideyalarla yanaşı, gələcəkdə tətbiq etmək istədiyim layihələrdən biri də məhz ölkəmizin sağlam həyat tərzinə üstünlük verən, yüksək idman nailiyyətləri ilə seçilən uğurlu qadınlarımızın digər qeyri-fəal həyat tərzi keçirən qadınlarımızı həvəsləndirmək, birgə inkişaf etmək üçün imkanlar yaratmaqdır. Belə bir layihəyə Avropa Oyunlarınadək start verilməsi, əhalimizin müxtəlif təbəqələrinin həvəsləndirilməsi də elə böyük idman tədbirinin ölkəmizdə qoya biləcəyi daha bir müsbət irs kimi dəyərləndirilə bilər.

Nigar Abdullayeva

Palitra.-2014.-12 dekabr.-S.11.