“Ermənilərin YUNESKO-da
apardığı fəaliyyət “mədəniyyət sahəsində
müharibə”dir”
Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası öz işinə başlayıb. Tədbir iştirakçıları əvvəlcə “Biz sülh tərəfdarıyıq” adlı uşaq rəsmlərindən ibarət sərgi ilə tanış olublar.
İclasın keçirilməsində məqsəd türkdilli ölkələrin YUNESKO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların YUNESKO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir. İclasda Azərbaycan hökumətinin nümayəndələri, YUNESKO və TÜRKSOY təşkilatlarının rəsmiləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyasının rəhbərləri, YUNESKO üzrə Milli komissiya və komitələrin baş katib və nümayəndələri, mədəniyyət, elm, təhsil, informasiya və kommunikasiya texnologiyaları və YUNESKO-nun fəaliyyət sahəsinə daxil olan digər istiqamətlər üzrə vəzifəli şəxslər və mütəxəssislər iştirak edir.
“Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın
bütün maddi mədəniyyət abidələrini məqsədyönlü
şəkildə məhv edib”
Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu il ölkəmizdə YUNESKO üzrə Milli komissiyanın yaradılmasının 20 illiyi qeyd edilir. TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası da Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunur. 20 ildir ki ölkəmiz YUNESKO ilə təşkilatın bütün vacib istiqamətləri, o cümlədən, təhsil, elm, mədəniyyət, kommunikasiya və digər sahələr üzrə sıx əməkdaşlıq edir. Azərbaycan təşkilatın demək olar ki, bütün konvensiyalarına qoşulub, müxtəlif komitələrinin üzvü olub, bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edib. İclasın keçirilməsində məqsəd türkdilli ölkələrin YUNESKO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların YUNESKO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir. Azərbaycanın YUNESKO ilə ən vacib istiqamətlərdə sıx əməkdaşlıq etdiyini deyən natiq ölkəmizin bu sahədə bütün konvensiyalara qoşulduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada mədəniyyətlərarası dialoq üçün ən mühüm məkana çevrilib: “Hər il Bakıda keçirilən Beynəlxalq Humanitar Foruma dünyanın nüfuzlu təşkilatlarının rəhbərləri, həmçinin Nobel mükafatçıları iştirak edirlər. Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirdə də nüfuzlu qurumlar təmsil olunurlar. Sevinirik ki, eyni qədim tarixə, kökə, mədəniyyətə malik olan xalqlarımız bir-birinə yaxınlaşır. Bu işdə türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısı xüsusi əhəmiyyət daşıyır. Yaxın zamanlarda fəaliyyətə başlayacaq Türk İrsi və Mədəniyyəti Fondu da müvafiq istiqamətdə əməkdaşlığa öz töhfəsini verəcək. Vurğulanıb ki, Azərbaycan-YUNESKO əlaqələrinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusilə diqqətəlayiqdir.
Nazir onu da bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi regionumuzun təhlükəsizliyi üçün əsas təhdiddir: “İyirmi ildən artıqdır ki, Azərbaycana məxsus Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq soydaşlarımızın ən fundamental insan haqları kobudcasına pozulub və onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olublar”. E. Məmmədyarov bildirib ki, Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsi tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına dair qərar qəbul edilib: “Təəssüflər olsun ki, Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri nə də YUNESKO tərəfindən qəbul edilmiş bu qərarın tələblərini yerinə yetirib. Ermənistan bizim işğal altında olan Qarabağ və digər ətraf rayonlarımızda bütün maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə məhv edib, dağıdıb, habelə muzeylərimizi talan edib”. Nazir vurğulayıb ki, dünyada min illərlə yaradılan hər hansı mədəni abidələrin, dini abidələrin, ümumiyyətlə, mədəni dəyərlərin məhv edilməsindən, insanların günahsız yerə öldürülməsindən daha dəhşətli heç nə ola bilməz: “Biz TÜRKSOY və YUNESKO vasitəsilə ortaq mədəni irsimizin qorunması, dünyada tanıdılması istiqamətində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mədəni irsin qoyulması işində səylərimizi qətiyyətlə davam etdirməliyik”.
“Azərbaycan
YUNESKO-nun inkişafına nəhəng töhfə verir”
Daha sonra YUNESKO-nun baş direktoru İrina Bokovanın iclas iştirakçılarına məktubu oxunub. O bildirib ki, Azərbaycan YUNESKO-ya daxil olduğu andan təşkilatın fəal üzvüdür. YUNESKO nümayəndəsi Genc Seitinin oxuduğu məktubda bildirilir ki, Azərbaycanın milli komissiyasının fəaliyyəti sayəsində ölkə YUNESKO-nun dünyada mədəni irsin saxlanması və mühafizəsinə həsr edilmiş bir çox layihələrində getdikcə daha fəal iştirak edir. Bokova qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyləri və təşəbbüsləri sayəsində dünyada mədəni irsin saxlanması və mühafizəsi sahəsində ölkənin təşkilatla əməkdaşlığı daha böyük inkişaf əldə edib. Məktubda deyildiyi kimi, Azərbaycan dünyada qeyri-maddi irsin saxlanması üzərində də fəal səy göstərir və bu sahədə müxtəlif layihələr həyata keçirir. Ölkə misli-bərabəri olmayan qeyri-maddi irsə malikdir və onların nümunələri YUNESKO-nun Qeyri-maddi irs siyahısına daxil edilib. Baş direktor Azərbaycanın YUNESKO ilə birgə həyata keçirdiyi bütün təşəbbüslərin, fəaliyyətlərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsein Kaseinov bu tədbirin Bakıda keçirilməsini məmnunluq hissi ilə qeyd edib. Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən D.Kaseinov TÜRKSOY-un fəaliyyətinin YUNESKO-nun ideya istiqamətlərinə uyğun olduğunu bildirib. Vurğulayıb ki, bu təşkilatın fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. İki gün davam edəcək iclasda aparılacaq müzakirələr müvafiq sahədə əməkdaşlığa öz töhfəsini verəcək.
Türk xalqlarının birliyinin qurulması və
inkişafında Azərbaycanın rolu əvəzsizdir
Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov bildirib ki, türkdilli ölkələrin xalqları arasında mədəni bağların möhkəmləndirilməsi üçün peşəkar tərcüməçilərin yetişdirilməsinə ehtiyac var: “Biz gərək bir-birimizin dilini öyrənək və cəmiyyətlərimizin türkdilli ölkələrin mədəniyyəti və ictimai həyatı barədə davamlı məlumatlanması üçün addımlar ataq. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev təklif edib ki, türkdilli ölkələrin KİV-ləri arasında əlaqələri möhkəmlətmək və koordinasiyanın təşkili üçün vahid media mərkəzi yaradılsın. Hazırda bu istiqamətdə iş gedir. Lakin biz birlikdə çox nailiyyətlər qazanmışıq. Beynəlxalq Türk Akademiyasının yaradılması və mərkəzi ofisi Bakıda yerləşəcək Türk Ümumi Mədəni İrsinin Qorunması Fondunun təsis olunması xalqlarımızın qardaşlıq əlaqələrini daha da möhkəmlədəcək. Azərbaycanın mərhum prezidenti Heydər Əliyev, hazırkı Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva türk dünyasının yaxınlaşması, mədəni irsinin qorunması istiqamətində ciddi addımlar atıblar. Türkdilli ölkələrin YUNESKO-dakı əməkdaşlığı da diqqəti çəkir”. TürkPA-nın daha da güclənməsinin vacibliyinə toxunan J.Asanov xatırladıb ki, bu ildən Azərbaycan assambleyada sədrliyi qəbul edib: “TürkPA-nın fəaliyyətində müsbət dəyişikliklərin olacağına inanırıq. Türk xalqlarının birliyinin qurulması və inkişafında Azərbaycanın rolu əvəzsizdir”.
“Milli sərvətlərimizi,
dəyərlərimizi birgə qorumalıyıq”
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib ki, türk dövlətlərinin nümayəndələri olaraq hər zaman öz milli sərvətlərimizi, dəyərlərimizi birgə qorumalıyıq. Ə.Qarayev erməni tərəfinin YUNESKO-da apardığı fəaliyyəti “mədəniyyət sahəsində müharibə” kimi qiymətləndirib: “Bu fəaliyyətin məntiqi nəticəsi ondan ibarət oldu ki, Ermənistan komissiyanın iclasına lavaş nominasiyasını təqdim edərək bu çörəyin yalnız erməni xalqına məxsus olduğunu iddia etdi. Yaxşı haldır ki, Azərbaycanın qəti mövqeyi nəticəsində bunun qarşısı alındı. Bizim musiqilərimiz, aşıq sənətimiz, muğamımız və digər sənət nümunələrimiz bu gün təcavüzə məruz qalır. Hər dəfə bu kimi hallarla qarşılaşırıq”.
D.Kıdıralı: “Qarabağ
hadisələrinin 25 illiyi ilə bağlı genişmiqyaslı
tədbirlər keçirək”
Türkdilli ölkələr miqyasında Qarabağ hadisələrinin 25 illiyi ilə bağlı 2015-ci ildə geniş silsilə tədbirlər keçirmək təklif olunub. Bu təklifi Beynəlxalq Türk Akademiyasının prezidenti Derhan Kıdıralı səsləndirib: “Qarabağ hadisələri ilə bağlı geniş tədbirlərin keçirilməsinə, dünya ictimaiyyətinin məlumatlandırılmasına ehtiyac var. Xüsusilə Türk dünyasında bu istiqamətdə ciddi addımlar ata bilərik. Təklif edirəm ki, gələn il türkdilli ölkələr miqyasında Qarabağ hadisələrinin 25 illiyi ilə bağlı genişmiqyaslı silsilə tədbirlər keçirək. Azərbaycan tərəfindən hər hansı təkliflər olsa, biz bu istiqamətdə çalışmağa hazırıq”. O, Astanada yerləşən Beynəlxalq Türk Akademiyasının yaradılması və fəaliyyətində Azərbaycanın müstəsna rolu olduğunu qeyd edib: “Azərbaycan tərəfdən daim dəstək hiss edirik. Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlığımız var. İnanıram ki, Türk Mədəni İrsinin Qorunması Fondu ilə birlikdə böyük işlər görə biləcəyik. Türk Beynəlxalq Akademiyası yeni yaradılsa da, çox ciddi şəkildə çalışır, türk xalqlarının mədəni irsinin qorunması və təbliğində xidmət göstərir. Akademiyanın yanında Türk Xalqları Muzeyi yaradılıb. Altayda tapılmış 8-ci əsr Göytürklər dövrünə aid qopuzu bərpa etmişik. Bu qopuz əsasında Dədə Qorqudun qopuzunun da necə olduğunu bilirik. Həmin qopuz Parisdə nümayiş olunacaq. Türk mədəni irsinin Avropaya və dünyaya çıxması istiqamətində bu və digər istiqamətdə işlərimizi davam etdiririk”.
Hüseyn Avni: “Daim Azərbaycanla
birlikdə hərəkət etməyə hazırıq”
“Ümid edirəm ki, Ermənistanın YUNESKO-dakı nümayəndəliyi Azərbaycan tərəfinin böyüklüyünü qiymətləndirəcək və qarşıdurmaya getməyəcək”. Bunu Türkiyənin YUNESKO-dakı nümayəndəsi Hüseyn Avni Botsalı deyib.
O qeyd edib ki, Ermənistan lavaşı özünün qeyri-maddi mədəni irsi kimi siyahıya salmağa çalışsa da, Azərbaycan və Türkiyə tərəfi lavaşın bölgə xalqlarının mətbəx nümunəsi olduğunu qabardıb: “Ümumiyyətlə, Azərbaycan və Türkiyənin YUNESKO-dakı nümayəndəlikləri birgə fəaliyyət göstərir, davamlı olaraq bir-biri ilə məlumat bölüşür, məsləhətləşirlər. İstənilən təxribatın qarşısını birlikdə ala bilirik. YUNESKO-nun fəaliyyəti yalnız mədəni sahədə deyil. Burada digər - təhsil, regionda sülh kimi önəmli məsələlər də qabardılır və biz Azərbaycanla birlikdə bu istiqamətdə öz təkliflərimizi, ideyalarımızı ortaya qoyuruq. Bölgəmizdə sülhün möhkəmləndirilməsi üçün ortaq fəaliyyətimizin böyük önəmi var. Azərbaycan tərəfindən müəyyən təkliflər olarsa, yenə də birlikdə hərəkət etməyə hazırıq”.
“Bəşəriyyət ikili standartlardan
əziyyət çəkir”
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, Azərbaycan qədim mədəniyyətə malik ölkə kimi bütün dünyaya açıqdır: “Onun YUNESKO-ya üzv olması buna bariz sübutdur. Artıq yeni eranın üçüncü milliyinə qədəm qoysaq da, bəşəriyyət bəzən ikili standartlardan əziyyət çəkir”. A.Əlizadə qeyd edib ki, buna qarşı isə dil, din və s. sahələrdə əməkdaşlığı möhkəmləndirmək lazımdır. O bildirib ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını bu gün zor gücü ilə geri qaytarmağa qadir ölkədir: “Çox zəngin ortaq dəyərlərə malik olduğumuz YUNESKO və TÜRKSOY bu sivil proseslərdə mühüm rola malikdir. AMEA-nın da bu sahədə xidmətləri böyükdür. Bu gün Azərbaycanda fundamental elmin inkişafı ilə yanaşı, zəngin dəyərlərimizin olması da xüsusilə təqdirəlayiqdir".
Daha sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, TÜRKSOY-un təhsil sahəsinə də xüsusi diqqət ayırması sevindirici haldır: "Hesab edirəm ki, biz təhsil sahəsində olan problemləri birlikdə müzakirə etməliyik. Cənab İlham Əliyev tərəfindən təhsil sahəsində böyük işlər görülür. Biz TÜRKSOY-la da əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Əminəm ki, türkdilli xalqlarımız müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirəcəklər. Sabah təhsil sahəsində "dəyirmi masa"nın keçirilməsini isə təhsilə verilən önəm kimi qiymətləndiririk".
Sonra TÜRKSOY-un
baş katibi tərəfindən
Azərbaycan tərəfinə xatirə hədiyyələri
təqdim olunub. Dekabrın 19-dək davam edəcək tədbir çərçivəsində
mədəni və təbii irs, qeyri-maddi mədəni irs,
təhsil və dünya yaddaşı
proqramı üzrə dörd “dəyirmi masa” keçiriləcək.
Nigar Abdullayeva
Palitra.-2014.-19 dekabr.-S.6.