“Muğama olan qayğı kiçik
yaşlı uşaqların da bu sahəyə meyillənməsini təmin edir”
Ehtiram Hüseynov: “Musiqinin başqa
janrlarından fərqli olaraq muğamda, aşıq sənətində
mütləq ustadın olmalıdır. Məktəbsiz muğam sənəti təməlsiz evə bənzəyir,
o, gec-tez uçub dağılacaq”
Gənclərin mənəvi
inkişafında milli musiqimizin
də mühüm rolu
var. Milli musiqimizi, o cümlədən
də muğamı yaşatmaq üçün gənc nəsil bu sənəti daha dərindən
öyrənməli, yaşatmalı və onlar
da gələcək nəsillərə
çatdırmalıdırlar. Bu gün gənclərimiz də musiqi tariximizdə önəmli yer tutan muğamı unutmur, bu sənətin
ardınca gedir, ölkəmizdə təşkil
olunan muğam
müsabiqələrində iştirak edərək
onu qoruyub yaşatmağa çalışırlar.
Ölkə başçısı da bildirib ki, gənclərin milli musiqiyə çox böyük
marağı var: “Ölkəmizdə
keçirilən müsabiqələr, festivallar
bu marağı daha da artırır. Canlı efirdə göstərilən
muğam festivalları, muğam
müsabiqələri cavanları da, gəncləri
də bu istiqamətə sövq
edir. Muğamın vətəni Azərbaycandır.
Biz ilk növbədə
çalışmalıyıq ki, bu nadir sənətimiz daim yaşasın, digər tərəfdən dünya da bunu
bilsin. Çünki muğam sənəti ümumdünya
musiqi sənətinin zirvəsidir. Biz elə etməliyik ki, gənc
nəsil milli ruhda böyüsün, vətənpərvər, Vətənə
sadiq olsun, Vətən
üçün işləsin,
çalışsın. Bunu etmək üçün güclü
vətənpərvərlik hissi və milli ruh lazımdır. Milli ruhun da
təməlində milli ənənələr,
musiqi, ədəbiyyat, ana
dili dayanır. Ona
görə bu sahə, ümumiyyətlə,
ölkəmizin gələcək inkişafı üçün çox
önəmlidir”. Müsahibimiz Milli Konservatoriyanın magistr
pilləsində təhsil alan, gənc muğam ifaçısı Ehtiram
Hüseynovdur:
-Mədəniyyətin və incəsənətin insanların mənəvi inkişafında böyük rolu var. O cümlədən, milli musiqimizin də rolu əvəzsizdir. Milli musiqimizi ifa etməklə biz, musiqi tariximizdə əvəzsiz yeri olan muğamımızı yaşatmağa çalışırıq. Böyük sənətkarlardan bu sənətin sirlərini öyrənməklə biz də onu gələcək nəsillərə çatdırmaq istəyirik. Bir sözlə, hər bir azərbaycanlı muğamı sevir, onu dinləmək istəyir və biz də bacardığımız qədər onların zövqlərini oxşamağa çalışırıq.
- Necə oldu bu sənəti seçdiniz?
- Mən 1980-ci il oktyabrın 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşam. Əslimiz Daşlı kəndindəndir. Babamın işi ilə əlaqədar Hacısamlıya köçmüşük. 1986-cı ildə həmin kənddə I sinifə getmişəm. 1992-ci ildə məlum səbəblərdən Bakıda məskunlaşaraq orta təhsilimi Binəqədi rayonundakı 284 saylı orta məktəbdə davam etdirmişəm. Sonra Xan Şuşinski adına muğam məktəbini, Asəf Zeynallı adına Musiqi Texnikumunu(indi kollec adlanır) bitirdim. Xalq artisti Canəli Əkbərovdan 4 il dərs aldım. Hazırda Milli Konservatoriyanın magistr pilləsində axırıncı kurs tələbəsiyəm. Müəllimim xalq artisti Arif Babayevdir.
Uşaqlıqdan Yaqub Məmmədov, Arif Babayev kimi xanəndələrin lent yazılarını, radio və televiziya çıxışlarını dinləmişəm. Lakin deməzdim ki, sənətə gəlişim hansısa xanəndənin təsiri ilə baş verib. Nəslimizdə səsi olanlar çoxdur, lakin onlar bu sənətin ardınca getmədilər. Lakin xanəndəlik sənəti maqnit kimi məni öz cazibəsinə çəkirdi, oxumağa həvəsim çox idi. Evdəkilər nəinki bu istəyimə qarşı çıxmadılar, eyni zamanda, mənəvi dəstək olaraq istiqamət verdilər. Nəticədə həyatım bu sənətlə bağlandı. İlk musiqi təhsilimi Ağdam muğam məktəbində almışam. Sonra isə «Bənövşə» uşaq xorunda, Asəf Zeynallı adına musiqi kollecində musiqi təhsilimi davam etdirmişəm. O vaxtlar televiziyada “Sübh şəfəqləri”, “7-17” uşaq müsabiqələri gedirdi. Babam məni “Sülh şəfəqləri” müsabiqəsinə apardı, 12 yaşım vardı. Rəhmətlik Əfsər Cavanşirov “Bənövşə” uşaq xorunun həm yaradıcısı, həm də rejissoru idi. Hansı musiqi məktəbindən gəldiyimi, müəllimimin kim olduğunu soruşdu. Babam dedi ki, Allahın verdiyi səsdir, öz havasına oxuyur. Müəllim yanına getmir. Məktəb tədbirlərində də oxutdururlar. Əfsər müəllim məni “Bənövşə” uşaq xoruna götürdü və bildirdi ki, müsabiqə üçün hələ hazır deyil, hazırlaşmalıdır. Beləliklə, ilk addımlarımı orada atmağa başladım. Uşaq mahnılarından ibarət kompozisiyaların lent yazıları Azərbaycan Dövlət Televiziyasının fondunda indi də durur. Uşaq mahnılarının arasında kiçik muğam yerləri olanda Əfsər müəllim deyərdi ki, Ehtiram oxusun.
-Son
illər muğamın inkişafı istiqamətində
dövlət tərəfindən tədbirlər həyata keçirilir. Onlardan biri də muğam
festivallarının keçirilməsidir. Bir
gənc muğam ifaçısı və
festival iştirakçısı kimi bu sahədə həyata
keçirilən tədbirləri necə dəyərləndirirsiniz?
- Mübaliğəsiz deyərdim ki, bu gün Heydər Əliyev Fondu mədəniyyətimizin, o cümlədən muğamımızın ən böyük himayədarıdır. Prezidentin rəhbərliyi altında ölkəmizdə mədəniyyətə göstərilən qayğı çox yüksək səviyyədədir. Mən bunu müsahibələrimdə, sənətlə bağlı söz düşəndə deməyi özümə borc bilirəm və deməliyəm. Bu diqqəti, qayğını qiymətləndirmək bütün muğam ifaçılarının borcudur. Allah Sabir Mirzəyevə rəhmət eləsin! Səhv etmirəmsə “Muğam” jurnalına müsahibəsində demişdi ki, muğamı reanimasiyadan xilas elədilər. Doğrudan da muğama maraq həddindən artıq azalmışdı. Yaşlı nəsil ruhdan düşmüşdü, gənc nəsil isə başqa istiqamətə gedirdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamı zirvəyə yüksəltdi, beynəlxalq aləmdə tanıtdı. Muğam sənətkarlarının nüfuzu qalxdı. Televiziyada muğam müsabiqələri başladı. Xalq artisti Əlibaba Məmmədov özü etiraf elədi ki, bizim 35 ilə gördüyümüz işi müsabiqələr 3 aya gördü. Bütün bunlar dövlətin, ölkə başçısının, Heydər Əliyev Fondunun xalqa, muğamsevərlərə misilsiz töhfələridir. Hazırda dünya ölkələrində ayrı-ayrı musiqi janrları üzrə müxtəlif müsabiqələr keçirilir. Televiziya Muğam Müsabiqəsi isə yeganə müsabiqədir ki, burada tamaşaçı SMS-ləri heç bir rol oynamır. Belə bir uğurlu layihəni reallaşdırdığına görə bir daha Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya muğam müsabiqəsi iştirakçıları adından minnətdarlığımı bildirirəm. Bu müsabiqədə bizə öz istedadımızı nümayiş etdirmək üçün geniş meydan verildi.
-İndiyədək
hansı xarici ölkələrdə
çıxış etmisiniz?
Tamaşaçılar tərəfindən ifanız necə qarşılanıb?
- Qastrol səfərlərində çox olmuşam. 2007-ci ildə ikinci muğam müsabiqəsinə qatıldım. Ondan qabaq da Muğam Teatrında çalışmışam. Birinci müsabiqə 2005-ci ildə keçirilmişdi. 2011-ci ildə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi oldum. Bundan sonra xarici səfərlərimin sayı xeyli artdı. Amerikada, Fransada, İsveçdə, Novveçdə, Hollandiyada, Rusiyada, Türkiyədə, Brazilyada, Kanadada səfərlərdə olmuşam.
-Arif
Babayev kimi ustad sənətkardan dərs almaq
sizə bu sənətdə nəyi
öyrədib?
- Musiqinin başqa janrlarından fərqli olaraq muğamda, aşıq sənətində mütləq ustadın olmalıdır. Məktəbsiz muğam sənəti təməlsiz evə bənzəyir, o, gec-tez uçub dağılacaq. Muğamın sirlərini öyrənməkdə mənə dəstək olmuş bütün müəllimlərimə təşəkkür edirəm. Bilirsiniz ki, Asəf Zeynallı adına musiqi kollecində Xalq artisti Canəli Əkbərov, Milli Konservatoriyada isə professor Arif Babayev kimi ustad sənətkardan dərs almışam. Allahdan Arif müəllimə can sağlığı arzulayıram. Əlbəttə ki, belə böyük sənətkarların tələbəsi olmaq həm şərəf, həm də məsuliyyətlidir. Fəxr edirəm ki, belə ustad sənətkarlardan dərs alaraq, muğamın incəliklərini öyrənirəm. Onların mənəvi dəstəyi olmasaydı, mən bəlkə də belə uğur qazana bilməzdim.
-Gənclərimizin
bu sahəyə marağının daha da artması üçün gənc ifaçı olaraq hansı tövsiyələri verərdiniz?
- Ümumilikdə, ölkəmizdə muğam sənətinə olan qayğı və diqqət kiçik yaşlı uşaqların da bu sahəyə meyillənməsini təmin edir. Böyük sənətkarlarımız da deyirlər ki, Azərbaycanda heç vaxt muğama bu qədər diqqət, həvəs və dəstək olmayıb. Gənclərimizin bu sahəyə marağının artmasına səbəb ilk növbədə, respublikada muğamın təbliği sahəsində həyata keçirilən işlərlə əlaqələndirərdim. Xüsusən də televiziya ilə canlı yayımlanan müsabiqələr insanlarda muğama marağı xeyli dərəcədə artırmış oldu. 2007-ci ildə keçirilmiş muğam müsabiqəsində Pərvaz İbrahimli və Elməddin İbrahimov kimi azyaşlı uşaqların ifaları onların həmyaşıdlarında da bu sənətə marağı gücləndirdi.
-Gələcək
planlarınız nədir?
- Dekabr ayının 7-də
Beynəlxalq Muğam mərkəzində ilk solo konsertim
oldu. Məsuliyyətli bir
iş idi. Amma düşünürəm ki,
öhdəsindən gələ bildim.
Konsertdə iştirak edən bütün ustad sənətkarlarımıza,
eləcə də tamaşaçılara dərin təşəkkürümü
bildirirəm. Onların dəstəyi sayəsində hər şey çox uğurlu alındı. İnşallah
planlar çoxdur. Azərbaycan
Dövlət Televiziyasında bir neçə
muğamları lent yazısına alacaqlar. Yanvar ayında qastrol səfərlərimiz var.
Həmçinin musiqisi Tahir
Əkbərə, sözləri Sona Vəliyevaya
aid “Arazbari” adlı bir əsər üzərində işləyirəm.
Ssenarisini Sabir Rüstəmxanlı
yazıb. Özüm ifa
etdiyimə görə demirəm, düşünürəm ki, yaxşı əsərdir və yüksək
zövqlü tamaşaçılar üçün nəzərdə tutulub. Həmçinin düşünürəm
ki, yaz aylarında
respublikamızın bölgələrində solo
konsertlərlə çıxış edim.
Nigar Abdullayeva
Palitra.-2014.-16 dekabr.-S.11.