“Gənclərin informasiya
cəmiyyətinin tələblərinə uyğun
maarifləndirilməsi önəmlidir”
Yəhya
Babanlı: “İctimai mənşəyindən,
sosial vəziyyətindən, peşəsindən
asılı olmayaraq hər bir gəncin ən böyük
məqsədi və vəzifəsi Azərbaycanın dövlət
müstəqilliyinə xidmət etmək olmalıdır”
Hər bir dövlətin və cəmiyyətin inkişafında əsas hərəkətverici qüvvə gənclər hesab edilir. Bu gün bu baxımdan gənclərin və yeniyetmələrin mənəvi-intellektual və fiziki hazırlığı, inkişafı hər bir dövlət üçün olduqca önəm kəsb edir. Məhz gənclər sahəsində belə bir yüksək inkişafa nail olmaqla, dünya birliyində, rəqabətli beynəlxalq arenada və yerləşdiyin regionda yüksək uğurlara, öncül yerlərə nail olmaq mümkündür. Bu baxımdan da Azərbaycan dövləti gənclərin, yeniyetmələrin fiziki və mənəvi-intellektual inkişafına olduqca böyük diqqət yetirir. Onların ictimai və milli mənlik şüurunun zamanın tələblərinə uyğun inkişafı üçün müxtəlif tədbirlər və layihələr həyata keçirilir. Xüsusilə də son dövrlərdə Azərbaycanda gənclərin hərtərəfli inkişafını dəstəkləyən tədbirlər və layihələr olduqca intensivləşib. Bununla bağlı dövlət qurumlarının həyata keçirdiyi tədbirlər və layihələrdən başqa, ictimai sektorun fəaliyyətinin dəstəklənməsi üçün milli donor institutu formalaşdırılıb. Belə ki, müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən milli donorçuluq gənclər sahəsində inkişafa yeni bir canlanma gətirib. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və sair qurumların həyata keçirdiyi milli donorçuluq gənclər təşkilatlarının və gənclərlə bağlı həyata keçirilən layihələrin aktivləşməsini təmin edib. Bu da öz növbəsində, gənclərin hərtərəfli inkişafına, o cümlədən onların milli mənlik və dövlətçilik şüurunun inkişafına zəmin yaradır. Mövzu ilə bağlı müsahibimiz “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Yəhya Babanlıdır.
- Gənclərin
milli mənlik və dövlətçilik
şüurunun inkişafında sizin üçün
hansı məqamlar daha çox
üstünlük təşkil edir?
- Bu gün Azərbaycan dövləti milli dövlətçilik və müstəqil siyasət prinsiplərini əldə rəhbər tutaraq ölkəmizin beynəlxalq sferada layiqli mövqe tutmasını, regionda və dünyada iqtisadi inkişaf tempi və göstəricilərinə görə ən öncül yerlərdə qərar tutmasını təmin edib. Buna uyğun olaraq cəmiyyətimizin, xüsusilə də gənclərin maraqları və inkişaf motivasiyaları tam təmin edilməkdədir. Gənclərimiz yaxşı bilməlidirlər ki, bu gün Azərbaycan dövləti müstəqil milli inkişafı hər şeydən üstün tutur və hazırkı inkişaf göstəricilərimiz də məhz bunun nəticəsində mümkün olub. Bu baxımdan gənclərimizin milli mənlik və dövlətçilik şüuru məhz müstəqil dövlətçiliyimizin inkişafı və qorunub saxlanmasına töhfə verməyə köklənməlidir. Hər bir gənc üçün milli mənlik və kimlik məsələsində milli maraq şəxsi mənafedən üstün olmalıdır. Gənclər hər zaman lazım gəldikdə, şəxsi və fərdi maraqları milli və ölkə maraqları naminə arxa plana keçirməyi bacarmalıdırlar. Məhz belə olduqda, biz yüksək ictimai və milli şüura malik gəncliyimizdən danışa bilirik. Bunun üçün atılan hər bir addım da istər ictimai, istərsə də dövlət qurumları və cəmiyyət tərəfindən dəstəklənməlidir. Biz bir gənclər təşkilatı olaraq müstəqil dövlətimizin milli dövlətçilik maraqlarına xidmət edirik və bütün gəncləri bu yolda yekdil, həmrəy olmağa səsləyirik.
Bu gün Azərbaycanın qazandığı bütün milli və dövləti nailiyyətlərə kölgə salmağa cəhd edən bəzi antiazərbaycan dairələr və onların işinə yaramağa çalışan bəzi qruplar - 5-ci kolon da fəaliyyətindən qalmır. Məsələn, Avropa Parlamentinin prezidenti Martin Şults Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək əvəzinə ölkəmiz haqda həqiqətə uyğun olmayan absurd fikirlər söylədi. Belə hallarda ona qarşı çıxış edən bütün Azərbaycan gəncliyi yalnız alqışa layiqdir. Şults kimiləri bilməlidirlər ki, müstəqilliyimizi inkişaf etdirmək üçün qitə seçmirik, biz Azərbaycanıq və dünyanın ən sivil, dünyəvi ölkəsiyik, dünyanın, söz və media azadlıqları olan, tolerantlıq və mədəniyyət mərkəzi sayılan ölkəyik. Ona görə də bizə qarşı antiazərbaycan dairələrin qurmaq istədikləri hər hansı plan və qarayaxma kampaniyası iflasa uğrayacaq. Çünki Azərbaycanın avanqard gəncliyinin şüuru bu cür məsələlərdə ağı qaradan seçmək üçün yetərincə inkişaf edib. Bunu isə hələ ulu öndər hakimiyyətdə olduğu illərdə təmin edib. Ulu öndər Heydər Əliyevin başlatdığı və son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai aktivliyinə kömək edib. 2011-ci il 6 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında sərəncam imzalanıb, Prezident yanında Gənclər Fondu yaradılıb. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyi və digər ictimai və dövlət qurumları tərəfindən gənclərlə bağlı intensiv tədbirlər və layihələr həyata keçirilir ki, bu layihələr də gənclərin hərtərəfli inkişafına, ictimai şüurunun təkmilləşməsinə, intellektual və mədəni səviyyəsinin yüksəlməsinə, dünyagörüşünün artmasına və biliklərinin, vərdişlərinin artmasına gətirib çıxarır.
-Bu
sahədə daha hansı tədbirlərin
həyata keçirilməsinə ehtiyac var?
- Qeyd etdiklərimdən əlavə, gənclərlə bağlı bu cür layihələr daha intensiv bir şəkildə davam etdirilməlidir. Bununla əlaqədar, günün-zamanın tələblərinə uyğun layihələr, proqramlar qəbul olunmalı və icra edilməlidir. Xüsusən, KİV-lərdə fəaliyyət genişləndirilməli, televiziya, radio verlişlərinə diqqət yetirilməli, gənclər üçün əhəmiyyət kəsb edən və maarifləndirilməsinə ehtiyac duyulan sahələr üzrə müvafiq verilişlər hazırlanmalı, gənclərdə hərbi-vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə müxtəlif verilişlər yayımlanmalı, gənclərin dünyagörüşünü inkişaf etdirmək üçün müvafiq məşhur telekanalların verilişləri tərcümə edilməli və s. tədbirlər həyata keçirilməlidir. Bildiyimiz kimi, informasiya yaşadığımız zamanın tələbinə çevrilib. İnformasiya cəmiyyətinin tələblərinə uyğun bir səviyyədə gənclərin maarifləndirilməsi önəmlidir. Bu, dövrümüzdə olduqca aktual və strateji sahədir. Gənclərin bu sahədə maarifləndirilməsinə böyük ehtiyac var. Onlar bu sahədən düzgün istifadə etməlidir. İstər asudə vaxtlarının səmərəli təşkili, istərsə də milli mənafe işinin qurulmasında. Bu gün sosial şəbəkələr dünyada söz sahibinə çevrilib desək yanılmarıq. Gənclər də bundan Azərbaycan həqiqətləri kontekstində istifadə etməli və ərazi bütövlüyümüzün bərpası istiqamətində iş aparmalıdırlar. Beləliklə, gənclərin inkişafı məqsədi ilə gerçəkləşdirilən hər bir tədbir təqdirəlayiq hesab olunmalıdır.
- Gənclərin
bir vətəndaş kimi
formalaşmasında hansı məqamlar önəm kəsb edir?
- Bu məqamla bağlı qeyd edim ki,
gənclərimiz əsl vətəndaşlıq məsuliyyətini
tam dərk etməli və milli
dövlətçiliyimizə sədaqətli vətəndaş
olmalıdır. Azərbaycan gənci müstəqil
düşünməli, müstəqilliyimizin keşiyində
durmalıdır. İstər paytaxtda, istər
regionda, istərsə də
respublikamızdan kənarda yaşasın, fərqi yoxdur, onun amalı vətənini
sevmək, vətənini ləyaqətlə tanıtmaq, vətənini
layiqincə təbliğ etməkdən ibarət
olmalıdır. Bir sözlə, hər bir gəncin,
ictimai mənşəyindən, sosial vəziyyətindən, peşəsindən
asılı olmayaraq ən böyük
məqsədi və vəzifəsi Azərbaycanın dövlət
müstəqilliyinə xidmət etmək olmalıdır.
Bizim də “Həmrəy” olaraq
amalımız budur! Bu
istiqamətdə gənclərimizin həmrəyliyinə
çalışırıq və buna səsləyirik!
Gəlin həmrəy olaq! Həmrəyliyimiz
gələcəyimizin uğurudur!
İlkin AĞAYEV
Palitra.-18 dekabr.-S.11.