Uşaqların tibbi, sosial, hüquqipsixoloji reabilitasiyası mühüm məsələdir

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) “Ümidli Gələcək” Gənclər Təşkilatı ilə birgə dekabrın 17-də Bakıda keçirdiyi II milli konfransda “Uşaqlara qarşı məişət zorakılığının profilaktikası və zərər çəkmişlərin tibbi-psixoloji, sosial və hüquqi reabilitasiyası” mövzusu müzakirə olunub.

Tədbirdə çıxış edən AQUPDK sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Sədaqət Vəliyeva mövzunun aktuallığını vurğulayıblar. Bildirilib ki, uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. Onlara qarşı hər bir zorakılıq halları cəmiyyət tərəfindən mənfi qarşılanır. Son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkəsində olduğu kimi, uşaqlara qarşı zorakılıq Azərbaycanda da hələ mövcuddur.

Qeyd olunub ki, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bununla yanaşı, məişət zorakılığına məruz qalmış uşaqların tibbi, sosial, hüquqipsixoloji reabilitasiyası mühüm məsələlərdəndir. UNICEF-in dəstəyi ilə 2008-ci ildə Ombudsman Aparatı tərəfindən dövlət uşaq müəssisələrində uşaqlara qarşı zorakılığın vəziyyətinə dair tədqiqat, ötən il isə AQUPDK tərəfindən “Azərbaycanda uşaq müdafiə sisteminin uşaqlara qarşı zorakılıqla mübarizəyə dair fəaliyyətinin təhlili” aparılıb.

Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə məişət zorakılığına məruz qalmış uşaqların cəmiyyətə inteqrasiyası, uşaqlara qarşı məişət zorakılığının erkən aşkar edilməsində və müalicəsində səhiyyə işçilərinin rolu, məişət zorakılığının qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi və digər məsələlər ətrafında çıxışlar dinlənilib, müzakirələr aparılıb.

 

Nigar

Palitra.-2014.-18 dekabr.-S.7.