“Tələbə yalnız elm
öyrənməyə istiqamətlənməməlidir”
Təhmin İbrahimov: “Universitetimizdə əsas prinsip yaxşı kadr olacaq gənclər yetişdirməkdir”
Bu gün əksər
gənclərimiz yaxşı təhsil almaqla
yanaşı ictimai işlərdə də
aktiv olmağa
çalışırlar. Təsadüfi deyil
ki, Azərbaycanda ali təhsil
alan tələbələrimiz arasında
xaricdə təhsil almaq üçün
müraciət edənlərin də sayı ilbəil
artır. Bu, gənclərimizin artıq daha iddialı olmasından və yeni-yeni uğurların qapısını
döymək istəklərindən xəbər verir. Belə istəkli və uğur
formulunun sirlərini öyrənməyə
çalışan gənclərdən biri
də Təhmin İbrahimovdur. Bu aktiv gənclə olan müsahibəni oxuculara
təqdim edirik.
-Özünüz
barədə məlumat verərdiniz.
-Mən - İbrahimov Təhmin Əsgər oğlu 1 noyabr 1995-ci ildə Bərdə rayonunda anadan olmuşam. 2002-ci ildə Xırdalan şəhərində yerləşən Kəlbəcər rayonunun 20 saylı tam orta məktəbində 1-ci sinfə getmişəm. 2013-cü ildə həmin məktəbdə orta təhsilimi bitirib Azərbaycan İctimai-Siyasi Universitetinə daxil oldum və mənim ictimai fəaliyyətim də həmin universitetdə başlayıb. Azərbaycan İctimai-Siyasi Universitetinin Tələbə Gənclər Təşkilatında Sadiq Babazadənin sədrliyi ilə Şən və Hazırcavablar Klubunda rəhbər kimi fəaliyyətə başladım. Ali təhsil aldığım illərdə qazandığım uğurlar da məhz Azərbaycan İctimai-Siyasi Universitetinin Tələbə Gənclər Təşkilatındakı fəaliyyətimlə başlayıb. Lakin müəyyən səbəblərdən Azərbaycan İctimai-Siyasi Universiteti bağlandığına görə 2014-cü ilin 15 sentyabrından Bakı Asiya Universitetində təhsilimi davam etdirəsi oldum. Hazırda Bakı Asiya Universitetində təhsil alıram.
-Yeni universitetdə təhsil və tədrisin səviyyəsi necədir? Sizi qane etməyən nələrsə varmı?
- İstənilən ali təhsil ocağında problemlər, tələbəni qane etməyən məsələlər mütləq şəkildə olur. Mən hətta xaricdə təhsil alan dostlarla da əlaqələrim olarkən bu barədə müəyyən fikirləri onların da dilindən eşidirəm. Hazırda təhsil aldığım Bakı Asiya Universitetinə gəldikdə isə burada təhsil sistemi çətin olsa da, tələbələrə yaxşı təhsil verən müəllimlər çoxluğu bizi sevindirir. Universitetimizdə əsas prinsip yaxşı kadr olacaq gənclər yetişdirməkdir. Ən əsası bizim ali məktəbdə öz biliyinə, savadının gücünə bütün imtahanlardan keçməkdir. Buna görə də Bakı Asiya Universitetində təhsil almağım qürurvericidir.
-Dərslərə
məsuliyyətlə yanaşdığınızı dediniz. İctimai işlərdə
və ya idman tədbirlərində
necə, aktiv iştirak
edirsinizmi?
- Bu gün universitetlərdə
ictimai tədbirlərin
çoxluğu sevindirici
haldır. Əlbəttə, tələbə yalnız elm öyrənməyə
istiqamətlənməməlidir. İdman tədbirləri və ictimai işlərə də cəlb edilməlidir ki, yetkin gənclər hərtərəfli inkişaf
etsinlər. Mən idmanla
da aktiv maraqlanıram və ilk uğurlarımı hələ
məktəb illərində
ikən qazanmağa başlamışam. Futbol sahəsində
seçilməyimə uğurlu
fəaliyyətimə görə
məktəbimizin yığma
komandasına üzv oldum. 2010-cu ildə
“Qarabağ” Futbol Klubunun təşkil etdiyi məktəblilərarası
futbol çempionatında
məktəbimizi təmsil
edən komandada təmsil olundum və həmin çempionatda məktəbimiz
1-ci yeri qazandı.
Bu mənim qazandığım
ilk böyük idman uğuru idi. İndi də çalışıram ki,
ali təhsil
almaqla yanaşı universitetimizin idman tədbirlərində aktiv
iştirak edib. İctimai fəaliyyətə gəldikdə
isə bu istiqamətdə də digər fəal tələbələrdən geri
qalmamağa çalışıram.
Ümumiyyətlə, ictimai
fəaliyyət dedikdə
ilk ağlıma gələn
Azərbaycan Tələbə
Gənclər Təşkilatları
İttifaqıdır(ATGTİ). Çünki ATGTİ mənə müəyyən mənada
ictimai fəaliyyətin
nə demək olduğunu aşıladı.
2014-cü ilin 17 fevral tarixində ATGTİ-nin Tarix işçi
qrupunun idarə heyətində işləməyə
başlamışdım. Həmin işçi qrupu ilə birgə uğurlarımız çox
olub. Günü-gündən ATGTİ daxilində fəaliyyətimi daha da artırırdım.
4 sentyabrda isə
ATGTİ daxilində yeni
bir işçi qrupu yaratmağa müvəffəq oldum.
Həmin
tarixdən indiyəcən
bu təşkilat daxilində fəaliyyət
göstərən Mədəniyyət
işçi qrupunda rəhbər fəaliyyəti
göstərirəm. 6
nəfərdən ibarət
idarə heyəti var ki, məhz
Mədəniyyət işçi
qrupunun əldə etdiyi uğurlarda həmin idarə heyətinin rolu çox böyükdür.
Hazırda işçi qrupumuz
böyük bir layihə üzərində
işləyir. ATGTİ
sədri Şahin İsmayılovun bizə göstərdiyi böyük
qayğı nəticəsində
tək mən yox, ATGTİ-nin bütün könüllüləri
ictimai fəaliyyətdə
öz sözlərini
deməyə qadirdirlər.
Çünki təşkilatımız bizə qeyri-real görünən çox
şeyin real olmasına
şərait yaradır.
“Azərbaycanda könüllülük
mədəniyyəti günü-gündən
artır”- Bu sözləri
təşkilat sədrimiz
Şahin İsmayılov
qeyd edib. Mən də öz növbəmdə Şahin
İsmayılovun sözlərinə
qatılıram və
həqiqətən də
hiss olunur ki, könüllülük prinsipi
əsasında çalışmağa
istəyən gənclər
çoxalıblar. İyun ayında
paytaxtımızda baş
tutacaq “Bakı 2015”
ilk Avropa Oyunlarına universitetlərdən olan könüllü tələbələrin
axınına şahid
olmamaq qeyri-mümkündür.
Bu isə çox
sevindirici bir haldır.
-Bəs, ümumilikdə ölkədə
gənclərimizə yaradılan
şəraiti necə
dəyərləndirərdiniz?
-Demək olar ki, günümüzün yarısını gənclərimizlə keçirdiyimiz üçün müşahidələrə əsaslanıb əminliklə deyə bilərəm ki, ölkəmizdə gənclər siyasəti günü-gündən artmaqdadır. Bu da həqiqətən çox sevindirici haldır. Regionlarda Gənclər evləri tikilir, gənclərimizin asudə vaxtlarını tinlərdə, pis vərdişlərdə keçirməmələri üçün idman kompleksləri yaradılır, gənclərlə işləyən QHT-lərə də xüsusi diqqət göstərilir. Gənclərə yaradılan şəraitləri sadalamaqla bitməz. Amma ən önəmlilərini qeyd etsəm deyə bilərəm ki, dövlətimizin gənclərə olan qayğısı nəticəsində yerli tələbələrin xaricdə təhsillərini davam etdirməsi işində də geniş imkanlar yaradılıb. Xaricdə təhsil almış tələbələrimiz, öz ətraflarında olan gənclərə də xaricdə təhsil proqramı barədə söz açaraq onları müəyyən qədər maarifləndirmiş olurlar.
-Özünüz
necə, xaricdə təhsil almağı düşünürsünüzmü?
-Bəli, bu barədə bir çox gənc kimi mənim də öz istəyim, arzum var. Xaricdə təhsillə bağlı düşüncələrim var və bu istiqamətdə planlarım çoxdur. Bu mövzuda ailəmin mənə dəstəyinə də söz ola bilməz. Buna görə də, 2-ci ali təhsil və ya magistratura təhsilimi hər hansı bir xarici ölkədə almağı çox istəyərdim.
Bunu dövlətin dəstəyi ilə gerçəkləşdirə bilsəm, xüsusi proqram çərçivəsində başqa ölkədə təhsil təcrübəsinə yiyələnsəm, bu mənim üçün böyük uğur sayılacaq. Bu gün sayı-hesabı bilinməyən xaricdə təhsil alan gənclərimizin gələcəkdə Azərbaycan üçün hansı perspektivlər vəd etdiyini də təsəvvür etmək çətin olmaz. Bu “gənclər ordu”su Azərbaycanın gələcəkdə sağlam təməl üzərində durmasına təminatdır. Mən də bu “ordu”da olmaq istərdim! Əlbəttə ki, bunun üçün xeyli çalışmalıyam, dil biliklərimi daha da püxtələşdirməliyəm.
-Gələcəklə
bağlı hansı planlarınız var?
-Gələcək planlarım çoxdur.
Bir müddət könüllü
fəaliyyəti göstərdikdən sonra
özümü gömrük
sahəsində görməyi çox istərdim.
Böyük hədəflərimdən biri dövlət işində aktiv
fəaliyyət göstərməkdir. Yəni Dövlət Gömrük Komitəsində
çalışaraq bu sahənin mütəxəssisi
kimi işləmək istərdim.
Qarşıma qoyduğum məqsədlərin
bir çoxuna nail olmuşam, xaricdə təhsildən
sonra bu arzumun da real
olacağına heç şübhəm yoxdur.
Tural Tağıyev
Palitra.-2014.-16 dekabr.-S.7.